18 Sentyabr 2021, Şənbə

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə müxtəlif medallarla təltif olunan Azərbaycan ordusunun şəhid zabiti, baş leytenant Elnur Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeninə layiq görülüb. Ordenin şəhidin atası Elsevər Zeynalova təqdim edilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə və muxtar respublikamızda ordu quruculuğuna xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən əməliyyatlarda hərb tarixinə yenilik kimi düşən strategiya ortaya qoyan Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə qısa müddətdə Ermənistan silahlı qüvvələrini darmadağın etdi, tarixi ədaləti bərpa edərək işğala son qoydu, torpaqlarımızı düşməndən geri aldı, üçrəngli bayrağımızı Şuşa qalasına sancdı.
Qeyd olunub ki, Vətən müharibəsində xalq öz rəhbərinin ətrafında sıx birləşərək onun hər addımını dəstəklədi, hər çıxışını səbrsizliklə gözlədi, hər müsahibəsini qürurla izlədi, cəbhədən gələn qələbə xəbərlərinə sevindi. Ölkənin hər yerində gənclər cəbhəyə getmək, ümumi qələbəmizə öz payını vermək üçün səfərbər oldu. Müharibədə ölümü gözə alıb Vətən uğrunda amansız savaşa atılan, bir-birinə sarılıb bu savaşda qəhrəmanlıqla vuruşan, şəhid olan və savaşdan qəhrəman kimi ayrılan, hər birimizə qalib ölkənin vətəndaşı kimi başı uca gəzməyi bəxş edən minlərlə cəsur, igid, qorxmaz Azərbaycan əsgərini gördük.
Vurğulanıb ki, şanlı qələbəmiz Qarabağı heç vaxt görməyən 19 yaşlı əsgərin torpaq sevgisi, birinci Qarabağ müharibəsində silahdaşlarını itirən zabitin qisas yanğısı, hər bir azərbaycanlının azadlıq arzusu idi. Müharibəyə atılan həmin igid oğullarımızdan biri də Naxçıvan şəhərindən olan Zeynalov Elnur Elsevər oğludur. O xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 iliyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olumasına görə” medalları ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi quluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Elnur Zeynalov “Qarabağ” ordeni ilə təltif olunub.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi Anar Aqilov çıxışında “Qarabağ” ordenli şəhid baş leytenant Elnur Zeynalovun keçdiyi şanlı döyüş yolundan söhbət açıb, ordumuzun Vətən Müharibəsindəki qəhrəmanlığından danışıb.
Daha sonra “Qarabağ” ordeni şəhidin atası Elsevər Zeynalova təqdim olunub.
Şəhid atası övladına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

 Nail ƏSGƏROV

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR