18 Sentyabr 2021, Şənbə

Sizə kimdən danışım, kimdən deyim bir əsr yaşayan, bir əsrdir xalqı ilə nəfəs alan, dil açıb oxucuları ilə danışan, çətinliklərə baxmayaraq durmadan, dayanmadan nəşr olunan yeganə mətbu orqan olan, yurdunun gözəlliklərini, keşməkeşli günlərini öz səhifələrinə köçürən “Şərq qapısı” qəzetindən. Bu yurda yaşayan elə bir ziyalı tapılmaz ki, yolu heç olmasa bir dəfə bu yüz yaşlı qoca ilə rastlaşmasın. Elə bir ziyalı yoxdur ki, onun necə deyərlər şinelindən çıxmasın. Bəli yüz ildir onun  şinelindən neçə -neçə ziyalılar çıxıb.

 

Mənim onunla ilk tanışlığım isə 2002- ci ilə təsadüf edir. Yazdığım ilk məqaləni ya da məqalə zənn etdiyim yazımı əlimə götürüb böyük bir binanın birinci mərtəbəsinə sığdırılmış redaksiyanın kiçik pəncərələrindən bütün respublikaya yayılan nurdan pay almağa gəlmişdim. Həmin illərdə redaktor olan mərhum Məmməd Məmmədovun otağına ilk addımımı atanda və Naxçıvan Dövlət Universitetinin  Tarix Filologiya fakültəsinin tələbəsi olduğumu deyəndə səmimi bir tərzdə məni qarşıladı və məni yol göstərməsi üçün indi məsul katibimiz olan həmin illərdə muxbir kimi fəaliyyət göstərən Muxtar Məmmədova tapşırdı. Üçüncü və dördüncü kursda oxuduğum illərdə əməkdaşlığımız davam etdi. İlk qələm tutduğum həmin illərdə universitenin rektoru İsa Həbibbəylinin, mərhum Hüseyn Həşimovun, elmi rəhbərim Seyfəddin Eyvazovun mənə və məmin kimi bir çox tələbəyə dəstəyindən güc alır, həvəslənirdim. İndi də onların elmindən öyrənir və öyrənirəm. Sonrakı illərdə ailə vəziyyətimə görə Naxçıvanımdan ayrılası olduğum üçün işləyə bilməsəm də cəmi iki il burada şahid olduqlarım, öyrəndiklərimi heç vaxt yadırğamadım. İllərlə nə az nə çox 15 il cəbhə bölgəsində düşmənin beş- on metrliyində yaşadığım illərdə orada gördüklərimi qəlbimə yığıb saxladım. İllərlə düşmənin xarabaya çevirdiyi torpaqlarımızın harayını dinlədim və bir gün bu yurdların azad olacağına inandım. Bir Aprel səhəri yaşadığımız Göranboy rayonunun Ağcakənd qəsəbəsinın sakinləri ilə bərabər şimşək səsi kimi gurultu səsinə oyandım. Bu qələbənin səsi idi. İllər sonra gələn zəfərin səsi. O səsi duyduğum vaxtdan bir neçə gün sonra həyatımın dönüş nöqtəsi də oldu. Aprel zəfərindən sonra bir çox hərbçi mükafatlandırıldı, bizim ailənin mükafatı isə xidməti vəzifənin  yerinə yetirməsi üçün yurdumuza, doğma Naxçıvanımıza köçürülməyimiz oldu.Və mən  illər sonra qeyri ixtirari olaraq  yenə o ünvana üz tutdum yenə doğma ocağa. Bu dəfə də vətənpərvərlik mövzusunda yazmışdım ilk dəfə olduğu kimi. Həmin o köhnə ünvandan yeni binaya köçürülmüşdü doğma qəzetim. Üç mərtəbəli, işıqlı hər bir şəraitə malik bir bina. Bir üstünlüyü də vardı mətbəə də yaxında idi. Daha əvvəlki kimi uzağa getməyə ehtiyac qalmamışdı. İndi əvvəlki kimi qadınlar mətindəki hərfləri bir-bir yığmırdı. Kompüter otağında müasir avadanlıqlar quraşdırılmışdı. Zəhmətli bir yolu keçdikdən sonra bu ocaqdan nur alanlardan biri də mən oldum. Artıq  beş ilə yaxındır ki, əməkdaşı olduğum, qədim diyarın güzgüsünə, ziyalılarının söz meydanına çevrilən bu mətbu orqana hər il göstərilən dövlət qayğısına şahidlik edirəm. Hər nömrəsində oxucularını ümummilli liderimiz Heydər Əliyevin “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır” müdrik kəlamları ilə salamlayan və yeni bir mətbuat tarixini yazarı olan yüz yaşlı tarix artıq illərdir ki, muxtar respublikada təhsilə, səhiyyəyə, mədəniyyətə göstərilən sonsuz dövlət qayğısından, bu gün kəndlə şəhərin inkişaf oxşarlığından, ilan mələyən çöllərə, kəndlərə çəkilmiş su-artizan quyularından, gözəlliyi gözoxşayan yaşıllıq zolaqlarından, əsrarəngiz gözəlliyi ilə yaddaqalan yaylaqlarından, barlı-bərəkətli bağlarından, dünya şöhrətli Duzdağın, “Gəmiqaya”nın möcüzələrindən, min bir dərdin dərmanı olan “Sirab”, “Badamlı”, Vayxır” sularından, göylərə yüksələn minlərlə yeni tikinti obyektlərindən, od-ocağımızı isıqlandıran çoxsaylı, külək, günəş elektrik stansiyalarımızdan söz açır. Rəngli nəşri ilə öz oxucularının görüşünə gəlir. Xalqımızın tarixiliyini, milli və mənəvi mədəniyyətini işıqlandırır, özünün inkişaf və tərəqqi dövrünü yaşayan, öz simasını dəyişən qədim Oğuz elindən dünyaya səs salır. Şərqin qapısı sayılan və çoxəsrlik tarixə və milli mədəniyyətə malik olan Naxçıvan torpağının keçmişini və bu gününü öz səhifələrində işıqlandırmaqla gələcəyimizə zəngin bir tarixi mənbə yaradır.

Bir vaxtlar dünya azərbaycanlılarının bir araya gəlməsi, bir Vətən üçün bir yumruq kimi birləşməsi qərarı buradan pərvazlandı. Çox xoşbəxt insanlarıq ki, yüz yaşını qeyd etdiyimiz qəzetimizin səhifərində, Aprel, Günnüt zəfərlərindən bəhs edə, Qarabağ dastanını yaza bildik. Laçının, Şuşanın, Qubadlının, Zəngilanın azadlığını, düşmənin diz çökdüyünü, təslim olduğunu, Şuşada Xarıbülbül festivalının keçirildiyinin, Şuşa bəyannaməsinin imzalandığını oxucularımızla bölüşə bildik. Vətən müharibəsində öz igidlikləri ilə Əfsanəyə dönən ömürlərdən söhbət açdıq. Elimizin lazım gələndə necə bir yumruq kimi birləşə düşmənin başına şimşək kimi çaxa bilməsindən, öz qocalıq müavinətini orduya bağışlayan babalarımızdan, oğlunun dəfnində sinəndən vuruldun düşmənin qarşısından qaçmadın sənə halal olsun deyən Azərbaycan qadınından danışdıq, böyük Qələbənin yazarı olduq. Yüz yaşlı bir qoca da gəncləşdi səhifələrində qələbə xəbərlərini daşıdıqca. O da bizim kimi qürurlandı tarixin tozlu səhifələrini vərəqləyəndə onun arxivindən qələbə xəbərləri oxunacaq deyə.

 Deyirlər ki, bir ömür xoşbəxt olmaq istəyirsənsə, sevdiyin işlə məşğul ol. Qələmi əlimə aldığım gündən mən özümü həmin o xoşbəxt insanlardan hesab edirəm. Bu necə hikmətdir bilmirəm amma ən çətin anlarımda belə əlimə qələm alıb yazmağa başlayanda bütün çətinliklər məni tərk edir. Sənətini, gördüyü işi ürəkdən sevən hər kəs yaratdığı bir əsərə, ya da ki, gözəl bir rəsmə, qələmə aldığı məqaləyə illər sonra baxanda qürurlanır. Çalışdığı işi ürəkdən sevə bilmək, ona aşıq olmaq isə hər kəsə nəsib olmur. Mənim üçün yazmaq, sadəcə, bir qələm və ağ kağızdan ibarət deyil, yazmaq həm də Vətənini qəlbən sevməkdir. Bu sevgini, bu işləmək, yazıb yaratmaq həvəsini daha da yüksəklərə qaldıran isə dövlət qayğısını öz üzərimizdə hiss etməyimizdir. Yazmaq və yazdıqlarının tarixdə yaşayacağını bilmək qürur vericidir. Bəzən gecə yarıya, bəzən də gündoğana kimi qəzetin hazırlanmasında məsul olsam belə heç yorulmur zövq alıram. Bu qocaman qəzetin əməkdaşı olan gündən onun yüz yaşının tamam olacağı günü səbirsizliklə gözləyənlərdən biri olmuşam. Bu gün doğma evimizin yüz yaşı münasibəti ilə keçirilən tədbirlərin iştirakçılarından biri olduğum qürurluyam.

         Yüzüncü yaş günün mübarək doğma evimiz. Bundan sonrakı səhifələrin də qələbə xəbərləri, doğma Naxçıvanımızın gözəl günləri ilə bəzənsin. Zəngəzur dəhlizindən keçib ilk qatarın, avtomobillərin Naxçıvana gəlişindən, doğma yurdumuzun çiçəklənən günlərindən yazmaq diləyi ilə.

 

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR