18 Sentyabr 2021, Şənbə

Bu gün ölkəmizin, xalqımızın qazandığı bütün nailiyyətlər öz xeyirxah əməlləri, şəxsi nüfuzu ilə dahiliyin fövqündə özünə əbədi yer qazanmış fenomenal şəxsiyyət Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Cəmiyyətimizin inkişafı ulu öndərin ölməz və uzun illərə hesablanmış ideyalarına söykənir, hər bir azərbaycanlı bu ideyaları öz həyatında görür, Azərbaycan Heydər Əliyev yolu ilə daim uğurlar qazanaraq böyük zirvələri fəth edir. Bütün bunlar isə, təbii ki, 1969-cu ilin 14 iyulundan başlanan əbədi yoldur. Xalqımız bütün varlığı ilə inanır ki, ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı bundan da böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. Bu qələbələr bizi zirvələrdən-zirvələrə ucaltmaqda və Azərbaycan cəmiyyətinin firavanlığını yüksək səviyyədə təmin etməkdədir. Fəxrlə qeyd etdiyimiz firavanlıqda isə Naxçıvanın xüsusi payı vardır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır. 

 Zəngin dövlətçilik və beş min ildən artıq şəhərsalma tarixi, qüdrətli sivilizasiya yollarının sahibi olan ulu Naxçıvan bu gün əsl inkişaf və tərəqqi meydanının canlı nümunəsidir. Blokada şəraitində yaşamasına baxmayaraq, belə bütöv, kompleks inkişafa nail olmaq, aydan-aya, ildən-ilə inkişaf tempini daha da yüksəltmək haqlı olaraq hər birimizdə qürur hissi doğurur. Bu, insanın öz doğma Vətəni qarşısında həqiqi övladlıq borcunu şərəflə yerinə yetirməsi, ümummilli liderimiz Heydər Əliyevin Vətənə hüdudsuz sevgi və sədaqətinin ifadəsi, onun müdrik, uzaqgörən siyasətinin layiqincə davam etdirilməsinə bağlıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev əsl vətəndaş olmaq üçün ləyaqət göstərməyi, xalq, Vətən naminə çalışmağı, Vətən sevgisini, doğma torpağa, doğma yurda bağlılığı əməli işlə nümayiş etdirməyi tövsiyə edirdi: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. Bu mənada, tarixboyu başı çox bəlalar çəksə də, dəfələrlə yüksəliş dövrləri yaşamış, zəngin mədəni irs yaratmış qədim Naxçıvan bugünkü intibahı ilə, sanki çəkdiyi müsibətlərin əvəzini çıxır, ulu köklər üstündə qol-qanad açıb daha xoş sabahlara doğru sürətlə addımlayır. Yeni tarixin yeni Naxçıvanının bu günü dostlarımızı sevindirir, düşmənlərə isə gözdağı verir.
Bu gün Naxçıvan Muxtar Respublikasının bütün sahələr üzrə əsl nümunə gücünə malik olması ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Tikinti-quruculuq xəritəsi günü-gündən genişlənən qədim diyarda hər il qədim və müasir memarlıq məktəbinin elementlərini özündə yaşadan yüzlərlə yeni inzibati binalar, sosial obyektlər, xidmət sahələri tikilərək istifadəyə verilir. Ən ucqar dağ kəndindən tutmuş paytaxt Naxçıvana qədər bütün yaşayış məntəqələrində yaradılan abadlıq, ilk növbədə, əhalinin rahatlığına xidmət edir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində, xüsusilə ən ucqar dağ kəndlərində müasir infra­struktur yaradılması insan amilinə ən böyük qayğının ifadəsidir. Bu da evində fasiləsiz mavi yanacaq şölələnən, işığı daim yanan, ən müasir informasiya texnologiyalarından istifadə edən, rahat yoldan və səhiyyə xidmətindən yararlanan, uşağı müasir məktəbdə təhsil alan hər bir sakini doğma yurd-yuvasına daha sıx tellərlə bağlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər”. Vətən sevgisinin əsası isə məktəbdə qoyulur. Bu səbəbdən də muxtar respublikada məktəb işi həyata keçirilən təhsil islahatlarının əsasını təşkil edir. “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”, – deyən Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada 200-dən artıq məktəb binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Muxtar respublikamızın ali təhsil müəssisələri dünyanın qabaqcıl ali təhsil müəssisələri səviyyəsində güclü infra­struktura malikdir. Çalışdığım Naxçıvan Müəllimlər İnstitutunun yeni tədris korpusunda fəaliyyətini davam etdirməsi diyarımızda yüksəkixtisaslı pedaqoji kadrların hazırlanmasına öz töhfəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu təhsil ocağının müstəqil ali məktəbə çevrilməsi, elmi-pedaqoji kadr potensialının zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, respublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində xeyli iş görülüb. Ölkə başçısının iştirakı ilə istifadəyə verilmiş ali təhsil ocağının altımərtəbəli binasında yaradılan şərait professor-müəllim heyətinin məsuliyyətini daha da artırıb, bizə əlavə stimul verib. Bu da ixtisaslı kadr hazırlığında başlıca amillərdən biridir.
Muxtar respublikada gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər yalnız müasir təhsil infrastrukturunun yaradılması ilə məhdudlaşmır. Son illər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün güclü sosial-iqtisadi, təşkilati təminatların yaradılması, idman və gənclər siyasətinin yeni mərhələyə yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılması, dövlət idarəçiliyində və digər sahələrdə onların irəli çəkilməsi ictimai həyatın bütün sahələrində fəallığa səbəb olub. Fiziki inkişaf və asudə vaxtın səmərəli təşkili sağlam həyat tərzi olmaqla yanaşı, həm də gənc­lərin mənən formalaşması, zərərli vərdişlərdən uzaqlaşdırılması deməkdir. Bu gün gənc nəslin idmana cəlbi, idmanın kütləviliyinin təmin olunması sahəsində kompleks işlər görülür, beynəlxalq idman yarışları keçirilir, Naxçıvanın adı dünya çempionatlarında, beynəlxalq arenalarda səslənir, yeni idmançılar nəsli yetişir.
Sevindirici haldır ki, muxtar respublikamızda milli dəyərlərimizə, adət-ənənələrimizə yüksək sahiblik hissi vardır. Yüzillərboyu formalaşmış mənəvi irsimiz qorunur, öyrənilir, gənc nəsil milli dəyərlərə sədaqət ruhunda böyüdülür və tərbiyə olunur. Muxtar respublikada qazanılan əsas nailiyyətlərdən biri də Naxçıvan tarixinin ətraflı tədqiq olunması, milli-mənəvi dəyərlərimizin zənginləşdirilərək qorunub yaşadılmasıdır. Diyarımızın qədim tarixinin elmi şəkildə öyrənilməsi, bu məqsədlə beynəlxalq simpozium və konfransların keçirilməsi, dünyanın diqqətinin Naxçıvana yönəldilməsi ciddi elmi nəticələrin qazanılmasına səbəb olmuş, Naxçıvan tarixi ilə bağlı yüzlərlə elmi əsərlər yazılmış, Naxçıvanşünaslıq elmi istiqamət kimi tədqiqat mövzusuna çevrilmişdir. Bu gün hər bir naxçıvanlının ümumi fikri belədir ki, biz Vətən sevgisi üzərində ucaldılan, arzuların çin olduğu, inkişaf və tərəqqinin davamlı xarakter daşıdığı, təhlükəsizliyin tam təmin edildiyi, ləyaqətli, vətənpərvər gəncliyin yetişdirildiyi, iradənin bütün çətinliklərə qalib gəldiyi bir diyarda yaşayırıq. Bu gün muxtar respublikamızın hər bir sakinində inkişafımızın gələcək perspektivləri ilə bağlı aydın təsəvvür vardır: Biz bundan sonra da inkişaf yolu ilə gedəcək, böyük uğurlara imza atacağıq.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün Naxçıvan Muxtar Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin arzularının reallaşdığı möhtəşəm məkandır. Ulu öndərin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqda planlarını addım-addım yerinə yetirən Naxçıvanda əldə olunan bütün nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir. Naxçıvanda görülən işlər ölkə Prezidenti tərəfindən də hər zaman yüksək qiymətləndirilir. Cari il may ayının 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı da muxtar respublika əhalisi ölkə rəhbərinin bu qədim diyara nə qədər önəm verdiyinin bir daha şahidi oldu. Dövlət başçısı tərəfindən səsləndirilən fikirlər hər bir Naxçıvan sakini tərəfindən minnətdarlıqla qarşılandı: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın xoş sabaha olan inamını qat-qat artırıb. Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin ölməz ideyalarını həyatda real təcəssüm etdirən müstəqil Azərbaycan Respublikası ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. 44 günlük Vətən müharibəsində işğalçı düşmən üzərində qazanılan tarixi Qələbə bütün dünyaya milli həmrəyliyimizi nümayiş etdirdi. Belə böyük Qələbənin qazanılmasında vətənpərvərliyi həyat amalına çevirən naxçıvanlıların da böyük qəhrəmanlıqlar göstərməsini ölkə Prezidenti də öz çıxışlarında, müsahibələrində dəfələrlə bəyan edib.

Bu gün hərtərəfli inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən qarşısında alınmaz qalaya çevrilmiş müasir Naxçıvan tarixinin yeni inkişaf mərhələsini yaşayır. Təbii ki, yaxın keçmişə qayıdıb son illərə nəzər saldıqda hansı çətinliklərdən, hansı mürəkkəb dövrdən bu xoş günlərə gəlib çıxdığımıza ekskurs edərkən hər birimizin qazanılan uğurlarla qürur duymağa mənəvi haqqımız olduğunu görürük. Çünki Naxçıvan artıq ümummilli liderimiz Heydər Əliyevin vaxtilə görmək istədiyi müasir və daim inkişaf edən Naxçıvandır!

Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR