21 Aprel 2021, Çərşənbə

Aprelin 8-də “Saat Meydanı” turistik istirahət mərkəzində Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Naxçıvan: dörd fəsildə” kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli kitabın müəllifinə və nəşrində əməyi keçənlərə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəkkürünü çatdırmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir, sosial-iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində uğurlar qazanılır. Muxtar respublikada aparılan geniş quruculuq işləri və yaradılan müasir infrastruktur yaradıcı insanlar üçün geniş mövzu seçimidir. Müstəqilliyin ilk illərində Naxçıvanla bağlı məlumat toplamaq istədikdə, məhdud sayda ədəbiyyat və kitablara müraciət olunurdu. Lakin müstəqillik illərində Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, bu ərazidə min illər ərzində xalqımızın formalaşmış milli dəyərlər və adət-ənənələr sistemi geniş öyrənilmiş, beynəlxalq simpozium və konfranslar keçirilmiş, nəticədə Naxçıvanşünaslıq mühüm elmi istiqamət kimi müəyyənləşdirilmiş, minlərlə sanballı kitab və ensiklopediyalar nəşr olunmuş, tədqiqat əsərləri yazılmışdır. Nəşr olunmuş kitablar tariximizi, milli dəyərlərimizi və Naxçıvanın müasir inkişafını öyrənmək üçün dəyərli elmi mənbələr olmaqla yanaşı, həm də muxtar respublikanın kompleks şəkildə tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Ülvi Hüseynli demişdir ki, bir yer haqqında kitab yazılanda, ilk növbədə həmin ərazinin tarixinə, təbiətinə, dəyərlər sisteminə, ən əsası isə müasir inkişafına daha çox diqqət yetirilir. Bu gün müasir Naxçıvan zəngin tarix-mədəni irsi, təbiəti və kompleks inkişafı ilə ölkə və dünya müəlliflərinin diqqətini cəlb edir. Yüksək tərtibatla və min tirajla nəşr olunmuş “Naxçıvan: dörd fəsildə” kitabı da bu mənada mühüm əhəmiyyətə malikdir. Kitab oxuculara qədim diyar haqqında geniş məlumat verməklə yanaşı, həm də yüksək peşəkarlıqla çəkilən fotoşəkilləri ilə vizual tanışlıq imkanı yaradır. Kitabı oxuyanlar Naxçıvanın gözəlliklərini dörd fəsildə görəcək, qədim tarixi abidələri, müasir inkişafı, iqtisadiyyatı və sosial həyatı ilə yaxından tanış olacaqlar. Müəllif kitabda Naxçıvanı öz yaradıcı təxəyyülü və yanaşması ilə təqdim etməyi bacarmışdır. Məlumat və fotoşəkillərin ahəngdar yerləşdirilməsi, Naxçıvan gözəlliklərinin poetik dillə təqdim olunması kitabın təsir gücünü daha da artırır. Eyni zamanda Azərbaycan və ingilis dillərində nəşr olunması kitabı daha böyük oxucu kütləsi üçün əlçatan etmişdir. “Naxçıvan: dörd fəsildə” kitabı Naxçıvanşünaslığa töhfə olmaqla yanaşı, həm də turizm sahəsində çalışanlar, eləcə də ali məktəblərin Turizm və otelçilik ixtisasının müəllim və tələbələri üçün dəyərli vəsaitdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, müstəqillik illərində muxar respublikada çox sayda kitablar, monoqrafiyalar, albom-katoloqlar nəşr olunaraq geniş ictimaiyyətə təqdim edilib. Tarixi yazmaq tarixi yaratmaq qədər çətin və şərəflidir. Ziyalıların və elm işçilərinin də qarşısında duran əsas vəzifə yaradılan tarixi tədqiqat obyektinə çevirərək mahiyyətini ortaya çıxarıb yazmaq, geniş şəkildə təbliğ etməkdir. Bu mənada yüksək poliqrafik keyfiyyətdə hazırlanan “Naxçıvan: dörd fəsildə” kitabı da elmi tutumu və çoxcəhətli fotoları ilə diqqəti cəlb edir. Nəşrin ön sözünü yazan akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, Naxçıvan elə bir diyardır ki, çoxcəhətli əlamətləri ilə hər kəsin marağına hakim kəsilir. İlk növbədə ona görə ki, Naxçıvan Dədə Qorqud yurdudur, oğuz torpağıdır. Muxtar respublikamız çox zəngin landşaft quruluşuna malikdir, yayı isti, qışı sərtdir. Bütün bu məziyyətlər qədim diyarımızda unikal təbiətin yaranmasına, buna uyğun tarix və mədəniyyət abidələrinin formalaşmasına öz təsirini göstərmişdir.

Kitabda yer alan şəkilləri ayrı-ayrılıqda təhlil edən akademik İsmayıl Hacıyev qeyd edib ki, yeni nəşrdə, ilk növbədə bütün fəsillərdə Naxçıvanın ecazkar təbiətinin, tarixi-mədəni abidələrinin fotoları öz əksini tapıb. Yekun hissədə də qeyd edildiyi kimi oğuz yurdunun təbiətinin sözlə müfəssəl şəkildə ifadəsi çətin olduğu kimi, onu fotoların dili ilə də tam dolğun formada geniş oxucu kütləsinə çatdırmaq asan deyil. Ümumilikdə, “Naxçıvan: dörd fəsildə” kitabında yer alan şəkillər adi gözlə görünməyən, diqqət yetirilməyən nüansları ortaya çıxarmaqla özünəməxsusluğu, fundemantallığı ilə seçilir və Naxçıvanın turizm potensialının, tarixinin, mədəniyyətinin təbliğində əvəzsiz rol oynayır.
Turizm Departamentinin direktoru Əkbər Novruzov qeyd edib ki, Naxçıvanda turistlərin cəlbi baxımından yaradılmış infrastrukturun və geniş turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, bukletlər, turist xəritələri hazırlanır, tanıtım işləri həyata keçirilir. Təqdimatı olan “Naxçıvan: dörd fəsildə” kitabı da təbliğat-təşviqat sahəsində görülən işlərin davamı olmaqla yanaşı, muxtar respublikanın turizm sektoru üçün də mühüm töhfədir.
Naxçıvanşünaslıq Mərkəzinə, ali təhsil müəssisələrinə, ziyalılara və ictimaiyyət nümayəndələrinə, turizm sektorunda çalışanlara “Naxçıvan: dörd fəsildə” kitabı təqdim olunub.
Tədbir iştirakçıları yeni kitab və nəşrdəki fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, Naxçıvanın turizm potensialından bəhs edən filmə baxıblar.

“Şərq qapısı”

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR