15 Aprel 2021, Cümə axşamı

Bu, muxtar diyarın toxunulmazlıq hüququnun təsbitidir

(dəyirmi masa)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı və həmin sərəncama əsasən Tədbirlər Planının təsdiq olunması bu taleyüklü möhtəşəm müqavilənin böyük əhəmiyyətini ortaya qoydu. Bununla bağlı qəzetimizin redaksiyasında təşkil etdiyimiz dəyirmi masanın qonaqları Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovdur.

– Hər birinizi redaksiyamızda xoş gördük. Məlum olduğu kimi, Qars müqaviləsi mühüm tarixi əhəmiyyətə malik olan beynəlxalq müqavilədir. Bu müqavilə ilə Naxçıvanın statusu təsbit olunub və tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər. Bu sahənin tədqiqatçıları kimi oxucularımıza bir qədər məlumat verməyinizi xahiş edirik.
İsmayıl Hacıyev: – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı adıçəkilən sərəncamda deyilir: “... Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir”.
Təsdiq olunmuş Tədbirlər planında “Qars müqaviləsi və Naxçıvan” mövzusunda konfransın, Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universiteti ilə birlikdə Qars şəhərində “Qars müqaviləsinin tarixi əhəmiyyəti” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit olunmuş ərazisinin xəritəsinin hazırlanması, “Qars müqaviləsi – 100” mövzusunda interaktiv dərsin keçilməsi, “Naxçıvan” jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi, “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmaların davam etdirilməsi, yubiley tədbirinin keçirilməsi, zərf və poçt markalarının buraxılması, elmi əsərlərdən ibarət sərginin təşkil edilməsi və başqa tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Artıq həmin məsələlərin icrasına başlanılmışdır. Güman edirəm ki, sizin təşəbbüsünüzlə “Şərq qapısı” qəzetində keçirilən dəyirmi masa da bu istiqamətdə atılan uğurlu bir addım olacaq.
– Moskva və Qars müqavilələri imzalanana qədər Azərbaycanın ən böyük tarixi bölgəsi olan Naxçıvanda ictimai-siyasi vəziyyəti xarakterizə etmək yerinə düşər. Bu dövrdə naxçıvanlı ziyalıların fəaliyyəti, məsələn, Behbud ağa Şahtaxtinskinin gördüyü işlərin tariximizin səhifələrində tutduğu yer...
Elbrus İsayev: – XX əsrin əvvəlləri, xüsusilə 1918-1920-ci illər Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanı hər vasitə ilə ölkənin əsas hissəsindən ayırmağa çalışan erməni daşnakları bolşevik Rusiyasının və Qərb dövlətlərinin dəstəyinə sığınaraq və bir növü onların bölgədəki geosiyasi oyunlarına “sədaqətlə” xidmət edərək burada erməni idarəçiliyi yaratmaq niyyətində idilər.
Bölgənin ağır vəziyyətdən xilas olunması, Naxçıvanın statusu məsələsi dövrün qabaqcıl ziyalılarını və ictimai xadimlərini ciddi düşündürürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədiyindən naxçıvanlılar siyasi müqəddəratlarını qəhrəmanlıqla özləri həll etmişlər.
– 1918-ci ildə bölgədə Araz-Türk Cümhuriyyətinin fəaliyyəti Naxçıvanın gələcək muxtariyyətinin hüquqi və dövlətçilik əsaslarını möhkəmləndirdi. Onun süqutu nəticəsində isə diyarımız yenidən Azərbaycandan qoparılmaq təhlükəsi ilə üz-üzə qaldı.
Elbrus İsayev: – Haqlısınız. Lakin heç bir halda ana Vətəndən ayrı düşmək istəməyən Naxçıvanın qabaqcıl insanları referendum təklifi irəli sürdülər ki, bu da Naxçıvanın status məsələsində atılan ən uyğun siyasi və diplomatik addım idi. Həmin referendum Azərbaycanın görkəmli dövlət xadimi, mahir diplomat Behbud ağa Şahtaxtinskinin apardığı qətiyyətli fəaliyyət nəticəsində baş tutdu, Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu qədim diyar həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazandı. Bu referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisə, həmin müqaviləyə gedən yolda ən uğurlu başlanğıc idi. Behbud ağa Şahtaxtinski Rusiya Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə göndərdiyi məktubda Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və faydalı təkliflər vermiş, nəticədə, bu təkliflər bəyənilərək RK(b)P MK Siyasi Bürosunda müzakirə olunmuş və Azərbaycan SSR tərkibində Naxçıvan SSR-nin təşkil edilməsi haqqında qərar qəbul edilmişdir. Əlbəttə ki, Behbud ağa Şahtaxtinskinin diplomatik məharətinə bələd olan bəzi qüvvələr onun danışıqlarda iştirakına mane olmağa çalışırdılar. Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan, S.Orconikidze hələ 1921-ci ilin iyununda Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Şahtaxtinski fəaliyyətini davam etdirə bilmişdi. Naxçıvan SSR Xalq Komissarları Soveti Qars konfransında Naxçıvanın mənafeyini müdafiə etmək üçün isə Tağı Səfiyevi ora ezam etmişdi.
– Yeri gəlmişkən, həmin təlatümlü dövr, bu dövrdə fəal vətəndaş ziyalılığı, ziyalı vətəndaşlığı göstərən şəxsiyyətlərin oynadığı rol mətbuatımızda, publisistikamızda da öz əksini tapıb. Onlar həmin taleyüklü məsələyə öz münasibətlərini bildiriblər...
Elxan Məmmədov: – Doğrudur. Qars müqaviləsi müstəqillik dövrümüzdən sonrakı mərhələdə ilk dəfə akademik İsmayıl Hacıyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan dilinə tərcümə olunaraq kitab halında nəşr edilib, elmi və geniş oxucu ictimaiyyətinə təqdim olunub. Onunla yanaşı, akademik İsa Həbibbəylinin, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin, Elbrus İsayevin, Emin Şıxəliyevin, İbrahim Kazımovun, tarix elmləri doktoru Fizuli İbrahimzadənin və başqalarının məqalələrində Qars müqaviləsi ayrı-ayrı yönlərdən tədqiq olunaraq elmi nəşrlərdə işıq üzü görüb.
Bu məqalələrdən bəhs edərkən bir məqamı da unutmamalıyıq. Dəyərli alimlərimiz öz fikirlərini ifadə edərkən naxçıvanlı diplomat Behbud ağa Şahtaxtinskinin adını, xüsusilə vurğulayırlar. Məhz Behbud ağanın fəaliyyətinin ən əhəmiyyətli məqamlarından biri də Qars müqaviləsinin hazırlanmasındakı iştirakı, oradakı qətiyyəti və nümayəndəlik missiyasıdır. Bu baxımdan Behbud ağa ilə bağlı tədqiqatları biz həm də Qars müqaviləsi ilə bağlı araşdırmalar kimi götürə bilərik. Bu sıraya akademik İsmayıl Hacıyev tərəfindən toplanmış, tərtib edilmiş “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” irihəcmli kitabını, 2011-ci ildə keçirilmiş “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi” konfransının materiallarını, Fizuli İbrahimzadənin “Behbud ağa Şahtaxtinskinin siyasi və diplomatik fəaliyyəti”, “Behbud Şahtaxtinski” monoqrafiyalarını və digərlərini qeyd etmək olar.
– Bəhs etdiyiniz araşdırmaları o dövrün tarixi-publisistik ensiklopediyası və ya xəritəsi də adlandırmaq mümkündür...
Elxan Məmmədov: – Bəli, həmin elmi araşdırmalar özündə böyük ictimai-siyasi və tarixi həqiqətləri əks etdirir. Ona görə də hər biri bu gün də öz dəyərini saxlayır, gələcəkdə də bu missiyanı yerinə yetirəcək. Bu istiqamətdə daim araşdırmalar aparan akademik İsa Həbibbəylinin “Behbud ağa Şahtaxtinskinin Leninə məktubları”, “Açıq məhkəməyə dəvət, yaxud bolşevizmi ittiham”, “Behbud ağa Şahtaxtinski: xidmətləri və aqibəti”, akademik İsmayıl Hacıyevin “Qars müqaviləsi: Naxçıvanın ərazi taleyi və muxtariyyət məsələsi”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik”, “Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması mühüm tarixi nailiyyətdir”, “Qars müqaviləsi muxtar respublikanın siyasi və tarixi taleyində mühüm rol oynayır”, “Qədim türk torpağı Naxçıvanın muxtariyyət salnaməsi”, “Qars müqaviləsi və Naxçıvanın statusu məsələsi”, “Muxtariyyət tariximizdə siyasi əhəmiyyət kəsb edən Qars müqaviləsi”, “Qars müqaviləsi və Naxçıvanın ərazi taleyi”, Fizuli İbrahimzadənin, Emin Arif Şıxəliyevin, Elman Cəfərlinin, Yaşar Rəhimovun, Anar İbrahimovun, jurnalist Kərəm Həsənovun akademik İsmayıl Hacıyevdən aldığı “Erməni iddialarına cavab vermək üçün tariximizi əsaslı öyrənməliyik” müsahibəsi, bundan əlavə, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərlinin, Vəli Baxşəliyevin, eyni zamanda Zəhmət Şahverdiyevin, tarix elmləri doktoru Fəxrəddin Cəfərovun və başqalarının yazılarında biz Qars müqaviləsinə ortaq ideya əsasında fərqli münasibətlərin şahidi oluruq. Həmin tədqiqat əsərləri mərkəzi və yerli mətbuatda da dərc olunub.
– 16 mart 1921-ci ildə Rusiya Federasiyası ilə Türkiyə Cümhuriyyəti arasında bağlanmış müqavilədən bir neçə ay sonra 13 oktyabr 1921-ci ildə həmin dövlətlərlə birgə Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə bağlanmış Qars müqaviləsinin imzalanması hansı zərurətdən irəli gəlirdi?
İsmayıl Hacıyev: – Mühüm bir tarixi məqama toxundunuz. XX əsrin əvvəllərində Antanta dövlətləri Rusiya və Türkiyə dövlətlərinə qarşı mübarizə aparırdı. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi, Türkiyədə isə istiqlal mübarizəsi imperialist dövlətlərini qıcıqlandırır və bunları qəbul etmirdilər. Hətta İstanbul ingilislər tərəfindən tutulmuşdu. Belə vəziyyət Rusiya ilə Türkiyəni birgə mübarizə üçün yaxınlaşdırdı. Bunun üçün 1921-ci ilin fevral-mart aylarında Moskvada Rusiya-Türkiyə konfransı keçirilmiş və yekun olaraq qeyd etdiyiniz kimi, 16 mart 1921-ci ildə “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi 16 maddədən və 2 əlavədən ibarət qəbul edilmişdi. Müqavilənin 3-cü maddəsinə əsasən belə bir qərar qəbul olundu ki, Naxçıvan vilayəti bu müqavilənin 1(C) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir.
Moskva müqaviləsindən sonra Türkiyə çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə ərazi-sərhəd məsələlərini dəqiqləşdirsin. Məlum olduğu kimi, XIX əsrin 70-80-ci illərində Rusiya ilə Osmanlı dövləti arasında olmuş müharibə nəticəsində Rusiya osmanlıların bir sıra ərazilərini tutmuş və Türkiyənin şərq ərazilərində “Türkiyə Ermənistanı” deyilən dövlət yaratmaq istəyirdi. Lakin 1918-1920-ci illərdə yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar Rusiya dövləti ümumi sahəsi 22 min kvadratkilometrə yaxın olan əraziləri Türkiyəyə qaytardı.
Türkiyə 1920-ci ilin sentyabr-dekabr aylarında Ararat (Ermənistan) Respublikası ilə də müharibə aparmalı olmuş və bir sıra əraziləri tutmuşdu. Ona görə də Rusiya-Türkiyə arasındakı ərazi-sərhəd məsələləri aydınlaşdırılsa da, Türkiyə ilə Cənubi Qafqaz respublikaları, xüsusilə Gürcüstan və Ermənistanla sərhədlər dəqiqləşdirilməli idi. 1920-ci il dekabrın 2-də Türkiyə ilə Ermənistan arasında Gümrü müqaviləsi imzalansa da, (bu müqavilə daşnaklarla bağlanılmışdı), həmin müqaviləni nə Rusiya, nə də sovet Ermənistanı (artıq Ermənistan sovetləşmişdi) qəbul edirdi. Bu mübahisəli məsələləri aradan qaldırmaq üçün Qars konfransının keçirilməsi razılaşdırıldı.
– Və nəticə etibarilə, Naxçıvan muxtariyyətini möhkəmləndirən başlıca hüquqi sənəd – Qars müqaviləsi imzalandı.
Elbrus İsayev: – Sizin də çox haqlı olaraq vurğuladığınız kimi, 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. 20 maddə və 3 əlavədən ibarət olmaqla, müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər. Beləliklə, bu müqavilə sayəsində Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirilib. Erməni daşnaklarının cidd-cəhdlərinə və silahlı təxribatlarına baxmayaraq, Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi, Türkiyənin prinsipial mövqeyi və Behbud ağa Şahtaxtinski kimi siyasi xadimlərin səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanılıb. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib.
– Bəs həmin müqavilə beynəlxalq siyasi aləmdə Naxçıvana nə verdi?
Elman Cəfərli: – İcazənizlə, bu aktual məsələ ilə bağlı mən öz fikirlərimi diqqətinizə çatdırardım. Müqavilə Azərbaycana beynəlxalq müstəvidə öz ərazi bütövlüyünü qorumaq üçün geniş imkanlar yaratdı. Bir tərəfdən Naxçıvanın erməni hərbi təcavüzündən ötən bir əsr ərzində müdafiə edilməsinə, digər tərəfdən onun tarixi Azərbaycan torpaqları kimi qorunub saxlanılmasına nail olundu. Eyni zamanda Naxçıvanın Zəngəzurun işğalı ilə ölkəmizin əsas hissəsindən coğrafi baxımdan ayrı düşməsi amili beynəlxalq siyasi aləmdə Azərbaycan torpaqlarının 1918-1920-ci illərdə işğalını isbat edən danılmaz fakt kimi istifadə olundu. Onsuz da tarixi Azərbaycan torpaqlarında 1918-ci ildə yaradılan qondarma, heç bir tarixi-coğrafi və siyasi əsası olmayan Ermənistan ötən bir əsr ərzində Naxçıvana olan ərazi iddialarından heç vaxt imtina etməsə belə, Qars müqaviləsinə imza atan tərəflərdən biri kimi, öz məkrli və işğalçı niyyətini həyata keçirmək istərkən, müqavilənin timsalında öz qarşısında daim bir sipər gördü. Məhz bu amil beynəlxalq hüquq baxımından və diplomatik müstəvidə 1990-cı illərin əvvəllərində ermənilərin açıq hərbi təcavüzünün genişləndiyi mərhələdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmasında əvəzsiz rol oynadı. Belə ki, ərazi məsələsi həm müvafiq dövlətin hüququ, həm də beynəlxalq hüquq əsasında tənzimlənən predmetidir. Beynəlxalq müqavilələr beynəlxalq hüququn tərkib hissəsi sayıldığından, Naxçıvan muxtariyyəti ilə bağlı əsas təsisedici sənəd Moskva və Qars müqavilələridir. Məhz həmin beynəlxalq müqavilələrdən irəli gələn öhdəlik əsasında 1924-cü ildə Naxçıvan Muxtar Respublikası təsis edilib.
– İsmayıl müəllim, növbəti sualı muxtariyyət tariximizin mükəmməl tədqiqatçısı kimi sizə ünvanlamaq istərdim. Həmin müqavilədə Naxçıvanın statusu necə müəyyən olunmuşdu?
İsmayıl Hacıyev: – Qeyd etdiyimiz kimi, Naxçıvanın statusu məsələsi Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə müəyyən olunmuşdu. Həmin müqavilədə Naxçıvanın statusunda 3 mühüm məsələ yer almışdı: 1. Naxçıvana muxtariyyət statusu verilir. 2. Naxçıvan Azərbaycanın himayəsi altında olmalıdır. 3. Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir.
Qars konfransında da (1921, 26 sentyabr-13 oktyabr) Türkiyənin Cənubi Qafqaz respublikaları ilə ərazilərinin dəqiqləşdirilməsi ilə yanaşı, Naxçıvan vilayətinin statusu məsələsi də müzakirə olundu. Adətən, Qars müqaviləsi ilə təsdiq edilmiş Naxçıvanın muxtariyyət statusu Moskva müqaviləsindəki 3 məsələdən bir qədər fərqlidir. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdur. Moskva müqaviləsindən fərqli olaraq Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdir – bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşlar. Müqavilənin bu maddəsində göstərilirdi ki, “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”. Naxçıvan bölgəsinin ərazisinin sərhədləri də müqavilənin III əlavəsində göstərilib.
– Belə demək olar ki, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq tam şəkildə həll etdi.
İsmayıl Hacıyev: – Bəli, doğrudur, lakin həlli ağır olan məsələ bu müqavilələrin müddəalarının icrası olmuşdur. Qars müqaviləsi imzalandıqdan sonra Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan edildi.
Qars müqaviləsi bu günədək etibarsız elan olunmayıb və bundan sonra da öz hüquqi qüvvəsini saxlayacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi, “Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.
– Bu müqavilə imzalanandan sonra Naxçıvanda baş verən ictimai-siyasi hadisələr barədə nə deyə bilərsiniz?..
Elbrus İsayev: – Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılması və fəaliyyəti Azərbaycanın Türkiyə, Rusiya və Gürcüstanla əlaqələrinin formalaşdırılması və inkişafında, ərazi bütövlüyünün qorunmasında, regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Moskva və Qars müqavilələri ilə Naxçıvan Muxtar Respublikasının ərazilərinin müəyyən edilməsi burada ərazi mübahisələrinə son qoymuş, tərəflərə öz sərhədlərini konkretləşdirmək imkanı yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu dəyərli fikirləri Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətini çox dolğun şəkildə ifadə edir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının da qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Naxçıvanın muxtariyyət tarixinin ilk illəri olduqca ağır siyasi, sosial-iqtisadi və mədəni problemlər dövrüdür. Bu dövrlərdə Naxçıvanın hüquqlarını məhdudlaşdırmaq istəyənlər Azərbaycanın bu qədim torpağında inkişafa mane olmaq məqsədi güdürdülər. 1925-ci ilin martında guya Naxçıvanın hakimiyyət strukturlarındakı “xan-bəy elementləri”nin fəaliyyətini araşdırmaq üçün Naxçıvana xüsusi komissiya göndərilmiş, bir gecədə 50 rəhbər işçi həbs olunmuş, onlardan 48-i repressiyaya məruz qalmışdı. Bunlar o adamlar idilər ki, Naxçıvanın ermənilərdən müdafiəsində xüsusi fəallıq göstərmişdilər. Naxçıvanın muxtariyyət tarixinin 1969-1987-ci illəri əhatə edən ikinci dövrü dirçəliş dövrüdür. Bu dövrdə böyük dövlət xadimi möhtərəm Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birlikdə isə Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşmuşdur.
– Görkəmli dövlət xadimi Heydər Əliyev Qars müqaviləsinə böyük əhəmiyyət verirdi...
İsmayıl Hacıyev: – Məkrli qonşularımız 1920-ci il 28 dekabr Bəyanatı ilə Naxçıvanın müstəqilliyini tanımış, Qars müqaviləsi ilə də tərəf kimi Naxçıvanın muxtariyyət statusuna, ərazi-sərhəd məsələlərinə imza atmışlar. Bununla belə, bu gün də onlar Naxçıvan iddialarından əl çəkmirlər. Bir həqiqət vardır ki, Qars müqaviləsi müddətsiz imzalanmış, birtərəfli qaydada o, ləğv oluna bilməz və bu müqavilə Naxçıvanın qarantı rolunu oynayır.
Qars beynəlxalq müqaviləsi ilə Türkiyə və Cənubi Qafqaz respublikaları Moskva müqaviləsini qəbul etmiş, Rusiya da Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımış və ona beynəlxalq hüquqi təminat vermişlər.
Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyev bununla əlaqədar demişdir ki, Azərbaycanın ovaxtkı hökuməti çox ciddi mövqe göstərərək həmin Qars müqaviləsində Naxçıvanın statusunu müəyyən etmiş və Naxçıvana muxtariyyət verilməsi haqqında qərar qəbul edilmişdir. Sizin də qeyd etdiyiniz kimi ulu öndər Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
– Yeri gəlmişkən, görkəmli dövlət xadiminin ötən əsrin 90-cı illərində həmin müqaviləni Türkiyədə gündəmə gətirməsi hadisələrin inkişafına necə təsir göstərdi?
Elman Cəfərli: – Zəruri məsələyə toxundunuz. Bununla bağlı demək istərdim ki, Naxçıvanın işğaldan müdafiəsi məsələsi özünün kompleks həllini tələb edirdi. Bunun da yolu, əslində, unudulmuş Moskva və Qars müqavilələrinin yenidən aktuallaşdırılmasından keçirdi. Yaranmış kəskin hərbi-siyasi vəziyyətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, görkəmli dövlət xadimi Heydər Əliyev həmin müqavilələri əsas götürərək, uğurlu bir diplomatik proses başlatdı və Naxçıvanın hərbi sahədə olduğu kimi, hüquqi-siyasi və diplomatik sahədə də müdafiəsi işi uğurla təşkil olundu. Nəticədə, hər iki müqavilənin əsas tərəflərindən biri olan Türkiyə Cümhuriyyəti Naxçıvanın təhlükəsizliyinin müdafiəsi işinə fəal şəkildə qoşuldu. 1992-ci il may ayında ermənilərin muxtar respublikanın Sədərək rayonuna hücumu ilə əlaqədar Türkiyə hökuməti bəyanat qəbul edərək, 1921-ci il Qars müqaviləsinin Naxçıvan muxtariyyətinin qarantı olduğunu bütün dünyaya bəyan etdi. Türkiyə, nəinki özünün fəal siyasi-diplomatik gedişləri ilə Naxçıvanın müdafiəsinə qoşuldu, eyni zamanda onun dəstəyi ilə 1992-ci ilin may ayında düşmənin hərbi əməliyyatları genişləndirdiyi bir vaxtda, dünyanın 57 dövləti Ermənistanın Naxçıvana təcavüzünü qətiyyətlə pislədi ki, bu da, bütövlükdə, real nəticəyə gətirib çıxaran böyük diplomatik uğur idi.
– Azərbaycan-Türkiyə siyasi müttəfiqliyinin etibarlılığını çox sonralar ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən Süleyman Dəmirəllə müstəqil Azərbaycan dövlətinin Türkiyə ilə əlaqələrinin yeni mərhələsinin şahidi olduq. Bu sarsılmaz birliyin ən güclü nümunəsi isə 44 günlük müharibədə Türkiyənin Azərbaycanın yanında olması idi.
Elbrus İsayev: – Ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi. Sizin də vurğuladığınız kimi, Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətində ölkəmizin Türkiyə ilə əlaqələrinin qurulmasında və inkişafında iki şəxsiyyətin – Heydər Əliyev-Süleyman Dəmirəl münasibətlərinin böyük dostluq və qardaşlıq səviyyəsində olması da mühüm rol oynamışdı. Bir az əvvəl də deyildiyi kimi, 1992-ci ilin mayında ermənilərin Sədərək rayonuna hücumu ilə əlaqədar Türkiyə hökuməti bəyanat qəbul etmiş, 1921-ci il Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin qarantı olduğunu dünyaya bəyan etmişdi. O zaman görkəmli dövlət xadimi Heydər Əliyev Türkiyənin dövlət və hökumət rəhbərləri ilə əlaqə yaradaraq Qars müqaviləsində olan öhdə­liklərin yenidən rəsmi şəkildə tanınmasına nail oldu.
Bu hadisədən iki ay sonra 1992-ci ilin iyulunda Türkiyəyə səfər edən Heydər Əliyevin dövlət rəhbərləri və ictimaiyyətlə görüşlərində də bu məsələ diqqətdə olmuşdu. Bu səfər çərçivəsində Naxçıvanda Türkiyə konsulluğunun açılması məsələsi həllini tapmış, 7 ay sonra 1993-cü ilin 5 fevralında konsulluq fəaliyyətə başlamışdır.
Elman Cəfərli: – Sualınıza cavab olaraq mən də əlavə etmək istərdim ki, Türkiyə Cümhuriyyətinin görkəmli dövlət və siyasi xadimlərindən olan Süleyman Dəmirəl və ulu öndər Heydər Əliyev kimi iki nəhəng dövlət xadiminin o dövrdə formalaşan şəxsi dostluq münasibətləri sonradan iki qardaş dövlət arasında həm də sürətli siyasi-strateji yaxınlaşmanın möhkəm təməlini təşkil etdi. Ümummilli liderimiz Heydər Əliyevin başçılığı ilə Naxçıvan nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri bunun ifadəsi oldu. 1992-ci ilin martında Türkiyənin Baş naziri Süleyman Dəmirəlin göndərdiyi şəxsi təyyarə ilə görkəmli dövlət xadiminin qardaş ölkəyə işgüzar səfəri çərçivəsində imzalanan 13 maddədən ibarət sənəddə muxtar respublikaya maliyyə, iqtisadi, texniki dəstək verilməsi, muxtar respublikanın zəruri ehtiyaclarının ödənilməsi üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, tərəflər arasında enerji layihələrinin qurulması, nəqliyyat strukturunun yaradılması, bank işi, turizm və informasiya mübadiləsi sahəsində geniş əməkdaşlıq əlaqələrinin qurulması, 100 nəfər tələbənin Türkiyəyə təhsil almağa göndərilməsi də razılaşdırıldı.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında və iqtisadi blokadanın yarılmasında 1992-ci il may ayının 28-də Sədərək-Dilucu körpüsünün açılışı mühüm addım oldu.
Ümummilli liderimizin 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti olmuş Süleyman Dəmirəllə şəxsi dostluq münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin əvvəlcə Baş naziri, 2017-ci ildən isə Prezidenti vəzifəsində çalışan Rəcəb Təyyib Ərdoğanla eyni səmimiyyətlə, yeni dövrün tələblərinə uyğun daha sıx inkişaf etdirilməsi dünyada bənzəri olmayan iki qardaş dövlətin qarşılıqlı fəaliyyəti nümunəsini meydana çıxarmışdır. Məhz bu kontekstdə ötən il sentyabrın 27-dən noyabrın 10-dək torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda baş verən 44 günlük Vətən müharibəsində Türkiyə dövləti və xalqı Azərbaycanı siyasi və diplomatik cəbhədə fəal şəkildə müdafiə etdi, əvəzsiz mənəvi dəstəyini nümayiş etdirdi.
Məhz bu sarsılmaz həmrəylik və mənəvi birlikdən doğan gücün 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatdırılmasında mühüm siyasi rol oynadığı danılmazdır.
– Dəvətimizi qəbul edib redaksiyamıza gəldiyiniz və maraqlı söhbət üçün sizə minnətdarlığımızı bildiririk. Ali Məclis Sədrinin adıçəkilən sərəncamına əsasən təsdiq olunan Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsində sizə müvəffəqiyyətlər arzulayırıq.

Hazırladı: Muxtar MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR