27 Fevral 2021, Şənbə

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və YAP Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə 2021-ci il 22 fevral tarixdə Sədərək rayonunda yaşayan aztəminatlı ailənin üzvü, əlil qadınlar və Sədərək rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin aid dərnək rəhbərləri üçün toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov tədbirin mahiyyətindən bəhs edərək bildirmişdir ki, muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, özünüməşğulluq imkanlarının təmin edilməsi diqqətdə saxlanılır,  müvafiq sahə ilə bağlı qanunvericilik bazası  təkmilləşdirilir.  Belə ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə  “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş, icrası  ilə əlaqədar  hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar  arasında  xalq  tətbiqi sənət  nümunələrinin, milli  dəyərlərin  yaşadılması  istiqamətində də işlər və  sosial  layihələr  həyata  keçirilir.

T.Məmmədov  bildirmişdir ki, bügünkü  tədbirdə qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması məqsədilə Komitə tərəfindən Sədərək rayonunda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq təlimi keçirilir. Bu təlimlərin muxtar respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Daha sonra YAP Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva muxtar respublikada dövlət qadın siyasətinin uğurla həyata keçirilməsindən, qadınların ictimai işlərdə fəal iştirakından bəhs etmişdir.

Əlavə olaraq bildirmişdir ki, toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, onların əl işlərinin satışının təmin edilməsi ailə büdcəsinə dəstəkdir.

Sonda təlimi həyata keçirəcək olan istedadlı toxucu qadın Gülsüm Kəngərli milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimiz tərəfindən hər zaman dəstək göstərildiyini bildirmiş, toxuculuğun sirrini qadınların dərindən öyrənməsi yolunda əlindən gələni əsirgəməyəcəyini qeyd etmiş və əyanı vəsaitlərdən istifadə etməklə təlimə start vermişdir.

Təlimdə Sədərək rayonunda yaşayan 6 nəfər aztəminatlı ailədən olan, 9 nəfər əlil qadın və 4 nəfər Sədərək rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin aid dərnək rəhbərləri iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və

Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR