03 Mart 2021, Çərşənbə

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir.

Bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Fevralın 14-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolunun tikintisinin Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən layihənin başlanğıcı kimi qiymətləndirilməli olduğunu deyən deputat bildirib: “İlk növbədə, qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməklə bu ərazilərin də Azərbaycana aid olduğuna, xalqımızın bu torpaqlara artıq əbədi döndüklərinə dair növbəti dəfə bütün dünyaya açıq şəkildə mesaj ünvanlamış oldular. Məlumdur ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Füzuli rayonunda olarkən dövlətimizin başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Ümumi uzunluğu 100 kilometr olacaq bu dəmir yolu xəttinin strateji əhəmiyyəti kifayət qədər böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və bu xətt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına böyük töhfə verəcək”.

S.Möhbalıyev qeyd edib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatmasını hüquqi cəhətdən təsdiqləməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar əks etdirir. O cümlədən Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Başqa sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Fevralın 14-də Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla 10 noyabr Bəyanatının həmin maddəsinin icrasına start verdi. Heç şübhəsiz, bir müddət sonra biz hamımız birbaşa Naxçıvana aparan dəmir yolu xəttinin açılışının da şahidi olacağıq.

 

AHİK sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanması bu rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyindən xəbər verir. “Prezident İlham Əliyev Zəngilanda olarkən bildirdi ki, artıq bu rayonda birinci “ağıllı kənd” layihəsinin icrasına start verilib. Bu layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Məlumdur ki, dövlətimizin başçısı öz çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. İşğaldan azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması, xüsusən də bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin rayon və bölgələrimizi ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevirəcək. Etiraf etmək lazımdır ki, bu gün pandemiya şəraitində bütün dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir”, - deyə deputat vurğulayıb.

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR