26 Fevral 2021, Cümə

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzüm laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin və Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, aqrar elmləri doktoru, dosent Vüqar Səlimovun həm müəllifliyi ilə “Azərbaycan ampeloqrafiyası” monoqrafiyasının II cildi işıq üzü görüb.

2017-ci ildə nəşr edilmiş I cild “Azərbaycan ampeloqrafiyası”nın davamı olan bu fundamental kapital əsər giriş, 3 bölmə və ümumilikdə, 7 fəsildən ibarətdir. Xüsusi strukturda tərtib olunan monoqrafiyada “Ümumi ampeloqrafiya”, “Rəqəmsal ampeloqrafiya” və “Xüsusi ampeloqrafiya” adlı bölmə başlıqları altında uyğun fəsillər yer alıb.

İki fəsildən ibarət “Ümumi ampeloqrafiya” bölməsində Azərbaycanda aparılan ampeloqrafik tədqiqatlar, üzümçülüyün inkişaf strategiyası, becərilən üzüm sortlarının genefondunun tərkibi, polimorfizm xüsusiyyətləri, üzümçülüyün yenidən inkişaf etdirilməsinin elmi əsasları araşdırılır.

Monoqrafiyanın “Rəqəmsal ampeloqrafiya” bölməsində Azərbaycanda becərilən üzüm sortlarının şifrə və kodları ilə bağlı informasiya verilir.

“Xüsusi ampeloqrafiya”4 fəsildən ibarət olmaqla əsərin ən iri həcmli bölməsidir. Burada universal, texniki, seleksiya yolu ilə alınmış yeni üzüm sort və formaları haqqında məlumatlar yer alıb. Monoqrafiyanın sonuncu fəslində introduksiya olunmuş və ölkəmizdə becərilənüzüm sortlarının ampeloqrafik təsviri qeyd olunub.

Əsərdə 24 universal,  40 texniki, 17 seleksiya yolu ilə alınmış və 13 introduksiya olunmuş üzüm sortunun ampeloqrafik təsvirləri, ampelo-deskriptor xüsusiyyətləri və rəngli fotoşəkilləri verilmişdir. Azərbaycanda ampeloqrafik tədqiqatlara dair elmi əsərlərin siyahısı da nəşrin sonuna əlavə olunmuşdur.

Başqa ölkələrdən olan mütəxəssislərin bu sahəyə olan marağı nəzərə alınaraq monoqrafiya üzümün əsas irsi əlamətlərinin rəqəmsal qaydada beynəlxalq kodlaşdırılma və şifrələnmə sistemi əsasında hazırlanmışdır. Kitabda əsas bölmələr, üzüm sortlarının adları, ampelo-deskriptor xüsusiyyətləri ana dilimizlə yanaşı, rus və ingilis dillərində də verilmiş, üzüm sortlarında genetik əlamətlərin OIV deskriptorları  üzrə  beynəlxalq şifrə və kodlar əsasında oxunması üçün ingilis və rus dillərində açarları qeyd olunmuşdur.

Olduqca mühüm elmi əhəmiyyətə malik olan əsər uyğun ixtisas üzrə təhsil alanlar, tədqiqatçılar, üzümçülüklə məşğul olan fərdi təsərrüfat sahibləri və bu sahə ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, 2011-ci ildə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın,2018-ci ildə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə respublikamızda üzümçülüyün inkişaf strategiyası müəyyənləşdirilmişdir. Bu istiqamətdə elmi əsasların yaradılması mühüm elmi-praktiki əhəmiyyət edir.  İki cildlik “Azərbaycan Ampeloqrafiyası” da Azərbaycanda üzümçülüyün inkişafına verilən töhvədir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

 

 

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR