27 Fevral 2021, Şənbə

İki küçənin ayrıcında dayanmışam. Qış ayı olsa da, səmada günəşin hərtərəfli şüaları küçəni bir qədər isidib. Hərarətli günəş qüruba doğru əyildikcə sanki küçəni bir qədər işıqlandırır. Elə bil dar döngələrin tarixinə işıq tutaraq, onları da diqqətlə izləməyə çağırır. Elə bu işığın fonunda, önündə dayandığım məhəllənin dünəni aydın görünür.  Divarlarda günəş şüaları əks olunduqca onların arxasında yatan tarix dil açıb danışır. Burada yaşayan haylı-küylü günlər, insanlar, ömürlər...Elə bil qulağıma səs gəlir. 2 əsrlik yaşı olan məhəllənin insanlarının addım səsləri...Hər addım da bir tarix danışır. Bu addımlarda acılı-şirinli xatirələrə sığınan yaddaqlan ömür yollarının illəri var. Gəzdikcə ayaqlarımla toxunduğum tozların, çınqılların qəlibləşən 2 əsrlik addım izləri, saymaqla bitməyən o illərin mənə yaşatdığı duyğuları dərindən hiss edirəm... Saysız-hesabsız insanlara qucaq açıb onları yaşadan, böyüdən, daşlaşan tarixin tarixi yaddaşlarına şahidlik edən elə Sarvanlar məhəlləsinin girişində, məhəllə haqqında araşdırdığım və öyrəndiklərimi diqqətinizə çatdırıram: Başlayaq, 1980-ci ildə “Mədəni maarif” jurnalında dərc olunan, filologiya elmləri namizədi Əli Əliyevin “Naxçıvan şəhərində məhəllə adları” başlıqlı məqalədə Sarvanlar məhəlləsi haqqında yazılanlarla. Jurnalda yazılır: “Sarvanlar məhəlləsi ilk sakinlərinin-sarvanlar qəbiləsinin etnik adını daşıyır. Qərbi Azərbaycanın Zəngibasar bölgəsində Sarvanlar kəndi və Sarvanlar elinin adı ilə bağlıdır. Sarvanlar lap qədimdən dəvəçiliklə məşğul olduğundan onlara sarvanlar deyiblər. Naxçıvan şəhərindəki “Dəvə yatağı” adlı yer də bu fikri təsdiq edir. Naxçıvana basqın zamanı qənimətlərlə yanaşı çoxlu dəvə karvanları da ələ keçirmişlər. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanında təsvir edilən oğuz ellərində qatar-qatar dəvələr ən yaxşı var-dövlət sayılırmış”. Naxçıvan ensiklopediyasından isə öyrənirik ki, məhəllə şimaldan Sallaqxana, cənubdan Gomayıl məhəllələri ilə qonşu olub. Şəxsi təsərrüfat sahələrində tut, ərik, qoz ağacları və nar kolları becərmişlər. Məhəllənin adı haqqında arxiv materiallarının 1831-ci ilə aid kamerial siyahısında da vuğulanır ki, şəhər ta qədimdən 4 əsas hissəyə bölünür. Sarvanlar, Şahab, Əlixan, Qurdlar. Güman ki, adıçəkilən bu tayfa daha çox dəvəçiliklə məşğul olduğu üçün sarvanlar adlandırılıb. XX əsrin arxiv məlumatlarından o da aydın olur ki, daha çox dəvəçilik, arabaçılıq, faytonçuluqla məşğul olublar burada yaşayan sarvanlılar.

Qədim izləri qoruyub saxlayan məhəllədə abad yollarla irəlilədikcə gördüyüm hər qapıdan gələn bir səs, bir avaz, məni elə o illərə qonaq aparır. Bu qapıda neçə-neçə tanış hekayə, neçə-neçə tanış olmayan həyat tarixçələrinin səhnəcikləri qısa fılmlər kimi canlanır gözlərim önündə. Səs-səsə verir bu məhəllədə. Araşdırma zamanı məlum olan faktlardan yola çıxaraq deyim ki, bir vaxtlar bu evlərdə Müslüm və Qara bəy Fərzəlibəylilər, Mirzə İsmayılov, İsa Musayev (Azərbaycan Respublikasının Xalq artisti), Mircəfər Mirişli (Ramiz Mirişlinin atası), Yunus Salayev (akademik Eldar Salayevin atası), Kəlba Musa, Səfər Rəcəbli (Naxçıvan MSSR əməkdar artisti), Rəşid Məmmədov (Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi) kimi sakinlərin ev-eşikləri bu məhəllədə olub.

Sarvanlar məhəlləsinin adını çəkəndə isə böyükdən kiçiyə hamı Kəlba Musanı xatırlayır. Səbəbsiz deyil, bu məhəllənin ilk sakinlərindən biri olub. Xeyirxah, millətsevər biri kimi böyük şöhrət qazanıb. Kərbəlayı (el arasında ona Kəlba Musa deyərdilər) Musanın tikdirdiyi (hazırda Səməd Vurğun 20-də yerləşir) evin önündə dayanmışam. Buranı sarvanlılar “taxta ev” adlandırırlar. Oğlu Həsən və nəvəsi Musa Musayevin xatirələrini Bağır Bağırovun “Çeşmə suyu duru olur” kitabında oxumuşdum. Xatirələrində yer alan həmin ev haqqında öyrənirik ki, Musa Həsən oğlu Musayev da o evdə böyüyüb boya-başa çatıb. Əvvəl sovxoz idarəsi kimi istifadə edilən evin tarixi haqqında dəqiq məlumat olmasa da tikilmə tarixi təqribən 1880-90-cı illərə təsadüf edir. Həmin ev 1918-ci ildə erməni basqını zamanı düşmənlər tərəfındən yandırılıb. Sonra yenidən düzəldilərək yaşayış evi kimi bərpa olunub. Deyilənə görə Kəlba Musa bura gəldiyi vaxtlarda Yunus və Əkbər xanın torpaqlarından icarəyə sahə götürür. Naxçıvanın əməksevərlərini bir araya yığıb əkin-biçinə başlayır. Həm özü mal-dövlət sahibi olur, həm də əhalini dolandırır. Qardaşı Məşədi İsa ilə birgə xeyli iribuynuzlu və xırda heyvan saxlayır. Bir çox tövlələr tikdirir. Maraqlısı da odur ki, bunu xeyriyyə məqsədi üçün tikdirir. Kimsədən pul almır. Nəvəsi Musa Musayev qeyd edir ki, “Babam tövlədə malı saxlanılanlardan heç bir təmənna filan ummazmış. Əksinə, yemləmədə belə babam ehtiyacı olanlara əl uzadar, üstəlik onların ailələrinə taxıl, ağartı sarıdan da al tutarmış". Əl tutmaq demişkən, Kəlba Musanı öz dövrünün adamlarından fərqləndirən cəhətlərdən biri onun comərd bir adam olması idi. Kitabda 1905-1906, 1918-1920-ci illərin hadisələri, erməni müsəlman davası, türklərin çətin anlarda köməyə gəlməsi barədə məlumatlarda yazılır: “Xalqımızın qatı düşməni tayqulaq daşnak Andronikin qonşuları əhalini qılıncdan keçirir, uşaq və qocaları amansızcasına qırır, ev-eşikləri vəhşicəsinə yandırırdılar. Qayda- qanun olmadığından yerli əhali tamamilə köməksiz qalmışdı. Keçid dövrü ermənilərin əl-qolunun yaman açmışdı. Köməksiz və əli yalın əhalinin bircə yolu qalmışdı: Arazı o tərəfə keçmək, canlarını birtəhər erməni cəlladlarından xilas etmək”. Məlumatlarda o da bildirilir ki, əhali o zaman canını qurtarıb İranın Qaraçux kəndinin yanında məskunlaşır. Acınacaqlısı da odur ki, həmin vaxt üzməyi bacarmayanlar Arazı keçə bilmirdi, nəticə etibarılə bir qismi  boğulurdu. Belə bir çətin zamanda daim millətini düşünən, xeyriyyəçi kimi tanınan – Kəlba Musa camaatı yığaraq Arazı keçə bilməyənlərə kim kömək etsə ona qızıl onluq sözü verəcəyi vədini bildirir.

Xalqı milləti üçün çox işlər görən Kəlba Musa ermənilərlə qırğın zamanı Sədərək tərəfdən yardıma gələn türkləri qarşılayırkən onlara bələdçilik edir, özü də döyüşlərdə iştirak edir. Qəhrəmanlığı və mehribanlığı ilə hər kəsin rəğbətini qazanır. Məlumatlarda oxuyuruq ki, hətta ona türk hərbçiləri tərəfindən zabit forması və at da bağışlanır. Kəngərlilər nəslindən olan Kəlbalı xan Naxçıvanski ilə birlikdə səngərlərdə vuruşması haqqında məlumatlarda az deyil.

Tarixi materiallardan məlumdur ki, o dövr üçün ən aktual məsələlərdən biri məhz susuzluq problemi olub. Vurğulanır ki, Naxçıvan suyu az olan yer olduğundan əhali çıxılmaz bir vəziyyətdə qalır. Min bir əzab-əziyyətlə becərdiyi bostan, əkin yayın qızmar günlərində kül olur, hər il dözülməz dərəcədə qıtlıq yaranırdı. Belə bir vəziyyətdən əhalini ancaq kəhrizlar, bulaqlar xilas edə bilərdi. Məhz belə bir məqamda Kəlba Musa, Kəngərlilərin gücündən istifadə edərək uzun götür-qoydan sonra 12 kilometr məsafədən Şıxmahmud kəndinin yaxınlığındakı dağlardan su çəkdirmək qərarına gəlir. 1901-ci ildə tikilən Kəlba Musa çeşməsinin tikintisi nə az nə çox 9 ilə başa gəlir. Bəzi mənbələr deyir ki, tikintisində iki inək darısı ağzına kimi dolu qızıl xərclənir. Nəvəsi Musa Musayevin çeşmənin tikilməsində iştirak edən Qurd Məmmədlə söhbətini yada salaq. Qurd Məhəmmədin dediklərindən: “Həmin çeşmə çoxlarının düşündüyü kimi, çox da ucuz başa gəlməyib. Lağımın hər qarışı üçün baban bizə bir qızıl onluq verirdi. Nə qədər diqqətli olsaq da su çox az gəlirdi. Hamı ümidini itirir ki, iş nəticəsiz qalır. Hətta Kəlba Musa özü də 9 ildi ümidlə gözlədiyi çeşmədən gözünü çəkir. Bir gecə səhərə yaxın şəhərə güclü sel-su səsi yayılır. Yuxudan oyanan durub çeşməyə yaxınlaşır. Bu səsi təsəvvür etsək elə bil ki, yerin altında dəniz qaynayır. Güclü su fantanı əkin sahələrini də məhv edir, zamanla öz məcrasını tapıb bütün ərazinin gələcək su ehtiyatı olur”. Həmin çeşməylə üz-üzə dayanıb baxıram. Min bir əzab əziyyətlər bahasına başa gələn bu çeşmənin qazılmasına qədərki mərhələləri düşünürəm. Haqlı olaraq söz açdığım sarvanlı Kəlba Musanı qəhrəman obrazında təsəvvür edirəm. Çünki o dövr üçün belə bir təşəbbüs ancaq xeyirxah, millətini düşünən vətəndaşın arzusu ola bilərdi. Bütün qazancını bu çeşmənin bərpasına xərcləyən Kəlba Musanın zəhmətlə qurduğu var dövləti  oğlu Həsən qoruyub saxlaya bilmir. Hər şeyini əlindən alsalar da sorğu-sual davam edir, hətta bu sorğudan sanki mənəvi zövq alır, mütəmadi atasından qalan qızılların yerini soruşurlar. Bilə-bilə ki, axtarış zamanı tövlənin barısı altından çıxan axırıncı Nikolay pulu ilə dolu sandıq da hamının gözü qarşısında oğlu Həsən tərəfindən nöyüt tökülüb yandırılır.

Taruxdən də bilirik ki, o zaman Azərbaycanın rus imperiyası tərəfindən işğal olunmasından bir neçə il ötmüşdü. Başıpozuqluq, qarışıqlıq, dərəbəylik hökm sürməkdə idi. Yerli əhali zaman-zaman rusların süni yaratdığı “əkin biçindən faydalanın” şüarına canla başla xidmət edir və axırda da torpaqları əlindən alınırdı, onlarda öz doğma ev eşiklərini qoyub gedirdilər. Yenə arxiv materiallarına müraciət edirik. Kameral siyahıyla tanış olduqda məlum olur ki, 1924-cü ildə Sarvanlar məhəlləsində 212 ev qeydə alınıb ki, bu rəqəm bir il sonra 194 evlə nəticələnib. Vaxtilə az-çox güzəranı olanlara, imkanlılara indi şübhəli gözlə baxır, onlara inamsızlıq göstərirdilər. Elə bir vəziyyət yaranmışdı ki, varlı təbəqə öz əmlakını amansızcasına dağıdır, hər şeydən ehtiyatlanır, amansız bir səksəkə içərisində yaşayırdı. Bu səksəkənin şahidi olan divarlara toxunub, etiraflara qulaq verirəm. Sanki danışan pıçıltılarda imdad çağırışları, çarəsizliklər, ümidsizliklər qocalıb. Gümansızcasına yaşlı səslə nə vaxtsa öz dərdini bizə danışacağı günləri gözləyirmiş. Dinləyirəm. Gileyləri, hüzünləri dinləyirəm. Bu hüznlər arasında belə xainliyin qurbanlardan olan Mirzə İsmayılov və ailəsinin çox acınacaqlı həyatı yer alıb. Onun haqqında təəssüratları Mirzə İsmayılovun nəvəsi Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində şöbə müdiri işləyən Zülfiyyə İsmayılovadan öyrənirəm: “Əkin-biçinlə əsasən pambıqçılıqla məşğul olduğu üçün babam Mirzə İsmayılov, nənəm Məhbubə Əsgərova, övladları Adil və İsmayıl İsmayılovlar 1930-cu ildən 1935-ci ilə qədər ailəcə sürgünə göndərilir. Represiyada yay-qış demədən çadırda ömür gün sürən babamgili çox çətin illər gözləyir. Belə ki, nənəmin orda üç qız övladı dünyaya gəlir ki, onlardan biri ölür, babam də bu çətinliyə dözə bilməyib ürək tutulmasından dünyasını dəyişir. Nənəm qaynanasına məktub göndərib olanlardan xəbər verir. Qaynanası Xeyrənsə Əliyeva Stalinə məktub yazır, qeyd edir ki, onların heç bir təqsiri olmayıb, gəlini övladları ilə çıxılmaz vəziyyətdə çörəyə möhtac yaşayır, Stalinin tapşırığı ilə sonralar İsmayılovlara bəraət verilir. Akademik Eldar Salayevin atası Yunus Salayev yaxın qohum kimi Bakıya yola düşüb nənəmi övladları ilə birgə evlərinə gətirir”.

Öz həcm məkan quruluşu və mahiyyətinə görə Sarvanlar məhəlləsi haqqında az bilinənləri,  vurğulamaqda məqsəd demokrafik vəziyyət barədə məlumatları oxucuların nəzərinə çatdırmaq oldu. Çünki özü qədər qədim yaşayış məhəllələrinin bilinməyən tarixini öyrənmək və gələcək nəsillərə bu barədə məlumat vermək olduqca zəruridir. Məhz bu səbəbdən Sarvanlar məhəlləsi kimi digər tarixi yaşayış yerlərimizin də tədqiqat hədəfinə çevrilməsinə ehtiyac vardır. İnternet saytlarında Gürcüstanın Aşığı Kartli Bölgəsinin (Borçlı) Marnueli ərazisində Qaçağan (Sarvan) adlı bir kəndin mövcudluğuna rəst gəlirik. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir. Atabəylər dövrünə təsadüf etməyi, o kəndin adının sarvan olmasının əsasları, bizim Sarvanlar məhəlləsiylə ələqəsinin olub-olmamağını öyrənmək isə tədqiqatçılarımızın işidir. Məhəllə haqqında fərziyə, rəvayət və duyumdan daha çox faktlara ehtiyac var. Arxiv materiallarını istinad mənbələrini nəzərdə tuturam. Bir başdan baş yarım yaxşıdı deyimini nəzərdə saxlayıb uzun müddətdir topladığım bu faktları diqqətə çatdırdım. Çünki fıkirdən fikir doğur. Hansının doğru olduğunu isə tarix özü müəyyənləşdirir. Tarix özü dürüstləşdirir. Bu səbəbdən istinadlar tarixə əsaslanmalıdır. Tarixə güvənib tarixin cavabını gözləmək lazımdır. Çünki o layiqli cavabı verəcək zamanla.

 

Türkan HÜSEYNLİ

 

 

 

 

 

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR