27 Fevral 2021, Şənbə

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı bəşər sivilizasiyasının ilkin başlanğıc nöqtələrindən biri kimi qəbul edilmiş Nuh Peyğəmbərin dünya tufanından sonra dabanını ilk dəfə yerə basdığı qədim torpaqdır...
Gəmiqaya zirvəsi – Nuh Peyğəmbərin əfsanəvi gəmisinin qayaya çevrilmiş daş heykəlidir...

Naxçıvan – Dədə Qorqud yurdu, Oğuz məskənidir...
Naxçıvan – Azərbaycanın dövlətçilik tarixində mühüm yeri və rolu olmuş Atabəylər dövlətinin paytaxtı missiyasını şərəflə yerinə yetirmişdir. Səfəvilərin yaratdığı mərkəzləşdirilmiş qüdrətli Azərbaycan dövlətinin əsas dayaq nöqtələrindən biri də Naxçıvan bəylərbəyliyi idi.
Eyni zamanda 1747-ci ildən 1828-ci illəri əhatə edən Naxçıvan xanlığı da Azərbaycanın dövlətçilik tarixinin şərəfli-şanlı səhifələrindən birini təşkil edir. Çar Rusiyasının formalaşdırdığı Naxçıvan mahalı da nəhəng imperiyanın daxilindəki dövlətçilik subyektlərindən biri idi.
1918-1919-cu illərdə fəaliyyət göstərmiş Araz-Türk Respublikası Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin funksiyalarını həyata keçirmiş dövlət qurumu kimi tarixə düşmüşdür.
Bütün bunlarla bərabər, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu əldə etməsi və muxtar respublika kimi fəaliyyət göstərməsi bu diyarın çoxəsrlik tarixinin şərəfli hadisəsidir. Muxtariyyət statusu qazanmaq Naxçıvanın qədim Azərbaycan torpağı kimi özünün tarixi yolunu davam və inkişaf etdirməsi və əbədi olaraq Azərbaycanın tərkibində qalmasının ən mühüm səbəblərindən biridir. Eyni zamanda Azərbaycanın üzvi bir parçası kimi Naxçıvan Muxtar Respublikasının yaranması ilə Ermənistanın bu qədim Azərbaycan torpağı haqqındakı iddialarının qarşısına dəmir sədd çəkilmişdir.
Naxçıvanda Azərbaycana bağlı muxtar respublikanın təşkil olunması tarixi zərurətdən yaranmışdır. Rusiya bolşevik hökumətinin köməyi ilə 1919-1920-ci illərdə ermənilərin Zəngəzuru işğal etməsi ilə Naxçıvan diyarının Azərbaycandan ayrı salınması Naxçıvan ərazisində muxtar bir dövlət qurumu yaradılmasını doğuran əsas zəruri şərtlərdən birincisidir. Rusiya Sovet Federativ dövlətinin Qırmızı ordunun iştirakı ilə Naxçıvan ərazisini işğal etdikdən sonra burada müstəqil bir Naxçıvan Sovet Sosialist Respublikası yaradıldığını elan etməsi, əslində, həmin torpaqları bir az sonra Ermənistana vermək planlarının başlanğıcı idi. Ermənistan Sovet Respublikasının Naxçıvana dair ərazi iddiaları da bu qədim Azərbaycan torpaqlarında muxtar bir dövlət qurumunun formalaşdırılması zərurətini doğurmuşdur.
Azərbaycan tarixinin bütün dövrlərində Naxçıvan həmişə doğma ana Vətənin ayrılmaz tərkib hissələrindən biri olmuşdur. Bununla belə, Naxçıvanın Azərbaycana bağlı muxtar bir qurum kimi yaşadılmasının əsası Araz-Türk Respublikası ilə qoyulmuşdur. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi məsuliyyətli bir dövrdə Əmir bəy Nərimanbəyovun başçılıq etdiyi Araz-Türk Respublikası Naxçıvanın müdafiəsini yaratmış, ermənilər tərəfindən işğal edilməsinin qarşısını almışdır. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri Araz-Türk Respublikası hökuməti rəsmilərinin başçılığı ilə Naxçıvanda ermənilərin ərazi iddialarına, hərbi müdaxilələrinə qarşı aparılan qətiyyətli mübarizəni yüksək qiymətləndirmişlər.
Naxçıvanın Azərbaycanın tərkibində muxtar qurum kimi yaradılmasının zəruri olmasında Behbud ağa Şahtaxtinskinin təşviqi ilə 1921-ci ilin yanvar ayında keçirilmiş referendum müstəsna dərəcədə mühüm rol oynamışdır. Belə ki, vahid sovet ailəsi kimi ümumi beynəlmiləlçi mövqeni bəhanə olaraq əsas götürmüş gənc Azərbaycan sovet hakimiyyətində Naxçıvan ərazisinin Ermənistan Sovet Respublikasına verilməsinə dair təşəbbüslər olmuşdur. Bu məkrli işin təşkilatçıları olan Azərbaycan Sovet Respublikasının yüksək rəhbər orqanlarında məsul vəzifə tutmuş Anastas Mikoyan və Levon Mirzoyan kimi daşnak-bolşeviklər Rusiya Federasiyasının dəstəyini alaraq Ermənistanda yeni bir sosialist respublikasını qurmaq üçün Naxçıvanın həmin bolşevik hökumətinə verilməsini həyata keçirməyə çalışmışlar. Düşünülmüş şəkildə siyasi mühitə diktə edilmiş “Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz” – tezisindən Naxçıvanın Ermənistana verilməsinin əsaslandırılması üçün bəhanə kimi istifadə olunmuşdur.
Bu təhlükəli işin reallaşacağını görən Azərbaycan İnqilab Komitəsinin üzvü və Xalq Ədliyyə komissarı Behbud ağa Şahtaxtinski heç bir icazə və razılıq almadan, müzakirə açmadan Naxçıvana gələrək burada əhali arasında Naxçıvanın Ermənistana verilməsi ideyasının əleyhinə və Azərbaycanın tərkibində qalması uğrunda mübarizə edilməsi üçün təbliğat işləri aparmışdır. Yerli əhalini Naxçıvanın Azərbaycana məxsus ərazi kimi saxlanılması üçün referendum tələbi ilə çıxış etməyə təşviq etməsi və buna nail olması Behbud ağa Şahtaxtinskinin Naxçıvanı qoruyub saxlamaq sahəsindəki və sonralar burada muxtar respublikanın yaradılması yollarındakı müstəsna xidmətidir.
1921-ci ilin yanvar ayında Naxçıvanda keçirilmiş referendum zamanı əhalinin 90 faizi Azərbaycanın tərkibində yaşamaq müddəasına səs vermişdir. Bu, Azərbaycan tarixində ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması üçün XX əsrin əvvəllərində həyata keçirilmiş mühüm tarixi hadisədir. Bundan başqa, Behbud ağa Şahtaxtinskinin 1920-1921-ci illərdə RSFSR Xalq Komissarlar Sovetinin sədri Vladimir Leninə göndərdiyi məktublarda Naxçıvanın Azərbaycanın tərkibində qalmasının əsaslandırılmış şəkildə şərh edilməsi də Kreml rəhbərliyində bu məsələyə ehtiyatla yanaşılmasına şərait ­yaratmışdır.
Nəhayət, Behbud ağa Şahtaxtinskinin yaxından və fəal iştirakı ilə 16 mart 1921-ci ildə Rusiya Federasiyası ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış Moskva müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi saxlanması haqqında müddəanın özünə yer alması ilə bu məsələ arxa plana keçirilmişdir. Az sonra, yəni 13 oktyabr 1921-ci ildə Rusiya Federasiyasının iştirakı ilə Türkiyə Cümhuriyyəti, Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları arasında imzalanmış məşhur Qars müqaviləsi ilə Naxçıvan ərazisinin Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası statusunda fəaliyyət göstərməsi məsələsi birdəfəlik həll olunmuşdur. Hətta Qars müqaviləsində Naxçıvan Muxtar Respublikasına hər hansı bir başqa dövlət tərəfindən müdaxilə edilərsə, Türkiyə Cümhuriyyətinin onu himayə etməsinə dair xüsusi bir müddəanın daxil edilməsi bu anlaşmanın tarixi-siyasi əhəmiyyətini daha da qüvvətləndirmişdir.
Bütün bunlara görə 1921-ci ilin Qars müqaviləsi Azərbaycanın cənub-qərb sərhədlərində ərazi bütövlüyünü qoruyub saxlaması və Naxçıvana muxtariyyət verilməsi baxımından böyük tarixi əhəmiyyətə malik olan siyasi hadisədir. Qars müqaviləsi ilə Ermənistanın Şərqi Anadoluda və Naxçıvanda ərazi iddialarına son qoyulmuş, Zaqafqaziya respublikaları arasında Ermənistanın yaratdığı gərginlik, separatçılıq fəaliyyəti dayandırılmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Qars şəhərində imzalanmış beynəlxalq statusa malik müqaviləyə yüksək qiymət vermiş, Qars müqaviləsinin müddəalarına əsasən Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsini tarixi nailiyyət adlandırmışdır. Hətta XX əsrin sonlarına yaxın Ermənistan tərəfi yenidən Naxçıvan Muxtar Respublikasına hərbi təcavüz edərkən və ərazi iddiaları irəli sürərkən görkəmli dövlət xadimi Heydər Əliyev 24 mart 1992-ci il tarixdə Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə Ankaradakı tarixi görüşü zamanı Qars müqaviləsinin müddəalarını yada salmaqla beynəlxalq ictimaiyyəti mövcud reallıq haqqında məlumatlandırmış, Ermənistan tərəfini bir daha susmağa məcbur etmişdir.
Beləliklə, 1922-ci ildə çağırılmış Zaqafqaziya Sovetlər Qurultayında Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Naxçıvanın muxtar respublika kimi fəaliyyət göstərməsi elan olunmuşdur. Bu vaxtdan etibarən Rusiya Federasiyası rəhbərliyinin Ermənistanın xeyrinə yaratdığı müstəqil Naxçıvan Sovet Sosialist Respublikası ləğv edilmişdir. Buna baxmayaraq, 1922-1923-cü illərdə siyasi-inzibati idarəetmə quruluşu kimi burada respublika deyil, Naxçıvan Diyar Komitəsi formatında qurum fəaliyyət göstərmişdir.
Nəhayət, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 5 dekabr tarixli Qərarında Naxçıvan Diyar Komitəsinin Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi məsələsi özünün qəti həllini tapmışdır. Bütün bunlardan sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan ölkəsinin Azərbaycanın protektorluğunda Naxçıvan Muxtar Sovet Sosialist Respublikası statusunda fəaliyyətə başlaması rəsmiləşdirilmişdir. Ümum-Naxçıvan Sovetlər Qurultayının 18 aprel 1926-cı il tarixdə çağırılmış iclasında qəbul olunmuş Naxçıvan Muxtar Respublikasının birinci Konstitusiyasının xüsusi bir maddəsi ilə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Azərbaycan Sovet Sosialist Respublikasının protektorluğunda olmaqla onun tərkib hissəsi olması” hüquqi cəhətdən də təsdiq olunmuşdur. Beləliklə, uzun və çətin bir mübarizədən sonra Azərbaycan Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılması işi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində coğrafi prinsiplər əsasında yaradılmış muxtar qurumdur. Qeyd olunduğu kimi, Naxçıvanın muxtariyyət ideyası RSFSR rəhbərliyi tərəfindən Zəngəzurun Ermənistana verilməsi ilə bu torpaqların Azərbaycan Sovet Respublikasının ərazisindən ayrı salınmasından doğan zərurət əsasında meydana gəlmişdir. İkincisi, Naxçıvana muxtariyyət statusu verilərkən onun ərazisinin coğrafi baxımdan bir neçə dövlətlə: Türkiyə Cümhuriyyəti, İran və Ermənistanla sərhəd olması məsələsi də nəzərə alınmışdır. Beynəlxalq əhəmiyyətə malik olan 1921-ci il Moskva və Qars müqavilələrində Naxçıvanın muxtar qurum kimi statusu siyasi cəhətdən də əsaslandırılmışdır.
Sovet hakimiyyəti illərində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində şərəfli və məsuliyyətli bir yol keçmişdir. Bütün təqiblərə və ideoloji təzyiqlərə baxmayaraq, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da savadsızlığın ləğv edilərək məcburi orta təhsilin həyata keçirilməsi, aqrar sahə ilə yanaşı, sənaye sektorunun da formalaşdırılması, maarif və mədəniyyət sahələrində müəyyən dirçəlişə nail olunması sovet dövrünün mühüm nailiyyətlərindən hesab oluna bilər.
Bununla belə, XX əsrin 50-60-cı illərində Ermənistan yenidən Naxçıvan Muxtar Respublikasına qarşı ərazi iddialarını davam etdirmişdir. Ermənilər Sovet İttifaqının rəhbərliyində Nikita Xruşşovla Anastas Mikoyanın münasibətlərindən istifadə edərək, Naxçıvanın Ermənistan SSR-in tərkibinə daxil edilməsinə nail olmağa çalışmışlar. Naxçıvan torpağının yetirmələri olan görkəmli Azərbaycan ziyalıları mərkəzin bu sahədəki qeyri-qanuni planlarının həyata keçirilməməsi üçün açıq və ciddi mübarizə aparmışlar. Böyük vətəndaş-alim Abbas Zamanov 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasında keçirilmiş məsul bir yığıncaqda mərkəzi hökumətin Naxçıvanın Ermənistana verilməsi siyasətini açıq şəkildə tənqid etmişdir. Siyasi xarakter daşıyan bu addımına görə Abbas Zamanov Azərbaycan Dövlət Universitetinin müəllimi vəzifəsindən azad edilmiş, kommunist partiyası sıralarından çıxarılmışdır.
Bundan başqa, XX əsrin 60-70-ci illərində Naxçıvanda muxtar respublikanın təşkili uğrunda mübarizədə mühüm xidmətləri olmuş qırmızı taborçuların müdafiə edilməsi, İrəvan şəhərinin süni şəkildə uydurulmuş erməni şəhəri kimi 2750 illiyinin, erməni quldur cəlladı Andronikin 100 illiyinin Ermənistanda qeyd olunmasının əleyhinə apardıqları mübarizə də, nəticə etibarilə, Ermənistanın və onların sovet hökuməti rəhbərliyindəki havadarlarının susdurulmasına xidmət edirdi.
Naxçıvan MSSR Ali Sovetinin katibi, tarix elmləri namizədi Əli Əliyevin 1 mart 1966-cı il tarixdə Sovet İttifaqı KP MK-nın ideologiya şöbəsinə ünvanladığı etiraz məktubundakı aşağıdakı mətləblər, nəticə etibarilə, Ermənistanın davam etməkdə olan qanunsuz hərəkətlərinə qarşı səsləndirilmiş ittihamlardan ibarətdir: “İzvestiya” qəzetinin 16 yanvar 1966-cı il tarixli nömrəsinin “Sonuncu gün” bölməsində Marietta Şaqinyanın “Volqa” ilə Fransada dolaşarkən” sərlövhəli məqaləsi verilmişdir. Məqalə müəllifi Andronikin Parisin “Per-Laşez” məzarlığındakı heykəlini Yerevan şəhərində David Sasunskiyə qoyulmuş abidə ilə müqayisə edir.
Hamıya məlum olduğu kimi, Andronik təpədən-dırnağa qədər bolşevizmin düşməni, əks-inqilabi “Daşnaksutyun” partiyasının sayılıb-seçilən üzvü olmuşdur. ...Andronik İran-türk cəbhəsindən geri çəkilərkən 1918-ci ilin iyun-iyul aylarında Naxçıvan diyarında dinc əhalini didərgin salıb, qırıb-çatıb, talan edibdir. O, qadınları, uşaqları və qocaları da odlara yaxıb, qılıncdan keçiribdir.
Salınmış qanlı nifaq, Andronik tərəfindən 1918-ci ildə diyarın dinc əhalisinə qarşı ­törədilmiş fiziki cəhətdən məhvetmə halları haqqında mən bu ilin 28 yanvarında yazdığım məktubla “İzvestiya” qəzetinin redaksiyasını və Marietta Şaqinyanı məlumatlandırmışam. Lakin indiyə kimi onlardan heç bir cavab almamışam. Çox-çox təəssüf edirəm ki, əks-inqilabçı Andronikin mədh edilməsinə qarşı mənim bu etirazıma dair heç bir izahat verilməmişdir”.
Yalnız görkəmli dövlət xadimi Heydər Əliyev 14 iyul 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etdikdən sonra ölkəmizin digər regionlarından torpaqların itirilməsi prosesi tam dayandırıldığı kimi, Naxçıvan Muxtar Respublikasının da başının üstündən duman çəkilmişdir.
Sovet İttifaqının dağılması ərəfəsində, 1990-cı ilin yanvar ayında Azərbaycanı yenidən bürümüş erməni-bolşevik təcavüzünə və regiona olan hərbi müdaxilələrə cavab olaraq Naxçıvan Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında Ali Sovetin qəbul etdiyi qərar beynəlxalq aləmdə böyük əks-səda doğurmuşdur. Və Sovet İttifaqı rəhbərliyindən məqsədli şəkildə uzaqlaşdırıldıqdan sonra taleyin hökmü ilə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın muxtariyyət statusu məsələsinə yenidən baxılmış, nəhayət, sosialist idarəetmə forması bu dövlət idarəçiliyi qurumunun üzərindən götürülmüşdür.
Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı il tarixli sessiyasında Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı Heydər Əliyevin təşəbbüsü ilə bu regional dövlət qurumunun adından “sovet sosialist” sözləri çıxarılmış, Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırılmışdır. Eyni zamanda həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzlərindən biri kimi qəbul edilməsi haqqında qərar çıxarılmışdır. SSRİ-nin dağılmasından 11 ay əvvəl baş vermiş bu hadisələr Sovet İttifaqının çökməsinə təkan vermiş, ölkəmizdə milli azadlıq hərəkatının genişləndirilməsində mühüm rol oynamışdır. Bu yola Naxçıvan Muxtar Respublikası SSRİ-nin dağılmasından əvvəl özünün müstəqilliyini elan etməyə doğru ciddi siyasi gedişlər etməyə nail olmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci ilin sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləməsi sayəsində muxtar respublika erməni işğalından xilas edilmiş, burada müstəqil dövlətçilik üçün zəruri olan mühüm islahatlar qətiyyətlə həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə təsərrüfat idarəetmə strukturları olan kolxoz və sovxozların ləğv edilməsi, torpaq islahatlarının həyata keçirilməsi, regionda milli ordu hissələrinin təşkili, Türkiyə ilə sərhəddə Araz çayı üzərində “Ümid körpüsü”nün salınması, Yeni Azərbaycan Partiyasının yaradılması, gənclərin Türkiyə Cümhuriyyətinin universitetlərində təhsil almaq üçün göndərilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması və sair mühüm tədbirlər, nəinki muxtar respublikada, ümumən, Azərbaycan miqyasında yeni siyasi-iqtisadi və mədəni mühitin formalaşdırılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli hadisələrə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası müstəqillik illərindən böyük sürətlə inkişaf etməkdədir. Fəaliyyətini görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ardıcıl və məqsədyönlü rəhbərliyi ilə muxtar respublika bütün istiqamətlər üzrə hərtərəfli şəkildə irəliyə doğru böyük sürətlə addımlamaqda davam edir.
Dayanıqlı sosial-iqtisadi inkişafın nəticələrinə görə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın iqtisadi rayonları arasında birinci yeri tutması buradakı yüksəlişin vüsəti haqqında aydın təsəvvür əldə etməyə imkan yaradır. Naxçıvan Muxtar Respublikası müstəqillik illərində aqrar sahəni bütün istiqamətlər üzrə inkişaf etdirməklə yanaşı, həm də müasir sənaye regionuna çevrilmişdir. Əsas kənd təsərrüfatı və sənaye məhsulları ilə muxtar respublika əhalisinin təmin edilməsi ilə bərabər, yaxın və uzaq xarici ölkələrə mineral su, duz, mərmər, sement, bağ və bostan məhsullarının emal sənayesi mallarının ixrac olunması, Naxçıvan Muxtar Respublikasındakı dinamik sürətdə inkişaf edən sosial-iqtisadi həyatın reallıqlarıdır. Müasirtipli şəhərsalma mədəniyyətinin formalaşdırılması, kənd mərkəzlərinin salınması, yüksək keyfiyyətə malik yolların çəkilməsi, nümunəvi sənaye zonalarının yaradılması, məktəb tikintisi baxımından da Naxçıvan təcrübəsi əsl nümunə hesab oluna bilər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun düşünülmüş siyasəti nəticəsində muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin elm, ali təhsil və mədəniyyət mərkəzinə çevrilməsi, burada hərtərəfli şəkildə inkişaf etmiş universitet şəhərciklərinin salınması ölkəmizin yüksəkixtisaslı mütəxəssislərlə təmin olunmasına və ziyalı potensialının artırılmasına Naxçıvan məktəbinin daha çox fayda verməsinə şərait yaradır. Naxçıvan Dövlət Universitetinin beynəlxalq aləmdə tanınması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin ölkə elmi mühitində xüsusi çəkiyə malik olması, ali təhsil ocaqlarının maddi-texniki bazalarının inkişaf etdirilməsi və müasirləşdirilməsi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səmərəli fəaliyyəti regionda yüksək elmi-mədəni inkişafın təmin olunmasına gur işıq salır. Son illərdə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı, ölkəmizin Gənclər Paytaxtı missiyalarını da şərəflə yerinə yetirmişdir.
Hazırda Naxçıvan şəhərində iki min nəfərə yaxın adamın ibadət etməsinə imkan verəcək möhtəşəm məscid kompleksi tikintisində tamamlanma işlərinin aparılması regionda dini-mənəvi dəyərlərin inkişaf etdirilməsinə yeni töhfə olacaq. Naxçıvan şəhərində “Gənclər şəhərciyi”nin salınması burada yeni nəsillərin yaşayıb-işləməsinə, qurub-yaratmasına təminat verir. Ağbulaq Xizək Mərkəzinin açılışa hazırlanması Naxçıvanın dünya turizminin cəlbedici mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə uzun illərdən bəri çətin blokada şəraitində yaşamaqda davam edən Naxçıvan Muxtar Respublikasının dəmir yolu nəqliyyatının bərpa edilməsinə dair razılaşdırmanın əldə olunması, bu regionu Azərbaycanın digər rayonları ilə əlaqələndirən yeni avtomobil yolunun çəkilməsinin planlaşdırılması qədim diyarın müasir inkişafında xüsusi əhəmiyyətə malik olacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun Qars-İqdır-Sədərək-Şərur magistralı vasitəsilə Naxçıvana birləşdirilməsi muxtar respublikanın hərtərəfli inkişafına yeni nəfəs gətirəcək mühüm hadisədir. Ümumiyyətlə, yaradılması çox da uzaqda olmayan Naxçıvan nəqliyyat dəhlizi ilə Naxçıvan Muxtar Respublikası müasir dövrün əsas tranzit mərkəzlərindən birinə çevrilə bilər. Naxçıvan nəqliyyat dəhlizinin Türkiyə vasitəsilə Avropaya, İran yolu ilə Asiyaya, Bakıdan keçməklə Rusiyaya doğru genişləndirilməsi regionun, daha böyük inkişafına start vermək deməkdir.
Bütün bunlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının bugünkü müasir intibah mərhələsinin yeni üfüqlərə doğru daha da inkişaf etdirilməsinə tam təminat verir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarını məsuliyyət və şərəflə həyata keçirən qədim və həmişəcavan diyar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə müasir inkişafın əsl nümunələrini təqdim etməkdə davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi yeni inkişaf strategiyasının işığında Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı və fədakar zəhmət sayəsində qazanılan nailiyyətlər müasir dövrün möhtəşəm hesabatı olmaqla bərabər, həm də gələcəkdə daha böyük inkişafın reallıqlarını müəyyən edir.
Naxçıvan Muxtar Respublikası özünün qarşıdakı yüz illiyinə doğru qətiyyətlə addımlayır.

İsa HƏBİBBƏYLİ
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik

“Azərbaycan qəzeti”

9 fevral 2021-ci il

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR