27 Fevral 2021, Şənbə

“Ümummilli liderimiz Heydər Əliyev “Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir” –deyib. Bəli, Ulu öndər hər zaman gəncliyin gücünə arxalanıb və gənclərə daim sahib çıxıb. Elə buna görədir ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Bu gün tam əminliklə demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

 

Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin bariz nümunəsidir. Məhz bu qayğının nəticəsidir ki, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə 2021-ci il Gənclər üçün Prezident mükafatları verilib. Çox sevindirici haldır ki, Prezidentin Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakultəsinin “Memarlıq” kafedrasının müəllimi İsmayıllı İsmayıl Cəfər oğlu da 2021-ci il Gənclər üçün Prezident mükafatı ilə təltif edilib.

İsmayıl İsmayıllı 1991-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində anadan olub. 2012-ci ildə Naxçıvan Dövlət Universiteti “Memarlıq və Mühəndislik” fakultəsinin “Memarlıq” ixtisasına daxil olub, 2016-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 2016-2017 -ci illərdə Naxçıvan Dövlət Universitetində metodist, 2017 -ci ildən “Memarlıq” kafedrasının müəllimidir.

Hələ uşaq yaşlarından yaradıcılığa xüsusi meyl edən İsmayıl darıxdığı vaxtlarda öz fırçasının sehrinə dalırdı. O, sanki özünü yaradıcılıq sahəsində tapırdı. Hər həftənin şənbə, bazar günləri oxuduğu məktəbdə təşkil edilən dərnəkdə  müəllimi və ustadı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovdan dərs alırdı. Rəssamlığa xüsusi həvəs göstərən İsmayıl Cavid müəllimin sayəsində bu peşənin elmi sirlərinə də bələd olurdu. Məktəbdə bütün fənləri yaxşı oxusa da, rəssamlıq qabiliyyəti İsmayılı bu sahəyə yönləndirmişdi. Artıq fırçasını rəsmxətt sahəsində də sınaqdan keçirən İsmayıl gələcəkdə memar olacağını qarşısına məqsəd qoymuşdu.

Gənc memarla söhbətimizdə o, Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynının müəllifi Zara Hadidin sözlərini xatırlayır. “Bir məkanı yaratmaq qədər ikinci gözəl bir şey ola bilməz”. Elə gözəlliklər yaratmaq arzusuyla yola çıxan gənc memarımız hər gün yeni bir gözəllik yaratmaq eşqinə düşür və bu arzu, istək sayəsində maraqlı və gözəl layihələrə imza atır. İsmayıl yaratdığı hər binanın eskizini qurarkən orada yaşayacaq olan insanları, onların rahatlıqlarını düşünür. O inanır ki, qurduğu hər eskiz gələcəkdə sahibinə xoşbəxtlik, hüzur, sevinc bəxş etməlidir. İsmayıl müasir dövrdə  artıq bəzi kompüter proqramlarının köməyilə gözəl layihələr, eskizlər yaratmağın mümkün olduğunu desə də, amma gənc memar yaradıcılıq sahəsindən yola çıxaraq insan təfəkkürünün məhsulu olan işləri qiymətləndirir. Memarlıqda rəssamlığın önəmini diqqətə çəkən İsmayıl məhz rəssamlığın köməyi ilə insan təfəkküründəki eskizi yarada bilmənin verdiyi sevincdən bəhrələnir. O deyir ki, incəsənətin bütün sahələri belədir. İnsan beynindəki məhsulu kağıza həkk edir. Minilliklərdən dövrümüzə qədər gəlib çıxan və tarixə kök salan bütün abidələr məhz insan beyninin, zəkasının məhsulu olduğu üçün bu günümüzə qədər gəlib çıxıb.   

Hələ yeniyetmə vaxtlarından yaradıcılıq qabiliyyətini inkişaf etdirən İsmayıl müxtəlif vaxtlarda yarışlarda, müsabiqələrdə iştirak edib, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 2016-cı ildə Naxçıvan Rəssamlar Birliyində keçirilən “Ətraf mühitin mühafizəsi və biz”, 2016-cı ildə Naxçıvan Rəssamlar Birliyində keçirilən “Gənclərin əsərlərindən ibarət sərgi müsabiqəsində”, 2017-ci ildə Naxçıvan Rəssamlar Birliyində keçirilən “Şəhidlər unudulmaz hər zaman anılar”, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı bütün sahələr üzrə keçirilən “Muxtariyyətin quruculuq, sabitlik və inkişaf dövrü” yaradıcılıq müsabiqəsində I yeri qazanaraq diplom, pul mükafatı ilə təltif olunub.

2017-ci ildə Naxçıvan Gənclər Fondunda keçirilən “Naxçıvan müstəqillik illərində” yaradıcılıq müsabiqəsində II, 2016-cı ildə Naxçıvan Gənclər və İdman Nazirliyində keçirilən “Şəhər mühitinin apadlaşdırılması” memarlıq müsabiqəsində II və IV, 2019-cu ildə Naxçıvanda keçirilən “Yaradıcı gənclər festivalında” memarlıq nominasiyası üzrə II yeri qazanmaqla diplom və pul mükafatı qazanıb.

2014-cü ildə Naxçıvan Gənclər Fondunda keçirilən “Muxtariyyətin intibahı” yaradıcılıq müsabiqəsində diplom və qiymətli hədiyyə qazanan İsmayıl 2017-ci ildə Naxçıvan Gənclər Fondu ilə Naxçıvan Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi tədbirdə “İlin fəal gənci”, 2017-ci ildə Naxçıvan Gənclər Fondu ilə Naxçıvan Gənclər və İdman Nazirliyinin ilin yekunlarına görə keçirdiyi tədbirdə “İlin gənc rəssamı” nominasiyası üzrə, 2018-ci ildə Bakıda Azərbaycan Memarlar İttifaqı ilə Gənc Memarlar və Tələbələr klubunun keçirdiyi “Memarlıq universitetlərinin tələbələrinin və məzunlarının işlərinin Beşinci Respublika müsabiqəsidə” fəxri fərmanla  qiymətləndirilib.

Gənc memar yeni uğurlarından danışarkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dekabrın 14-də Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında Sərəncamına əsasən ali təhsil ocağında 2 hektar ərazini əhatə edən Texnologiyalar Parkının eskiz layihəsini xüsusilə qeyd edir. Muxtar respublikada gənclərə göstərilən xüsusi diqqət və qayğıdan ağız dolusu danışan İsmayıl təqdim edilən mükafatı muxtar respublika gəncliyinə verilən xüsusi diqqət və qayğı kimi dəyərləndirir. O qeyd edir ki, bu ali diqqət və qayğını daim öz üzərində hiss edən muxtar respublika gəncliyi göstərilən etimadı layiqincə doğrultmalı, qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk etməli və respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışmalıdırlar.

P.S Tam inamla demək olar ki, muxtar respublika gəncləri hər zaman bilik, bacarıq və istedadları ilə hər zaman fərqlənəcək, ölkəmizin ictimai, mədəni həyatında yaxından iştirak edərək onun inkişafına öz töhfələrini verəcək, onlara göstərilən etimadı doğruldacaqlar. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Biz də inanırıq ki, İsmayıl müəllim başda olmaqla bütün muxtar respublika gəncləri Heydər Əliyev siyasətinin ətrafında sıx birləşməklə Azərbaycanın və doğma Naxçıvanımızın çiçəklənməsi istiqamətində aparılan işlərdə daha yaxından iştirak edəcək, göstərilən dövlət qayğısından hərtərəfli bəhrələnəcək və dövlətimizin çiçəklənməsi uğrunda bütün səy və bacarıqlarını əsirgəməyəcək.

Səadət Əliyeva NDU-nun Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

 

 

 

 

 

 

 

 

 

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR