05 Mart 2021, Cümə

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın tarixində böyük əhəmiyyət kəsb etdiyini və xalqımızın həyatında əlamətdar hadisə olduğunu bildirib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının keçdiyi çox mürəkkəb tarixi inkişaf yoluna nəzər salan alim muxtariyyət statusunun qazanıldığı ərəfədə bölgədə mövcud olan ağır siyasi vəziyyətdən danışıb.
Çıxışında Moskva və Qars müqavilələrini xatırladan İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş yeni Konstitusiyada dəqiq şəkildə müəyyən edilmişdir. Müstəqillik illərində çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və hərtərəfli inkişafı təmin edilmişdir. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbovun Heydər Əliyev siyasi kursunu uğurla davam etdirdiyini söyləyən akademik 25 il ərzində muxtar respublikada həyata keçirilən məqsədyönlü addımlardan bəhs edib. Muxtar respublikanın beynəlxalq arenada tanındığını, bir sıra ölkələrlə iqtisadi və mədəni əlaqələrin yaradıldığını, ərazi, qida və enerji təhlükəsizliyinin tam təmin olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin və kiçik elmi işçi Nilufər Ağayevanın məruzələri dinlənilib.

*           *         *

Naxçıvan Dövlət Universitetində “Naxçıvan muxtariyyətinin beynəlxalq tarixi əhəmiyyəti” mövzusunda keçirilən elmi-nəzəri konfransı giriş sözü ilə universitetin rektoru, dosent Elbrus İsayev açıb. Rektor Naxçıvanın muxtariyyət tarixindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il fevralın 8-də ­imzaladığı “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncamın əhəmiyyətindən bəhs edib.
Diqqətə çatdırılıb ki, Qars müqaviləsinin Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir.
Tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərov “Unitar dövlətlərdə muxtariyyətlər və Naxçıvan Muxtar Respublikası” mövzusunda çıxışında diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin edib, regionu çiçəklənən diyara çevirib.
Konfransda Beynəlxalq münasibətlər kafedrasının dosenti Şamxal Məmmədov, Fəlsəfə və sosial iş kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Bağır Babayev çıxış ediblər. 

Xəbərlər şöbəsi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR