27 Fevral 2021, Şənbə

Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da cəbhədə hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə bəyanat bir sıra perspektivlərin əldə edilməsi ilə nəticələndi. Bəyanatın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. Həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni dəhlizin inşasının təmin ediləcəyi də sənəddə qeyd olunub. Bu dəhliz təkcə hərbi və siyasi cəhətdən deyil, eyni zamanda ticarət baxımından da olduqca vacib bir əhəmiyyət kəsb edir. Belə ki, bu dəhlizlə Azərbaycan artıq Naxçıvan vasitəsilə Türkiyə və eləcə də Avropaya birbaşa quru nəqliyyat yolu ilə çıxış imkanları əldə etmiş olacaqdır ki, bu da ölkəmizin regional mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxaracaq. 

Bu gün Naxçıvan dəhlizinin açılması təkcə Naxçıvanla Azərbaycanın deyil, həm də Türkiyə-Azərbaycan, Türkiyə-Mərkəzi Asiya əlaqələrinin daha da dərinləşməsi, eyni zamanda Rusiya və Türkiyənin də bu dəhlizdən gələcəkdə öz məqsədləri üçün istifadə edə biləcəyi və nəticə etibarilə, Türkiyə və Rusiya arasında ticarət xəttinin məhz Naxçıvan, Zəngəzur və Azərbaycan torpaqlarından keçməklə Dağıstan istiqamətində davam edə biləcəyi anlamına gəlir. Bütün bunlar isə bütövlükdə regionun iqtisadi inkişafına, real sektorun istehsal proseslərinin intensiv şəkildə inkişaf etdirilməsinə xidmət edəcək. 

Qardaş ölkə Türkiyənin Naxçıvan dəhlizi vasitəsilə Orta Asiyaya çıxışı isə bu gün sürətlə inkişaf edən muxtar respublikanın iqtisadi inkişafına öz töhfəsini verəcəkdir. Nəzərə almaq lazımdır ki, iqtisadiyyatın sənayeləşməsini sürətləndirmək yolu ilə muxtar respublikanın güclü sənaye mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi öz nəticəsini verməkdədir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasında rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, bunun nəticəsində yeni iş yerləri yaradılıb. Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi öz bəhrəsini vermişdir. Sənaye məhsulları istehsalının ilbəil sürətlə artması da bu sahədə nəzərəçarpan inkişafın əsas göstəricilərindən biri kimi dəyərləndirilir. Naxçıvanda istehsal edilən bir sıra emal sənayesi məhsullar, o cümlədən mineral sular, alkoqollu içkilər və digər ərzaq məhsullarının kifayət qədər böyük bazarı var. Lakin uzun müddət birbaşa quru və eyni zamanda dəmir yolu nəqliyyatından istifadə imkanlarının olmaması Naxçıvanda istehsal edilən məhsulların daha geniş bazarlara çıxarılmasında çətinliklər yaradırdı. Nəticə etibarilə, artıq dəhlizin istifadəyə verilməsi ilə bu gün dünya brendinə çevrilmiş yüksək rəqabətqabiliyyətli Naxçıvan məhsulları dünyanın bir çox ölkələrinə daha rahat bir şəkildə ixrac olunacaq. Bu isə, öz növbəsində, muxtar respublikanın davamlı və dayanıqlı iqtisadi inkişafını daha da sürətləndirmiş olacaq.
Ümumi olaraq ölkə iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən Naxçıvan dəhlizinin açılması uzunmüddətli perspektivdə milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin artmasına səbəb olacaqdır. Şübhəsiz ki, investisiyaların artımı isə bütövlükdə, dayanıqlı iqtisadi artımın sürətlə inkişaf etməsinə müsbət şərait yaradacaqdır. Eyni zamanda dəhlizin istifadəyə verilməsi, digər tərəfdən də, Azərbaycanda qeyri-neft sektoru üzrə istehsal edilən məhsulların Türkiyə və eləcə də Avropa bazarına çıxarılması imkanlarının genişlənməsinə şərait yaradacaq. Bu isə öz növbəsində, ölkəmizin qeyri-neft ixracatının artırılması baxımından çox vacibdir. Qeyri-neft ixracatımızda, ölkəyə daxil olan valyutanın həcmində artımlar müşahidə olunacaq, eyni zamanda Azərbaycan, eləcə də Naxçıvan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına imkan verəcək ki, bu da ölkəmizin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaqdır. Bütün bunlar isə, öz növbəsində, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına səbəb olacaq və ölkəmizin regionda strateji mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq.

Nihad MEHBALIYEV
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR