05 Mart 2021, Cümə

2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov açaraq ölkəmizdə və eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının real təzahürlərindən danışıb. Bildirilib ki, bu gün gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib, ölkə müstəqilliyinin möhkəmləndirilməsinin zəruri və əvəzedilməz üzvləri olaraq torpaqlarımızın tarixi düşmənlərimizdən azad olunmasında, beynəlxalq miqyaslı bir çox yarışlarda qalib gələrək himnimizin oxunmasında və bayrağımızın yüksəklərə qaldırılmasında, respublikamızın hərtərəfli inkişafını təmin edən bütün sahələrin yüksəlişində yaxından iştirak edir, ölkəmizi müxtəlif beynəlxalq tribunalarda, mühüm yarışlarda, elmi auditoriyalarda layiqincə təmsil edirlər. Dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının ən bariz nümunələrindən biri də hər il ölkəmizdə 2 fevral – Gənclər Gününün qeyd olunmasıdır. Biz əminik ki, muxtar respublika gəncləri bundan sonrakı dövrdə də bilik, bacarıq və istedadları ilə hər zaman fərqlənəcək, ölkəmizin ictimai həyatında yaxından iştirak edərək onun inkişafına öz töhfələrini verəcək, onlara göstərilən etimadı doğruldacaqlar.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Cəbi Quliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən gənclərin mükəmməl təhsil alması, mənəvi-psixoloji və fiziki cəhətdən sağlam böyüməsi, elmi-texniki yeniliklərə mükəmməl yiyələnməsi, idmanın bir çox növü ilə məşğul olmaları, dövlət qulluğu işlərində onların potensialından səmərəli istifadə edilməsi və bu istiqamətdə aparılan digər tədbirlər muxtar respublikada dövlət gənclər siyasətinin əsasını təşkil edir. Bu diqqət və qayğının nəticəsidir ki, son illər gənclərimiz muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, mədəniyyət, elm və idman sahələrində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atır, milli dəyərlərimizin yaşadılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər.
Sonra muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər müxtəlif nominasiyalar üzrə diplom və hədiyyələrlə mükafatlandırılıb.

***

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə sağlamlıq imkanları məhdud gənclər üçün tədbir təşkil olunub. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sağlamlıq imkanları məhdud gənclərə yaradılan şəraitdən danışıb. Qeyd edilib ki, bu gün fiziki imkanlarının məhdudluğuna baxmayaraq, həyatın müxtəlif sahələrində ciddi uğurlar əldə etmiş gənclər görürük. Dövlət tərəfindən belə istedada malik gənclər hərtərəfli qayğı ilə əhatə olunur, onların yaradıcılıq əzminin stimullaşdırılması məqsədilə zəruri işlər həyata keçirilir. Son dövrlərdə sosial könüllülərin iştirakı ilə müvafiq kateqoriyadan olan gənclər tərəfindən hazırlanmış əl işlərinin sərgi-satışlarının təşkil olunması, onların iştirakı ilə sosial videoçarxların hazırlanması bu baxımdan uğurlu tədbirlər sırasındadır.
Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada gənclərin iştirakı ilə həyata keçirilən layihələrdən danışıb. Vurğulanıb ki, gənclərlə iş sahəsində görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən gənclər milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başlayıb, dövlət müstəqilliyinin keşiyində duran vahid qüvvə kimi formalaşıblar.
Gənclər adından çıxış edən Nail Hacıyev, sosial könüllü Gülcan Əlizadə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda fərqlənən sağlamlıq imkanları məhdud gənclərə hədiyyələr təqdim olunub.

***

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov, Vətən müharibəsinin iştirakçısı, əsgər Coşqun Məhərrəmov və digər çıxış edənlər əsgərlərimizin timsalında bütün gəncləri əlamətdar gün münasibətilə təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətinin davam etdiriməsi nəticəsində Azərbaycan gəncliyi ölkəmizin bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət bunu bir daha sübut edir.
Tədbirdə vətənpərvər ruhlu gənclərin şücaətindən və ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

***

Naxçıvan Dövlət Universitetində 2 fevral – Gənclər Gününə həsr olunmuş “Gənclərlə iş sahəsində gənclər təşkilatlarının rolu” adlı tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev açaraq tələbə-gənclərin istedadlarının üzə çıxarılmasına göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycanda, eləcə də muxtar respublikamızda gənclərə yüksək diqqət və qayğı göstərilir.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxışında qeyd edib ki, muxtar respublikamızda gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir.
Tədbirdə universitetin Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov, təşkilat nəzdində İntellektual oyunlar klubunun sədri Fərid Hacıyev, Debat klubunun sədri Atilla Əsgərli, Kitab klubunun sədri Elmar İsgəndərov da çıxış ediblər.

***

“Naxçıvan” Universitetində “Gənclər gələcəyimizdir” mövzusunda keçirilən tədbirdə əvvəlcə ali təhsil ocağının şəhid olan ilk məzunu Orxan Paşazadənin, eləcə də ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş digər qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Nurlana Əliyeva açaraq ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.
Tədbirdə universitetin Tələbə-Gənclər Təşkilatının sədri Zakir Məmmədov, tələbələrdən Məşdin Ələkbərov, Coşqun Hüseynov, Alsu Məmmədli çıxış ediblər.

***

Naxçıvan Müəllimlər İnstitutunda 2 fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə ali təhsil ocağının rektoru Azad Novruzov çıxış edərək bildirib ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Muxtar respublika gəncliyi də hər zaman ölkəmizin inkişafında layiqli mövqe tutub, gənclərimiz dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşıblar.
Sonra institutun Tələbə-Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Elmi Cəmiyyəti sədrlərinin çıxışları dinlənilib, 2020-ci il ərzindəki fəaliyyətlərinə görə fərqlənən bir qrup gənc müəllim və tələbə diplom, fəxri fərmanlarla təltif olunublar.

Xəbərlər şöbəsi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR