27 Fevral 2021, Şənbə

1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənc­lərin birinci Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənc­lər Günü elan edilmişdir.
“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir”. Ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri Azərbaycan gəncliyinə göstərilən etimadın təzahürüdür. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlamdüşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. Dahi rəhbərin təşəbbüsü ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmiz müstəqillik qazandıqdan sonra milli kadr təminatında əsas amil olmuşdur.

Ümummilli liderimiz müstəqillik dövründə – 1993-2003-cü illərdə ölkəmizə rəhbərliyi zamanı da gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, onların sosial problemlərinin həlli və gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün lazımi şərait yaratmışdır. Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə “Gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” qanunlar qəbul olunmuş, bir sıra fərman və sərəncamlar imzalanmışdır. Bütün bunlar da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri də məhz sağlam gənclikdir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması çox önəmlidir.
Gənclər hər bir dövlətin milli varlığı, dünənindən miras qalan sərvəti, bu günündə güc mənbəyi, sabahında ümid yeri və gələcəyinə doğru yönəlmiş yolda isə mövcudluğunun sübutudur. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə, Vətən sevgisinə malik olduğunu nümayiş etdirir. Geridə qoyduğumuz 2020-ci ildə biz bu vətənpərvərliyin ən bariz nümunəsinin şahidi olduq. Belə ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, Azərbaycan əsgərinin, Azərbaycan gənclərinin gücü, düşmənə qarşı birgə mübarizəsi sayəsində azad olundu.
Bu gün dövlətin apardığı gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Son illər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.
Muxtar respublikamızda da gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.
Muxtar respublikamızda gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə tədbirlər görülür. Naxçıvanda gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanlar bu təbəqəni cəmiyyətin avanqard qüvvəsinə çevirib. Dövlətin diqqət və qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq muxtar respublikada gənclər siyasəti daha səmərəli həyata keçirilir, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakı təmin edilir. Eyni zamanda gənc nəslin sağlamlığının qorunmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqət gündən-günə daha da artırılır, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilir, muxtar respublikada elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, idman mərkəzləri və digər saymaqla bitməyən obyektlər tikilir və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilir.
Gəncliyə qayğı gələcəyə qayğıdır. Ona görə də gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq Dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənc­lərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına güclü təkan verir. “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin yaradılması isə muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının daha bir nümunəsi olmuşdur. Qurumun məqsədi muxtar respublikada gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, gənclər siyasəti sahəsində normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, gənclərin müxtəlif sahələrlə bağlı innovativ ideyalarını dəstəkləmək, eyni zamanda onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görməkdir. Muxtar respublikada gənclərlə bağlı həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün gənclərimiz dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, digər təşkilatlarda təmsil olunurlar və cəmiyyətin inkişafına öz töhfələrini vermək imkanına malikdirlər.
Muxtar respublikada ali və orta ixtisas məktəblərindəki ixtisaslar müvafiq dövlət orqanlarının hamiliyindədir ki, bu da gənclərin peşəkar kadr kimi yetişməsinə öz töhfəsini verir. Muxtar respublikada gənclərin təhsili ilə yanaşı, onların işlə təminatı da əsas məsələlər sırasındadır. İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyətinin digər sahələrində gənclərə böyük etimad göstərilir. Ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur.
İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında və sağlam böyüməsində mühüm rol oynayır. Bu amil nəzərə alınaraq muxtar respublikada idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənc­lərin hərtərəfli böyüməsinə xidmət edir. Yaradılan imkanlardan istifadə edən gənclər Azərbaycan və dünya miqyaslı yarışlarda və çempionatlarda uğurla iştirak edərək Naxçıvanın adını yüksəldirlər.
Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yeni yaşayış kompleksləri tikilərək istifadəyə verilmiş, gənclərin güzəştli şərtlərlə mənzil sahibi olmaları üçün tədbirlər görülmüşdür.
Bu gün gənclərin sosial şəbəkələrdə fəallığı da artmışdır. “Naxçıvan həqiqətləri”, “Naxçıvan gəncləri”, “Naxçıvan xəbərləri” və “Xaricdə təhsil alan naxçıvanlı gənclər” sosial şəbəkə qruplarında gənclər Azərbaycan həqiqətlərini dünya ictimayətinə çatdırır, muxtar respublikanın turizm potensialını tanıdırlar.
Sevindirici haldır ki, bu gün muxtar respublika gəncləri yaradılmış imkanlardan faydalanaraq həm öz inkişafları, həm də dövlətin inkişafı yolunda həyata keçirilən tədbirlərdə aktivlik nümayiş etdirirlər.

Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR