27 Fevral 2021, Şənbə

Muxtar respublikamızın müasir gəncliyi çox xoşbəxtdir ki, qarşılarında onları nailiyyətlərlə dolu gələcəyə aparacaq geniş üfüqlər açılıb. Təsadüfi deyil ki, müxtəlif sahələrdə öz bacarıq və qabiliyyətini sınayan onlarla gəncin uğurları barədə hər ötən gün eşidir və görürük. Biz də “Şərq qapısı” qəzeti əməkdaşları olaraq gənclərimizin nailiyyətlərinə onlar qədər sevinir və tez-tez bu barədə oxucularımıza da ətraflı məlumat veririk. Budəfəki yazımızda da məhz muxtar respublikanın ictimai, mədəni, sosial həyatında fəallıq göstərən, həmyaşıdları arasında fərqlənən, seçilən gənclərdən bir neçəsi haqqında söhbət açacağıq...    


Mirtağı Rəhimov 1991-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub, 2013-2014-cü illərdə isə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici olub. 2014-cü ildən Naxçıvandakı Xüsusi Təyinatlı Hərbi Hissəyə könüllü müraciət edib. Həmin ildən Əlahiddə Ümumqoşun Ordunun kəşfiyyatçısı kimi fəaliyyət göstərir. Mirtağının dediklərindən: – Peşəkar hərbçi kimi yetişməyimizə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı mübarizə ruhumuza da müsbət təsir etdi, gələcək uğurlu əməliyyatlara hazırladı bizi. 2018-ci ildə tarixi əhəmiyyət kəsb edən Günnüt əməliyyatında mən də iştirak etdim. Həmin əməliyyatdan sonra isə ən böyük arzumuz gerçəkləşdi. Qürur duyuram ki, bir hərbçi kimi mən də qələbə tariximizin bir parçası, zəfər ilinin iştirakçısı oldum. Əlahiddə Ümumqoşun Ordunun hərbçisi kimi muxtar respublikada ordu quruculuğuna, hərbçilərimizə göstərilən diqqət və qayğıya cavab olaraq generallar yurdu qədim diyarımızın hərbi şərəfini yüksək tutmağa çalışdım.

Oktyabr ayının 11-də Naxçıvandan müharibə bölgəsinə ilk gedənlər arasında mən də vardım. Oktyabrın 17-si Ərgünəş dağının sol silsiləsində 40 dəqiqəyə yaxın ağır döyüş əməliyyatı keçirildi. Həmin gün şəhidlər verdik, yaralılarımız da çox oldu. İki dəfə ölümü lap yaxından hiss etdim. Üçüncü dəfə isə üzərimizə yağan minaatan mərmilərindən çoxumuz xəsarət aldıq. Mən də ayağımdan yaralandım. Təcrübəli həkimlərimizin sayəsində sağlamlığıma qovuşdum. Sevindirici haldır ki, həkimlərimiz, sadə vətəndaşlar mütəşəkkil şəkildə döyüşçülərə kömək edir, könüllü xidmət göstərirdilər. Yekun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət başçımız istər müharibə zamanı, istərsə də müharibədən sonra siyasi qətiyyəti ilə hər kəsin könlündə taxt qurdu. Hər bir Vətən oğlunun şücaətini yüksək qiymətləndirdi. Mən də “Vətən müharibəsi iştirakçısı”, “Döyüşdə fərqlənməyə görə”, “Şücaətə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildim. Ötən ilin sonunda Naxçıvan Muxtar Respublikasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirdə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Vətən müharibəsi iştirakçısı” nominasiyasının qalibi oldum. Vətənin müdafiəsi, dövlət müstəqilliyimizin qorunması naminə bundan sonra da, həyatım bahasına olsa belə, ən ağır mübarizələrin önündə getməyə hazıram.

Özləm Bayramova 2001-ci il oktyabrın 17-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan Qızlar Liseyində oxuyub. Liseydə təhsil aldığı müddətdə voleybol yarışlarında, tarix fənni üzrə olimpiadalarda iştirak edərək uğurlar qazanıb. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olub. Hazırda II kursda təhsil alır. O deyir: – Naxçıvanda gənclərin fəaliyyəti, inkişafı üçün hər cür şərait mövcuddur. Mən də bundan səmərəli istifadə edərək öz üzərimdə daim çalışıram. Universitetə qəbul olduğum ilk aydan fakültəmizin Tələbə-Gənclər Təşkilatının sədr müavini seçilmişəm. Bu müddət ərzində əksər tədbirlərdə – Beynəlxalq Gənclər Həftəsinə həsr olunmuş universitet üzrə “Xəmsə” milli intellektual oyununda komandamla birgə, həmçinin dəyirmi masalarda, kitab müzakirələrində, voleybol yarışlarında yaxından iştirak etmişəm. Naxçıvan Dövlət Universitetinin tələbələri arasında keçirilən “Onlayn intellektual müsabiqənin” təşkilatçısı, “Qarabağa qayıtdıq!” adlı dəyirmi masanın ideya müəllifi, “Əsgərə məktub” layihəsinin iştirakçısı olmuşam. 2019-cu ilin oktyabr ayından etibarən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində könüllülük fəaliyyətinə başlamışam. O vaxtdan nazirlik tərəfindən həyata keçirilən tədbirlərdə və layihələrdə yaxından iştirak edirəm. Naxçıvanlı şəhidlərimizi ictimaiyyətə tanıdan “Qəhrəmanlar unudulmur” layihəsinin həyata keçirilməsində fəallıq göstərməyə çalışıram. Nazirlik tərəfindən start verilən “Könüllü jurnalist” layihəsindən uğurla keçərək “könüllü jurnalist” seçilmişəm. Azərbaycanın Dövlət Bayrağının Naxçıvan Muxtar Respublikasında qaldırıldığı gün münasibətilə təşkil olunmuş “Bayraq mənliyimdir” adlı tədbirdə, oxunması zəruri olan kitabların müzakirələrində iştirak etmişəm. “Xəmsə”, “Nə? Harada? Nə zaman?” kimi intellektual oyunlarda təşkilatçı kimi fəaliyyət göstərmişəm. “Mütaliədən qalma” aksiyasının iştirakçısı və dəfələrlə qalibi olmuşam. Ötən il Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimində “İlin fəal gənci” nominasiyası üzrə təltif edilmişəm. “İlin fəal gənci” seçilməklə yanaşı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirlərdə könüllü olaraq iştirakıma görə dəfələrlə diploma layiq görülmüşəm.
Bu il isə universitet daxilində ən böyük uğurum fakültə üzrə Tələbə-Gənclər Təşkilatının sədri seçilməyim, həmçinin Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı sədrinin ümumi işlər üzrə müavini təyin edilməyim olub. İndi ən böyük arzum bakalavr təhsilimi fərqlənmə diplomu ilə başa vurub, Hüquqşünaslıq ixtisası üzrə ikinci təhsil almaqdır. Gələcəkdə doğma diyarımızda hüquqşünas kimi fəaliyyət göstərmək, insanlara, cəmiyyətə hüquqi dövlət quruculuğu istiqamətində fayda vermək istəyirəm.

Muxtar respublikamızda gənc olmağına baxmayaraq, həzin, qəlboxşayan səsi ilə könüllərə yol tapan musiqiçilər də az deyil. Onlardan biri də hazırda Naxçıvan Musiqi Kollecinin Vokal ixtisası üzrə II kursunda təhsil alan Elvin İsmayılovdur. 2004-cü il fevralın 14-də Ordubad şəhərində dünyaya göz açan bu gəncimizdə ailə üzvləri tərəfindən hələ kiçik yaşlarından musiqiyə həvəs, maraq yaradılır. Orta məktəbin 6-cı sinfində oxuyarkən musiqi dərsindəki ifası müəllimində Elvinin gələcəyi barədə müsbət fikirlər oyadır və ona sənədlərini musiqi məktəbinə verməyi, təhsilini bu yöndə davam etdirməyi məsləhət görür. Beləliklə, o özünün maraq və istəyi, müəlliminin məsləhəti ilə 2015-ci ildə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində Vokal ixtisası üzrə orta təhsil almağa başlayır. Məktəb illərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93, 94 və 95-ci illəri ilə bağlı muxtar respublikada təşkil olunan tədbirlərdə, müsabiqələrdə iştirak edir, özünəməxsus səsi ilə qəlblərə yol tapır, iki dəfə birinci, bir dəfə isə ikinci yeri tutur. 2017-ci ildə Tofiq Quliyevin əsərlərindən ibarət muxtar respublika müsabiqəsində II dərəcəli diploma layiq görülən gənc müğənni 2018-2019-cu tədris ilində incəsənət sahəsində qazandığı nailiyyətlərə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Fəxri fərmanla təltif edilir. 2020-ci ilin yekunlarına görə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu tərəfindən “İlin gənc müğənnisi” nominasiyası üzrə qalib elan olunan Elvin İsmayılov deyir ki, vokal sənətinə yiyələnməyində, qazandığı uğurlarda müəllimi Sahab İsmayılovanın əməyi danılmazdır. Repertuarında görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin mahnılarına üstünlük verən gənc müğənni xalq mahnılarına, təsniflərə də tez-tez müraciət edir, daha böyük səhnələrə yol tapmaq üçün klassik mədəni irsimizin öyrənilməsini vacib sayır.
Muxtar respublikamızda musiqi mədəniyyətimizin inkişafından, gənclərin bu sahədə bacarıqlarını ortaya çıxarması üçün yaradılan şəraitdən ağızdolusu danışan Elvin günümüzün aktual məsələlərindən sayılan musiqi zövqü barədə də fikirlərini dilə gətirir: – Yəqin çoxları mənimlə razılaşar ki, bütün sahələrdə olduğu kimi, musiqidə də təbliğat həlledici rol oynayır. Günümüzdə həyatımızın ayrılmaz parçasına çevrilən televiziya kanalları, sosial şəbəkələr də məhz bu baxımdan olduqca diqqət­çəkicidir. Qədim diyarımızın televiziya və radio kanallarında, eləcə də ilin müxtəlif dövrlərində əlamətdar günlərlə əlaqədar keçirilən tədbirlərdə, festivallarda musiqi mədəniyyətimizin yüksək səviyyədə təbliği təqdirəlayiqdir. Lakin eyni fikirləri sosial şəbəkələrdə tez-tez qarşılaşdığımız gərəksiz musiqilər, heç bir mahiyyət kəsb etməyən mahnılar barədə söyləmək mümkün deyil. Təəssüf doğuran hallardan biri də bəzi gənclərin belə bayağı musiqilərə böyük maraq göstərməsidir ki, bu, musiqi zövqünün gələcəyi barədə heç də yaxşı nəticələr vəd etmir. Fürsətdən istifadə edib bütün gənc dinləyicilərə üzümü tutub deyirəm ki, gəlin milliliyimizi yaşadan, mənəvi-əxlaqi keyfiyyətlər aşılayan mahnılara, musiqilərə qulaq asaq ki, zövqümüz düzgün şəkildə formalaşsın. Elə mən də bir sənət adamı kimi dövlət qayğısından bəhrələnərək gələcək fəaliyyətimi milli dəyərlərimizin, incəsənətimizin təbliğinə həsr edəcəyəm.

Nazlı Hümbətova (şahmatçı): – Fərqli düşünmə, uzaq­görənlik, təhliletmə qabiliyyəti, kreativlik və həyatın anlamını başa düşmək kimi üstün keyfiyyətlər aşılayan şahmat bu gün muxtar respublika gənclərinin sevimli idman növünə çevrilib. Bu sahənin inkişafına müntəzəm göstərilən diqqət və qayğı sayəsində son illərdə çox sayda zəka sahibi yetişib. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi Nazlı Hümbətovadır. 2007-ci il oktyabrın 15-də Naxçıvan şəhərində dünyaya göz açan Nazlı kiçik yaşlarından şahmata böyük maraq göstərib. Bu idman növünün sirlərinə dərindən yiyələnmək üçün 6 yaşında Naxçıvan Şahmat Mərkəzinə üz tutub və burada Hüseyn müəllimdən dərs alıb. Qısa zaman ərzində həmyaşıdları içərisində öz xüsusi istedadı ilə seçilən Nazlı muxtar respublika, ölkə və beynəlxalq səviyyəli bir sıra şahmat turnirlərində uğurlu çıxışları ilə yaddaşlarda iz qoyub.
2020-ci ildə pandemiya ilə əlaqədar yarışlarda iştirak edə bilməyən zəka sahibi onlayn turnirlərdə bir çox nəticəyə imza atıb. O həmçinin ötən il 24 yanvar – 2 fevral tarixlərində Ağcabədi rayonunda keçirilən şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarında 14 yaşlı qızlar arasında ikinci yer tutub.
Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəbin şagirdi olan Nazlı Hümbətovanın fikirlərini dinləyək: “Düşüncə qabiliyyətimin artırılmasında böyük rol oynayan, daim yeniliklərə dolu olan şahmata həvəsim hələ uşaq yaşlarından yaranıb. Televiziya kanallarında bu idman növü üzrə hazırlanan verilişləri, ölkəmizi dünya səviyyəsində layiqincə təmsil edən şahmatçılarımızı heyranlıqla izləyər, evimizdə ara-sıra anamla şahmat oynayırdım. Bu minvalla Naxçıvan Şahmat Mərkəzinə üz tutub qısa zaman çərçivəsində şahmatın sirlərinə dərindən yiyələnməyə başladım, ilk vaxtlarda bir sıra yarışlarda zəkamı sınadım. Zaman ötdükcə kiçik uğurlarımdan stimul alaraq böyük nailiyyətlərə doğru irəlilədim. Sevinirəm ki, ötən illər ərzində qədim diyarımızda şahmatın inkişafı üçün yaradılan şəraitdən bəhrələnərək xeyli uğur qazanaraq gələcəyimə böyük ümidlər bəsləyən müəllim və valideynlərimin etimadını doğrulda bilmişəm. Kubok, medal və digər mükafatlarım gələcəyə nikbin baxmağa, daha səylə çalışmağa sövq edir. Oyun üslubumu necə seçməyimi, hansı gedişlərdə düzgün addım atmağımı isə yarışdan-yarışa daha da təkmilləşdirirəm. Ötən ilin yekunlarına əsasən keçirilən tədbirdə “İlin ən yaxşı gənc idmançısı” seçilməyim isə mənə əlavə stimul verdi. Dövlətimin dəstəyi sayəsində yeni-yeni uğurlar qazanacağıma inamım böyükdür. Biz gənc idmançılara yaradılan imkanlara görə minnətdaram”.
Göründüyü kimi, muxtar respublikamızda gənclərin hərtərəfli inkişafı naminə atılan addımlar, görülən işlər öz bəhrəsini verməklə neçə-neçə bacarıqlı, qabiliyyətli, sağlamdüşüncəli, istedadlı gəncin qarşısında geniş üfüqlər açaraq onları xoşbəxt sabahlara doğru inamla aparır. Günü-gündən artan uğurlar, nailiyyətlər barədə hələ bundan sonra da yazılacaq, deyiləcək sözlər çox olacaq...

 Nail ƏSGƏROV
 Ceyhun MƏMMƏDOV
 Türkan HÜSEYNLİ
 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR