24 Yanvar 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən iclası nazir Bəhruz Bayramov açaraq bildirib ki, qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası, məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına səbəb olub.

Bildirilib ki, muxtar respublikada əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsi daim diqqətdə saxlanılır, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Qeyd olunub ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə ardıcıl tədbirlər həyata keçirilir. 2020-ci ilin məhsulu üçün 63405 hektar sahədə əkin aparılıb. Taxılçılığın strateji əhəmiyyətə malik olması diqqət mərkəzində saxlanılıb, 2020-ci ilin məhsulu üçün 36879 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 36099 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıl idi. Taxıl əkinlərinin 26293 hektarı buğda, 10586 hektarı isə arpa əkini olub. Kənd təsərrüfatında aparılan iqtisadi islahatlar artıq bir neçə ildir ki, əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin edib.
Diqqətə çatdırılıb ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Hazırda muxtar respublikada 45 mindən çox ailə təsərrüfatı mövcuddur ki, bunun da 1 oktyabr 2020-ci il tarixə 1040 ixtisaslaşmış kiçik və böyük ailə təsərrüfatlarıdır.
Qeyd olunub ki, hazırda muxtar respublikada 5333,8 hektar sahədə meyvə bağları mövcuddur. Bunun da 4904,2 hektarı bar verən bağlardır. Muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinin aparılması da diqqətdə saxlanılıb. Bu istiqamətdə “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərib, muxtar respublikada 537 milyon manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, 2019-cu illə müqayisədə 4,6 faiz çoxdur.
Sonda məruzə ətrafında çıxışlar olub.

*  *  *

2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələrə dair Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova məruzə ilə çıxış edərək bildirib ki, nazirlik tərəfindən yanvar-mart aylarında ənənəvi qaydada, aprel-dekabr aylarında isə pandemiya dövrünə uyğun xüsusi qaydalara ciddi riayət edilməklə onlayn mədəni tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb. Ötən il Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabeliyindəki mədəniyyət müəssisələri tərəfindən ötən ildə də xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliği, muxtar respublika əhalisinin mədəni tələbatının ödənilməsi istiqamətində konsert, müsabiqə, əlamətdar və tarixi günlərlə, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, eləcə də tanınmış şəxsiyyətlərin yubileyləri ilə bağlı mədəni-kütləvi tədbirlər, kitab müzakirələri və təqdimatları, dəyirmi masa və diskussiyalar təşkil edilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabı ötən il işıq üzü görüb, yallılardan ibarət videodisk buraxılıb, Naxçıvan yallılarının çəkilişi aparılıb və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilib, adıçəkilən kitabın təqdimat mərasimi keçirilib. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar 2020-ci ilin aprel ayında Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin solistlərinin iştirakı ilə tanınmış bəstəkarın əsərlərindən ibarət yeni konsert proqramının Naxçıvan Dövlət Televiziyası vasitəsilə videoçəkilişi həyata keçirilib. Ötən il “Məmməd Məmmədov – 100” adlı kitab nəşr edilib, bəstəkarın əsərlərindən ibarət DVD disk buraxılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamının icrası ilə bağlı 3-ü onlayn açıq dərs olmaqla, ümumilikdə, 32 tədbir keçirilib. Ötən dövr ərzində nazirlik tərəfindən müxtəlif müsabiqələr, muzeylərdə 12 onlayn ekskursiya, gənclər üçün 5 açıq dərs keçilib, 3 mühazirə oxunub, ekskursiya təşkil edilib.
Vurğulanıb ki, ötən il ərzində muzeylərə 1462 yeni eksponat daxil olub. Bu dövrdə muxtar respublikadakı muzeyləri 122 min 577 nəfər tamaşaçı ziyarət edib. İl ərzində kitabxanalarda, ümumilikdə, 145 sərgi qurulub, 366 tədbir təşkil edilib. Yanvar-dekabr aylarında ənənəvi və onlayn qaydada olmaqla, ümumilikdə, 137 kitabın müzakirəsi keçirilib. Bundan başqa, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar tərəfindən fiziki imkanları məhdud insanlar da olmaqla, ümumilikdə, 1214 sakinə səyyar kitabxana xidməti göstərilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Vətən müharibəsində canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xidmətin rəisi, polkovnik Mirzə Cəlilov bildirib ki, hesabat ilində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti muxtar respublika ərazisində qeydiyyatda olan hərbi vəzifəlilərin və hərbi nəqliyyat vasitələrinin səfərbərlik ehtiyatlarına uyğun olaraq hərbi hissələrin komplektləşdirilməsi, 15 yaşı tamam olan kişi cinsli Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə ilkin hərbi qeydiyyata alınması, qeydiyyata götürülmüş vətəndaşların çağırışqabağı hazırlıq işlərinin təşkil edilməsi, onlarla sağlamlıq-profilaktik tədbirlərin görülməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi, vətənpərvər, savadlı, xüsusi ixtisaslara yiyələnmiş gənclərin yetişdirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilib.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli Sərəncamının icrası barədə 2020-ci il 28 sentyabr tarixli Sərəncamına uyğun olaraq xidmət tərəfindən Əlahiddə Ümumqoşun Ordunun tələbatına əsasən hərbi vəzifəlilər ehtiyatdan çağırılaraq hissə və bölmələrin komplektləşdirilməsi məqsədilə aidiyyəti üzrə hərbi hissələrə göndərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hərbi xidmətdən tərxis olunan şəxslərin məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə xidmətin rayon (şəhər) idarə və şöbələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hərbi xidmətdən tərxis olunmuş şəxslərlə Naxçıvan şəhər idarəsi və digər rayon şöbələrində tədbirlər keçirilib.
Diqqətə çatdırılıb ki, ümumtəhsil məktəblərində Gənclərin çağırışaqədərki hazırlığı fənninin keyfiyyətli keçirilməsi məqsədilə təsdiq olunan plan əsasında xidmətin rayon (şəhər) idarə və şöbələrinin zabitləri tərəfindən 126 tam orta məktəbdə yoxlamalar aparılıb. Şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının, müharibə veteranlarının iştirakı ilə şagirdlərlə vətənpərvərlik mövzusunda tədbirlər təşkil olunub.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində “2020-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov çıxış edərək ötən ilin nəticələrindən, və qarşıda duran əsas vəzifələrdən danışıb. Bildirib ki, muxtar respublika qaz təchizatının etibarlılığının, səmərəliliyinin artırılması məqsədilə ardıcıl tədbirlər görülüb. Belə ki, muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 yanvar 2021-ci il tarixə ümumi sayı 91192 olub. Bunun 88434-ü əhali, 2758-i isə qeyri-əhali abonentdir.
Muxtar respublikanın şəhər və rayon ərazilərində ötən il daxil olan müraciətlərə əsasən cəmi 1691 ədəd mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun 1084-ü əhali abonent və 85-i qeyri-əhali abonentdir.
O da vurğulanıb ki, muxtar respublikada yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi, təbii fəlakət, sel, daşqın zamanı zərərçəkmiş qaz xətlərinin yenidən qurulması işlərinin görülməsi ilə əlaqədar olaraq istifadə edilən müxtəlif diametrli polietilen və dəmir boruların uzunluğu cəmi 156555 p/m olubdur ki, bundan 11817 p/m polietilen boru, 34704 p/m yerdəyişmə,110034 p/m dəmir borudur.
Həmçinin ötən il xidmətin smartkarttipli məişət qaz sayğaclarının “Servis” stansiyasında istismardan çıxarılan nasaz sayğaclar diaqnostik müayinə və kompüter vasitəsilə test edilərək ortaya çıxan nöqsanları aradan qaldırmaqla, 620 ədəd smartkarttipli elektron məişət qaz sayğacı plomblanaraq istismara yararlı vəziyyətə gətirilib.
Bəhs olunan dövrdə muxtar respublikada əhali qrupdan olan abonent­lərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 626 ədəd mühafizə qutusu quraşdırılıb.
Məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR