24 Yanvar 2021, Bazar

2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələrə dair Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq məruzə edib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət olunması məqsədilə 2020-ci ildə prokurorluğun mərkəzi aparatının və rayon (şəhər) prokurorluqlarının əməliyyat işçiləri bu işə cəlb edilib və müvafiq orqanlarla əlaqəli şəkildə bu sahədə tədbirlər mütəmadi olaraq davam etdirilib. Həmçinin Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri hesabat dövründə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Keçirilən görüşdə tələbələrə startap layihələri və istintaq hərəkətlərinin aparılmasına aid slaydlar nümayiş etdirilib, həmçinin kitabxana fondu, prokurorluq orqanlarında müraciətlərə baxılması, ittihamı elanetmə qaydaları və ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında məlumatlar verilib.
Vurğulanıb ki, ötən il peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi ilə bağlı muxtar respublika ərazisində cinayət hadisəsi qeydə alınmayıb, prokurorlar tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinə müvafiq izahlar verilməklə qanuni tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki, vətəndaşların sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları üçün hüququn təbliği işi yüksək səviyyədə təşkil olunmalı və hüquqi dövlət quruculuğunun vacib elementi kimi qəbul edilməlidir. Bu səbəbdən hüququn təbliği və qanunvericiliyin izahı cinayətkarlığın qarşısının alınmasında ən mühüm vasitə kimi nəzərdən keçirilməlidir. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi bundan sonra da fəal vətəndaşlıq mövqeyi nümayiş etdirəcək, öz qüvvələrini səfərbərliyə almaqla digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə dövlətçiliyimizin maraqlarını, ­ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasını təmin edəcəkdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Yanvarın 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açıb.
Bildirib ki, hesabat dövrü ərzində verilmiş qərarların vaxtında icra olunmasına nəzarət xeyli artırılıb. İcra və probasiya şöbəsinin əməkdaşlarından ibarət işçi qrup hesabat dövrü qərarların vaxtında icra olunmasına köməklik göstərmək məqsədilə Naxçıvan şəhər, Şərur və Sədərək rayonları üzrə icra və probasiya qurumlarında olan işlərə cəlb ediliblər. İl ərzində icra və probasiya şöbə və bölmələrinin icraatına 3956 icra sənədi daxil olub, bunlardan 1691 iş tam icra edilib, 1834 iş icraya yönəlib, 237-si geri qaytarılıb, 190 iş ərazi aidiyyəti üzrə göndə­rilib, 4 işin icraatı dayandırılıb. Ötən illərdən icrası davam etdirilən 2016 iş tam yerinə yetirilib. İcra işləri üzrə 204 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb, 151 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülüb. Davam etdirilən icra işləri üzrə 66 borclu barəsində axtarış qərarı verilib, aliment və pul tələbi ilə bağlı icra işləri üzrə 32 nəfər borclu inzibati qaydada həbs edilib. İcradan qəsdən yayınan 59 borclu ilə profilaktik söhbətlər aparılıb, onlara icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə məlumat verilib.
Daşqın Rəhimov nazirliyin həyata keçirdiyi digər tədbirlərdən danışıb, görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ədliyyə qulluqçuları qarşısında qoyulan tələblər, xüsusilə vətəndaşlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı tapşırıqlar diqqətə çatdırılaraq nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsinin vacibliyi vurğulanıb. Nazir qeyd edib ki, Ali Məclis Sədrinin icra, ekspertiza və bələdiyyə fəaliyyəti ilə bağlı verdiyi tapşırıqların icrası davam etdirilməli, nazirliyin bütün xidmət sahələri işə diqqəti daha da artırmalı, hüquqi maarifləndirmə və profilaktika işləri daha keyfiyyətlə aparılmalıdır.
Sonda məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazir­liyində 2020-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir Tapdıq Əliyev bildirib ki, ötən 2020-ci ildə makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə qazanılan nailiyyətlərin vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi muxtar respublika iqtisadiyyatının dinamik inkişafını təmin edib.
Sənayeləşmə sahəsindəki uğurlardan bəhs edən nazir vurğulayıb ki, 2020-ci ildə yüksək standartlara cavab verən müəssisələrin yaradılması, həmçinin sahibkarlığın inkişafının stimullaşdırılması diqqət mərkəzində saxlanılıb, sahibkarlıq subyektləri tərəfindən 153 layihə dövlət maliyyə dəstəyi və 16 layihə özəl investisiya olmaqla, 169 istehsal və xidmət sahəsi istifadəyə verilib, 772 yeni iş yeri açılıb. 33 layihənin icrası, sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdirilib. Bəhs olunan dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 142 layihənin maliyyələşdirilməsinə 15 milyon 577 min manat məbləğində güzəştli kreditlər ayrılıb. Bu kreditlər sənayenin, kənd təsərrüfatının inkişafına, xidmət sahələrinin yaradılmasına yönəldilib.
Diqqətə çatdırılıb ki, fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün 2020-ci ildə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 4 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi, 1 soyuducu anbarda avadanlıqların quraşdırılması başa çatdırılıb, 2 soyuducu anbarın yaradılması davam etdirilib. Bundan əlavə, 9 istixana təsərrüfatının, 1 göbələk istehsal sahəsinin yaradılması, 1 istixana təsərrüfatının genişləndirilməsi, 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası, 1 istixana təsərrüfatında istilik sistemlərinin quraşdırılması başa çatdırılıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-ci il 12 avqust tarixdə 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə qarşıya qoyulan vəzifələrə uyğun olaraq əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatını təmin etmək məqsədilə 2020-ci ildə 1417 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla, soyuducu anbarlara, ümumilikdə, 8700 ton meyvə-tərəvəz məhsullarının tədarükünün həyata keçirilməsi, istixana təsərrüfatlarında 684 ton tərəvəz məhsullarının yetişdirilərək bazarlara çıxarılması istehsalçıların fəaliyyətinin stimullaşdırılmasına və qiymətlərin tənzimlənməsinə şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması muxtar respublikanın sosial-iqtisadi imkanlarını daha da genişləndirib. Ötən il dövlət dəstəyi ilə ölkə daxilində və xaricdə kеçirilən 7-si onlayn olmaqla, 10 beynəlxalq tədbirdə 14 sahibkarlıq subyektinin 27 nümayəndəsinin iştirakı təmin edilib.
Muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssislərdə istehsal edilən bir neçə adda məhsul 12-dən çox ölkəyə ixrac olunub, həmin məhsulların ixracını asanlaşdırmaq məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 127 hаldа mənşə sertifikatının verilməsi təmin edilib.
Vurğulanıb ki, 2020-ci ildə mövcud çətinliklərə baxmayaraq, muxtar respublika iqtisadiyyatı öz dinamik inkişafını davam etdirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlar üçün yaratdığı əlverişli mühit, iqtisadi sahədə qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın inkişafına öz töhfəsini verməkdədir. Muxtar respublikanın brendi olan Naxçıvan duzuna xüsusi diqqət göstərilməsi, Duzdağda yeni şaxtanın və müasir standartlara cavab verən yeni müəssisənin tikintisi, həmçinin Şərur Sənaye Məhəlləsinin tikintisi və bunlardan başqa da davam edən bir sıra layihələr İqtisadiyyat Nazirliyinin qarşısında cari ildə də yeni vəzifələr, yeni məqsədlər qoyur. 2021-ci ildə ixrac potensiallı müəssisələrin fəaliyyətləri daha diqqətdə saxlanılmalı, tələbatı yerli istehsal hesabına ödəməklə yanaşı, yerli xammala əsaslanan müəssisələrin qurulmasına üstünlük verilməlidir. Ailə təsərrüfatlarının fəaliyyəti genişləndirilməli, daxili bazarda süni qiymət artımına yol vermədən əhalinin keyfiyyətli məhsullarla təmin edilməsinə nəzarət olunmalıdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

 

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açaraq məruzə edib. Bildirib ki, ötən ilin 11 ayı ərzində Naxçıvan şəhərində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çox vəsait yönəldilib. Əsas kapitala qoyulan vəsaitin həcminin ilbəil artması Naxçıvan şəhərinin quruculuq xəritəsini xeyli genişləndirib, yeni yaşayış kompleksləri, istehsal, mədəniyyət və turizm müəssisələri tikilərək istifadəyə verilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 2,3 faiz artıb. 2020-ci ildə Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası, Sahil Parkı, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks, 10 yaşayış binası, 39 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, “ASAN xidmət” mərkəzi, 400 yerlik avtomobil parkı, tələbə yataqxanası, Kimya-Biologiya Təmayüllü Lisey, uşaq bağçası, Naxçıvançay sahilində istinad divarı, 6 yaşayış binası, 48 müxtəlif təyinatlı obyektin tikintisi və ya yenidən qurulması davam etdirilib. Yusif Küseyir oğlu türbəsinin bərpası, buzxananın yenidən qurulması başa çatdırılıb, məscidin tikintisi davam etdirilib.
Qeyd olunub ki, 2020-ci ilin 11 ayı ərzində Naxçıvan şəhərində 16 yeni istehsal və xidmət obyekti yaradılıb, 15 yeni istehsal və xidmət obyektinin yaradılması davam etdirilib. Müvafiq dövrdə 705 milyon 506 min manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki ilin həmin dövrü ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu deməkdir. 2020-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan şəhərində sənaye sahəsi üzrə 7 min 410 nəfər, tikinti sahəsi üzrə 8 min 850 nəfər çalışıb ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Həmin dövrdə 724 yeni iş yeri yaradılıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasında və aqrar-sənaye müəssisələrinin xammalla təchizatında kənd təsərrüfatı mühüm əhəmiyyət kəsb edir. Məhsul istehsalçılarına əlverişli şəraitin yaradılması kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırıb, 1 dekabr 2020-ci il tarixə Naxçıvan şəhərində 3 min 584 ton tərəvəz, 1072 ton meyvə, 375 ton kartof, 119 ton üzüm, 2 min 264 ton bostan məhsulları tədarük olunub. 727 hektar sahədə payız əkini üçün şum qaldırılıb, 484 hektar sahədə payızlıq səpin aparılıb. Müvafiq dövrdə dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 3 min 86 ton məhsul yığılıb, məhsuldarlıq orta hesabla 29,2 sentner olub.
Vurğulanıb ki, əhalinin sağlamlığının təmin olunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yanğınsöndürmə avtomobilləri və şəxsi heyəti tərəfindən Naxçıvan şəhərində 25 milyon 663 min kvadratmetr ərazidə xüsusi məhlulla dezinfeksiya işləri aparılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Diqqətə çatdırılıb ki, 2021-ci ildə də idarə, müəssisə və təşkilatlarda əmək intizamına əməl olunması üçün tələbkar­lıq artırılmalı, ərazinin təmiz saxlanılması, ekoloji tarazlığın qorunmasına ciddi nəzarət edilməlidir. Naxçıvan Şəhər İcra Hakimiyyəti və onun tabeli təşkilatları qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməli, Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafına öz layiqli töhfələrini verməlidirlər.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR