24 Yanvar 2021, Bazar

Zamanın özü haqqında monoloq

Jurnalistikanı çətin sənət adlandırırlar. Həm də ona görə ki, bu sənət ZAMANIN ÖZÜ HAQQINDA MONOLOQDUR. Yaşadığın dövrün salnaməsini olduğu kimi yaratmaq jurnalist üçün çox çətin və məsuliyyətlidir. Gecə-gündüz çalışıb faktların dəqiqliyinə varmaq, bütün həqiqətləri olduğu kimi, sənədlərin dili ilə oxucuya çatdırmaq qədər bir yükü öz üzərinə götürən hər bir jurnalist alqışlanmalıdır. Yaşananların bilavasitə iştirakçısı olmaq isə bu halda ən yaxşı vasitədir. Qarşımda üz qabığı iki – qırmızı və qara rəngləri ilə diqqətçəkən, ağrımızın, acımızın, həyəcanımızın sığındığı o iki kəlmə – “Naxçıvan blokadası” kitabının rəngləri də, sanki öz sözünü deyir. QARA – Naxçıvanın keçən əsrin əvvəllərində keçirdiyi ciddi sarsıntıların rəngidir… QIRMIZI isə xoşbəxtliyi təmsil edir. O rəng ki bu gün torpaqlarımızda qürurla dalğalanan Azərbaycan bayrağının üzərindən ətrafa işıq saçır. Qarabağda Vətən olan, torpaqlaşan Naxçıvan igidlərinin qırmızı qanı. Və al-qırmızı rənglərdən boylanan, bu gün könülləri fəth edən, xoşbəxtliyə qovuşan el-obamız, yurdumuz Naxçıvan…

Müəllifi Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın olduğu “Naxçıvan blokadası” ikicildlik kitab son dövrlərin ən ciddi tədqiqat əsəri kimi hər bir alim, tarixçi, sıravi vətəndaşın oxumalı olduğu çox qiymətli tarixi mənbədir. Ciddi araşdırmaların məhsulu olan yeni nəşr blokada Naxçıvanının ağır yükünü çiyinlərinə götürərək ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanla bağlı arzularını reallığa çevirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikaya rəhbərliyinin 25 illiyinə həsr olunub. Bu baxımdan kitabın dəyəri ölçüyəgəlməzdir. 1990-1995-ci illərdə Naxçıvanın siyasi sahələrinə dair materialların, statistik göstəricilərin öz əksini tapdığı bu nəşr muxtar respublikanın elmi, ictimai və mədəni həyatına ən böyük töhfədir.

“Blokada” və “intibah”

2005-2015-ci illərdə “Şərq qapısı” qəzetində fəaliyyət göstərdiyim vaxtlarda Mətanət xanımın yazılarını böyük maraqla oxuyub və hər yeni yazısını səbirsizlikə gözləmişəm. Elə indi də. Çünki onun qələmə aldığı yazıların heç biri məqalə xətrinə yazılmayıb, hər bir yazı ürəyindən od alıb. Hər bir qələm sahibinin öz duyğuları, düşüncələri, tərənnüm və təsvir üslubu, təfəkkürü, sözə fərdi münasibəti var. Və yazılarının əsas xətti daha çox Naxçıvanın üzləşdiyi BLOKADAnın yaratdığı çətinliklər və məntiqi cəhətdən bu çətinliklərin hər bir naxçıvanlının həyatına göstərdiyi təsir idi. Etiraf etməliyəm ki, bir gənc jurnalist kimi mən də həmişə o yazılardan bəhrələnmişəm. Öyrənmişəm ki, “blokada” və “intibah” sözlərinin muxtar respublikanın hərtərəfli inkişafını ifadə edən cümlələrdə necə işlədilməsi dünya tarixində tək Naxçıvanda mümkün olub. Açıq etiraf etmək lazımdır ki, nəinki Naxçıvanda, ümumiyyətlə, Azərbaycanda Naxçıvan blokadasına ən çox müraciət edən jurnalist Mətanət Məmmədovadır...

Bugünkü gənclərimiz Naxçıvanın həmişə belə gözəl, abad olduğunu zənn edirlər

2020-ci il Azərbaycan tarixinə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitməsi, azərbaycanlıların QƏLƏBƏsi ilə yazıldı. Bu qələbə ilə Naxçıvanın paytaxtla və ölkənin digər rayonları ilə əlaqəsi üçün dəmir yolunun, nəqliyyat yolunun açılması ilə nəticələnəcək. Yəni 30 ilədək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında yaxın gələcəkdə bu yol bərpa olunacaqdır. Bu əlamətdar hadisə hamımız üçün tarixi bayram və hər birimizin böyük sevincinə səbəb oldu. Əsas da Vətəndən ayrı düşən naxçıvanlıların. Minlərlə soydaşımız Naxçıvanın blokadadan çıxacağı günü səbirsizliklə gözləyir. Elə həmin günlərdə Mətanət xanımın bu kitabının işıq üzü görməsi məni də ötən 30 ilə bir daha nəzər yetirməyə sövq elədi. Bəli, blokadada olan Naxçıvan hansı günlərdən keçib gəlib? Mətanət xanımın da qeyd etdiyi kimi, bugünkü gənclərimiz Naxçıvanın həmişə belə gözəl, abad olduğunu zənn edirlər. Lakin biz 1988-ci il və 1990-cı illərin ən ağır günlərindən bu dövrə gəlib çıxmışıq. Bütün bunlar yaşanmış tarixdir. NAXÇIVAN BLOKADASI insanlara nələr veribdir, nələri alıbdır? Gənclərimiz bilməlidirlər ki, dünyada Naxçıvan kimi, bəlkə də, heç bir yer bu qədər uzun bir dövrdə blokada şəraitində yaşamayıb və blokadada ola-ola belə inkişaf etməyib. “Naxçıvan blokadası” ikicildlik kitab məhz bunları öyrənmək baxımından, yuxarıda da qeyd etdiyim kimi, olduqca dəyərli tədqiqat əsəridir, həmin illərin ensiklopediyasıdır. Müəllif Naxçıvan Dövlət Arxivində və “Şərq qapısı” qəzetinin arxivində, muzeylərdə araşdırmalar aparıb, muxtar respublikada yaşayan, həmçinin mərkəzdə fəaliyyət göstərən bir çox ziyalılarla söhbətlər edib. Yuxusuz gecələrin, saatlarla kompüterin klaviaturası qarşısında, saralmış qəzet vərəqlərinin içərisində yorulmayıb, usanmayıb.

Blokada qatarı, yaxud Mehridən Naxçıvana son yolçuluq...

Bu kitab oxucuda roman təəssüratı yaradır, – desək yanılmarıq. 1991-ci ilin noyabr ayında Bakıdan Naxçıvana yola düşən qatarda Murad adlı gənc “Meğri, Meğri”, – deyə səslənir. Bunu qəbul etməyən tarixçi alim Fəxrəddin müəllimin dili ilə müəllif Naxçıvan tarixinin əsl həqiqətlərini bədii-publisistik şəkildə oxuculara çatdırır. Fəxrəddin müəllim üzünü o gəncə tutaraq: “Bax, beləcə, Mehrini elədilər Meğri. Bu qatar yolu Bakıdan Naxçıvanadək əzəli Azərbaycan torpaqlarıdır. Siz də gözünüzü açıb qatarınızın “Ermənistandan” keçdiyini görmüsünüz. Amma elə deyil, övlad, elə deyil”.
Həmin qatarda sərnişinlərə qarşı törədilən təxribatlar, qatarların 3 gün Mehridə saxlanmasını, daha sonra Naxçıvanda təməli yenicə qoyulan Milli Ordumuzun hərbçilərinin vertolyotla nigaran qalan insanları Naxçıvana aparılmasını oxuduqca vətəndaşlarımızın keçirdiyi sarsıntıları duymaq çətin deyil.Və o yolçuluğun Mehridən Naxçıvana son yolçuluq olduğunu bilmək isə daha ağrılı və acıdır. Öz yolumuzla, öz torpağımızla ölkəmizdən necə təcrid olunduğumuzu ürəkağrısı ilə oxuyuruq.

Neft lampasının işığında qəbul olunan və bugünkü həyatımıza hesablanmış dövlət sənədləri

Mətanət xanımın topladığı yazılarda yavaş-yavaş qatarların necə dayandığını, Naxçıvanın düşdüyü ağır vəziyyətlə tanış oluruq. Həmin ağır günlərdə Naxçıvanı yalnız bir nəfər qoruya bilərdi – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev. “Ümummilli lider və Naxçıvan blokadası” bölməsini oxuduqca blokadaya salınan Naxçıvanın ulu öndər tərəfindən necə qorunmasının bir daha şahidi olursan. 1990-1995-ci illərdə müəllifin tədqiq etdiyi “Şərq qapısı” qəzetinin ulu öndərin iki ilədək Naxçıvan fəaliyyəti dövrün ən sanballı mənbəsidir. Bir yerə toplanan bu materiallar bu gün də, sabah da, 100 il bundan sonra da Naxçıvan blokadasının tarixini öyrənmək üçün gənclərimizə ən dəyərli mənbədir. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi vaxt Naxçıvanı qurub-tikməkdən əvvəl onu düşmən niyyətlərindən qorumaq barədə düşünürdü. Kitabda toplanılan materialları oxuduqca bir daha aydın olur ki, dahi rəhbər Naxçıvan Muxtar Respublikasını Azərbaycan dövlətinin tərkibində qoruyub saxlamağa və daha da möhkəmləndirməyə ümummilli vəzifə kimi yanaşır, məsələyə geniş mənada respublikamızın ərazi bütövlüyünün təmin edilməsinin tərkib hissəsi müstəvisindən baxırdı. Bu, həmin vaxtlar idi ki, Qarabağımızın kəndləri erməni tərəfindən ardıcıl işğal olunurdu. Ermənistanla əhatə olunmuş Naxçıvanın ərazi bütövlüyünün qorunması, sərhədlərinin keçilməzliyinin təmin edilməsi ümumrespublika səviyyəli böyük və ciddi dövlət işi idi. Kitabda Naxçıvan ərazisini işğaldan, əhalini məhv olmaqdan qorumaq üçün ulu öndər tərəfindən həyata keçirilən tədbirlər, görkəmli dövlət xadiminin yeritdiyi uğurlu xarici siyasət sənədlərin, fotoların dili ilə oxucuya çatdırılır.
Aydın olur ki, bütün naxçıvanlılar dahi şəxsiyyətin ətrafında sıx birləşmişdi. Çünki o, öz mərhəmət, cəsarət və məhəbbət nuruyla ürəklərə nur verirdi. Hamını inandıra bilirdi ki, sabah var və o daha gözəl sabah olacaq. Onun oturduğu otağın pəncərəsindən gecəyarısı keçənədək görünən işıq bütün məmləkətin üzərinə yayılırdı. Kitabda da elə o neft lampasının işığında qəbul olunan dövlət sənədləri bugünkü həyatımıza hesablanmışdı.

“Ərik ağacı”nı kəsməyə qıymayan Həsən əminin hayqırtısı, naxçıvanlıların sərt qışla mübarizəsi

Kitabın ən təsirli hissələrindən biri mənim üçün “Ərik ağacı”dır. Bu hissəni dəfələrlə oxudum. Kövrəldim. Bir fikir yadıma düşdü. “Deyirlər, insan özü özünü yazır. Amma yazdıqlarında başqası da özünü tapmalıdır. Sənin yazdıqlarında heç olmazsa, on adam özünü tapa bilmirsə, deməli, sən də heç özünü yaza bilmirsən”. Məhz Mətanət xanımın bu kitabını oxuyan hər bir naxçıvanlı burada özünü tapacaqdır. Həsən əminin evlərini qızdırmaq üçün kəsməyə qıymadığı o ərik ağacı onun ürəyini göynədən yüzlərlə naxçıvanlının hayqırtısı idi. Ulu öndər sabaha ümidlə baxaraq deyirdi: “Düzdür, kəsilən hər ağacı görəndə elə bilirəm ki, qolumu kəsiblər. Biz kəsilənlərin yerini dolduracağıq”. Bəli, əziz naxçıvanlı gənclər, yaşıllığa bürünən məmləkətimizdə boyverən ağaclar o kəsilən ağacların yerinə əkilən fidanlardır. İndi siz istisi, qazı olan rahat evlərdə yaşayırsınız, əlinizdə mobil telefonlarla dünyanın hər yeri ilə əlaqə qurursunuz, xoş günlərin işığında yaşa dolursunuz. Hətta bu günlərdə qışın sərt keçməsi ilə möhtəşəm təbiət donunu geyinən Naxçıvanın ən gözəl mənzərələrini sosial şəbəkələrdə qürurla paylaşırsınız. Amma Naxçıvan belə deyildi. Bilməlisiniz ki, o zamanlar Naxçıvan şəhərinin, sadəcə, quruca adı var idi. Şükür ki, kəskin şaxtası, çovğunu ilə seçilən sərt qışa odun, kömür tədarük etmək, yaxud suvaqlı damların qarını təmizləmək dərdini görmədiniz. Ona görə oxuyun bu kitabı. Oxuyun, görün ki, qarı yarıb yerimək olmurdu. Kimi inandıra bilərsən ki, dam örtüklərindən sallanan salxım buzlar pəncərələrin başınadək enirdi? Görənlər bilir, həyat donurdu. Əlini qapının dəstəyinə atanda yapışıb qalırdı orada. Bütün məhəllələrin suyu donurdu. Çünki sosializmdən kommunizmə doğru yolçuluğumuzda 70 il su xətləri haradan gəldi çəkilmişdi, baxımsızlıqdan sıradan çıxmışdı. Bu xətlər o şaxtalara tab gətirə bilərdimi? Çünki sosializm cəmiyyətinin “xoş vədləri” kommunizm “eyforiyasında” ilişib qalmışdı. Yaddan çıxmışdı ki, yaşayış məntəqələrinə, hər bir evə, mənzilə su çəkmək, davamlı su vermək lazımdır. İndiki kimi 24 saat dayanmadan axan suyumuz yoxdu. Ya su xətti olan binada su tapmırdıq, ya da plansız çəkildiyi üçün tapanda da şaxta vurub dondururdu, qalırdıq vedrələrin ümidinə. Çarəsiz insanlar kilometrlərlə uzaq məsafələrdəki bulaqlardan arabalarla evlərə su daşıyırdılar. Nə qədər su daşınmalıydı, bilirsinizmi? Vedrələrlə... Lakin yenə də yetmirdi.

Blokada uşaqlığı...

Bəli, əziz naxçıvanlı gənclər, o vaxtın uşaqları sizin kimi müasir bağçalarda tərbiyə almadı, müasir məktəblərdə oxumadı. “Naxçıvan blokadası” kitabından oxuyacaqsınız ki, blokada uşaqları lampa işığına göz açıb, qaranlıq otaqların, şəraitsiz evlərin, iki saatdan bir yanan işıqların yarımçıq qoyduğu cizgi filmlərinin psixologiyalarına zərbələr endirdiyi ən dəyərli əşyası hesab edənlərdi onlar... Boyları çörək köşklərinə çatmayan, yaşlı adamların ayaqlarına dolaşan, lakin məcburi şəkildə saatları zamana yükləyənlər idi o uşaqlar. Meyvə – alma, armud, portağal, nar həvəsləri gözlərində qalan, şirniyyata, konfetə, şirin çaya aylarla həsrət, aylarla yox, illərlə həsrət uşaqlar. Yol-izini ot-alaf basan, payızın ayazında, qışın şaxtasında, yazın yağmurunda şagirdlərin 5-6 kilometrlik yol gedib-gəlmək əziyyətinə qatlaşan uşaqlar.
Kitabı oxuduqca gah üşüyürsən, sanki qaranlıq bir otaqda o günlərə qayıdırsan. Gözlərinin önündə Naxçıvanın uçuq-sökük, alçaq möhrə divarları arasında keçən, toz-torpaqlı, yaxud palçıqlı dar küçələri canlanır.

Qarabağda qazanılan QƏLƏBƏ Kərkiyə qədər çatacaq

“Blokada və Sədərək” bölməsini həyəcansız oxumaq mümkün deyil. Dəyərli müəllimim Vaqif Məmmədovun “Sədərək gündəliyi”nin kitaba salınması da alqışlanmalıdır. 1990-1993-cü illərdə Sədərək rayonuna erməni hücumlarının xronoloji ardıcıllıqla verilməsi bu bölmənin dəyərini bir qədər də artırıb. Və hücumlar nəticəsində sərhəd bölgəmizdə nə qədər ev, məktəb, istehsal müəssisəsi dağıdılıb, Sədərəyə külli miqdarda ziyan dəyib. Bu ziyan təkcə maddi ziyan deyildi. O günlərdə neçə-neçə insanın – körpənin, qadının, qocanın ömrünə son qoyuldu, buranı qorumaq üçün ölkəmizin müxtəlif bölgələrindən könüllülər gəldilər, sədərəklilərlə birlikdə silaha sarıldılar. Qocaları, qadın və uşaqları nisbətən təhlükəsiz yerlərdə qorudular. İgidlərimiz mənfur düşməni Sədərəyə girməyə qoymadı, sərhəd bölgəsinin qəhrəmanlıq tarixinin daha bir səhifəsi belə yazıldı. İndi 90-cı illərin rüzgarı artıq bu torpağın üstündən əsə bilməz. Sədərəyi dövrələyən o məğrur dağların başında Qələbə qazanan müzəffər Ordumuzun məğrur əsgərləri keşik çəkir. Bugünkü Sədərək düşmənə gözdağıdırsa, dağlarda məskən salan igidlərimiz yarılmaz səddir. O sədd Kərkiyəcən uzanacaq. Çünki tarix həqiqətin tərəfindədir. Necə ki biz Qarabağda Qələbə qazandıq, bu qələbə Kərkiyə qədər çatacaq.

Son 25 ildə yetişən Naxçıvan gəncliyinin qibləsi Vətən bayrağı, mehrabı
Vətən sərhədləri oldu

Sonra oxuduğum bölmələrdə Şərurda xına gecəsində Mətanət xanım onun qohumu ilə ailə quran Muradı yenidən görür. Həmin o blokada qatarında olan gənci. Blokada qatarı, blokada toyu və üçüncü görüş. Müəllifin Muradla sonuncu görüşü İkinci Qarabağ müharibəsində şəhid olan Lətifin məzarı başında olur. İlahi, zaman insana nələri göstərir. Qarabağda tarix yazan Naxçıvan igidlərindən biri oldu Lətif...
Kitabın birinci cildinin son səhifələrində müəllifin Naxçıvan şəhidlərinə yer ayırması və qürur dolu cümlələr insana fəxarət hissi yaşadır. Ali Baş Komandanın Naxçıvanın igidlərinin adını xüsusilə vurğulamağı əbəs deyil. Naxçıvan da Qarabağ kimi bəxti qara olub. Birinci Qarabağ müharibəsində mülki camaat birtəhər döyüş bölgələrindən canlarını qurtara bilib Azərbaycanın digər bölgələrinə sığındı. Naxçıvan isə Vətəndən ayrı düşdü. Biz naxçıvanlılar isə çətinliklərə sinə gərdik. Qibləmiz Vətən bayrağına, mehrabımız Vətən sərhədlərinə oldu. Aprel və Günnüt zəfərlərindən başlanan qayıdışın davamı Qarabağda Azərbaycan Ordusunun qələbəsiylə nəticələndi. Naxçıvanın Qızılqayasında dalğalanan Azərbaycan bayrağı indi Qarabağda dalğalanır. Sevincliyik, qürurluyuq. Naxçıvan igidləri də öz layiqli qiymətlərini cənab Prezident tərəfindən aldılar. Blokadada olan məmləkəti göz bəbəkləri kimi qoruyan o igidlər Qarabağ döyüşlərinə qürurla yollanmışdılar. Şəhid oldular, qazi oldular. Son nəfəslərinə qədər vuruşdular. Bu, son 25 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvanda böyük diqqət və qayğısı nəticəsində yetişən yeni nəsil vətənpərvər gənc­liyin tarix yazmaq ucalığıdır. Cənab Sədr Vətən müharibəsinin şəhidlərini qəhrəman kimi qarşıladı. Bütün naxçıvanlılar şəhidlərimizi öz doğma övladları kimi bağrına basdı. Dövlət-xalq-ordu birliyi məhz budur. Qarabağı bizə qaytaran da bizim bu birliyimiz və şəhid ola bilmək bacarığımızdır.

Gerçəkləşən arzular və ya yenidən qurulan NAXÇIVAN

Fikrimcə, kitabda iki dövrün mənzərəsi ustalıqla yaradılıb. Naxçıvanın ən yeni tarixinin iki mühüm mərhələsi tarixboyu yazılacaq. Birincisi, ULU ÖNDƏR tərəfindən QORUNAN NAXÇIVAN. 1990-cı illərdə erməni işğalından xilas edilmiş Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana ən böyük töhfələrindən biri kimi tarixə yazıldı. İkincisi isə müdrik siyasətçi Naxçıvanı cənab Vasif Talıbova əmanət etməklə Naxçıvanın ən yeni tarixi yazıldı: Yenidən QURULAN NAXÇIVAN. Həmin tarix ki bu zaman kəsiyi Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişafın yeni yüksəliş dövrü, yaxud da çətin blokada şəraitində intibah yaratmağın mümkünlüyünün isbat mərhələsi, çox doğru olaraq dövlət idarəçiliyinin Naxçıvan modelinin formalaşdırılması illəri kimi xarakterizə edilir. Ümummilli lider 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Naxçıvanda yaranan boşluq 1995-ci ilin dekabr ayının 15-dək sürdü. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən cənab Vasif Talıbovun ilk sözü belə oldu: “Mənim özümün heç bir platformam yoxdur. Mən işlədiyim müddətdə ancaq Heydər Əliyev yolu ilə gedərək, onun Naxçıvanda gerçəkləşdirmək istədiyi arzularını yerinə yetirəcəyəm”.
Bəli, həmin gündən indiyədək naxçıvanlılar bir ocağın başına yığışdı. Sönməyən, istisiylə bir ucu Sədərəkdən tutmuş bir ucu Ordubad qədər bütün məmləkəti isidir. İndi burada hamı çəkici zindanın eyni nöqtəsinə döyür. Ona görə də onun sözü kəsərli, özü təravətlidir. Kitabda da qeyd edildiyi kimi coğrafi ərazisinə görə də, düşdüyü vəziyyətə görə də ağır şəraitdə olan Naxçıvan cənab Vasif Talıbovun gəncliyinin potensialı, ulu öndərdən mənfəətləndiyi siyasi qabiliyyəti ilə o ağır günləri ilbəil arxada qoydu. O illər ki hər insan o ağır yükü çiyinlərinə götürməyə özündə güc tapa bilməzdi. Lakin tarixdə o insanlar böyük şəxsiyyətlərə çevrilirlər ki, məhz belə ağır vəziyyətlərdə vəzifələrinin öhdəsindən layiqincə gələ bilirlər, 35 yaşda öz güclərindən dəfələrlə artıq yükü qaldırmağı bacarır, gənc olsalar da, bir məmləkətin ağsaqqalı ola bilirlər. Belə insanlar tarix yazan insanlardır. Tarixi yazanları isə tarixin özü yaşadır. Ötən 25 illik müddət isə dahi şəxsiyyətin seçiminin nə qədər düzgün olduğu Naxçıvanda görülən işlər, yaradılan ictimai-siyasi sabitlik, xalqa olan bağlılıq, dövlətə və Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Bu, Heydər Əliyev yolunun davamıdır. Naxçıvan bu yolla irəliləyərək qələbə qazanır, yaşayır, idarə olunur, inkişaf edir. Nə qədər Azərbaycan var, bu yol da heç zaman bitməyəcək.

Biz sehrli çubuğa malik deyilik, biz yalnız zəhmətkeş və doğma evimiz olan Naxçıvanı sevən insanlarıq

Kitabın ikinci cildində 1995-2020-ci illərin nailiyyətləri statistik rəqəmlərlə oxucuya çatdırılır. Bütün rəqəmlərin arxasında isə gərgin siyasi fəaliyyət dayanır. Bu illərdə Naxçıvan kərpic-kərpic, kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər tikildi. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində müasir məktəb binaları, rabitə qovşaqları, səhiyyə məntəqələri fəaliyyət göstərir. Abad yollar, yaraşıqlı və dayanıqlı körpülər, yolüstü bulaq-abidələr... Bir müddət əvvəl isə təbii qaz haqqında belə düşünmək, fasiləsiz enerjiyə sahib ola bilmək biz naxçıvanlıların, bəlkə də, heç ağlına gəlmirdi. Amma indi!.. Fikir və düşüncəmizdən uzaq düşən xəyallar artıq gerçəkləşib. Naxçıvandan tutmuş ən ucqarlaradək hər yerdə təbii qaz şölələnir, elektrik işıqları bərq vurur. Bu gün könülləri fəth edən Naxçıvan göz bəbəyi kimi qorunur. Bütün bunlar Vətən yanğısı və sevgisiylə həyata keçirilir. Ali Məclis Sədrinin dediyi kimi: “Biz sehrli çubuğa malik deyilik, biz yalnız zəhmətkeş və doğma evimiz olan Naxçıvanı sevən insanlarıq”. Bütün bunlar həqiqətdir, reallıqdır, gerçəklikdir. Bəli, məqsədyönlü rəhbərliyin, doğma diyarımızın hər bir guşəsinə sonsuz məhəbbətdən yaranan səmərəli dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Naxçıvan inkişafının ən zirvə nöqtəsindədir. Bu məmləkətin bir qibləsi var və hamı ona inanır. Naxçıvanda qibtə və qürur hissi keçirdiklərimiz məsələnin bir tərəfidir. Görünməyən nədir bəs? Bu suala müəllif özü çox dəqiq cavab verməklə naxçıvanlıların əqidəsini ortaya qoyur: Dövlətçiliyə inam və rəhbərə sonsuz sevgi, sədaqət!
Bu gün Naxçıvan Heydər Əliyev dağının əlçatmaz zirvələrinə aparan yollarda, yoxuşlarda, dolaylarda inamla, əzmlə, fədakarlıqla irəliləyən Ali Baş Komandanımız cənab İlham Əliyevin ən böyük dəstəkçisidir. Cənab Prezidentin muxtar respublikaya səfərləri zamanı Naxçıvanda görülən işləri yüksək dəyərləndirməsi sevincimizə sevinc, qürurumuza qürur qatır. Çıxışların birində ölkə başçısının, xüsusilə vurğulayaraq dediyi bu fikirləri bir daha xatırlatmaq yerinə düşər: “...Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
Bəli, hər il Naxçıvanın uğurlarına yeni uğurlar əlavə olunur. Bu uğurlardır ki, jurnalist Mətanət Məmmədova kitabında Naxçıvanın dünənini bu günü ilə müqayisə edərək bütün sahələrdə qazanılan nailiyyətlərin statistik rəqəmlərlə mükəmməl şərhini verir.

Son söz yerinə...

Açığını deyim, ikicildlik kitabın təhlili bir qəzet məqaləsinə sığmaz. 30 illik blokadanın salnaməsinə çevrilən bu kitab haqqında hələ çox deyiləcək, çox yazılacaqdır. Çünki bu kitab Naxçıvan blokadasının ensiklopediyasıdır. Ancaq bu ensiklopediya təkcə quru rəqəmlərdən, sərəncam və fərmanlardan ibarət deyil. Müəllif o dövrdə yaşanmışları da oxuculara yaşadır. Həmçinin yaşadığı dövrün nəbzini və xarakterini tutmağı bacaran jurnalist Mətanət Məmmədova həm də bu günün yazarlarına bir cığır açıb. Özünün də qeyd etdiyi kimi, jurnalistlərimizə bir o qalır ki, ikinci cilddən materialları seçib bu günlə müqayisə edərək yazılar hazırlasınlar. Naxçıvanın bu günü haqqında kitabların yolunu səbirsizliklə gözləyirik...

Sara ƏZİMOVA,
jurnalist

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR