15 Yanvar 2021, Cümə

Dünən Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 2020-ci ilin yekunları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış dördüncü sessiyasında qarşıya qoyulan vəzifələr barəsində kollegiya iclası keçirilib. İclasda çıxış edən xidmətin rəisi Bəxtiyar İsmayılov bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsi kimi əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılmasına, keyfiyyətli yerli məhsulların istehsalının təşviqinə xidmət edən müxtəlif nəzarət tədbirlərini həyata keçirməklə bağlı xidmətin də qarşısına mühüm vəzifələr qoyulub. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər 2020-ci il ərzində də davam etdirilib və ümumilikdə, məhsul nümunələrinin 1862 halda, o cümlədən qida məhsullarının 1764 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunub və bu istiqamətdə ciddi nöqsanlar aşkar edilməyib.

Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində xidmət tərəfindən 237 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə 2020-ci il ərzində məhsulların 525 halda texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu yoxlanılıb, nöqsan aşkar edilməyib və müvafiq məhsulların 13 halda sertifikatlaşdırılması həyata keçirilib. Ötən il noyabr ayında təşkil olunmuş “Ailə təsərrüfatı məhsulları” yarmarkasında 447 ailə təsərrüfatının iştirak etməsi, 1601 çeşiddə məhsul çıxarılması bu sahədə əldə olunan uğurlardan xəbər verir.
Bildirilib ki, 2020-ci il ərzində alkoqollu içkilər istehsal edən 4 müəssisədə istehsal olunan laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların tələblərinə uyğunluğu müəyyən edilib. Xidmət tərəfindən hesabat ili ərzində 144 ət satışı mağazasına, 231 ictimai iaşə və xidmət sahəsinə, 47 topdansatış obyektinə, 653 ərzaq və qeyri-ərzaq mağazasına, 36 təhsil müəssisəsinin bufet və ya yeməkxanasına 314 bərbərxana və 210 gözəllik salonuna maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilib.
Qeyd olunub ki, xarici bazarlara çıxış imkanlarının artırılması məqsədilə istehlak bazarının tələblərinə uyğun rəqabətqabliyyətli məhsul istehsalının təmin edilməsi, ailə təsərrüfatları məhsullarının ixracına dəstək göstərilməsi üzrə verilmiş tapşırıqların icrası istiqamətində təsərrüfat subyektlərində bir sıra işlər görülüb, Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilib.
Diqqətə çatdırılıb ki, hesabat ili ərzində, ümumilikdə, 8101 elektrik və qaz cihazına baxış keçirilib və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 167 cihazın idxalına və satışına icazə verilməyib. 2020-ci il ərzində, ümumilikdə, texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan 5057,3 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb.
Sonra çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində keçirilən tədbiri giriş sözü ilə mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, 2020-ci il ərzində mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin və mərkəzə aid cari tapşırıqların icra olunması diqqətdə saxlanılıb. Dövlət qulluğuna dair qanun­vericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 7 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 11 qərarı ləğv etdirilib, digər 7 dövlət orqanının 11 qərarı isə dəyişdirilib.
Vurğulanıb ki, Dövlət İmtahan Mərkəzi tərəfindən hesabat dövründə dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili, test bankının yenilənməsi və zənginləşdirilməsinin təmin edilməsi vəzifələrinin icrası diqqətdə saxlanılıb. 2020-ci il ərzində dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilmiş 3 müsabiqədə 1159 namizəd iştirak edib, 600 namizəd test imtahanlarında uğur qazanıb və 72 nəfər müvafiq vəzifələrə təyin olunub.
İsmayıl Qəribli bildirib ki, Dövlət İmtahan Mərkəzinə verilmiş tapşırığa uyğun olaraq 2020-ci il ərzində hüquq-mühafizə orqanlarının əməkdaşlarının və dövlət musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirilib, test imtahanlarında 851 namizəd iştirak edib, 383 namizəd test imtahanlarında uğur qazanıb.
Ümumilikdə, 2020-ci il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən 20 test imtahanı keçirilib. Bu da qurumun fəaliyyəti dövründə ən yüksək göstəricidir. İmtahanlarda 3905 iştirakçıdan , 1871-i keçid balını toplayıb. Hesabat dövründə keçirilən həmin imtahanlarda uğur qazanan 381 nəfər müvafiq vəzifələrə təyin olunub. Eyni zamanda ehtiyat kadrlar siyahısından 6 namizəd işlə təmin olunub.
Qeyd olunub ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” layihəsi həyata keçirilib. Mərkəzin əməkdaşlarından və könüllülərdən ibarət xidmət qrupu rayonlara gedərək müsabiqələrdə iştirak etmək istəyən 77 vətəndaşa operativ köməklik göstərib. Mərkəzin hamiliyinə verilən tələbələrin iştirakı ilə müxtəlif mövzularda 10 seminar keçirilib.
Sonra çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR