15 Yanvar 2021, Cümə

      Vətənimiz yenilməz Milli Ordumuzun sayəsində qazanılan Qələbə sevincini yaşayır. Vətən uğrunda gedən döyüşlərdə Naxçıvanın igid, cəsur oğulları da qəhrəmanlıq gös­tərərək şəhidlik zirvəsinə ucaldılar. Buna görə də cənab Prezident 10 noyabr tarixində Qələbə xəbərini xalqa çatdırarkən Naxçıvandan cəbhəyə yollanan igid­lərimizin qəhrəmanlıqlarından xüsusi söz açdı. Ali Baş Komandan xalqa müraciətində demişdir: “...Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

          Xalqımızın igid oğulları tarixin qara günlərini sildilər, qanları hesabına yeni şanlı tarix yazdılar. Qələbədə Adil, Elton, Sərxan, Rauf, İlkin kimi igidlərimizin də imzası var. Onların beşi də Şərur rayonundakı Ələkli kəndinin yetirmələridir. Dünyaya göz açandan bəri qəlblərində bir sevgi böyüdürdülər: Vətən! O Vətən ki, bu gün onları bağrına basıb. Onların əməlləri də, amalları da bir olub: torpaqlarımızı yağı düşməndən xilas etmək! Canları hesabına, qanları hesabına istəklərinə çatıblar.

       Ələkli kəndi bu gün məğrurdur, qürurludur! Çünki onun Polad biləkli, Mübariz ürəkli oğulları şanlı tarixin bir parçası olublar. Adil İbrahimli, Elton Qənbərli, Rauf Qurbanov, Sərxan Salahov, İlkin Rzayev Vətən müharibəsində qəhrəmancasına vuruşub müqəddəs şəhidlik zirvəsinə yüksəliblər. Onlar qəlblərində iman, sinələrində bayraq daşıyaraq, bu yolda canlarını fəda ediblər.

* * *

Onda Sona ana bilmirdi ki, bir neçə gündən sonra qızı Nargül xanımın həyat yoldaşı Adil İbrahimli də şəhid olacaq, bir ailə 20 gün içində 2 şəhid verəcək.

          Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhərindəki 14 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdi. 2008-ci ildə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. 2011-ci ildə liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. O, 2015-ci ildə bu məktəbi bitirərək leytenant rütbəsi ilə Milli Orduda xidmətini davam etdirib. Ailənin ortancıl övladı olub. Atası Asəm İbrahimli I Qarabağ müharibəsinin qazisidir, 1992-ci ildə müharibəyə könüllü gedib.

          Adil gənc olmasına baxmayaraq, peşəkar hərbçi idi. Son vəzifəsi isə qrup komandiri və baş kəşfiyyatçı olub. Döyüş yoldaşları bu gün də onun cəsarətindən, müharibənin ən qızğın döyüşlərindəki şücaətindən danışırlar. O, Murovdağ uğrunda gedən savaşda, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. 40 gün vuruşub. Son tapşırığı Şuşada olub və noyabrın 7-də orada da böyük şücaət və qəhrəmanlıqlar göstərərək şəhid olub. Bakıda II Şəhidlər Xiyabanında torpağa tapşırılıb. İki körpə övladı vardır.

          Elton Baba oğlu Qənbərli 1 fevral 1997-ci ildə anadan olub. O, 2003-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində 9-cu sinfi bitirib. O da 2011-ci ildə       Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi­nə daxil olub. 2014-2018-ci illərdə Azərbaycan Ali Hərbi Akademiyasında təhsil alıb. Ailə­də üç uşaq olublar. Hazırda kiçik qardaşı da hərbi məktəbdə oxuyur. Elton Xüsusi Təyinatlı        Qoşunların tərkibində kurs keçib, təlimləri həmişə yüksək nəticə ilə başa vurub.

          Elton qrup komandirinin müavini və kəşfiyyatçı olub. Suqovuşan qəsəbəsinin, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı şəhərlərinin düşməndən azad edilməsində xüsusi xidmətləri olub. Şiddətli döyüşlər zamanı yaralansa da meydanı tərk etməyib və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Okt­yabrın 24-də Şərur şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

        Elton Qənbərli oktyabrın 24-də böyük izdihamın müşayiəti ilə Şərur şəhərindəki Şəhidlər Xiyabanında dəfn olundu. Şəhidin anası Sona Qənbərova dəfn mərasimində dedi: “Bu gün oğlumla fəxr edirəm. O, cənnətin açarlarını valideynlərinə verib getdi. Vətən sağ olsun!”

        

       Sərxan Həsən oğlu Salahov 1991-ci ildə anadan olub. Ələkli kənd tam orta məktəbində təhsil alıb. Ailədə iki bacının bir qardaşı idi. Uşaqlıqdan mərd, vətənpərvər böyüyüb. Hərbi xidmət borcunu nümunəvi yerinə yetirib və qəhrəmanlıqla şəhid olub.

          Rauf Vahid oğlu Qurbanov 1995-ci il təvəllüdlü idi. 2011-ci ildə Ələkli kənd tam orta məktəbində orta təhsilini başa vurub. Elə həmin il də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və təhsilini yüksək səviyyədə başa vurub. 2014-2018-ci illərdə isə Azərbaycan Ali Hərbi Akademiyasında təhsil alıb, leytenant rütbəsi ilə “N” hərbi hissəyə göndərilib. Geniş dünyagörüşə malik idi, rus və ingilis dillərində sərbəst danışırdı. Xidmət etdiyi müddətdə daim cəsarəti və qəhrəmanlığı ilə seçilib. Raufun cəbhədə son vəzifəsi taqım komandiri olub. Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlər zamanı böyük şücaət göstərərək özünü əsgərinə atılan güllənin qabağına verib və ağır yaralanıb. Okt­yabrın 17-də Füzuli şəhəri işğaldan azad edilir, bir gün sonra isə şəhidlik şərbətini içərək adını qəhrəmanlar sırasına yazdırıb. Ailədə iki qardaş olublar. Şəhid qardaşı haqqında danışan Rəşad Qurbanov onu belə xatırlayır: “Rauf onu tanıyanların xatirində mehriban və gülərüz, zarafatcıl oğlan kimi özünə əbədi taxt qurub. Noyabrın 20-də evliliklərinin ilk ili tamam olacaqdı, amma bu günü qeyd etmək ona qismət olmadı. Noyab­rın 6-da Şərur şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

          “Murov Aslanı” kimi tanınan mayor İlkin Rzayev də Murovdağda çoxlu qəhrəmanlıqlar göstərmiş və şəhidlik məqamına ucalmışdır.

          Ələkli kəndinin yetirmələri Adil İbrahimli, Elton Qənbərli, Rauf Qurbanov, Sərxan Salahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

          Bir kəndin şəhidliyə ucalan beş övladı - Adilin, Eltonun, Sərxanın, Raufun, İlkinin haqqında müəyyən qədər məlumat verməyə çalışdım. Onlara bu dərəcədə böyük cəsarəti, qorxmazlığı verən Vətən eşqi olub. İllər, qərinələr ötəcək, tariximizin şanlı səhifələri yazılacaq. Bu günkü və gələcək nəsillər daim onlarla fəxr edəcək.

Məleykə MİRZƏLİ

Ələkli kənd sakini, Bakı Dövlət Universiteti filologiya

fakültəsinin 4-cü kurs tələbəsi

 

 

 

 

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR