15 Yanvar 2021, Cümə

Yanvarın 8-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2020-ci ilin yekunları ilə bağlı tədbiri keçirilmişdir.
Əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, hazırda dünyanı əhatə edən pandemiya federasiyanın fəaliyyətinə də təsirsiz ötüşməmiş, qarşıda duran vəzifələrin icrası məlum məsələyə görə təxirə salınmışdı. Buna baxmayaraq, Şahmat Federasiyası üçün ili uğurlu hesab etmək olar. Belə ki, il ərzində şahmatçıların bu idman növünə marağının artırılması üçün mütəmadi olaraq onlayn tədbirlər, yarışlar keçirilmişdir. Bu da muxtar respublikada fəaliyyət göstərən şahmat mərkəzlərində və məktəblərdə müasir texnologiyanın yüksək səviyyədə olmasının göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində şahmatçılar üçün hərtərəfli şərait yaradılmışdır. Bunun nəticəsidir ki, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlər beynəlxalq şahmat ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

Vurğulanmışdır ki, 2020-ci il həm də ölkəmizin tarixinə qızıl hərflərlə yazılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsindəki tarixi qələbə nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız geri qaytarılmışdır. Müharibədə Naxçıvanın igid zabit və əsgərlərinin göstərdiyi şücaət danılmazdır. Bu onu göstərdi ki, Naxçıvanda gənclik vətənpərvər ruhda tərbiyə olunur və böyüyür.
Qeyd edilmişdir ki, Şahmat Federasiyası 2021-ci il üçün planlarını artıq təsdiqləmişdir. Bununla yanaşı, federasiyanın məşqçi-müəllimləri, eləcə də zəka sahibləri üçün yeni kitabların tərcüməsi, məşqçilərin ərsəyə gətirdiyi kitabların çapı nəzərdə tutulmuşdur. Geridə qoyduğumuz ildə şahmat məktəblərinin Avropa ölkələri, Türkiyənin müxtəlif klubları, eləcə də ölkənin bəzi şəhər və rayon şahmat məktəbləri ilə onlayn yoldaşlıq görüşləri təşkil etməsi federasiyamızın mütəmadi olaraq çalışdığından xəbər verir. Xüsusilə Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi ilə Lənkəran rayon şahmatçıları arasında keçirilən yoldaşlıq görüşü yüksək qiymətləndirilmişdir.
Federasiya rəhbəri çıxışının sonunda diqqətə çatdırmışdır ki, bu gün Ali Məclis Sədrinin qayğısı nəticəsində Naxçıvan şahmatı yeni inkişaf dövrünü yaşayır. Şahmatçılarımız beynəlxalq arenada öz yerini tutur, reytinqlərini artırırlar. Federasiya üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirən Seymur Talıbov cari ildə də bu uğurlu fəaliyyətin davam etdiriləcəyinə əminliyini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev federasiyanın 2020-ci ildə gördüyü işlərdən danışaraq bildirmişdir ki, ötən il 38 şahmatçımız Ağcabədi rayonunda keçirilən şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarında mübarizə aparmışdır. 12 zəka sahibimiz ölkə birinciliyində iştirak etmək hüququ əldə etmişdir. Sevindirici haldır ki, bu şahmatçılar arasında Babək, Şərur və Ordubad rayonlarının şahmatçıları da yer almışdır. Geridə qoyduğumuz ildə onlayn olaraq həftədə 5 dəfə dərs keçilmiş, yoldaşlıq görüşləri təşkil olunmuşdur. Eyni zamanda bütün dərslər federasiyanın “YouTube” kanalına yerləşdirilmiş, CD-lər şəklində bütün məktəblərə paylanmışdır. Federasiyanın saytı operativ olaraq çalışır və məlumatlar hər gün yenilənir. Emin Hacıyev yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə şahmatçılar adından minnətdarlıq etmişdir.
Sonra rayon şahmat məktəblərinin direktorları və məşqçi-müəllimləri ilə növbəti ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılmış, məşqçi-müəllimlərin fikirləri dinlənilmiş, təkliflər müzakirə olunmuşdur.

“Şərq qapısı”

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR