15 Yanvar 2021, Cümə

Yanvarın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilən Televiziya və Radio Verilişləri Redaksiyasının təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Artıq “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirəcək, muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcəkdir.

Qeyd olunmuşdur ki, muxtar respublikada həyata keçirilən təhsil siyasətinə, təhsil quruculuğuna, cəmiyyətin elm və təhsil üzrə ümumi maraqlarının təmin edilməsinə yönəlmiş televiziya və radio proqramlarının hazırlanması və yayımı teleradionun proqram siyasətinin əsasını təşkil etməlidir. Tariximiz, mədəniyyətimiz, milli dəyərlərimizlə bağlı maarifləndirici verilişlərin yayımı gənc nəslin vətənpərvərlik, eləcə də tarixi-mədəni irsimizə və milli dəyərlərimizə sədaqət ruhunda tərbiyəsində mühüm əhəmiyyətə malik olacaqdır. Teleradioda informasiya siyasəti də həyata keçiriləcək, muxtar respublika həyatında təhsillə bağlı yeniliklər və aktual məsələlər haqqında tamaşaçı və dinləyicilərə operativ məlumatlar çatdırılacaqdır. Uşaqların intellektual və fiziki inkişafı, sadə əmək vərdişlərinə yiyələnməsi, istedadlarının üzə çıxarılması və sağlamlığının qorunması ilə bağlı maarifçilik işi teleradionun proqram siyasətində əsas yer tutacaqdır. Muxtar respublikanın təhsil müəssisələrindəki mövcud imkanlar və şərait tədrisyönümlü teleradio verilişlərinin çəkilişini və yazılışını təşkil etmək üçün geniş imkanlar açır. Bu istiqamətində sistemli iş aparılmalı, televiziyanın fondu yeni verilişlərlə zənginləşdirilməli, düzgün proqram siyasəti həyata keçirilməlidir.
Ülvi Hüseynli Ali Məclis Sədrinin müəyyənləşdirdiyi vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublika ümumtəhsil məktəblərində yaradılmış şərait multimedia xarakterli dərsliklərin, elektron tədris vasitələrinin, yeni təlim metodlarının, o cümlədən STEAM təliminin təhsil prosesində tətbiq olunmasına geniş imkanlar açmışdır. Bütün bunlar isə muxtar respublika təhsil mühitində innovativ yanaşmaların tətbiqini təmin etməklə yanaşı, eyni zamanda təhsilin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Televiziya və Radio Verilişləri Redaksiyasının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, təhsilin informasiyalaşdırılmasında yeni bir mərhələ təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında artıq 2021-ci il yanvarın 1-dən “Kanal 35” televiziyası tədrisyönümlü fəaliyyətə başlamışdır. Bu isə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların maariflənməsinə, yeni biliklər almasına, əldə etdikləri bilikləri zənginləşdirmələrinə geniş imkanlar yaradacaqdır. Təhsil Nazirliyi tərəfindən şagirdlərin Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə olunmaları, onlara sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzarətdə saxlanılır. “Kanal 35” televiziyasının da əsas missiyası maarifçilik olacaqdır. Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərdiyi dövlət qayğısına görə muxtar respublika təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
Tədbirdə Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişov çıxış edərək bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, televiziya və radio da ölkəmizdə yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. “Kanal 35” televiziyası da ulu öndərimizin hakimiyyətə gəlməsinin 35 illiyi münasibətilə yaradılmışdır. “Televiziya məktəb qədər vacib bir sahədir”,- deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə “Kanal 35” televiziyası və “Naxçıvaın səsi” radiosu böyük inkişaf yolu keçmişdir. Redaksiyanın kollektivi üzərinə düşən bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün səylə çalışacaq.
Sonda televiziyanın yeni fəaliyyət istiqaməti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR