25 Yanvar 2021, Bazar ertəsi

                Müasir və müstəqil Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Ölkəmizdə müstəqilliyimizin qorunması və mənfur ermənilərin elan olunmamış müharibə nəticəsində işğal etdikləri torpaqlarımızın geri qaytarılmasında güclü Milli Ordunun yaradılması hər zaman dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən edilib, bu sahədə mühüm nailiyyətlər qazanılıb.   

           Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. 30 il ərzində sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu tərəfindən 44 gün ərzində düşməndən azad edildi. Qədim və şanlı tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi.

 

Azərbaycan keçmiş SSRİ-də qaçqın və məc­buri köçkün problemi ilə

üzləşmiş ilk respublika olub

          Məlum olduğu kimi, XX əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır.  Erməni terroru nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşüb, bir çoxları isə erməni faşizminin qurbanına çevrilib. Nəticə etibarilə bir milyondan artıq soydaşımız öz doğma yurdundan məhrum olaraq daxili məcburi miqrasiya proseslərinə məruz qalıb. Bu baxımdan da Azərbaycan üçün bütövlükdə miqrasiya prosesləri yeni bir məfhum deyil. Ermənistanın apardığı deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan keçmiş SSRİ–də qaçqın və məc­buri köçkün problemi ilə üzləşmiş ilk respublika olub. “İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən xalqımızın ümummili lideri Heydər Əliyev məsələni hər zaman diqqətdə saxlamış, bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir.

          Məc­buri köçkünlər Azərbaycan Respublikası ərazisində hərbi təcavüz nəticəsində daimi yaşayış yerini məcburi tərk edərək ölkənin müxtəlif bölgələrinə miqrasiya edən şəxslərdir. Şübhəsiz ki, bu gün ökədaxili məcburi miqrasiyanın əsas subyektini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağdan və ona bitişik olan digər ətraf rayonlardan, habelə Ermənistan Respublikası ilə həmsərhəd rayonların həyat üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş məcburi köçkünlər təşkil edir.

 

Ökədaxili məcburi miqrasiyaya məruz qalan qaçqın və məcburi

köçkünlərimiz yüksək dövlət qayğısı ilə əhatə olunub 

          Əminliklə demək olar ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın qayğıları ümummilli lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi məsələlərdən biri olub. Ulu öndər xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra daxili miqrasiyaya məruz qalan qaçqın və məcburi köçkünlərin problemləri diqqətdə saxlanıldı, onlara qarşı dövlət qayğısı geniş xarakter aldı. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda bu mühüm məsələyə-miqrasiya proseslərinin tənzimlənməsinə, sosial-iqtisadi amillərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına da geniş yer ayrılmışdır. Ötən dövlər ərzində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınmış, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri, onlarla mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Daxili məcburi miqrasiya ilə üzləşən qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər bir daha təsdiq edir ki, miqrasiya proseslərinin tənzimlənməsi, o cümlədən daxili miqrasiyanın təzahürlərinin aradan qaldırılması dövlət siyasətinin prioritet vəzifələrindəndir. Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür. Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir...” deyənAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mövzunun aktuallığını və əhəmiyyətini daima diqqətə saxlayıb.

 

10 noyabr bəyantı və ya Ermənistanın kapitulyası aktının 7-ci bəndi

          Müzəffər ordumuzun apardığı haqq savaşının əsas məqsədi həm torpaqlarımızın erməni işğalından azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası, həm də məcburi köçkünlərimizin öz yurdlarına geri qayıtmaq hüquqlarının təmin olunmasıdır.

          Məlum olduğu kimi, 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Qarabağda hərbi münaqişənin başa çatdığını ehtiva edən birgə bəyanat imzalanıb. Faktiki olaraq Ermənistanın kapitulyasiyası mənasını verən bəyanat, heç şübhəsiz ki, istər hərbi, istərsə də siyasi baxımdan Azərbaycan xalqının haqlı mübarizədəki şanlı qələbəsini rəsmiləşdirmiş oldu.

          Bəyanatın 7-ci bəndi isə 30 ilə yaxındır ökədaxili məcburi miqrasiyanın əsas subyektini təşkil edən məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına mühüm zəmin yaratdı. Bəyanata uyğun olaraq daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaqlar. Ali Baş Komandan cənab İlham Əliyevin israrlı və qətiyyətli mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.

 

BÖYÜK qayıdış – Qaçqın və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıtmaq arzusundadır

          Bu gün qaçqın və məcburi köçkünlərin öz yurdlarına yenidən qayıtmalarından danışılırsa, 2016-ci ilin aprel hadisələrini – şanlı tarixi qələbəmiz olan Aprel döyüşlərini xüsusi vurğulamaq lazımdır. Belə ki, 2016-ci ilin aprel hadisələrində ordumuzun əldə etdiyi parlaq qələbə hesabına yüzlərlə məcburi köçkün ailəsi Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdıb. Həm də Cocuq Mərcanlıdan başlanan böyük qayıdış sübut etdi ki, qaçqın və məcburi köçkünlərimiz inamla Qarabağa doğru addım-addım irəliləyir.

          Artıq məcburi köçkünlərimiz hər ötən günə, hər açılan yeni sabaha böyük ümidlərlə baxırlar. 30 ilə yaxındır ki, qəlbi Vətən eşqi ilə yanan, doğma ev-eşiyindən didərgin düşərək daxili məcburi miqrasiyaya məruz qalan köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaq, bundan sonra da yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: Məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər”.

          Bu gün işğaldan azad edilən torpaqların təhlükəsizliyin təmin olunması, minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatlar cəlb edilməsi, eyni zamanda gələcəkdə insanların rahat və firavan yaşaması istiqamətində davamlı və məqsədyönlü tədbirlər reallaşdırılır. Şübhəsiz ki, əzəli və əbədi yurdumuz Qarabağ yenidən əsl cənnət məkanına çevriləcək, ikinci həyat veriləcək, canlanacaq və dirçələcəkdir.

 

Cənab Prezident artıq 1 milyon qaçqını və məcburi köçkünü olan ölkənin deyil, Vətən müharibəsində möhtəşəm qələbə qazanmış

qalib bir ölkənin dövlət başçısıdır 

          Reallıqdır ki, ölkə Prezidenti cənab İlham Əliyev vaxtilə daxili məcburi miqrasiya proseslərinə məruzbir milyondan çox qaçqın və məcburi köçkünün ən böyük arzusunu, xəyalını gerçəkliyə çevirdi. Bu gün xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikmək, təsərrüfat yaradaraq daimi məskunlaşmaq arzusu və amalı məcburi köçkün həmvətənlərimizin vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. 30 ilə yaxın müvəqqəti yaşayış yerlərinə sığınmış məcburi köçkünlər artıq bu adı öz üstlərindən götürüblər. Onlar bütövlüyü təmin edilmiş ölkənin azad vətəndaşları, azad edilmiş Qarabağa qayıtmağa hazırlaşan qarabağlılardır. İndi onların Vətəni də, doğma torpaqları da öz əllərindədir. Həyata keçirilən ardıcıl və məqsədyölü siyasət dövlət başçısının milli təəssübkeşliyindən, doğma torpaqlarını və ata-baba evlərini itirmiş soydaşlarımızın dərdinə şərik çıxmasından xəbər verən alicənab bir addım kimi xalq tərəfindən həmişə yüksək qiymətləndirilir.

          Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan qaçqın və məcburi köçkün məsələsinin həlli istiqamətində hər zaman böyük səylər göstərib. Bu gün Azərbaycan dünyadakı qaçqın probleminin həllinə töhfə vermək üçün böyük imkanlara malikdir. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.

 

Arif BAYRAMOV

Dövlət Miqrasiya Xidmətinin

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

 

 

 

 

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR