23 Yanvar 2021, Şənbə

Bazar ertəsi axşam saatlarında aram-aram yağan qar gecədən xeyli keçmiş sürətlənməyə başlasa da, sübh tezdən zəhmətkeş insanların əməyi sayəsində yol kənarlarında tala-tala gözə dəyirdi. Həyətlərdə qar topu oynayan uşaqların yerə-göyə sığmayan sevincinə səbəb olan, böyüklərinsə ruzi-bərəkət adlandırdığı bu qismən “gecikmiş qonaq”, xüsusilə çölləri, əkilən əraziləri cana gətirəcək əsl bolluq müjdəçisi idi.

Yeni ili yeni görkəmli kəndləri ilə qarşılayan zəhmətkeş böyükdüzlülərin yağan qarın da bəxş etdiyi ikiqat sevinc hisslərini bölüşmək üçün həmin soyuq qış günü səhərin erkən çağında bu yaşayış məntəqəsinə üz tutarkən yolboyu fəslin bənzərsiz mənzərələri gözlərim önündə canlanır. Vətən, torpaq, yurd sevgisi doğma ocaqdan, eldən başlayır, – deyən atalarımızın bu dəyərli sözlərinin mənasını, mahiyyətini iş-güc dalınca tələsən insanları müşayiət edən səliqəli səkilərin, şütüyən avtomobillərin ləpir saldığı rəvan yolların, abadlaşan, gözəlləşən kəndlərin, zəhmət tərindən yoğurulan, üzərinə ağ yorğan çəkib həzin qış yuxusuna dalan, arzuların, ümidlərin səpildiyi əkin-biçin ərazilərinin timsalında bütün aydınlığı ilə dərk edirəm...

Deyirlər, keçmişini unudanın gələcəyi olmaz. Böyükdüz kəndinə ayaq basdığım andan ilk olaraq diqqətimi bu yaşayış məntəqəsinin müasirliyi çəksə də, əvvəlcə tarixinə nəzər salmağı özümə mənəvi borc bilirəm. Bununla bağlı aparılan araşdırmalara əsasən deyə bilərəm ki, istər еlmi ədəbiyyatlarda, istərsə də xalq arasında “Böyükdüz” adının mənşəyi ilə bağlı müxtəlif maraqlı fikirlər vardır. Tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Şərq qapısı” qəzetinin 1988-ci il 28 dekabr tarixli nömrəsində dərc olunan “Böyükdüzün kəhər atları” məqaləsində bu barədə geniş söhbət açılır. Bildirilir ki, məşhur türkoloq alim Mahmud Kaşğari “Divani-lüğət it-türk” əsərində “Buğduz” adlı oğuz tayfası haqqında məlumat vermişdir. XIV əsr tarixçisi Fəzlullah Rəşidəddinin məşhur “Oğuznamə” əsəri də bu barədə dəyərli fikirlərlə zəngindir. Həmin kitabda oğuzların tarixi geniş təsvir olunur. Tarixçi oğuzları iki qrupa – Bozok və Üçok tayfalarına ayırıb. Üçok tayfası belə səciyyələndirilir: Göy xanın oğlanları, Dağ xanın oğlanları və Tengiz (Dəniz) xanın oğlanları. Dəniz xanın ikinci oğlunun adı Böyükdüzdür. Həmin kitabda Böyükdüzün başqa igidlərə nisbətən çox humanist və hörmətli olduğu qeyd edilir.

Böyükdüz adına Əbdül Qazi xan Xivəlinin və rus şərqşünaslarının əsərlərində də rast gəlinir. Ehtimal ki, Oğuz xanın nəvəsi Böyükdüz adı bu gün Kəngərli rayonunda yerləşən “Böyükdüz” toponimində yaşayır. Çoxları elə zənn edir ki, bu yerdə geniş sahə olduğu üçün Böyükdüz adlandırılıb. Deyilənə görə, hətta vaxtilə bu kəndin adının dəyişdirilməsi təşəbbüsü də olmuşdur. Lakin akademik Budaq Budaqovun dediyi kimi: “Coğrafi ad hər bir xalqın milli hissləri ilə bağlıdır. Buna görə də toxunulmaz və müqəddəs olmalıdır”.
“Naxçıvan Ensiklopediyası”nda qeyd olunur ki, ərazidəki köhnə Böyükdüz yaşayış yeri Son Tunc və İlk Dəmir dövrlərinə aiddir. 1973-cü ildə tədqiq edilən həmin yer hazırda Araz Su Anbarının altında qalıb. Tədqiqatlar zamanı buradakı uzunsov təpədən tapılan nümunələr qorunması üçün Naxçıvan Dövlət Tarix Muzeyinə verilib. Kəndin tarixindən söhbət açan digər arxeoloji abidə isə I Böyükdüz nekropoludur. 320 kvadratmetr sahəni əhatə edən nekropoldan antik dövrə aid edilən 50-dən artıq, əsasən, daş qutu qəbirlər aşkar edilib. Ərazidən tapılmış arxeoloji materiallar etno­qrafiyamız haqqında müfəssəl məlumat əldə etməyə imkan verir. Buradan tapılmış insan skeletinin qalıqları isə 1972-ci ildə sərhəd-gözətçi məntəqəsinin zabitləri tərəfindən toplanaraq Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil verilib. Digər qəbirlər isə daşqın zamanı yuyularaq üzə çıxıb.

II Böyükdüz nekropolu isə keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədədir. Antik dövrə aid olan bu arxeoloji abidə 1991-ci ildə qeydə alınıb. Buradakı qəbiristanlıq Araz çayının lap yaxınlığında yerləşdiyindən qəbirlərin çoxu yuyularaq dağılıb, yalnız bir qismi salamat qalıb. Həmin ərazidən məişətdə istifadə edilən müxtəlif əşyalar da aşkar olunub.
Böyükdüz kəndində yaşayan tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin yaşayış məntəqəsi barədə qələmə aldığı elmi-publisistik məqalələrə istinad edərək demək olar ki, 1925-ci ildə Şahtaxtı kəndində Daşçı Rüstəm adlanan şəxsin (Həmin şəxs Şahtaxtı kəndindəki travertin karxanasında daşyonan işlədiyi üçün sakinlər ona bu adla müraciət edirmiş) başçılığı ilə bir neçə ailə “Qarğalıq” dəmiryol stansiyasının yaxınlığında yerləşən Saqqallama yüksəkliyinin yanına köçüblər. Köçənlərin əksəriyyəti o dövrdə adıçəkilən dəmir yolu stansiyasında çalışıblar. Həmin yaşayış məskəninin xarabalıqları hazırda qalmaqdadır. 1927-1929-cu illərdə ailələr daha münbit və əlverişli əraziyə köçərək yeni kənd salmağa müvəffəq olur və məlumatsızlıqdan yerin relyef quruluşunu əsas götürərək adını Böyükdüz qoyurlar. Həmin yaşayış məntəqəsi Araz çayının yaxınlığında yerləşdiyi üçün münbit torpaq sahələri çox olub, sakinlər əkin-biçin işləri ilə məşğul olaraq öz dolanışıqlarını təmin ediblər. Kəndin inzibati idarələri ərazidə yerləşən dəmiryol körpüsündən solda tikilib. İkinci Dünya müharibəsi illərində və sonralar sakinlər daha əlverişli ərazi sayılan Üç Təpə yaxınlığına köç edib, burada özlərinə yaşayış şəraiti yaradıblar. Araz çayı üzərində Su Elektrik Stansiyası tikildikdən sonra suyun altında qalmaq təhlükəsi olduğundan Böyükdüz kəndi 1969-cu ildə indiki ərazisinə köçürülüb. 1971-ci ildə kənddə 8 illik natamam orta məktəb, 1980-ci ildə isə 10 illik orta məktəb yaradılıb.

Bütün bunlar deməyə əsas verir ki, Böyükdüz kəndinin yaranması haqqında hələ aşkar edilməyən dəyərli faktlar çoxdur və bununla bağlı dərin araşdırmaların aparılmasına ehtiyac vardır...
Müstəqillik illərində qədim yaşayış məskəni müasir simasına qovuşub, 2004-cü il martın 19-da yeni yaradılan Kəngərli rayonunun tərkibinə daxil edilən kəndin məktəbi 2006-cı ildə əsaslı şəkildə yenidən qurulub, birmərtəbəli binaya daha bir mərtəbə əlavə olunub. Bundan başqa, burada yeni kənd mərkəzi, həkim ambulatoriyasının binaları istifadəyə verilib, yerli dövlət qurumları üçün lazımi şərait yaradılıb. Son illər kənddə məskunlaşmanın xeyli artması əlavə infrastrukturun qurulmasını şərtləndirib və ötən ilin ortalarından etibarən yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilib...
2019-cu il dekabrın 28-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Böyükdüz kəndinin sakinlərinə gözəl bayram hədiyyəsi bəxş olundu. Yaşayış məntəqəsində tam müasir üslubda, hərtərəfli şəraitlə təmin edilmiş kənd və xidmət mərkəzləri, məktəb binası, həkim ambulatoriyası, eləcə də hər fəsildə sakinlərin gediş-gəlişinə, avtomobillərin rahat hərəkətinə imkan yaradacaq gözəl infrastruktura malik yeni yol istifadəyə verildi.
Məktəbin direktoru Solmaz Quliyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir” fikrini xatırladaraq deyir ki, bu gün istənilən yaşayış məntəqəsinə üz tutsaq, orada innovativ tədris avadanlıqları ilə təchiz olunmuş gözəl, yaraşıqlı məktəb binası ilə qarşılaşarıq. Böyükdüzdə 2006-cı ildə yeni məktəb binası istifadəyə verilsə də, zaman keçdikcə, dövr dəyişdikcə ən yeni texnologiyaların tədrisə sirayət etməsi, şagirdlərin sayının ilbəil çoxalması tələbatı artırırdı. Bütün bunlar nəzərə alınaraq məktəbimizə yeni korpus əlavə edildi, həm siniflərin sayı artdı, həm də müasir dövrün tələbinə uyğun avadanlıqlar quraşdırıldı. Yeni korpusda şahmat sinfi və bufetin istifadəyə verilməsi də uşaqların sevincini birə-beş artırdı. İndi onlar həm bu zəka idman növü üzrə biliklərə dərindən yiyələnir, həm də dərslərarası fasiləni daha səmərəli keçirə bilirlər. Bundan əlavə, yeni qazanxana sisteminin quraşdırılması otaqların normal temperaturda olmasına imkan verir ki, bu da, təbii ki, təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Böyükdüzdə baş çəkdiyim digər bir sosial obyekt isə sakinlərin sağlamlığı keşiyində dayanan həkim ambulatoriyasıdır. Ambulatoriyanın baş həkim əvəzi Gözəl Babayeva deyir ki, 2006-cı ilədək bu kənddə sovet dönəmindən qalma yararsız balaca köşkdə primitiv metodlara əsaslanan feldşer-mama məntəqəsi fəaliyyət göstərib. O zaman sakinlər sağlamlıqla bağlı problemlərinin həlli baxımından da çox əziyyət çəkiblər. 2006-cı ildə isə 4 otaqdan ibarət həkim ambulatoriyası yaradılsa da, şərait indiki qədər ürəkaçan deyildi. Yenicə qədəm qoyduğumuz 2020-ci ildə isə biz səhiyyə işçilərinə, ümumilikdə isə bütün böyükdüzlülərə böyük bir hədiyyə bəxş olundu. Yeni tibb müəssisəsinin imkanları barədə onu deyə bilərəm ki, otaqların sayı 9-a çatdırılıb, əvvəllər stomatoloji kabinəmiz yox idi, indi var. Ambulatoriyada aptekin fəaliyyətə başlaması, burada bəzi dərmanları lazımi temperaturda saxlamaq üçün soyuducunun quraşdırılması sakinlərin uzaq məsafə qət etmədən istədikləri preparatları keyfiyyətli şəkildə əldə etmələrinə imkan verir. Uşaqların vaxtlı-vaxtında peyvənd olunması üçün yaradılan şərait gələcəyimizin etibarlı, sağlam təməllər üzərində qurulmasına xidmət edir. Biz tibb işçiləri çalışacağıq ki, yaradılan bu gözəl şəraitdən səmərəli istifadə edib, insanların sağlamlığı keşiyində daha qətiyyətlə dayanaq.

Həkim ambulatoriyasından çıxıb kənd mərkəzinə doğru irəlilədikcə söhbət edə-edə iş-güc dalınca tələsən bir neçə kənd sakini diqqətimi çəkir. Yaxınlaşıb hal-əhval tuturam. Onlardan yaşı 50-ni haqlamış, müharibə veteranı İlyas Osmanov söhbət zamanı keçdiyi döyüş yoluna nəzər salır, yaşayış məntəqəsinin bugünkü növrağından könüldolusu danışır:
– Doğru deyiblər, birlik, inam, zəhmət və cəsarət olan yerdə uğur qazanmaq çətin deyil. Sadalanan xarakterik xüsusiyyətləri ilə seçilən xalqımız ötən əsrin 90-cı illərində ağrı-acılara, məşəqqətlərə qarşı əyilməz əzm, birlik göstərərək möhkəm iradə və inam sayəsində taleyin ağır sınağından üzüağ çıxdı. Öz məkrli planlarını həyata keçirmək xülyası ilə yaşayan ermənilərin qədim diyarımız Naxçıvana dikilən gözləri mübariz oğullarımız tərəfindən kor edildi. O illərdə hər kəsin ürəyi səngərdə gecə-gündüz doğma yurdumuza keşik çəkən, son damla qanlarına qədər döyüşməyə hazır olan Vətən fədailəri ilə döyünürdü. Həmin vaxt mənimlə çiyin-çiyinə vuruşan cəbhə yoldaşlarımdan bəziləri şəhidlik zirvəsinə ucaldı, bəziləri isə veteran adını qazandı. Çəkdiyimiz cəfalara baxmayaraq, ümidimizi, inamımızı itirmədik, o zaman Naxçıvanda olan ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşərək dahi rəhbərin uzaqgörən siyasəti, verdiyi dəyərli tövsiyələri ilə həmin bəlalardan xilas olduq. Müstəqillik əldə edəndən sonra biz veteranlara qarşı həm insanlar, həm də dövlətimiz tərəfindən böyük ehtiram, həssas münasibət göstərildi, hərtərəfli qayğı gördük. Şəxsən mənim özümə bu kənddə ev verildi, rahatlığım üçün avtomobil hədiyyə olundu. Bu gün sakinlərin böyük inamını qazanan dövlətimiz hər birimizin sosial vəziyyəti ilə yaxından maraqlanır, problemlərimiz vaxtlı-vaxtında həllini tapır.
İlyas kişi onu da deyir ki, Naxçıvanın əksər yaşayış məntəqələrini gəzdiyim üçün həmin yerlərdə yüksəlişin, qurulan şəraitin də yaxından şahidiyəm. Kəndlərdə inşa olunan müasir obyektlərdə insanların rifahı üçün yaradılan imkanları gördükcə qurub-yaradan əllər var olsun, – deyirəm. Böyükdüz kəndi də müstəqillik illərində dövlətimizin qayğısı ilə əhatə olunub. Sevindirici haldır ki, yeni ildən bizim kənddə də məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası müasir görkəminə qovuşub, yolumuz abadlaşıb. Övladlarımız yüksək tədris şəraitinə malik məktəbdə oxuyur, biz kənd sakinlərinin sosial qayğıları isə tamamilə aradan qalxıb. Kəndimizdə qapalı suvarma şəbəkələrinin qurulması, əkinəyararlı sahələrin bolluğu insanları təsərrüfat fəaliyyətinə daha da həvəsləndirir. Mən də yaradılan münbit şəraitdən istifadə edərək ailə üzvlərimin də köməkliyi ilə təsərrüfat yaratmışam, həm pay, həm də icarəyə götürdüyümüz torpaqlarda noxud, günəbaxan, qarğıdalı, soğan və tütün becəririk. İstehsal etdiyimiz məhsulları həftəsonu Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında sərfəli qiymətə sata bilirik. Ötən il “Ailə təsərrüfatı məhsulları” festivalında da iştirak edərək özümüzə geniş alıcı qüvvəsi qazanmışıq. Gələcəkdə təsərrüfatımızı daha da genişləndirmək fikrindəyik. Bir müharibə veteranı kimi yaradılan gözəl şəraitə görə dövlətimizə minnətdarlıq edirəm.
Böyükdüz kəndində diqqətimi çəkən məqamlardan biri də son illərdə təsərrüfat işlərində kişilərlə yanaşı, qadınların da fəallıq göstərməsidir. Qadın ailə təsərrüfatçısı Aynur Əhmədova da bir neçə ildir, təsərrüfatla məşğul olur, istehsal etdiyi məhsulları festivallara, satış yarmarkalarına çıxarır. O, ötən il Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə BMT-nin İnkişaf Pro­qramı tərəfindən icra olunan genişmiqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən reallaşdırılan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihəyə fəal təsərrüfatçı kimi qatıldığı üçün maddi vəsaitlə təmin olunub. Göstərilən dəstəyin müqabilində 7 baş xırdabuynuzlu heyvan alaraq öz təsərrüfatını genişləndirib. Gələcəkdə muxtar respublika iqtisadiyyatının inkişafına töhfələr vermək üçün daha səylə çalışacağını deyən Aynur xanım qadın təsərrüfat sahibləri adından dövlətimizə minnətdarlıq edir.
Qədim və maraqlı tarixçəsi, zəngin əkinçilik ənənələri ilə hər zaman, sözün yaxşı mənasında, ad çıxaran Böyükdüz kəndi bu gün həm də gözəl, yaraşıqlı siması ilə buraya yolu düşənləri heyran qoyur. Təəssüratlarım belə deməyə əsas verir ki, ilin hər fəslində kənd camaatının zəhmətkeş əlləri xoşbəxt gələcək üçün qurub-yaradarkən isti ürəkləri də daha firavan günlərin arzusuyla döyünür...

 Nail ƏSGƏROV

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR