26 Yanvar 2021, Çərşənbə axşamı

Bu gün ölkəmizdə sosial və iqtisadi sahələrdə qazanılan uğurlar müasir və qüdrətli milli ordunun formalaşmasına imkan verir. Ordu quruculuğuna müstəqillik qazandığımız ilk illərdən başlanılsa da, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqəti regionda ən güclü və peşəkar ordunun formalaşması ilə nəticələnib. Ölkə Prezidentinin çıxışlarından birində qeyd etdiyi kimi: “Azərbaycanda ordu quruculuğu işlərinə də çox böyük diqqət veririk. Son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər əldə edilib. Bizim artıq peşəkar ordumuz var. Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Ordumuzun maddi-texniki bazası son illər ərzində yüksək dərəcədə gücləndirilibdir. Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz”.

Artıq müasir və qüdrətli milli ordusu formalaşmış ölkəmizin ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu tədbirləri uğurla həyata keçirilir. Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, hər il yeni xidməti yaşayış binaları tikilir, zabit-gizir ailələri mənzillərlə təmin olunurlar.

Ötən il dekabr ayının 31-də Naxçıvan hərbi şəhərciyində zabit yataqxanasının istifadəyə verilməsi də bu istiqamətdə görülən məqsədyönlü işlərin məntiqi davamıdır.
Məlumat üçün qeyd edək ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan bina yenidən qurulub, qapı və pəncərələr dəyişdirilib. 220 yerlik binada bütün yataq otaqlarının mebelləri yenilənib, mərkəzləşmiş anten sistemi qurulub, telefon çəkilib, 2 VİP otaq, eləcə də növbətçi və komendant otaqları istifadəyə verilib. Zirzəmidə bərbər, hamam, camaşırxana, qazanxana yerləşir. Binanın həyətində də abadlıq işləri aparılıb, istirahət köşkü qoyulub.

Bununla yanaşı, şəhərcikdəki bütün yaşayış binaları da təmir olunaraq pəncərələri dəyişdirilib, havalandırma sistemləri qurulub, elektrik, qaz, su və kanalizasiya xətləri yenilənib. Hərbi şəhərciyin ərazisi tamamilə asfaltlanıb, hərbçi ailələrinin istirahəti üçün lazımi işlər görülüb, futbol, basketbol və voleybol meydançaları yaradılıb, uşaq əyləncə qurğuları qoyulub, yollar genişləndirilib, yaşıllıqlar salınıb. Həmçinin Naxçıvan Qarnizonu tam orta məktəbində və uşaq bağçasında da təmir işləri aparılıb.
Biz də yeni istifadəyə verilən zabit yataqxanasının şəraiti ilə tanış olmaq, yeni evlə təmin edilən hərbi qulluqçuların sevincini bölüşmək üçün Naxçıvan hərbi şəhərciyinə üz tutduq.
Burada həmsöhbətlərimdən biri muxtar respublikamızda yeni xidmətə başlamış Qazax rayonundan olan leytenant Musa Avacəlilov oldu. Onun dediklərindən: – Yeddi aydır ki, Naxçıvanda xidmət edirəm. Əvvəllər burada xidmət aparan zabit yoldaşlarımızla söhbət edərkən onlar Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdən, zabitlər üçün yaradılan şəraitdən, bir sözlə, muxtar respublikanın ümumi mənzərəsindən ağızdolusu danışırdılar. Qismət elə gətirdi ki, xidmətimə muxtar respublikada başladım. Bu gün mənim kimi hər bir zabit göstərilən qayğı və etimadı daim öz üzərində hiss edir. Hərbi hissələrdə yeni əsgər yataqxanalarının, tibb məntəqələrinin, təlim-tədris mərkəzlərinin, hərbi şəhərciklərdə yeni yaşayış binalarının tikilməsi və məişət avadanlıqları ilə təchiz olunması buna bariz nümunədir. Bir sözlə, mən fəxr edirəm ki, bu qədim yurd yerində, Naxçıvanda Vətənə xidmət edirəm.
Tovuz rayonundan olan leytenant Elsevər Namazov isə öz xidmətinə Naxçıvanda başlamasının onun üçün xoşbəxtlik olduğunu söyləyir. O qeyd edir ki, Vətənin hər yerində xidmət aparmaq müqəddəs bir vəzifədir. Ancaq şəxsən mən buraya ilk gəldiyim gündən etibarən ordu quruculuğu sahəsində şahidi olduğum inkişafa görə xidməti yoluma Naxçıvandan başladığım üçün fəxr edirəm. Əvvəllər muxtar respublikaya səfər etməmişdim. Yeddi aydan artıqdır ki, burada xidmətdəyəm. Naxçıvana ilk gəldiyim gündən etibarən bütün sahələrdəki inkişafın şahidi olmuşam. Burada insanlar xoşbəxt, gülərüz, istiqanlı və mehribandırlar. Bizə göstərilən diqqət və qayğı göz önündədir. Gözəl, işıqlı, hər bir şəraiti olan otaqlarla təmin olunmuşuq. Bu da bizim həm sevincimizi, həm də məsuliyyətimizi daha da artırır. Biz zabitlər üçün yaradılan şərait bir hərbi qulluqçu kimi məni də çox sevindirir. Şəxsi heyətlə keçirilən görüş zamanı Ali Məclis Sədrinin dediklərini xatırlayıram: “Zabit ailələrinin normal yaşayışının təmin olunması bu gün qarşıda duran əsas məsələlərdəndir. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu il Kəngərli rayonunun Qıvraq qəsəbəsində zabit ailələri üçün 44 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Həmçinin Naxçıvan şəhərində yerləşən hərbi şəhərcikdə də zabit ailələrinin yaşayışı üçün lazımi şərait yaradılmışdır. Ərazidə müasir məktəb və uşaq bağçası, xidmət sahələri və tibb məntəqəsi fəaliyyət göstərir. Bu gün isə subay zabitlər üçün yataqxananın açılışı olmuşdur. Bütün bunlar da imkan verir ki, zabitlərimiz öz xidmətlərini rahat həyata keçirə bilsinlər”. Bu dəyərli fikirlər üzərimizə düşən məsuliyyətimizi daha da artırır. Biz də, öz növbəmizdə, yaradılan şəraitdən səmərəli istifadə edərək, xidmətimizi qüsursuz yerinə yetirərək göstərilən etimadı doğruldacağımıza söz veririk.
Bu gün Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, onlara göstərilən diqqət və qayğı dayanır. Bu qayğının qarşılığında, əlbəttə, böyük tələb və etimad var. Bu tələb torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, ordumuzun günü-gündən gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılmasıdır. Apardığımız söhbətlərdən də məlum olur ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bu etimadı doğrultmağa çalışan hər bir hərbi qulluqçu üçün həyat amalıdır.

 Pərviz HACILI

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR