26 Yanvar 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev açaraq 2019-cu ildə muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, ötən il də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, rayonlarda vətəndaşların qəbulu həyata keçirilib, eləcə də qаnunvеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq əhali аrаsındа hüquqi təbliğat və izahat işləri aparılıb.

Qeyd olunub ki, muxtar respublika məhkəmələrinin fəaliyyətində çevik idarəetmə, şəffaflıq, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmağa başlanılıb.
Məhkəmə sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar “İdeyadan başlanğıca” devizi altında startap layihələrin həyata keçirilməsi və dəyərləndirilməsi məqsədilə ekspert qrupu yaradıldığını, bu istiqamətdə tələbələrlə çoxsaylı görüşlər keçirildiyini bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının sədri Əli Allahverdiyev Nахçıvаn Muхtаr Rеspublikаsı rayon (şəhər) məhkəmələri tərəfindən 2019-cu ilin birinci yarısında baxılmış mülki işlərin ümumiləşdirilməsinin nəticələri barədə, Ali Məhkəmənin hakimi Vüqar Quliyev Nахçıvаn Muхtаr Rеspublikаsı birinci instansiya məhkəmələri tərəfindən 2019-cu ilin birinci yarısında baxılmış cinayət və inzibati xətalara dair işlərin ümumiləşdirilməsinin nəticələri haqqında məlumat veriblər.

*  *  *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasını nazir Rövşən Məmmədov açıb. Bildirib ki, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ildə də davam etdirilib. Belə ki, il ərzində plan tapşırıqlara 100,9 faiz əməl olunub, tarif gəliri əlavə dəyər vergisiz 9 milyon 617 min 672 manat təşkil edib.
Qeyd olunub ki, il ərzində Ordubad rayonunun Dəstə kəndində 704, Şərur rayonunun Kərimbəyli kəndində 384, Alışar kəndində 384, Babək rayonunun Kültəpə kəndində 192, Şahbuz rayonunun Türkeş kəndində 96 nömrəlik avtomat telefon stansiyaları yeni tikilən kənd mərkəzlərinə köçürülüb, standartlara uyğun yenidən qurulub. Ötən il muxtar respublikanın quruculuq işləri aparılan bir sıra yaşayış məntəqələri müasir telefon stansiyaları ilə təmin olunub. Belə ki, Şərur rayonunun Muğanlı kənd rabitə evində 192, Yeni Havuş və Xətai kəndlərini əhatə edən rabitə evində 192, Xələc kəndində 256, Məmmədsabir kəndində 256, Muğancıq Mehrab kəndində 192, Babək rayonunun Gülşənabad kəndində 192 nömrəlik yeni nəsil avtomat telefon stansiyaları qurulub. Həmçinin əhalinin tələbatı nəzərə alınaraq Babək rayonunun Nəcəfalıdizə kəndində 32 nömrəlik, Naxçıvan şəhərinin Hacıniyyət kəndində və Şəhriyar küçəsində hər birinin montaj tutumu 608 nömrə olan avtomat telefon stansiyaları açıq ərazilərdə qurularaq istifadəyə verilib.
Vurğulanıb ki, il ərzində 2329 yeni telefon nömrəsi istismara verilib. “Evədək optika” layihəsi çərçivəsində 35 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib və GPON avadanlığı quraşdırılıb. Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar 5-ci mərhələ üzrə işlər tamamlanıb, Culfa rayonunu əhatə edən bu layihə üzrə mövcud 21 ədəd Daewoo və Karel tipli avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunub. Ümumilikdə, bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının quraşdırma-tənzimləmə işləri başa çatdırılıb. Bundan əlavə, rayonun Əbrəqunus və Ərəfsə yaşayış məntəqələri arasında çəkilən 28 kilometr uzunluğunda 48 lifli yeraltı fiber-optik kabel xəttinin tikintisi başa çatdırılıb və bu xətt üzərində 10 GB/s-lik telekommunikasiya sistemi qurulub.
Diqqətə çatdırılıb ki, ötən il “Naxtel” mobil operatoru abunəçilərinin sayı 87 mini ötüb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı ADSL texnologiyası vasitəsilə il ərzində 7000-dən artıq yeni istifadəçi internetlə təmin olunub, əhali üzrə genişzolaqlı internet paylayıcı nöqtələrin aktiv sayı 30 minə yaxınlaşıb. “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən iclası giriş sözü ilə komitənin sədri Vaqif Rəsulov açıb. Bildirib ki, Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya­alınmasına yardım komissiyasının yaradılması haqqında” Sərəncamının icrası ilə əlaqədar yaradılan komissiyanın qərarı ilə təsdiq edilmiş iş planına əsasən müəyyən işlər həyata keçirilərək 2019-cu il oktyabr ayının 1-dən 10-dək muxtar respublikada əhalinin növbəti siyahıyaalınması təmin edilib. Əhalinin siyahıyaalınmasında sorğu yolu ilə əldə olunan fərdi göstəricilərin elektron məlumat bazasına daxil edilərək yekun məlumatların əldə edilməsi məqsədilə yeni server quraşdırılıb, proqram təminatı hazırlanıb. Həmçinin komitə tərəfindən muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı təhlili materialların hazırlanaraq kütləvi informasiya vasitələrində dərc etdirilməsi diqqətdə saxlanılıb, 2019-cu ildə, ümumilikdə, 126 adda təhlili, o cümlədən 28 tematik material hazırlanıb.
Qeyd edilib ki, ötən dövr ərzində şəhər və rayon statistika idarələri ilə birlikdə, ümumilikdə, 69 min 419 təsərrüfat subyektindən 100 min 701 sayda hesabat yığılıb ki, bunların da 100 faizi onlayn rejimində təqdim olunub. Hesabatlar əsasında muxtar respublika üzrə iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair göstəricilər əldə edilib. Bundan əlavə, 2019-cu ildə muxtar respublikanın inzibati ərazi dairələrində 114 min 269 təsərrüfat subyektinə dair göstəricilərin aktuallaşdırılması təmin edilib. Statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olan 1954 təsərrüfat subyektinin göstəricilərinin aktuallaşdırılması nəzərdə tutulan vaxtda başa çatdırılıb.
Vurğulanıb ki, bəhs olunan dövrdə, ümumilikdə, 644 müxtəlifməzmunlu sənəd daxil olub və icrası vaxtında təmin edilib. Bundan əlavə, vətəndaşlar tərəfindən komitənin elektron poçt ünvanlarına 7, yazılı surətdə isə 2 müraciət, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən elektron sənəd dövriyyəsi sisteminə isə 6 kollegiya qərarı, 33 məktub daxil olub. Kollegiya qərarları işə alınıb, digər müraciət və məktublar isə qanunvericiliklə nəzərdə tutulmuş vaxtda cavablandırılıb.
İclas məruzə ətrafında çıxışlarla davam edib.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR