18 Yanvar 2021, Bazar ertəsi

“Naxçıvan” Universitetində 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı universitetdə də uğurla icra olunur.

Qeyd edilib ki, hesabat ilində “Naxçıvan” Universitetində 15 ixtisas üzrə 1203 tələbə bakalavr, 7 ixtisas üzrə 20 tələbə magistr, 11 ixtisas üzrə 23 tələbə isə doktorant və dissertant təhsili alıb.
Rektor onu da vurğulayıb ki, ali təhsil ocağında kadr hazırlığı ilə 93 nəfərdən ibarət professor-müəllim heyəti məşğul olur. Onlardan 2-si elmlər doktoru, professor, 21-i fəlsəfə doktoru, dosent, 70-i isə baş müəllim və müəllimdir.
2015-ci ildən etibarən “Naxçıvan” Universitetinin “Elmi əsərlər” jurnalı nəşr olunmaqdadır. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısı”na daxil edilib, beynəlxalq kod alıb.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələr üçün də uğurlu olub. Ötən il beynəlxalq təlim və proqramlarda, müxtəlif sərgilərdə iştirak edilib, istər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından mühüm işlər görülüb. Hesabat ilində “Naxçıvan” Universiteti üçün Pakistanın Superior Universiteti, Banqladeşin Daffodil Beynəlxalq Universiteti və Karaçinin “Karaçi” Xarici Əlaqələr Şurası, İqra Universiteti və Qazaxıstanın Əhməd Yasəvi Universiteti ilə müqavilə imzalanaraq yeni əməkdaşlıq əlaqələri qurulub.
İclas məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən iclası şuranın sədri Sucaxan Novruzov açıb. Bildirilib ki, şurada 2019-cu ildə 100-dən çox ilk həmkarlar təşkilatı yaradılaraq sıraları möhkəmləndirilib. Bu gün şura 6 muxtar respublika, 10 şəhər və rayon birləşmiş həmkarlar ittifaqı komitəsi və 1587 ilk həmkarlar təşkilatını öz ətrafında birləşdirir. 2019-cu ildə muxtar respublika üzrə 3250 yeni iş yerinin açılması şuranın ittifaq üzvlərinin sayının artmasına səbəb olub.
Qeyd edilib ki, şura Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı ilə birlikdə muxtar respublikada fəaliyyət göstərən ali, ümumi təhsil məktəbləri kollektivlərinin, həmçinin nazirlik, komitə, idarə, müəssisə və təşkilatların əməkdaşlarının, idman federasiyaları kollektivlərinin, aztəminatlı, şəhid və sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə birlikdə Ağbulaq İstirahət Mərkəzində istirahətlərini təşkil edib. 2019-cu ildə 45 təşkilatın 2500-ə yaxın əməkdaşı Ağbulaq İstirahət Mərkəzində istirahət edib.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR