18 Yanvar 2021, Bazar ertəsi

Məşhur filosoflardan biri insan ömrünü əbədi zamanla müqayisədə bir göz qırpımına bərabər tutur. Və bir qədər dərindən düşünəndə bunun həqiqət olduğuna inanmaya bilmirsən. “Kitabi-Dədə Qorqud”dakı bu sətirləri xatırlayırsınızmı?

Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya.

Məsələ də bax, bu gəlimli-gedimli dünyada sənə verilən bir göz qırpımı boyda ömrü necə yaşamaqdır. Bu barədə düşünəndə günlərlə ac-susuz qalaraq qazandığı qəpik-quruşu qələmə, kağıza, zərfə verərək yazdıqlarını qəzet və jurnal redaksiyalarına göndərən Martin İdenin özünü təsdiq etməsindən bəhs olunan Cek Londonun “Martin İden”, ayaqları ilə gözəl rəsmlər çəkən Vinset Van Qoq haqqında İrvinq Stounun qələmə aldığı “Yaşamaq yanğısı”, dünya və Azərbaycan ədəbiyyatına məxsus bir sıra gözəl əsərləri xatırlayıram: Həyat insanı hər cür sınağa çəkə bilər, onu əzabla yaşamağa məhkum edə bilər. Bunlar fiziki ağrılarla yanaşı, insana həm də mənəvi ağrılar gətirən hallardır. O insan övladı həyatda özünü təsdiq edə bilir ki, həmin həyatın ona “bəxş etdiyi” çətinliklərə qalib gəlir... Bu düşüncələr ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində olarkən məndə yarandı.

Üz tutduğum müəssisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində uzaqdan diqqəti çəkir. Yəqin ki, Naxçıvan-Şərur magistralı ilə bu ərazidən keçənlər buranı, el dilində desək, “türmə” deyə tanıyırlar. Və müasir təfəkkürümüzdə belə ünvanlar, əslində, azadlıqdan məhrum edilmiş insanların islah yeri kimi formalaşsa da, 30-40 il bundan əvvəl məhkum həyatı yaşa­yanlar üçün heç də elə olmayıb. Elə o dövrdə belələrinin həyatını, sözün həqiqi mənasında, “məhv olmuş ömür” adlandırırdılar...
Penitensiar Xidmətin Təşkilat-Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimovla adıçəkilən magistraldan müəssisəyə gedən yolda gördüklərim ilk müsbət təəssürat yaradır. Ucu-bucağı görünməyən ərazidə yeni əkilmiş ting­lər diqqətimi çəkir. Öyrənirəm ki, 25 hektar ərazidə hər il yaşıllaşdırma işləri aparılır, əvvəlki illərdə əkilmiş tinglərə aqrotexniki qulluq göstərilir. Bu tədbirləri, təbii ki, məhkumlar yerinə yetirirlər. Deməli, onların gücündən xeyirxah məqsədlər üçün istifadə olunur, diyarımızın florasının zənginləşməsinə məhkumlar da töhfələrini verirlər. Düşünürəm ki, vaxt gələcək, dəmir barmaqlıqlar arasında məhkumluq həyatını başa vuranlar bu yoldan keçəndə əkdikləri fidan tinglərin qollu-budaqlı ağaclara çevrildiyini, insanlara xoş ovqat bəxş etdiyini görəndə görəsən nə fikirləşəcəklər? Yəqin ki, etdikləri ağılsız hərəkətə, pozduqları qanunlara görə burada yaşayarkən cəmiyyət üçün az da olsa, fayda verdiklərini...
Budur, müəssisənin qarşısındayıq. Ətrafa göz gəzdirirəm. Hər tərəf səliqə-sahmandadır. Ağacların, gül kollarının qayğı ilə əhatə olunduğu ilk baxışdan hiss edilir. Bir azdan belə qayğının məhkumlara da göstərildiyini görəcəyik...
İlk olaraq ötən dövr ərzində bu müəssisənin özünə göstərilən dövlət qayğısı haqqında məlumat vermək istərdik. 2008-ci ildə fəaliyyətə başlayıb. Bununla da bir sıra problemlər öz həllini tapıb. Muxtar respublikada cinayət törətmiş Azərbaycan vətəndaşlarının ölkənin müxtəlif yerlərdə fəaliyyət göstərən cəzaçəkmə müəssisələrinə aparılması, eyni zamanda cəza dövründə onların valideynlərinin, yaxınlarının görüşə getmələri blokada şəraitində olan muxtar respublikamız üçün bir sıra çətinliklər yaradırdı. Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yaradılması bu çətinlikləri tamamilə aradan qaldırıb. Müəssisənin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxış edərək bildirib ki, Azərbaycan vətəndaşları ölkəmizin milli sərvətidir. Biz bu sərvəti qorumalı, vətəndaşlarımızı Azərbaycanın inkişafına, ölkəmizin gələcəyinin, müstəqilliyinin möhkəmləndirilməsinə istiqamətləndirməliyik. Təsadüf, yaxud özünü idarə edə bilməməsi nəticəsində cinayət və ya qanun pozuntusu törətmiş şəxslər isə burada tərbiyə olunmalıdırlar.

Və bu vəzifənin yerinə yetirilməsi üçün müəssisədə hərtərəfli şərait yaradılıb. Elə bir şərait ki azadlıqdan məhrum edilmiş insanlar burada da onların arxasında dövlətimizin dayandığını hiss etsinlər. Bundan sonra müqəddəs qanunlarımızın pozulmasına yol verməsinlər, öz səhvlərini başa düşərək sağlam həyat yaşasınlar. Cəmiyyətimizə, dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqətli olsunlar. Bu əvəzolunmaz nemətlərin keşiyində dursunlar. 2016-cı ilin fevral ayında müəssisədə yeni yaradıcılıq və istehsalat binasının istifadəyə verilməsi daha bir qayğının ifadəsi kimi məhkumların islah olunmasına böyük töhfəsini verir. Bu, muxtar respublikada insan amilinə nə qədər dəyər verildiyinin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Məhkumluq həyatı yaşayan və peşəsi olmayan vətəndaşlar məhkumluq müddəti başa çatdıqdan sonra cəmiyyətə qayıdırlar. Müəyyən səbəblərə görə məhkumluq həyatı yaşayan bu insanların sonradan peşə öyrənmələrində müəyyən çətinliklər yaranır. Ona görə də yaradıcılıq və istehsalat sahəsində məhkumlara 10 ixtisas üzrə peşələr öyrədiləcək və onlar cəmiyyətə sənəti, peşəsi olan vətəndaş kimi qayıdacaqlar. Burada açılan ixtisaslar muxtar respublika üçün tələbat olan sahələrdir. Belə ki, muxtar respublikanın müəssisə və təşkilatlarında 500-dən artıq qazanxana fəaliyyət göstərir. Həmçinin kənd yaşayış məntəqələrində istifadəyə verilən xidmət mərkəzlərində bərbərxana, gözəllik salonları, dərzi otaqları istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Qarışıq Rejimli Cəzaçəkmə Müəssi­səsinin yaradıcılıq və istehsalat sahəsində müxtəlif peşələri öyrənən məhkumların bir hissəsi gələcəkdə məh­kumluq müddəti başa çatdıqdan sonra bu sahələrdə işlə təmin olunacaqlar”.
Müəssisənin rəis müavini, ədliyyə mayoru Rəşad Fərzəliyev iki mərtəbədən ibarət olan binadakı otaqlar barədə məlumat verir. Burada istehsalat və tədris, nəzarətçi otaqları, yeməkxana vardır. Binada istehsalat prosesi ilə yanaşı, kompüter istifadəçisi, nəqqaşlıq və misgərlik, ağac, daşduz üzərində oyma, dərzi, rəssam, ayaqqabı təmiri və bərbər peşələri üzrə kurslar da təşkil olunur. Bunun üçün tədris otaqları təyinatına uyğun avadanlıqlarla təmin edilib, kompüter otağında 8 kompüter dəsti quraşdırılıb, 29 məhkumun eyni vaxtda müxtəlif peşə fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılıb.

Onu da qeyd edək ki, burada müntəzəm olaraq keçirilən kurslarda Naxçıvan Regional Peşə Tədris Mərkəzinin müəllim və istehsalat ustaları öz bilik və bacarıqlarını məhkumlara öyrədirlər. Təkcə ötən il 3-ü xalçaçılıq və 15-i daş üzərində oyma olmaqla, 18 məhkuma sertifikat verilib. Ümumilikdə isə bu günədək 150 məhkum müxtəlif peşə sahələri üzrə sertifikat alıb.
Bir məsələni də qeyd edək ki, burada talelərinin onlara “bəxş etdiyi” məhkum həyatı yaşayan zərif cinsin nümayəndələri üçün qadın bölümü yaradılıb. Onlar bu bölümdə xalça toxuyur, müxtəlif hədiyyələr hazırlayırlar. Müəssisədə fəaliyyət göstərən çörək­bişirmə sexində müasir avadanlıqlar quraşdırılıb. Sexdə məhkumlar çalışır, onlar taleyin birgə yaşamağa məcbur etdiyi insanlar üçün keyfiyyətli çörək bişirilməsinə səy göstərirlər.
Ölkəmizdə insan sağlamlığına göstərilən qayğının bütün təzahürlərini burada da gördük.
Müəssisənin tibbi-sanitar hissəsində stomatoloji, ultrasəs müayinə, sarğı, psixiator, dermotoloq otaqları, əczaxana, laboratoriyanın xidmətindən istifadə olunur. Ehtiyac duyulanda Naxçıvan şəhərində fəaliyyət göstərən səhiyyə müəssisələrindən həkimlər dəvət edilir və bütün bunlar pulsuz həyata keçirilir.
Müəssisədə tikilmiş binalardan biri görüş bölməsidir. Buraya gələn qohum-əqrəbanın öz məhkum yaxınları ilə görüşməsi üçün qısa və uzun müddətə hərtərəfli şərait yaradılıb. Bölmə bütün məişət avadanlıqları ilə təchiz olunub. Mətbəx, televizor, soyuducu onların ixtiyarına verilib. Digər bir bölmə müəssisə nizam-intizamını pozanlar üçün nəzərdə tutulub. Ancaq son bir ildə həmin bölməyə heç bir məhkum salınmayıb. Bu isə onlar arasında aparılan düzgün maarifləndirici tədbirlər hesabına mümkün olub.
Anbar, camaşırxana, yeməkxanada yaradılmış şərait də yüksək səviyyədədir. Məhkumların fiziki sağlamlığının da qeydinə qalınır. Onlar 3 mini-futbol meydançasından istifadə edirlər. Müəssisədə bəzi idman növləri üzrə yarışlar təşkil olunur. Şahmat, futbol, voleybol üzrə yarışlarda məhkumlar bacarıqlarını nümayiş etdirirlər. Cəza­çəkənlərin asudə vaxtlarının səmərəli təşkilində müəssisədə fəaliyyət göstərən 7 kitabxananın böyük rolu var. Kitabxanalar zəngin kitab fonduna malikdir.

Müəssisədə məhkumlar üçün 3, zabitlər üçün 1 mağaza fəaliyyət göstərir. Bu da onların istədikləri məhsullarla təmin olunmasına imkan verir.
Polkovnik-leytenant Əli Rəhimovla müəssisənin böyük ərazisini gəzdikdən sonra məhkumların yaradıcılıq və istehsalat binasına qayıdaraq buradakı iş prosesini izlədik, onlarla həmsöhbət olduq. Məlumat üçün bildirək ki, burada müxtəlif ölçülərdə stollar, şkaflar, kompüter və telefon altlıqları, nərd taxtaları, şahmat və dama dəstləri və digər hədiyyələr hazırlanır. Bu məhsulların satışı da diqqət mərkəzindədir. Naxçıvan şəhərində açılmış mağazadan həmin məhsulları almaq olar. Həmçinin məhkumları görməyə gələn yaxınları da bu işdə fəallıq göstərirlər.
Məhkum Bayram Məmmədov, Elmar Fətəliyev, Arif Cəfərovla söhbətimizdə bildirdilər ki, onlar etdikləri əməldən peşmandırlar. Özlərinə düzgün yol seçməyi qarşılarına məqsəd qoyublar. Bu düzgün yolun ilk addımını elə yaradılan istehsalat sahəsində atıblar. Burada müxtəlif əl işlərinin hazırlanmasını öyrəniblər.
Onlar məhkumluq həyatı yaşamağı heç kimə arzulamadıqlarını, azadlıq qədər şirin nemətin olmadığını diqqətə çatdırdılar. Arifin dediklərindən: – Bax, bu gördüyünüz nərdtaxta məndən daha azaddır. Bir neçə gündən sonra o, azadlıqda müxtəlif insanların əlində olacaq. Amma mən azadlıqda deyiləm. Törətdiyim cinayətə görə çox peşmanam. Sonrakı peşmançılıq isə əsla fayda verməz. Burada həyatın mənasını daha yaxşı anladım. Yaradıcılıq və istehsalat binası mənim həyatımda dönüş yaratdı. Azadlıqda bu sənətimi davam ­etdirəcəyəm.
Elmar Fətəliyev: – İstərdim ki, ailəmin yanında olum, qazandığım puldan övladlarıma nələrsə alıb onları sevindirim. Elədiyim səhv ucbatından onlardan uzaq düşdüm. Düşünürdüm ki, bəs ailəmə, uşaqlarıma necə baxacağam? Bu istehsal sahəsi bizim həm də çörəkpulu qazanmağımıza şərait yaratdı. Bunun üçün dövlətimizə minnətdaram. Burada hərəmiz müxtəlif peşə öyrənirik. Azad olunan şəxslərin əksəriyyəti kimi, mən də öyrəndiyim peşəni azadlıqda da davam etdirəcəyəm. Bizə yaratdığı belə şəraitə görə dövlətimiz sağ olsun. Bu istehsal sahəsində hazırladığımız məhsulları sataraq qazandıqlarımızı evimizə göndəririk, ən başlıcası isə yoldaşlarımın da dediyi kimi, burada hansısa bir peşəyə yiyələnmişik.
Qeyd edək ki, biz müəssisədə olarkən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsi idi. Bu münasibətlə məhkumları təbrik edərək onlara arzularımızı bildirdik:
– Gün o gün olsun ki, siz də azadlığa qovuşub, xalqımızla həmrəy olub, dövlətimizin inkişafına töhfələrinizi verəsiniz.
Müəssisədən ayrılarkən məhkumlardan birinin sözlərini xatırladım:
– Azad olunacağım günü gözləyirəm.
Geri dönüb müəssisənin həyətində gəzişən o insanlara baxdım, ürəyimdə dedim:
– Gün o gün olsun...

 Muxtar MƏMMƏDOV

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR