21 Aprel 2021, Çərşənbə

“Elektron hökumət” artıq günün reallığı kimi XXI əsrdə dünya hökumətlərinin fəaliyyətini təmin edən, onun səmərəliliyini artıran əsas mexanizmlərdəndir. “Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir dövlət orqanına istənilən vaxt elektron rabitə vasitəsilə müraciət edə bilər. Sadə şəkildə desək, “Elektron hökumət” informasiya-kommunikasiya texnologiyalarından, ilk növbədə, kompyuterdən, internetdən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ, maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasının qurulmasıdır. Onun əsasında dövlət idarəetmə sistemi infrastrukturunun informasiyalaşdırılması, inzibati idarəetmə fəaliyyətinin avtomatlaşdırılması, kağız üzərində olan sənədlərin rəqəmli məkana keçirilməsi, onlayn rejimində vətəndaşlara operativ xidmətlərin göstərilməsi, əməliyyatlara məmur təsirinin minimuma endirilməsi, işin keyfiyyətinin və şəffaflığının artırılması durur.
“Elektron hökumət”in formalaşdırılmasının həm dövlət orqanları, həm də vətəndaşlar üçün nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu birlikdə aydınlaşdıraq. Bunun üçün mövcud sənəd dövriyyəsinə qısa bir nəzər yetirək.
Elektron sənəd dövriyyəsinin tətbiq edilməsinin perspektivlərini nəzərdən keçirmək üçün hazırda mövcud olan kağız-arxiv kargüzarlığının çatışmayan cəhətlərini qeyd etmək lazımdır. Belə ki, işlər kağız üzərində aparılan zaman həm işin özü, həm də sənədlərin saxlanması, uço­tu, axtarışı və onlara müraciət çətinləşir. Bu isə vətəndaşlarla işin effektivliyini azaldır, biznes proseslərini əhəmiyyətli dərəcədə ləngidir.

Ardını oxu...

Sivilizasiyaların qarşılıqlı hərəkəti, yəni inkişafının yüksək mərhələsinə gəlib çatmış sosial-mədəni sistemlərin bir-birinə qarşılıqlı təsir məsələsi, əsasən, qloballaşma prosesi ilə əlaqələndirilsə də, bu proses tarixin bütün dövrlərində özünü bu və ya digər formada göstərmişdir. Tədqiqatçılar bəzən doqquza yaxın inkişaf etmiş sosial-mədəni sistemi – sivilizasiyanı fərqləndirsələr də, inkar­olunmaz faktdır ki, ayrılan bu sistemlər, ümumilikdə, ya Qərb, ya da Şərq sivilizasiyasının tərkib hissəsi kimi çıxış etmişlər. Tarix boyunca qarşılıqlı olaraq Şərq Qərbə, Qərb isə Şərqə təsir göstərmişdir. Bu isə birbaşa olaraq insanın daim yeniləşmə və üstün mədəni dəyərlərə sahibolma istəyi ilə bağlı olmuşdur.
XIX əsrdən başlayaraq sivilizasiyaların təsir arealı insanların üstün mədəni sistemə can atmasından daha çox, sistemin özünü qəbuletdirmə gücü ilə əlaqədar genişlənmişdir. Həm coğrafi, həm də kulturoloji baxımdan Şərqin və Qərbin qovşağında yerləşən Azərbaycan tarixən Şərq dünyasının dəyərlərinin daşıyıcısı olmuşdur. Lakin eyni zamanda Azərbaycan xalqı Qərb sivilizasiyasının üstün inkişaf istiqamətlərindən də bəhrələnmiş, beləliklə, xalqımızın Şərq dəyərlərinin üstünlük təşkil etdiyi, eyni zamanda Şərq və Qərb dəyərlərinin sintezi şəklində meydana çıxan milli-mənəvi dəyərlər sistemi formalaşmışdır. Həm Qərb, həm Şərq və yaxud nə Qərb, nə Şərq prinsipi unikal və yalnız bizə məxsus olan bir milli-mənəvi sistemin meydana çıxmasına səbəb olmuşdur. Başqa sözlə desək, biz Qərb üçün Şərq, Şərq üçün isə Qərb dəyərlərinin daşıyıcısı mövqeyində olmuşuq. Elə bu səbəbdəndir ki, mədəni irs və müasirləşmə mövzusu XIX əsrin əvvəllərindən etibarən mənəvi həyatımızın ən aktual müzakirə mövzularından birinə çevrilmişdir.

Ardını oxu...

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarından biridir. Onun dövlətçilik tarixi beş min ildən artıqdır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik siyasi birliklər hələ e.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdır. İlk dövlət qurumu Aratta idi. Aratta Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmişdir. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır. E.ə. III minilliyin ikinci yarısında lullubi tayfalarının ittifaqı yaranmışdır. Sonradan su və turukki tayfaları bu ittifaqa daxil olmuşlar. E.ə. XXIII əsrdə lullubi tayfaları dövləti yaranmışdır ki, bu da Cənubi Azərbaycanın ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi. E.ə. III minilliyin ikinci yarısında Kutium dövləti yaranmışdır. Qədim Azərbaycan dövlət qurumları olan Lullubi və Kutium (kutilər) dövlətçilik tarixində dərin iz qoymuşlar. E.ə. I minillikdə-e. I minilliyinin əvvəllərində və sonrakı dövrdə Azərbaycan torpaqlarında Manna, İskit, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. IX əsrin ortalarından başlayaraq Azərbaycan ərazisində dövlət qurumları bərpa edilmişdir. Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Qacarlar Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutmuşdur. XX əsrin əvvəllərində Şimali Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti, Cənubi Azərbaycanda isə Azadistan dövləti yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti parlamenttipli demokratik respublika idi. 

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının iclası keçirilmişdir. İclasda Elmi-Texniki Şuranın üzvləri, nazirliyin mütəxəssisləri və strukturuna daxil olan təşkilatların nümayəndələri iştirak etmişlər. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, kənd təsərrüfatı naziri Məmməd Abbasov açmışdır.
Elmi-Texniki Şuranın katibi Əsgər Həsənov “Torpaq və digər daşınmaz əmlak üzərində yaranan qadağa, yükləmə və məhdudiyyətlərin əsasları” mövzusunda məruzə etmişdir. Qeyd olunmuşdur ki, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi və istifadəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. Bu da aqrar sahənin inkişafında mühüm yer tutan iri fermer təsərrüfatlarının və sahibkarlıq subyektlərinin yaradılmasında başlıca amildir.
Məruzədə torpaq və daşınmaz əmlak üzərində yaranan icarə, istifadə, girov, ipoteka hüquqları haqqında da məlumat verilmişdir.
İclasa Məmməd Abbasov yekun vurmuşdur.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Ulu öndər Heydər Əliyevin iqtisadi təlimində regional inkişaf əsas yer tutur

İqtisadi və sosial məsələlərin həllinə kompleks yanaşma, ayrı-ayrı sahələrin və regionların tarazlı inkişafının təmin edilməsi görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin iqtisadi fəaliyyət strategiyasında mühüm yer tutur. İqtisadiyyatımızın uzun illər boyu mərkəzin mənafeyinə uyğun birtərəfli qaydada inkişaf etdirilməsi bir sıra sosial və iqtisadi problemlər meydana gətirmişdi ki, bunların da böyük əksəriyyəti iqtisadiyyatın natamam və zərərli strukturu, onun ərazi təşkili və yerləşməsindəki disproporsiyalarla bağlı idi.
Tarixi geriliyin aradan qaldırılması zəruriliyi sonrakı dövrlərdə iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilməsini və onun sürətlə inkişaf etdirilməsini tələb edirdi. Bu missiyanı 1969-cu ildə respublikamıza rəhbər seçilən ümummilli lider Heydər Əliyev öz üzərinə götürdü. 1969-1982-ci illərdə onun rəhbərliyi altında regionlarda müxtəlif iri istehsal və infrastruktur obyektləri istifadəyə verilmişdir. Sənayeləşdirmə siyasətinin məntiqi nəticəsi olaraq, 14 il ərzində Azərbaycanda güclü sənaye potensialı formalaşdırılmışdı. Həmin illərdə yaradılan 300-dən çox iri və orta sənaye müəssisəsinin böyük hissəsi məhz regionların payına düşürdü.

Ardını oxu...

Bu gün Azərbaycanın nizami ordusu var və əldə olunan nailiyyətləri tam mənada anlamaq üçün 23 il geriyə baxmaq kifayətdir. Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılmasının yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olduğunu indi hər bir azərbaycanlı minnətdar­lıq hissi ilə xatırlayır. Xalqın dahi rəhbərinin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla həyata keçirən Ali Baş Komandan cənab İlham Əliyev isə bu istiqamətdə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib.
Silahlı Qüvvələrimiz regionda bu gün söz sahibidir və bunu beynəlxalq hərbi ekspertlər də təsdiqləyirlər. Ötən ilin iyun ayında keçirilən əməliyyatlar nəticəsində düşmən tərəfin ağır itkilərə məruz qalması, yüksək rütbəli zabitlərimizin Qarabağı 10 gün ərzində azad edə biləcəyimizi bəyan etmələri ordumuzun güc və qüdrətinin ilbəil deyil, günbəgün artmasından xəbər verir.
Ordu quruculuğu sahəsində əhəmiyyətli bir mərhələnin arxada qalmasına baxmayaraq, proses davam edir. Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsi üçün ölkəmizdə siyasi sabitliyin davamına böyük ehtiyac var. Qarşıdan prezident seçkiləri gəlir. Azərbaycanın gələcək inkişafını, çiçəklənməsini qəbul edə bilməyən qüvvələr yenə də iş başındadır. Bu qüvvələr hər vəchlə ölkədə qarmaqarışıqlıq salmağa çalışır, xalqın öz ordusuna olan inamını zəiflətməyə səy göstərirlər. Lakin bütün cəhdlər boşunadır. Xalq-ordu birliyi sarsılmazdır və bu birlik ordumuzun zəfər qazanmasına təminat verəcək. Buna heç bir qüvvə əngəl ola bilməz.

Ardını oxu...

Yanvarın 19-da Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov xalqımızın müstəqillik uğrunda apardığı mübarizə və Qanlı Yanvar faciəsinin səbəblərindən ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc insanlara qarşı o zaman Sovet İttifaqına rəhbərlik edən şəxslərin tapşırığı ilə görünməmiş vəhşiliklər törədilmiş, əhali amansızcasına qətlə yetirilmiş, yüzlərlə insan yaralanmışdır. Xalqımız üçün bu ağır günlərdə ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək faciəni törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ulu öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Baş konsul demişdir ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq mübarizəsinə qarşı törədilmiş qanlı cinayətdir. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış bu tarix eyni zamanda qəhrəmanlıq və qürur səhifəsidir.
Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuş, tədbir iştirakçıları fotostendlərə baxmışlar.
Mərasimdə Qars valisinin müavini, Qars Şəhər Bələdiyyəsi sədrinin müavini, Ədalət və İnkişaf Partiyasının, Milliyyətçi Hərəkat Partiyasının və Cümhuriyyət Xalq Partiyasının Qars vilayət rəhbərləri və üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmiş, ehsan süfrəsi açılmışdır.

“Şərq qapısı”

Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq salnaməsi kimi yazılmış 20 Yanvar faciəsi 23 ildir ki, böyük ehtiramla yad olunur. Xalqını və dövlətini sevən, dövlətçiliyimizi və ölkəmizin ərazi bütövlüyünü qorumağı özünün vətəndaşlıq borcuna çevirən hər bir azərbaycanlı müqəddəslik ünvanlarına – şəhidlərimizin uyuduğu xiyabanlara üz tutur, azadlığımız uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan el oğullarımızı ehtiramla yad edirlər.
Yanvarın 20-də saat 1200-da Azərbaycanın bütün ərazilərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, nəqliyyat dayanmış, avtomobillərdən səs siqnalları verilmişdir.
Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılaraq səs siqnalları verilmişdir.

Xəbərlər şöbəsi

Və yaxud 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı “Şərq qapısı” qəzetində ilk etiraz məqalələrini kimlər yazıb?

Cəmiyyət ayrı-ayrı insanların, fərdlərin sosial əlaqələri, qarşılıqlı təsir münasibətlərinin nəticəsi olaraq meydana çıxan bir sistemdir. Yəni insanlar şüurlu şəkildə, ortaq maraqlar uğrunda birləşmək, cəm olmaq bacarığına yiyələnəndən sonra cəmiyyətə çevriliblər. Birləşmənin, bildiklərini təkcə özü üçün deyil, ətrafındakı insanların ümumi mənafeyi naminə sərf etmənin fərqinə isə ilk dəfə, yəqin ki, təfəkkürü daha yüksək inkişaf etmiş insanlar varıblar. Təkcə özlərinin deyil, ətrafdakı insanların da yoluna işıq saçmaq haqqında düşünən o insanları, bəlkə də, elə buna görə bəşər cəmiyyətinin ilk beşiklərindən olan Azərbaycanda ziyalı adlandırıblar.

Həqiqətən də, bizim cəmiyyətdə təkcə özünü inkişaf etdirib öz yoluna işıq saçanlara deyil, özünü cəmiyyət üçün inkişaf etdirib cəmiyyətin yoluna işıq saçanlara ziyalı deyiblər. Həqiqi ziyalı xalqının, ölkəsinin ən çətin günlərində xalqının sözünü deyə bilən insandır. Ölkəmizin, o cümlədən Naxçıvanımızın tarixinin ən çətin dövrlərindən birini 1990-cı ilin yanvarında yaşadığı kimsəyə sirr deyil. AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev o zamankı hadisələrin müstəqil bir mətbu orqan olaraq çapdan çıxan “Şərq qapısı” qəzetinin ilk 7 sayında əksini tapdığını dedi və şəxsi arxivindən tapdığı qəzetin 6 sayını mənə təqdim etdi.

Ardını oxu...

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda anım tədbiri keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş konsul Əli Əlizadə çıxış edərək 20 Yanvar faciəsinin səbəbləri və nəticələri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq və mübarizə tarixinə əbədi həkk olunmuşdur. Faciənin törədilməsində əsas məqsəd xalqın müstəqillik uğrunda apardığı mübarizəni yerindəcə boğmaq, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına şərait yaratmaqdan ibarət olmuşdur. 20 Yanvar faciəsinə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirən Baş konsul demişdir ki, Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, ölkə­mizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır.
Sonra 20 Yanvar faciəsindən bəhs edən “19 yanvar və bir gün sonra” adlı sənədli film nümayiş olunmuş, iştirakçılara 20 Yanvar faciəsini əks etdirən əyani vəsaitlər paylanmış, hazırlanmış fotostendlərə baxış olmuş, ehsan süfrəsi açılmışdır.
Anım tədbirində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, yanvarın 17-də Təbrizin çoxtirajlı mətbuat orqanlarından olan “Şəhriyar” qəzetinin 251 saylı buraxılışında “20 Yanvar: şəhidlik-qəhrəmanlıq” adlı məqalə də dərc olunmuşdur.

“Şərq qapısı”

AMEA Naxçıvan Bölməsində keçirilən konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təlim keçmiş qoşun hissələrinin dinc əhaliyə qarşı törətdiyi misli görünməmiş vəhşiliklərin tariximizin ən qanlı səhifələrindən olduğunu qeyd edib.
Qanlı qırğınlara hüquqi-siyasi qiymətin verilməsi tarixindən də danışan İsmayıl Hacıyev bu istiqamətdə ilk addımın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən atıldığını, məhz ulu öndərin səyləri sayəsində hadisələrə real hüquqi-siyasi qiymət verildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra elmi məruzələr dinlənilib. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Heydər Əliyev və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi”, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov “20 Yanvar faciəsinin səbəbləri və günahkarları”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “20 Yanvar şəhidləri – iftixar mənbəyimiz”, Nurlana Əliyeva “20 Yanvar hadisələri: xalqımızın qəhrəmanlıq tarixi”, Elnur Kəlbizadə “Qanlı Yanvarın ibrət dərsləri” mövzularında elmi məruzələrlə çıxış ediblər.
Məruzələrdə qeyd edilib ki, 20 Yanvar qan yaddaşımıza yazılmış faciəli tariximiz, eyni zamanda qəhrəmanlıq salnaməmizdir.
Elmi konfransda 20 Yanvar hadisələrini əks etdirən slayd nümayiş etdirilib.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan Dövlət Texniki Kollecində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Azadlığa gedən yol” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin tədris işləri üzrə direktor müavini Asəf Ruşanov açmışdır. Sonra tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov faciənin yaranma səbəblərindən, rus imperiyasının törətdiyi qanlı cinayətlər nəticəsində xalqımızın başına gətirilmiş müsibətlər, baş verən qanlı qırğın barədə söz açmışdır. O, həmin ağır dəqiqələrdə Vətəndən uzaqlarda olsa belə, öz millətinin, xalqının taleyinə biganə qala bilməyən ümummilli liderimiz Heydər Əliyevin bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə apardığı mübarizədən danışmışdır. Bildirilmişdir ki, həmin gün milli azadlığı, özünün ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı törədilən kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi. Ancaq 1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Tədbirdə çıxış edənlər vurğuladılar ki, 20 Yanvar şəhidlərinin mübarizəsi və fədakarlığı hədər getməyib. Onların uğrunda canlarını fəda etdikləri müstəqil Azərbaycan dövləti günü-gündən inkişaf edir, qüdrətlənir, daha da çiçəklənir.
Sonda tələbələrin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında xalqımızın şərəf və qəhrəmanlıq salnaməsini öz qanlarıyla yazmış 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov açaraq çıxış edib. Bildirilib ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Xalqımız uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşdu və ölkəmiz suverenlik əldə etdi.
Vurğulanıb ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini daim uca tutur və dərin ehtiramla yad edir. Bu hadisələr yaddaşımızda, qəlblərimizdə əbədiləşib, azadlığın rəmzi abidəsinə, heykəlinə çevrilib. Bugünkü gənclik nikbindir: 20 Yanvarla, o gecənin tarixə düşən qəhrəmanlarıyla qürur duyur, xalq kimi, millət kimi sınmadığımız, əyilmədiyimiz, məğlub olmadığımız üçün öyünür. Bu, qan yaddaşımıza yazılmış faciəli tariximizdir, eyni zamanda qəhrəmanlıq salnaməmizdir.
Tədbirdə çıxış edən şura əməkdaşları Səbuhi Hüseynov, Əfsanə Hüseynova, Anar Qəhrəmanov, İmran Kələşov bildirmişlər ki, xalqımız öz əqidəsi və məsləki uğrunda qurban gedən şəhidlərini heç vaxt unutmayacaq, onların əziz xatirəsi daim yaşayacaqdır.

Xəbərlər şöbəsi

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 20 Yanvar faciəsindən 23 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günün ağrı-acısını unutmur, öz qəhrəman övladlarını ehtiramla yad edir.
Bu fikirlər bu gün muxtar respublikamızda ali, orta ixtisas və orta məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş dərs saatlarında səsləndirilmişdir. Dərslərdə həmin faciə bir daha xatırlanmış, 1990-cı il hadisələri barədə şagird və tələbələrə ətraflı məlumat verilmişdir. Dərs müddətində xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi qiymət verməsi və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü mühüm işlərdən də bəhs edilmişdir.

Xəbərlər şöbəsi

Dünən Babək Rayon İcra Hakimiyyətində 2012-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq məruzə edib.
Ötən il rayonda həyata keçirilən tədbirlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr haqqında danışan icra başçısı deyib ki, muxtar respublikada aparılan quruculuq işlərindən Babək rayonu da xeyli bəhrələnib. Belə ki, rayonun kənd yaşayış məntəqələrində və Babək qəsəbəsində onlarla müxtəlif təyinatlı binalar tikilərək istifadəyə verilib, yeni binaların inşa olunmasına başlanılıb. Yeni yollar çəkilib, mövcud olanlar təmir edilib, körpülər salınıb, əhalinin suya, elektrik enerjisinə, mavi yanacağa, istiliyə olan tələbatının ödənilməsi üçün məqsədyönlü işlər həyata keçirilib.
Bəhs edilən dövrdə rayon Tikinti-Quraşdırma İdarəsi tərəfindən 4 milyon 514 min manatlıq iş aparılıb, rayon Yol Təmir-İstismar İdarəsi tərəfindən 242 min 565 manatlıq iş icra edilib. Ötən il rayonda 247 fiziki və 2 hüquqi şəxs qeydiyyata alınıb, onlara sahibkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Rayonda aqrar sahənin inkişafı üçün münbit şəraitin olması səbəbindən kənd təsərrüfatına xüsusi önəm verilib. Ötən il 10 min 19 hektar sahədə taxıl biçini keçirilib, 30 min 730 ton məhsul əldə edilib. Hesabat dövründə taxıl əkininə görə torpaq mülkiyyətçilərinə dövlət tərəfindən 548 min 48 manat vəsait, 1177,7 ton azot, 79,2 ton fosfor gübrəsi olmaqla, cəmi 1256,9 ton güzəştli gübrə verilib. 2012-ci ildə rayonda 5 min 841 ton meyvə, 5 min 427 ton üzüm, 23 min 819 ton bostan, 16 min 212 ton tərəvəz məhsulları, 5 min 373 ton kartof, 197 ton günəbaxan və 540 ton dənli-paxlalılar istehsal olunub.
Keçirilən iməciliklərdə 22,9 hektar sahədə meşəsalma və 24 hektar sahədə meşəbərpa olmaqla, cəmi 46,9 hektar sahədə yaşıllıqlar salınıb. Bu məqsədlə 25 min 630 ədəd meyvə, 1450 ədəd meşə ağacı əkilib.

Ardını oxu...

Dünən Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatında “20 Yanvar – müstəqillik tarixinin qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov açaraq bildirmişdir ki, 20 Yanvar Azərbaycan tarixinə təkcə faciə deyil, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Bu hadisə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən ermənilərin təcavüzkar hərəkətləri və keçmiş sovet rəhbərliyinin onlara havadarlığından hiddətlənən, qəti etirazını bildirən geniş xalq kütləsinin qəhrəmanlıq nümunəsi, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladlarının şəhidlik zirvəsinə ucalmasının ifadəsi kimi tarixdə qalacaqdır.
Bildirilmişdir ki, bu qəhrəmanlıq nümunəsi nəticəsində xalqımız uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşmuşdur. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, tarixin daş yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. İsa Məmmədov xalqımıza qarşı törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən geniş bəhs etmişdir.
Tədbirdə partiya üzvlərindən Sədaqət Mahmudov, Füzuli Salmanov və Elnur Abbasov çıxış etmişlər.

Ardını oxu...

Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu, elə bir səhifədir ki, 23 il sonra xatırladığımız zaman belə, bizə milli ideallar uğrunda mübarizənin, bu yolda hər cür məhrumiyyətlərə sinə gərmək əzminin nə demək olduğunu xatırladır. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu, müstəqilliyi pay olaraq deyil, haqq olaraq aldığını sübut edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən bu faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir.

Əslində, sovet imperiyası rəhbərliyinin 20 Yanvar faciəsini törətməkdə məqsədi təkcə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli azadlıq hərəkatına zərbə vurmaq deyildi; törədilən bu faciə həm də azadlıq mübarizəsinə qalxmış digər müttəfiq respublikalara “dərs vermək” istəyindən irəli gəlirdi. 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərmanın imzalanması, o zamankı SSRİ rəhbəri M.Qorbaçovun göstərişi və Azərbaycanın səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridilməsi, ölkəni informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün respublika televiziyasının enerji blokunun partladılması, qəzet və jurnalların nəşrinə qadağa qoyulması ermənipərəst mərkəz tərəfindən Azərbaycan xalqına qarşı aparılan mənəvi, ideoloji, siyasi təcavüz və terror idi.

Ardını oxu...

Yanvarın 17-də Şərur Rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 2012-ci ildə də rayonda tikinti-quruculuq işləri geniş vüsət almış, Şərur Rayon Rabitə İdarəsi, Dərəkənd, Danyeri və Qorçulu kəndlərində kənd və xidmət mərkəzləri, Qarxun kəndində xidmət mərkəzi, Danyeri kəndində həkim ambulatoriyası inşa edilərək istifadəyə verilmişdir. Bundan başqa, Yuxarı Aralıq və Danyeri kəndlərinin hər birində 414, Dərəkənd və Qorçulu kəndlərinin hər birində isə 216 şagird yerlik tam orta məktəb binalarının inşası başa çatdırılmış, Qarxun kəndində isə 504 şagird yerlik tam orta məktəb binası, həmçinin Yuxarı Daşarx kəndində Uşaq Musiqi Məktəbi, Danyeri kəndində məscid binaları əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Hazırda rayon İcra Hakimiyyətinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur Rayon Şöbəsinin inzibati binasının və texnika parkının tikintisi davam etdirilir, Gümüşlü kəndində inşa edilən 20,5 meqavat gücündə olan Arpaçay Su Elektrik Stansiyasının tikintisində son tamamlama işləri aparılır.
Ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaqla təmin etmək, daxili tələbatın ödənilməsində idxaldan asılılığı azaltmaq və sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirilmiş, 1766 torpaq mülkiyyətçisinə 7425 hektar ərazidə buğda əkininə görə 297 min manat məbləğində yardım verilmiş, 1145 ton mineral gübrə paylanmışdır. Aparılan tədbirlər nəticəsində payızlıq taxıl əkinləri də daxil olmaqla, 17 min 110,5 hektar torpaq sahəsində əkin keçirilmiş, rayon üzrə 17 min 971 ton meyvə, 1401 ton üzüm, 19 min 454 ton tərəvəz, 5218,2 ton bostan məhsulları, 2125 ton dən qarğıdalı, 76,3 ton günəbaxan, 9774 ton kartof istehsal olunmuşdur. Biçin keçirilmiş 9177 hektar taxıl sahəsindən 28 min 230 ton məhsul yığılmış, orta göstərici 30,8 sentner olmuşdur. 2012-ci ilin payızında 7425 hektar sahədə taxıl əkini keçirilmişdir ki, bunun 7312 hektarını buğda, 113 hektarını isə arpa təşkil edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə komissiyanın sədri Etibar Musayev açaraq məruzə edib.
Məruzəçi bildirib ki, komissiya qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb, müxtəlif sahələrdə dövlət qulluğu siyasətinin həyata keçirilməsində keyfiyyət amilinə xüsusi diqqət yetirib, dövlət orqanlarının bacarıqlı kadrlarla təmin olunması, dövlət qulluqçularının peşə hazırlığının yüksəldilməsi, onların etik davranış qaydalarına əməl etmələrinə nəzarət edilməsi və sair tədbirlərin həyata keçirilməsinə nail olub.
Qeyd edilib ki, ötən il dövlət orqanlarında inzibati vəzifələrin V-VII təsnifatına uyğun vakant vəzifələrin tutulması üçün müsabiqə keçirilib. İl ərzində Naxçıvan Muxtar Respublikası Vergilər, Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərində, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində, Naxçıvan Muxtar Respublikasının prokurorluq, vergi orqanlarında vakant vəzifələrin tutulması üçün keçiri­lən test imtahanları yüksək səviyyədə təşkil edilib. Dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının növbəti attestasiyasının keçiril­məsi üçün 1 oktyabr 2012- ci il tarixdə attestasiya elan edilib. 17 avqust 2012-ci il tarixdə dövlət orqanlarında inzibati vəzifələrin V-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə elan edilib və müsabiqədə uğurlu nəticələr göstərənlər dövlət orqanlarında müvafiq işlə təmin olunublar.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli 20 Yanvarın Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixində şanlı səhifə olduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, bu faciə milli birlik və ləyaqətimizi sübut etməklə, bütövlükdə, zülmə, əsarətə qarşı mübarizə rəmzinə çevrilmişdir. Təşkilatın sədri xalqımıza qarşı törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən geniş bəhs etmişdir.
Sonra YAP Naxçıvan şəhər təşkilatı Qadınlar Şurasının üzvü Ayşən Əsgər­ova “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı cinayətdir”, YAP AMEA Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk təşkilatının sədri Ramiz Qasımov “Qəhrəmanlıq ənənələrimizin 20 Yanvar nümunəsi” mövzularında məruzələr etmişlər. Məruzələrdə qeyd olunmuşdur ki, bu faciə XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin davamı idi. Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, qondarma Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, süqutu labüd olan işğalçı sovet imperiyasının özünüxilas cəhdləri Azərbaycan xalqını müstəqillik uğrunda ölüm-dirim mücadiləsinə qaldırmışdı. Milli azadlıq hərəkatını boğmaq üçün Azərbaycanın xəyanətkar dövlət başçılarının dəstəyi ilə keçmiş SSRİ-nin böyük əksəriyyəti ermənilərdən ibarət olan silahlı ordusu Bakıda növbəti soyqırım aktı törətmiş, eyni zamanda Naxçıvan erməni işğalına məruz qalmışdır. Təəssüflər olsun ki, nə o zamankı iqtidar, nə də sonradan hakimiyyətə gələn AXC-Müsavat cütlüyü faciəyə siyasi qiymət vermək üçün əməli addımlar atmadılar. Həmin dövrdə hadisəyə siyasi-hüquqi qiymət verilməsi üçün lazımi işlər görmək mümkün idi. Hakimiyyətdə təmsil olunan şəxslərin yarıtmaz fəaliyyətləri, cəsarətsizliyi nəticəsində qanlı terror aktını törədənlərin istintaqı aparılaraq adlarının müəyyənləşdirilməsi istiqamətində heç bir tədbir görülməmişdir.

Ardını oxu...

1924-cü il yanvarın 18-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsi Naxçıvan Daxili İşlər Komissarlığına çevrilmişdir. Həmin dövrdə daxili işlər orqanları muxtar respublika ərazisində ictimai qaydanı və təhlükəsizliyi təmin etməklə yanaşı, Vətənə və xalqa sədaqətlə xidmət etmiş, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.

Naxçıvanın polis əməkdaşları 1920-1940-cı illərdə sabitliyin və asayişin qorunmasında mətinlik göstərmiş, 1941-1945-ci illər müharibəsi dövründə ön cəbhələrdə faşistlərə qarşı mərdliklə vuruşmuşlar. 1988-1993-cü illərdə erməni silahlı birləşmələrinin torpaqlarımıza hücumu zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Naxçıvan polisi rəşadətlə mübarizə aparmışdır.
Yeni dövrdə Azərbaycanın daxili işlər orqanlarının hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderimizin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənmiş, əməkdaşların peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdir. Müstəqillik illərində də daxili işlər orqanlarının maddi-texniki bazası müntəzəm əsasda möhkəmləndirilmiş, zəruri kadr potensialı yaradılmışdır. Daxili işlər orqanlarının fəaliyyətinə stimul verən, onu xalqa və dövlətə xidmətə səfərbər edən ulu öndərimizin səyi nəticəsində cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək dönməz xarakter almış, kriminogen durum nəzarətə götürülmüşdür. İnsanların polisə inamı və etimadı artmış, daxili işlər orqanlarının normativ hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar qəbul edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 18 yanvar 1924-cü ildə yaradılmışdır. Xalq Ədliyyə Komissarlığı adlanan bu qurum 30 mart 1946-cı ildən Ədliyyə Nazirliyinə çevrilmişdir. Lakin qısa müddətdə nazirliyin səlahiyyətləri məhdudlaşdırılaraq başqa orqanlara verilmiş, qurumun sabit fəaliyyət istiqaməti olmamışdır.
1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlişindən sonra ədliyyə sisteminin formalaşdırılmasına da xüsusi diqqət göstərilmiş, 1971-ci ildə Naxçıvan MSSR Ədliyyə Nazirliyi yaradılmışdır. Nazirlik bu dövrdən etibarən muxtar respublika ərazisində məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımın göstərilməsini və notariat fəaliyyətinin aparılmasını təmin etmişdir.
“Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik, hüquqi cəmiyyət qurmaq yoludur”, – deyən ümummilli liderimizin rəhbərliyi ilə müstəqillik illərində digər sahələrlə yanaşı, hüquq sistemində də ardıcıl islahatlar aparılmış, yeni hüquq və məhkəmə sisteminin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz ulu öndərin bilavasitə sədrliyi ilə yaradılan Hüquqi İslahat Komissiyası tərəfindən bu sistemin yenidən qurulmasına başlanmış, beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla yeni qanunvericilik sistemi formalaşdırılmışdır. Ulu öndərin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəmə qərarlarının və cəzaların icrası, normativ aktların qeydiyyatı, müvafiq məhkəmələrin maliyyə, digər maddi-texniki təminatlarının həyata keçirilməsi və digər sahələr üzrə əlavə səlahiyyətlər verilmişdir. Əlavə və dəyişikliklərə qədər nazirlik azsaylı ştat vahidi ilə fəaliyyət göstərirdisə, həmin fərmanın qəbulundan sonra nazirliyin mərkəzi aparatının yeni strukturu təsdiq edilmiş, yeni şöbə və bölmələr yaradılmışdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir. Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev 2012-ci ilin yekunları ilə bağlı məruzə ilə çıxış etmişdir.
Nazir bildirmişdir ki, Ədliyyə Nazirliyi 2012-ci ildə əsas fəaliyyət istiqamətlərindən olan hüquqi ma­arifləndirmə işini genişləndirmiş, ədliyyə orqanları əməkdaşlarının və geniş ictimaiyyətin hüquqi ma­a­rifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmişdir.
Ötən il icra xidmətinin bölmə və qruplarının icraatına 1043 icra işi daxil olmuş, bunlardan 361 icra işinin icrası başa çatdırılmış, 531 icra işi icraya yönəlmiş, 57 icra işi geri qaytarılmış, 89 icra işi ərazi aidiyyəti üzrə göndərilmiş, 5 icra işinin icraatı dayandırılmışdır.
İki təhsil müəssisəsi qeydiyyata alınmış, vətəndaşlıq vəziyyəti aktları ilə əlaqədar təkrar şəhadətnamələrin verilməsi və sənədlərin leqallaşdırılması ilə bağlı 7585 manat rüsum dövlət büdcəsinə ödənilmişdir.
Qeyd edilmişdir ki, ötən il nazirliyə 2174 müxtəlif məzmunlu sənəd daxil olmuşdur. Həmin sənədlərdən 129-u ərizə-şikayət, 2045-i isə müraciət xarakterlidir. Müqayisə göstərir ki, 2012-ci ildə 2011-ci ilə nisbətən sənəd sayında 764 fakt azalma, vətəndaş müraciəti sayında isə 16 fakt çoxalma olmuşdur. Vətəndaş müraciətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmış, mahiyyəti üzrə aidiyyəti orqanlara göndərilmiş, şikayətçilərə qanuna uyğun cavablar verilmiş, onların hüquqları izah edilmişdir.

Ardını oxu...

Naxçıvan Şəhər İcra Hakimiyyətində ötən ilin yekunları və cari ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncağı İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq geniş məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 2012-ci ildə iqtisadiyyatın, sənayenin, sosial-mədəni və infrastruktur sahələrinin inkişafı, məşğulluq səviyyəsinin artırılması istiqamətində bir sıra işlər görülmüşdür.
Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni istehsal müəssisələrinin yaradılması, sənaye və emal müəssisələrinin yenidən qurulması, sosial infrastrukturun inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, qeyri-məşğul əhalinin işlə təminatı daim diqqət mərkəzində saxlanılmış, bu sahədə müvafiq işlər görülmüşdür.
Hesabat ilində genişmiqyaslı quruculuq tədbirləri davam etdirilmiş, müxtəlif nazirlik, idarə, müəssisə, təşkilatlar, təhsil, səhiyyə, mədəniyyət, rabitə, yol təsərrüfatı və digər infrastrukturlar, emal və istehsal müəssisələri üçün yeni binalar inşa olunaraq istifadəyə verilmişdir. Hazırda tikinti-quruculuq, təmir-bərpa və abadlıq işləri şəhərin müxtəlif ünvanlarında davam etdirilir.

Ardını oxu...

İclasda 2012-ci ildə muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov 2012-ci ildə muxtar respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, eləcə də оnların maddi-tехniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi ilə bağlı bir sıra işlər görülmüşdür.
Ali Məhkəmənin sədri qeyd etmişdir ki, 2012-ci il ərzində Ali Məhkəməyə dахil оlаn ərizə və şikayətlər vaxtında öyrənilərək nəticələri barədə vətəndaşlara qanunla müəyyən olunmuş qaydada cavablar verilmiş, mürаciət еtmiş vətəndaşların şikayətləri аrаşdırılıb həll edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi 2012-ci il ərzində hаkimlərin pеşə bаcаrıqlаrının аrtırılmаsı, onların hüquqi biliklərinin daha da möhkəmləndirilməsi istiqamətində, eləcə də milli qаnunvеriciliyə еdilən əlаvələr və dəyişik­liklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işləri аpаrılması sahəsində bir sıra tədbirlər həyаtа kеçirmişdir. Vətəndaşların hüquq xidmətlərinə olan tələbatını təmin etmək, ədalət mühakiməsinin səmərəliliyini daha da artırmaq, vahid məhkəmə təcrübəsinin formalaşmasını stimullaşdırmaq məqsədilə ötən ilin iyul ayında Məlumatlandırma mərkəzi fəaliyyətə başlamışdır.

Ardını oxu...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində gənclərin ordu sıralarına yola salınması mərasimi keçirilib. Tədbirdə idarənin rəisi, polkovnik-leytenant Firudin Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Ordusunun muxtar respublikadakı hərbi birləşmələrində inkişafa doğru böyük dəyişikliklər baş verir. Hərbi hissələrdəki şərait, əsgərlərin normal qida və geyimlə təminatı yüksək səviyyədədir, gənc döyüşçülərə döyüs sirlərinin öyrədilməsi işi böyük məharətlə həyata keçirilir.
Mərasimdə Şərur Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq- Mühafizə Orqanları Veteranları Şurasının sədri Əli Qəribovun, Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Füzuli Hüseynovun və başqalarının çıxışları olub. Çıxış edənlər ordumuza göstərilən dövlət qayğısından, xalq-ordu birliyinin sarsılmazlığından, orduda xidmət etməyin şərəf işi olmasından danışıblar.
Gənc çağırışçılar adından çıxış edən Nahid Bilali hərbi xidmətə yollanmaqdan böyük qürur hissi keçirdiyini deyib. O bildirib ki, Vətənin çağırışına səs vermək, gecə-gündüz düşmənlə üzbəüz mövqelərdə keşik çəkmək, Azərbaycan əsgəri adını daşımaq onun çoxdankı arzusu olub. Və bu arzusu, nəhayət, gerçəkləşib.
Çıxışlardan sonra çağırışçılar təntənəli şəkildə hərbi xidmətə yola salınıblar.
Həmin gün Kəngərli rayonunda da hərbi xidmətə yolasalma mərasimi keçirilib.

Xəbərlər şöbəsi

Vətənimiz Azərbaycan igid oğulları ilə hər zaman tanınmışdır. Tarixən torpaqlarımızın, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri ilə qəhrəman adını qazanaraq hər zaman yaddaşlarda yaşamışlar. Vətəni sevmək Vətən fədaisi olmaq deməkdir.
Ötən əsrin sonlarında mənfur ermənilər torpaqlarımıza qarşı iddialarla çıxış edəndə də Azərbaycanın igid oğulları el-obanın müdafiəsinə qalxmış, canından keçərək şəhid olmuş, qəhrəmanlıq göstərərək Azərbaycanın Milli Qəhrəmanına çevrilmişlər. Gənc nəslin mübarizə ruhunun yüksəldilməsi, vətənpərvərlik hisslərinin formalaşması və gücləndirilməsi məqsədilə qəhrəmanlıq duyğusu, milli qəhrəmanlarımızın döyüş yolu daim təbliğ olunmalıdır. Ona görə də “Milli qəhrəmanlarımızı tanıyaq” rubrikası ilə silsilə yazılar dərc etməyi nəzərdə tutmuşuq.
Hörmətli oxucular! Rubrikamızın ilk sayında Naxçıvan torpağının yetirmələri, sadə həyat yolundan uca zirvəyə – şəhidlik zirvəsinə yüksələn Milli qəhrəmanlarımızdan Yusif Mirzəyev və Məhərrəm Seyidovun keçdiyi həyat yoluna nəzər salacağıq.

Ardını oxu...

Ordubad rayonunda ötən ilin yekunlarına və 2013-cü ildə görüləcək işlərə həsr olunan müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Elşad Əliyev açıb.
İcra başçısı 2012-ci ildə Ordubad rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıya qoyulan vəzifələr mövzusunda məruzə edib. Qeyd olunub ki, ötən il də rayonda tikinti-abadlıq tədbirləri geniş vüsət alıb. Behrud, Parağa, Yuxarı Əylis kənd­lərində məktəb binaları, kənd və xidmət mərkəzləri tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası, Ordubad şəhərində və Şəhriyar qəsəbəsində kanalizasiya və içməli su xətlərinin çəkilişi davam etdirilib. Hazırda Ordubad şəhərində yeni uşaq bağçasının, Çənnəb kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, “Gəmiqaya” muzeyinin inşası davam etdirilir, Ordubad şəhərində Qız Liseyi üçün tikilmiş yeni binada son tamamlama işləri aparılır.

Ardını oxu...

“Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətində 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə dair keçirilən yığıncaqda cəmiyyətin idarə heyətinin sədri Xəlil Əliyevin hesabat məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, cəmiyyət tərəfindən kənd yerlərində yaşayan sahibkarlara və torpaq mülkiyyətçilərinə müxtəlif sahələr üzrə kreditlər verilməsi ötən ildə də davam etdirilmiş, 9843 nəfərə 10 milyon 745 min 950 manat kredit verilmişdir ki, bu da 2011-ci illə müqayisədə 427 min 350 manat çoxdur.
Kreditlərin 4 milyon 311 min 150 manatı payızlıq taxıl əkininə verilmişdir ki, bu da 2011-ci illə müqayisədə 555 min 650 manat çoxdur. Yazlıq əkinlər üçün 2 milyon 642 min 500 manat kreditdən istifadə olunmuşdur. Kartof əkini üçün 2 milyon 237 min manat, mal-qaranın alınmasına və saxlanmasına 1 milyon 208 min 300 manat, arı ailələrinin alınmasına 217 min manat kredit verilmişdir. Kiçik biznesin inkişaf etdirilməsinə isə 130 min manat kredit verilmişdir.
Kreditlərin 8 milyon 650 min manatı ”Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindən alınmış, qalanı isə cəmiyyətin öz vəsaitindən ödənilmişdir.
Bildirilmişdir ki, ötən ilin yekununa görə, “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin pul vəsait­lərinin cəmi 2 milyon 152 min 634 manat olmuşdur. Bu, 2011-ci illə müqayisədə 436 min manat çoxdur.

Ardını oxu...

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən iclası Azərbaycan Respublikası Hesablama Palatasının auditoru, Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Fazil İbrahimov açaraq məruzə etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi 2012-ci ildəki fəaliyyətini idarənin Əsasnaməsinə, təsdiq olunmuş iş planına və digər müvafiq normativ sənədlərə əsasən qurmuşdur.

İdarəyə ötən il dövlət təşkilatlarından 46 sənəd daxil olmuş, idarə tərəfindən isə dövlət təşkilatlarına 68 məktub göndərilmişdir. Bununla da, hesabat ilində ümumi sənəd dövriyyəsi 114 olmuşdur.
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi 2012-ci il üzrə təsdiq olunmuş iş planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbirləri çərçivəsində 6 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri və 7 müəssisə, idarə və təşkilatlarda audit yoxlamalarının aparılmasını həyata keçirmişdir.
İş planında nəzərdə tutulan işlərin icrası ilə əlaqədar idarədə işçilər arasında iş bölgüsü aparılmış, onların səlahiyyətləri və məsuliyyətləri müəyyənləşdirilmiş, iş planında nəzərdə tutulan işlər tamamilə yerinə yetirilmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyində 2012-ci ilin yekunlarına dаir kollegiya iclası kеçiril­mişdir. İclasda agentliyin Baş direktoru Yasin Səfərov məruzə ilə çıxış edərək bildirmişdir ki, enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlər nəticəsində son vaxtlar muxtar respublikada yaradılmış 4 elektrik stansiyası elektrik enerjisinə olan tələbatı tam ödəməklə yanaşı, onun ixracına da imkan yaratmışdır. Ötən il 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinə başlanılmış, 20,5 meqavat gücə malik Arpaçay Su Elektrik Stansiyasında və 36 meqavat gücə malik Ordubad Su Elektrik Stansiyasında işlər davam etdirilmişdir.
Qeyd olunmuşdur ki, ötən il 132/110 kilovoltluq “Araz” yarım­stansiyasında olan qeyri-standart gərginlikli 150 meqavolt-amper güclü transformatorun standart gərginlikli 50 meqavolt-amper güclü yeni transformatorla əvəz olunması işlədicilərin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsinə imkan vermişdir. Bundan əlavə, yarımstansiyada yenidənqurma işləri aparılmış, 132 və 110 kilovoltluq eleqaz açarları qoyulmuş, ayırıcılar, ölçü transformatorları yeniləri ilə əvəz edilmiş, yarımstansiyanın sxemi sadələşdirilmişdir. 1959-cu ildə Naxçıvana Azərbaycanın enerji sistemindən elektrik enerjisi verilməsinə başlandığı zamandan istismar edilən 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasında vaxtaşırı cari və əsaslı təmir işləri aparılmasına baxmayaraq, bütün avadanlıqlar fiziki cəhətdən köhnəldiyindən istismara yararsız hala düşmüşdü. Yarımstansiyada olan əsas elektrik avadanlıqlarını yenisi ilə əvəz etmək üçün işlədicilərin enerji təchizatında böyük fasilələr yaranmalı idi. Bunu nəzərə alaraq, agentliyin inzibati binasının yanında yeni 110/35/10 kilovoltluq 50 meqavolt-amper güclü müasir yarımstansiya tikilib-quraşdırılmış, sınaq-sazlama işləri aparıldıqdan sonra istismara verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını maliyyə naziri Xalid İsgəndərov açaraq geniş məruzə ilə çıxış etmişdir. “2012-ci ilin yekunları əyani şəkildə göstərir ki, muxtar respublikanın iqtisadiyyatı uğurla inkişaf etmiş, ən vacib makroiqtisadi göstəricilər daha da artmışdır”, – deyən Xalid İsgəndərov bəhs olunan dövrdə muxtar respublikanın iqtisadiyyatında baş verən çoxşaxəli inkişaf prosesinin büdcənin gəlirlərinə də öz təsirini göstərdiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2012-ci il ərzində bütün mənbələr hesabına 47 milyon 300 min manat plana qarşı 61 milyon 253 min 566 manat vəsait daxil olmuş, tapşırıq 129,5 faiz icra edilmişdir. Bu, nəzərdə tutulan məbləğdən 13 milyon 953 min 566 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15,7 faiz, yaxud 8 milyon 319 min 869 manat çoxdur. Büdcə daxilolmalarının 72,8 faizi Vergilər Nazirliyi, 17,8 faizi Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 9,4 faizi isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2012-ci ildə 472 milyon 746 min 808 manat dürüst təyinata qarşı 469 milyon 404 min 79 manat və ya 99,3 faiz icra olunmuşdur ki, bu da 2011-ci illə müqayisədə 55 milyon 418 min 203 manat və ya 13,4 faiz çoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində 2012-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov məruzə ilə çıxış edərək bildirmişdir ki, iqtisadi inkişafın nəticəsi olaraq 2012-ci il ərzində muxtar respublika Vergilər Nazirliyi üzrə müəyyən edilmiş tapşırığa 109,3 faiz əməl edilmiş, 2011-ci illə müqayisədə vergi daxilolmaları 10,5 faiz artmışdır.
Ötən müddət ərzində iqtisadiyyatın şaxələndirilməsi təmin edilmişdir. Bu da özünü iqtisadiyyatın müxtəlif sahələrindən vergi daxil­olmalarında qabarıq şəkildə göstərməkdədir.
Qeyd olunmuşdur ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında nazirlik qarşısında POS-terminallardan səmərəli istifadənin təmin edilməsi və nağd pul dövriyyəsinin həcminin azaldılması ilə bağlı vəzifələr qoyulmuşdur. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən bütün rayonlarda işçi qrupları yaradılmışdır. Həmin işçi qruplarının və muxtar respublikanın bank orqanlarının əməkdaşlarının iştirakı ilə birgə POS-terminal quraşdırılacaq təsərrüfat subyektlərinin siyahısının müəyyən edilməsi, onlara bildirişlərin göndərilməsi, həmçinin bank ekvayerlərdən daxil olmuş məlumatlar əsasında POS-terminalların qeydiyyata alınması və qeydiyyatdan çıxarılması kimi məsələlərlə bağlı seminar keçirilmişdir. Artıq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminalların quraşdırılması işlərinə başlanılmış, 1 yanvar 2013-cü il tarixə 94 obyektdə POS-terminalın quraşdırılması təmin edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov açmışdır. Kollegiya iclasında komitə sədrinin müavini Abutalıb İsmayılovun məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada tikinti-quruculuq işlərinin həcmi 2012-ci ildə 254 milyon 526 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 milyon 748 min manat, yaxud 18,5 faiz çoxdur. Əvvəlki illərdə olduğu kimi, ötən il də məktəb binalarının tikintisinə, təhsil şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli yer ayrılmış, bütövlükdə, 21 məktəb binasında tikinti, yenidənqurma və təmir işləri aparılaraq başa çatdırılmış, 3 məktəb binasında isə işlər davam etdirilməkdədir.
Naxçıvan şəhərində hər biri 280 yerlik olan 1 və 3 nömrəli uşaq bağçaları binalarının tikintisi, Sədərək rayonunun Sədərək kəndində 65 yerlik uşaq bağçası binasının yenidən qurulması başa çatdırılmış, Ordubad şəhərində uşaq bağçası binasının tikintisi isə davam etdirilir.
Naxçıvan Şəhər Texniki Peşə və Sürücülük, Şərur rayonunun Yuxarı Daşarx kəndində Uşaq Musiqi məktəblərinin binalarının yenidən qurulması, Kəngərli rayonunun Çalxanqala kəndində Uşaq Musiqi Məktəbi binasının tikintisi başa çatdırılmışdır.
Muxtar respublikada səhiyyə xidmətini günün tələbləri səviyyəsində qurmaq üçün 20 səhiyyə obyektində bir sıra tikinti-təmir, abadlıq işləri görülmüşdür. Əhalinin mənzil şəraitinin və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər həyata keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının yekunları və Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda universitetin rektoru, akademik İsa Həbibbəyli məruzə ilə çıxış edərək bildirmişdir ki, 2012-ci il Naxçıvan Dövlət Universiteti üçün də uğurlu olmuşdur. Ardıcıl və hərtərəfli dövlət qayğısı sayəsində təlim-tərbiyə və elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə universitetdə quruculuq tədbirləri davam etdirilmiş, Təbiətşünaslıq və kənd təsərrüfatı və Pedaqoji fakültələr üçün 5 mərtəbəli müasir tədris korpusu istifadəyə verilmişdir.
2012-ci ildə həyata keçirilən yeniləşmə tədbirlərinin mühüm bir hissəsi informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi, elektron universitet layihəsinin həyata keçirilməsi, elektron test üsulu ilə imtahanların təşkili ilə bağlıdır. Universitetin beynəlxalq əlaqələri daha da genişlənmiş, yeni əməkdaşlıq müqavilələri imzalanmış, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” adlı layihənin ilkin razılaşma protokolu imzalanmış, universitet Avropa Birliyi ölkələrinin TEMPUS proqramının beş layihəsində uğurla iştirak etmişdir.

Ardını oxu...

XXI əsrin 2012-ci ili ilə vidalaşdıq. Uzun müddət ötən ilin təəssüratlarını yaşayacağıq. Ötən il muxtar respublika həyatının bütün sahələrində dərin izlər buraxmış, yaddaqalan hadisələrlə zəngin olmuşdur. 
Dekabrın 22-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri 2012-ci ilin uğurlarını ümummilli liderimiz Heydər Əliyev siyasətinin təntənəsi kimi xarakterizə etmişdir: “Biz bu inkişafa, ilk növbədə, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi sayəsində nail olmuşuq. Heç şübhəsiz ki, nailiyyətlərin əldə olunmasında ölkə Prezidenti tərəfindən müxtəlif sahələrin inkişafını nəzərdə tutan, konkret məqsəd və vəzifələri özündə əks etdirən Dövlət proqramlarının qəbulu, yeridilən düzgün iqtisadi siyasət də mühüm rol oynamışdır”.
2012-ci ildə xeyli uğurlar qazanılması seçilən yolun düzgün olduğunun ifadəsidir. Bu yol isə Heydər Əliyev yoluna inam, ehtiram və sədaqətdən qaynaqlanır. 17 ildir ki, bunun bəhrələrini həyatımızın bütün sahələrində görürük. Regionda insan amilinə qayğı prioritet vəzifəyə çevrilmişdir. Doğma diyarımızda həyata keçirilən, 2012-ci ildə daha geniş vüsət alan quruculuq işlərinin təməlində insanların yaxşı yaşamasını təmin etmək dayanmışdır. Elə inkişafın əsas makro­iqtisadi göstəricisi sayılan Ümumi Daxili Məhsulun həcminə baxsaq, əvvəlki illə müqayisədə xeyli artıma nail olunduğunu görərik. Bəhs olunan dövrdə Ümumi Daxili Məhsulun həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 2 milyard 14 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 11 faizlik artımla 4765 manata çatmışdır.

Ardını oxu...

Tarixdə şəxsiyyət mühüm rola malikdir. Şəxsiyyəti olmayan xalq, region inkişaf edə bilməz. Tarixi şəxsiyyətlərin həyatda qoyduğu iz, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün nümunə, yaşadığı dövrün inkişaf salnaməsidir. Onların xoşbəxtliyi, səadəti Vətənə xidmətdədir. Qədim Şumer dastanında belə insanlar barədə deyilir: “Onlar tarix yazmırlar ki, tarixdə qalsınlar. Onlar tarix yaradırlar ki, tarixi yaşatsınlar”. Naxçıvanın 1995-ci ildən ötən dövr ərzində yazılan və yaradılan tarixi də məhz belə işıqlı ideyalara söykənmişdir.
Deyirlər ki, tarixi şəxsiyyətlər uca zirvəli dağlar kimidir. İnsanlar o şəxsiyyətlərin nə qədər uca zirvədə olduqlarını o zaman anlayırlar ki, zaman şəxsiyyətlə insanlar arasındakı məsafəni uzaqlaşdırır. Məhz o anda hər kəs zirvə ilə ətək arasında nə qədər böyük fərqin olduğunu dərk edir. İllər keçdikdən sonra biz ümummilli lider Heydər Əliyevin doğma Naxçıvanımızı və özünün Naxçıvandakı ali dövlətçilik yolunu kimə və nə üçün etibar etdiyinin fərqinə indi varırıq.
Ötən dövrlərin zaman fərqində indi aydın görünür ki, yalnız ən ağır günlərdə VƏTƏNİ bəlalardan qurtaran dahi ŞƏXSİYYƏTİ ləyaqətlə müdafiə edən İNSAN muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq, regionun kompleks inkişafına nail ola bilər; yalnız sədaqətli dövlət xadimi Azərbaycan üçün tarixin bütün dövrlərində strateji əhəmiyyət kəsb edən Naxçıvanda quruculuq ideyalarını gerçəkləşdirə bilər.
1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevlə birgə çalışaraq böyük dövlətçilik təcrübəsi qazanan, geniş dünyagörüşə malik olan və bacarıqlı dövlət xadimi kimi formalaşan Vasif Talıbovun 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanın tarixində yeni bir səhifə açılmışdır. 1960-cı il yanvarın 14-də öz halal əməyi ilə yüksəlməyin nümunəsini yaradan zəhmətkeş ailədə dünyaya göz açan Vasif Talıbov Heydər Əliyev məktəbində püxtələşərək böyük dövlətçilik yolu keçmiş və qurucu rəhbər kimi formalaşmışdır.
Müdriklər deyirlər ki, həyatda xoşbəxt olmaq üçün xoşbəxtliyin mövcud olduğuna inanmaq lazımdır. Bir neçə il bundan əvvəl taleyin ümidinə buraxılmış yalqız adanı xatırladan Naxçıvan kimi çörəklə, sərt şaxtalı qışla imtahana çəkilən naxçıvanlılar da öz xoşbəxtliyini ulu öndər Heydər Əliyevdə və onun siyasətinin uğurlu davamında tapdı. Bu yola olan dərin inam və sədaqət, muxtar respublika əhalisinin dövlətimizlə sıx birliyi Şərqdə yeni bir Günəşin doğmasına – yeni Naxçıvanın yaradılmasına səbəb oldu.

Ardını oxu...

Ötən ilin yekunlarına həsr edilən iclaslarda bu bir daha təsdiqlənmişdir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev açaraq nazirliyin 2012-ci ildə gördüyü işlər barədə geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, yola saldığımız 2012-ci il bir çox uğurları ilə Fövqəladə Hallar Nazirliyi üçün də yaddaqalan olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana səfəri zamanı Fövqəladə Hallar Nazirliyinin yeni inzibati binasının açılışında iştirak etmiş, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində yaradılan şəraitlə, böhran zalında quraşdırılmış cihaz və avadanlıqlarla, “112” zəng mərkəzi, mülki müdafiə kursunun sinfi ilə, alınan texnikalarla yaxından tanış olmuşdur.
Bildirilmişdir ki, hesabat dövründə nazirliyin ayrı-ayrı şöbələri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində fəallıq göstərmişlər. Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən 17 nazirlikdə, 7 mədəniyyət müəssisəsində, 12 sahibkarlıq subyektində, 4 səhiyyə ocağında, 82 təsərrüfat obyektində, 6 Mənzil-İstismar İdarəsində mülki müdafiə işinin təşkili vəziyyəti yoxlanılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün müvafiq aktlar tərtib edilərək aidiyyəti təşkilatlara göndərilmişdir.
Aprel-may ayları ərzində Araz çayının subasma təhlükəsi olan yerlərində monitorinqlər keçirilərək sahilbərkitmə işlərinin aparılmasına nəzarət edilmiş, müvafiq dövlət orqanlarının iştirakı ilə Heydər Əliyev, Arpaçay, Uzunoba, Sirab, Bənəniyar, Nehrəm Su anbarlarının və hidrotexniki qurğuların vəziyyəti yoxlanılmışdır.

Ardını oxu...

Dünən “Naxçıvanqaz” İstehsalat Birliyində 2012-ci ilin yekunlarına dаir iclas kеçiril­mişdir. İclasda birliyin direktoru Səxavət Abbasov məruzə ilə çıxış edərək bildirmişdir ki, əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi və onun tabeliyində olan şəhər və rayon Qaz İstismar idarələri tərəfindən kompleks tədbirlər həyata keçirilir. Muxtar respublikada, ümumilikdə, 81 min 456 istehlakçı təbii qazdan istifadə edir. Bunlardan 1004 əhali abonenti, 149 qeyri-əhali abonenti ötən il təbii qazla təmin olunmuşdur.
Qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərləri, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. Muxtar respublikada istismarda olan qazpaylayıcı stansiyalarda bütün qoruyucu klapanlar, kran və siyirtmələr yoxlanılmış, separatorlar təmizlənmiş, təzyiqtənzimləyicilərə texniki baxış keçirilmişdir. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və müntəzəm olaraq ölçü qovşaqlarında nəzarət işi həyata keçirilmişdir. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülmüş, sızmaların aradan qaldırılması üçün təmir-bərpa işləri aparılmışdır.
Qeyd olunmuşdur ki, daşıyıcı qaz şəbəkəsinin mövcud 720 millimetrlik yeraltı qaz kəməri uzun müddət istismarda olduğu üçün fiziki cəhətdən tam aşınmış, korroziyaya uğramışdır. Qaz itkisini minimuma endirmək məqsədilə Naxçıvan-Sədərək istiqaməti üzrə 81,6 kilometrlik yüksəktəzyiqli yeraltı qaz kəmərinin inşası qrafikə uyğun aparılır. Naxçıvan-Şahbuz istiqaməti üzrə 27 kilometrlik ortatəzyiqli yeraltı qaz kəmərinin inşası isə başa çatdırılmışdır. Şahbuz, Culfa və Ordubad rayonlarında sel və daşqın zamanı zərər dəymiş müxtəlif diametrli qaz xətləri təmir olunmuş, yaşayış məntəqələrinə təbii qazın verilməsi qısa vaxtda təmin edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, ölkənin hər yerində olduğu kimi, muxtar respublikada da gənclərin hərbi xidmətə yolasalma mərasimlərinin keçirilməsinə başlanılıb.
Bu qəbildən olan ilk tədbir dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni oxunub.
Əsgər valideynlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə xidmətin rəisi, polkovnik Səxavət Salmanov açaraq deyib ki, bu gün Azərbaycanda ordu quruculuğuna və Silahlı Qüvvələrin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, əsgər və zabitlərin intellektual səviyyəsinin, hərbi biliklərinin, eləcə də peşəkarlığının yüksəldilməsinə ciddi diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və müstəsna xidmətləri nəticəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

Ardını oxu...

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qoruyub. Xidmət miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması məqsədilə bu sahədə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri icra edib, illik fəaliyyətində səmərəli və məqsədyönlü fəaliyyət istiqamətini əsas götürüb.

Bu fikirlər dünən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında səsləndirilib.
İclasda xidmətin rəisi, baş miqrasiya xidməti müşaviri Fazil Ələkbərov məruzə edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bütün sahələrdə əldə olunan yüksək nailiyyətlər, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət alması əcnəbilərin muxtar respublikaya marağını artırıb, miqrasiya proseslərini intensivləşdirib. Miqrasiya proseslərinin idarə edilməsi sahəsində nəzarətin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrasiya proseslərinin təhlili, tənzimlənməsi və bu sahədə ciddi nəzarət mexanizminin yaradılması istiqamətində muxtar respublika Dövlət Miqrasiya Xidmətinin qarşısında mühüm tapşırıqlar qoyulub.

Ardını oxu...

1918-1920-ci illər Naxçıvan tarixindən bəhs edərkən Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, Cənub-Qərbi Qafqaz (Qars Cümhuriyyəti) və Araz-Türk cümhuriyyətlərinin də tarixinin araşdırılması vacib məqamlardandır. Qısa bir zaman kəsiyində mövcud olmuş Cənubi Qafqazın altıncı cümhuriyyəti – Cənub-Qərbi Qafqaz Türk Respublikası bugünkü Türkiyə Cümhuriyyətinin şərq rayonları olan Qars, Ərdəhan kimi tarixi türk torpaqlarında türklüyün yaşadılmasında mühüm rol oynamışdısa, bu vəzifəni Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda beşinci cümhuriyyət – Araz-Türk Respublikası yerinə yetirmişdir.

Osmanlı imperiyası 1877-1878-ci illər müharibəsi nəticəsində itirdiyi Qars, Ərdəhan, Batumi kimi vilayətləri 1918-ci ildə yenidən geriyə qaytara bildi. Osmanlılar həmçinin Rusiyanın ağır vəziyyətindən istifadə edərək Naxçıvan üzərində də nəzarəti ələ aldılar. Bölgədə türk idarəçiliyinin qurulması azğınlaşmış erməni quldur dəstələri tərəfindən törədilən qırğınlara müvəqqəti son qoydu.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
Yarandığı gündən nazirlik öz işini müasir dövrün tələblərinə uyğun qurmağa çalışmışdır. Ötən dövrdə nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə məqsədyönlü işlər görülmüş, fəaliyyət istiqamətlərinə uyğun sahələr üzrə normativ-hüquqi aktlar, yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət planları, təlimlərin, məşqlərin keçirilməsi üzrə təlimatlar, xidmətlərin əsasnamələri işlənib hazırlanmışdır.
Bu gün nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biri ixtisaslı kadrların hazırlanmasıdır. Son illər fövqəladə halların xəbərdar edilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının mühüm istiqamətləri üzrə fəaliyyət göstərən sahələr üzrə xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. 2006-2012-ci illər ərzində 105 nəfər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ukrayna Respublikasının Xarkov şəhərindəki və Belarus Respublikasının Minsk şəhərindəki akademiyalara, Bakı Yanğın Texniki Kollecinə təhsil almağa göndərilmişdir. Onlardan 66 nəfər təhsillərini başa vuraraq bu gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində və nazirliyin müvafiq qurumlarında öz xidmətlərini davam etdirirlər.

Ardını oxu...

Bu mövzuda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Milli birlik – soydaşlarımızın həmrəyliyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev çıxış edərək bildirmişdir ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyası XX əsrin sonlarına doğru Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən bu məsələnin vacibliyini nəzərə alaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması barədə təşəbbüs irəli sürmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il 16 dekabr tarixli sessiyasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixi qərara imza atan ümummilli lider Heydər Əliyevin bu missiyası bütünlüklə milli diasporun formalaşmasına zəmin yaratmışdır. Müstəqillik illərində dünya azərbaycanlılarının xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğularına əsaslanan həmrəylik ideyası ulu öndər Heydər Əliyevin sayəsində ictimai təşəbbüslərdən əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanlıların yaşadıqları ölkə­lərdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər görülmüşdür. Nəticədə, xaricdəki həmvətənlərimiz arasında Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salmış, onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verməyə başlamışlar.

Ardını oxu...

Ordunun inkişafı döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika və silahlarla təminatla yanaşı, xalq-ordu birliyinin də güclü olmasından asılıdır. Xalq-ordu birliyinin gücləndirilməsinə daim diqqətlə yanaşan ümummilli lideri­miz Heydər Əliyev demişdir: “Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir. Dövlət xalqındır, xalq üçündür, millət üçündür. Ordu xalqındır və ordu xalq üçündür, millət üçündür. Güman edirəm ki, bu anlayışlar heç vaxt unudulmayacaqdır”.
Əsası ulu öndərimiz tərəfindən qoyulan xalq-ordu birliyi ənənəsi bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Xidməti vəzifələrini layiqincə yerinə yetirmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılan hərbçilərimiz eyni zamanda xalqın diqqət və qayğısı əhatəsindədirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri xalqla ordunun birliyinin ölkənin möhkəmlənməsində önəmli şərtlərdən biri olduğunu önə çəkərək demişdir: “Ordumuz günü-gündən güclənir, inkişaf edir, ölkəmizdə sabitlik, əmin-amanlıq möhkəmlənir. Bütün bunlar imkan verir ki, biz də muxtar respublika iqtisadiyyatını gücləndirək, ordu quruculuğuna diqqəti artıraq və torpaqlarımızın qorunmasında fəal iştirak edək. Bunun üçün isə hər bir vətəndaş özünə, öz vicdanına hesabat verməlidir: Mən ordu üçün nə etmişəm? Əgər hər bir vətəndaşımız orduda xidmət edən əsgəri düşünürsə, orduda xidmət edən əsgərlərimiz isə vətəndaşlarımızı düşünürsə, bu, əsl həmrəylikdir”.

Ardını oxu...

Muxtar respublikamız 2012-ci ili uğurla başa vurur

XXI əsrin on ikinci ili ilə vidalaşmaq ərəfəsindəyik. 366 günlük daha bir zaman kəsiyi də tarixə qovuşmaqdadır. Qovuşmaqla da bizdən ayrılır. Tarix üçün çox da böyük müddət olmayan bir ilin necə gəlib keçdiyinin fərqinə vara bilməsək də, diyarımızın salnaməsinə həkk olunan saysız-hesabsız unudulmaz məqamlar, genişmiqyaslı quruculuq ərməğanları, unuda bilməyəcəyimiz xoş xatirələr bizimlə qalır.
İki gündən sonra yurdumuza qədəm qoyacaq 2013-cü ildə 2012-ci ili necə xatırlayacağıq? Geriyə dönüb bu ilə baxanda qəlbimizdə hansı hisslər baş qaldıracaq? Təbii ki, hamı bu suala eyni cavabı verə bilməz. Çünki vidalaşdığımız il hər birimizin həyatına ayrı-ayrı izlər salıb, həyatımızı daha firavan edib. Bu izlər yaşadıqca 2012-ci il də ömür kitablarımızda yaşayacaq, tariximizdə yaşayacaq, tariximizi yaşadacaq. Bizdən sonrakı nəsillər də tariximizin bu səhifəsini ən qiymətli salnamə kimi dəyərləndirəcəklər. Söhbətimin əvvəlinə qayıdaraq düşünürəm ki, sözün həqiqi mənasında, 366 günün necə başa çatdığını bilmədik.

Ardını oxu...

Naxçıvan Tibb Kollecində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyik Gününə həsr olunmuş “Dünya azərbaycanlılarının həmrəyliyinin banisi” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva mövzu ilə bağlı çıxış edərək ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasından və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsində dahi şəxsiyyətin həyata keçirdiyi tədbirlərdən danışmışdır. Kollecin direktoru ümummilli liderimiz Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlılarla əlaqələr yaratmasından, Azərbaycan diasporunun formalaşması istiqamətindəki fəaliyyətindən söz açaraq dünya azərbaycanlılarının qurultaylarının keçirilməsinin böyük əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, “Dünyada yaşayan azərbaycanlıların bir Vətəni var – o da Azərbaycandır! Dünyada yaşayan azərbaycanlıların arxasında Azərbaycan dövləti dayanır”, – deyən ölkə başçısı cənab İlham Əliyev ulu öndərin bu istiqamətdə başladığı işi uğurla davam etdirir.
Tədbirdə kollecin müəllimlərindən Mehri Seyidbəyli, Tutu Fərəc­ova, Leyla Vəliyeva və başqaları cıxış edərək bildirmişlər ki, ölkə başçısının respublikamıza rəhbərliyi dövründə Azərbaycanın irəliyə doğru atdığı hər bir addım, qazandığı uğur dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırır, onların müstəqil dövlətimizə inamını artırır, Azərbaycan Respublikasının milli maraqları ətrafında daha sıx birləşmələri üçün zəmin yaradır.
Sonda tələbələrin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.


 Dilrubə NOVRUZOVA

Ulu öndər Heydər ƏLİYEV: Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq – bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır.

Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, mürəkkəb təkamül mərhələlərindən keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində mühüm rol oynamışdır. Dövlət müstəqilliyinin qorunub saxlanılmasının ən vacib şərtlərindən biri məhz xalqın milli birliyə və həmrəyliyə malik olmasıdır.
Ümumxalq mənafelərimizin həyata keçirilməsi, soydaşlarımızın Azərbaycançılıq ideyası ətrafında birləşməsi prosesinin əsası 21 il əvvəl, Azərbaycan müstəqilliyini bərpa etdiyi bir dövrdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin sessiyasında “31 Dekabr Dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ümummilli liderimiz qərarın tarixi-siyasi əhəmiyyətini qeyd edərək demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”. Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır.

Ardını oxu...

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində hərbi hissələrə sovqat aparılması artıq ənənə halını almışdır. Hər il müxtəlif dövlət qurumları, müəssisə və təşkilatlar, ayrı-ayrı sahibkarlıq subyektləri hərbi hissələrə baş çəkir, əsgərlərə sovqatlar aparırlar.
Dünən Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, Naxçıvan Şəhər Prokurorluğunun, “Cahan Holdinq”, “Dizayn Holdinq” Kommersiya Şirkətlər ittifaqlarının, “Babək Şərab-2 Yeddilər Aqrar Sənaye Kompleksi”, “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı, “Karton Tara” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, Ordubad, Kəngərli, Şahbuz rayonlarının İcra hakimiyyətlərinin kollektivləri Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən hərbi hissələrində olmuş, əsgərlərə bayram sovqatları aparmışlar.

Ardını oxu...

Yaponiyanın Tokio şəhərində fəaliyyət göstərən Nikkey Biznes Nəşriyyatı tərəfindən dərc olunan “Nikkey” jurnalı dünyanın 50-dən çox ölkəsində yayılır. Yaponiyanın iqtisadi dairələrində geniş tanınan jurnal yapon və ingilis dillərində nəşr edilir. 1969-cu ildən dərc edilən “Nikkey” jurnalı həftədə bir dəfə işıq üzü görür. “Nikkey” jurnalının növbəti nömrəsində “Duzdağ” Fizioterapiya Mərkəzi haqqında məqalə dərc olunmuşdur. Qeyd edək ki, jurnalın əvvəlki saylarında da Naxçıvanla bağlı məqalələr verilmişdir. Tanıtım xarakteri daşıyan bu məqalədə fotoşəkillər də yerləşdirilmişdir. “Azərbaycanın Naxçıvan bölgəsindəki “Duzdağ” Otel Kompleksi” adlı həmin məqaləni oxuculara təqdim edirik.

Ardını oxu...

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR