Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən iclası Azərbaycan Respublikası Hesablama Palatasının auditoru, Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Fazil İbrahimov açaraq məruzə etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi 2012-ci ildəki fəaliyyətini idarənin Əsasnaməsinə, təsdiq olunmuş iş planına və digər müvafiq normativ sənədlərə əsasən qurmuşdur.
İdarəyə ötən il dövlət təşkilatlarından 46 sənəd daxil olmuş, idarə tərəfindən isə dövlət təşkilatlarına 68 məktub göndərilmişdir. Bununla da, hesabat ilində ümumi sənəd dövriyyəsi 114 olmuşdur.
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi 2012-ci il üzrə təsdiq olunmuş iş planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının 2012-ci il dövlət büdcəsinin xərclərinə maliyyə-büdcə nəzarəti tədbirləri çərçivəsində 6 müəssisə, idarə və təşkilatlar üzrə təhlil işləri və 7 müəssisə, idarə və təşkilatlarda audit yoxlamalarının aparılmasını həyata keçirmişdir.
İş planında nəzərdə tutulan işlərin icrası ilə əlaqədar idarədə işçilər arasında iş bölgüsü aparılmış, onların səlahiyyətləri və məsuliyyətləri müəyyənləşdirilmiş, iş planında nəzərdə tutulan işlər tamamilə yerinə yetirilmişdir.