Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması haqqında
Vətən savaşının ilk poemasını yazmış Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında milli ruhun və yüksək vətəndaşlıq mövqeyinin böyük ədəbiyyatını yaratmış görkəmli sənətkarlardan biri kimi qəbul olunur. O, qan yaddaşının poeziyasını yaratmaqla, soykökə və qəhrəmanlıq tariximizə işıq salmaqla yeni tarixi epoxanın vətənpərvərlik-vətəndaşlıq ideallarına dəstək vermək missiyasını şərəflə və məsuliyyətlə yerinə yetirməyi özü üçün müqəddəs borc, ali vəzifə hesab edən şair-vətəndaşdır. Sabir Rüstəmxanlının yaradıcılığındakı Gəncə qapısı - Cavadxan motivi Xətai yurdu - Meydan hərəkatı notları milli-azadlıq hərəkatı mövzusunda meydana qoyulmuş ən yaxşı əsərlər sırasındadır.
XX əsrin səksəninci illərinin ikinci yarısında meydana çıxmış məşhur "Ömür kitabı" geniş mənada Azərbaycan ədəbiyyatının milli istiqlal kitabına çevrilmişdir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının istiqlalçılıq və vətəndaşlıq salnaməsində Sabir Rüstəmxanlının mühüm yeri və böyük payı vardır.