
Mən qürurunu, fəxarətini haqsızlığa üsyan edib zülmə boyun əyməyən, son anadək rəşadətlə vuruşaraq həsrətli, hicranlı torpaqlarımıza vüsal, azadlıq toxumu səpən övladının vüqarından, qəhrəmanlığından alan, Şəhid anası adlı müqəddəs mərama ucalan yüzlərlə azərbaycanlı xanımdan biri-Aytən Eyvazova. Xatirəsi nisgilli, qəmli gözlərimə işıq, nur gətirən, şücaəti, igidliyi pərişan qəlbimə təsəlli, hüzur bəxş edən Vətən oğlundan- son beşiyim İslamdan söhbət açmaq istəyirəm sizlərə. Düşündükcə xəyallar qanad açaraq uzaq keçmişə uçur, illər, fəsillər öncəsinə aparır məni, ailəmizdə yaşanan sevincli-kədərli anlarımız, qayğılı-qayğısız günlərimiz bir-bir gəlib keçir gözlərim önündən...
1999-cu il aprelin 7-də 5 nəfərdən ibarət ailəmiz daha da böyüdü, Uca Yaradan sonuncu övlad payı ilə sevinc, xoşbəxtlik gətirdi evimizə. Babasının adını qoyduğumuz üçün ailəmizdə hər kəs onu İslam deyil, Totu çağırardı. Elə körpəlikdən hər şeyə can atmağı, ürəkli, qorxmaz davranışı, şirin-şəkər şıltaqlığı ilə seçilirdi məhəllədəki həmyaşıdlarından. Atası ilə əl-ələ verib çalışdıq, halal zəhmətimizlə böyütdük övladlarımızı, qardaş-bacıları kimi İslam da yıxıla-dura, yaxşı-yaman yaşa doldu.Vaxt-vədə yetişdi, günlərin birində məktəb yaşına çatdı balam, əlindən tutub apardım Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbə. İbtidai sinifdə sakitliyi, mehriban münasibətilə pedaqoji kollektivin hörmətini qazandı, bir müəllimdən şikayət, narazılıq eşitmədik İslam haqda. İkinci sinifdə oxuyanda dedi ki, ana musiqiyə marağım var, istəyirəm piano çalmağı öyrənim. Evimizin son beşiyi olduğu üçün atası da, mən də hər zamankı kimi qəlbinə dəymədik, arzusuna, istəyinə qarşı çıxmadıq. Həm evimizə yaxın olduğu üçün, həm də haqqında yüksək fikirlər eşitdiyimizdən Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində piano ixtisasına yazdırdıq adını. Oxudu axıradək məktəbi, səlis ifa etməyi öyrəndi, musiqi alətinin sirlərinə dərindən yiyələndi, təhsilini davam etdirmək üçün şəhadətnamə də aldı. Ancaq bu yolu axıradək getmədi. Sən demə ürəyinin dərinliyində daha böyük arzular yatırmış övladımın. 8-ci sinfi bitirəndə dedi ki, əziz atam və anam, mən sənədlərimi Heydər Əliyev adına Hərbi Liseyə vermək niyyətindəyəm, arzum gələcəyin peşəkar zabiti kimi yetişməkdir, özü də qırmızı papaqlılardan olmaq istəyirəm. Soruşanda ki, ay övlad, qırmızı papaqlı nə deməkdir, dedi ki, bəs xüsusi təyinatlı bölmənin şəxsi heyəti başlarına qırmızı papaq qoyur, mən də orada xidmət keçmək arzusundayam. Ancaq əvvəlcə təhsil almalıyam ki, hərb sənətinə, bu sahəyə daha dərindən bələd olum. Atası da, mən də çətin, məsuliyyətli peşə olduğu üçün əvvəlcə razılıq verməsək də, könlümüzü ələ ala bildi. Ancaq gözündəki zəifliyə görə məktəbə qəbul ola bilmədi...