07 Dekabr 2021, Çərşənbə axşamı

2006-2007-ci il təvəllüdlü oğlan və qız atletlər arasında keçirilən kross qaçışı üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın atlet qüvvəsini sınayıb.
Birinciliyin mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikanın bütün ali təhsil ocaqlarında uşaq, yeniyetmə və gənclərin bu sahə ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, idmançılarımız keçirilən ölkədaxili birinciliklərdə uğurla çıxış edərək böyük nailiyyətlər qazanır. Bu qələbələr həm də digər idmançılar üçün əlavə stimuldur. Uğurlu çıxışlar yeniyetmə və gənclərin idmana cəlb edilməsində müstəsna rol oynayır. Rəhman Məmmədov idmana və idmançılara göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Gənclər və idman naziri Ramil Hacı çıxışında vurğulayıb ki, idman sahəsi muxtar respublikamızda sürətlə inkişaf edir və bu gün diyarımızda ölkədaxili və beynəlxalq yarışlar ən yüksək səviyyədə təşkil olunur. İdman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə, son illər ərzində idman sahəsində Naxçıvan idmançılarının göstərdikləri nəticələr qürurvericidir. Bu gün idmançıların uğur qazanması, onların bu sahəyə meyil göstərməsi, təbii ki, yaradılan şəraitlə bağlıdır. Muxtar respublikanın bütün şəhər və rayonları ilə yanaşı, kəndlərində də idman zallarının, obyektlərinin fəaliyyət göstərməsi həm də uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Atletika idman növünə marağın yüksək olması federasiyanın şəhər və rayonlardakı bölmələrinin uğurlu fəaliyyətinin nəticəsidir.
Yekun nəticəsinə gəlincə, 2 kilometr məsafədə qızların yarışında Sədərək idmançıları Aysu Abbasova, Zeynəb Babayeva və Nurşən Abbasova yarışı ilk üç pillədə başa vurublar. Oğlanların 5 kilometrlik yarışında qalib adını Kəngərli idmançısı Suad Eyvazov qazanıb. Şərur idmançısı Emil Cəfərzadə ikinci, Naxçıvan atleti Əliabbas Səfərov isə üçüncü olub.
Ümumilikdə, ilk 10 pilləni tutan idmançılar adlarını qaliblər siyahısına yazdırıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

- Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR