07 Dekabr 2021, Çərşənbə axşamı

Futbolun təbliği, kütləviliyinin artırılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun nəzdində fəaliyyətə başlayacaq “Araz-Naxçıvan” futbol məktəbi layihəsi çərçivəsində daha bir tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə şəhər ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev muxtar respublikamızda məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısından danışıb. O, məktəblərdə şagirdlərin idmana olan marağının daha da artırılması, onların fiziki inkişafının təmin edilməsi məqsədilə görülən işlərdən də bəhs edib. Bildirib ki, son dövrlərdə muxtar respublikanın ümumtəhsil məktəblərində yeni klublar yaradılıb. Məktəblərdə digər idman növləri kimi, futbol üzrə yarışların da keçirilməsi şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsinə, onların asudə vaxtının səmərəli təşkilinə, idmana olan marağının artırılmasına, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsinə xidmət edir.
Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev bildirib ki, layihənin əsas məqsədi Naxçıvanın bütün şəhər və rayonlarındakı, o cümlədən kəndlərindəki istedadlı uşaqları üzə çıxarmaq, onları futbol məktəbinə cəlb etməkdir. 5-15 yaş arası uşaqların iştirak edəcəyi futbol məktəbində dərslər UEFA-nın futbol təhsili proqramı əsasında keçiriləcəkdir. Qarşıdakı aylarda artıq layihəyə start veriləcək.
Çıxış edən müəllimlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Sonra suallar cavablandırılıb, elektron lövhədə slayd göstərilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR