22 Sentyabr 2021, Çərşənbə

Bu yazıda tarixi 1500 il əvvələ gedib çıxan qədim bir oyundan – şahmatdan, onun necə yaranmasından, necə inkişaf etməsindən və hazırkı vəziyyətindən bəhs edəcəyik. Elə isə “imperatorların oyunu” adlandırılan, haqqında yüzlərlə əsərlər yazılan bu oyunun tarixinə nəzər salaq.
Şahmat iki oyunçu arasında oynanılan zəka oyunudur. Bu oyun üçün şahmat taxtası və fiqurların olması kifayətdir. Oyun əvvəlcədən qəbul edilmiş qaydalar əsasında oynanılır. Fiqurların necə hərəkət edəcəyi və özəllikləri bəllidir. Məqsəd öz fiqurlarını hərəkət etdirməklə qarşı tərəfi mat etmək, yəni şahını “ələ keçirməkdən” ibarətdir. Şahmat farsca “şah” və “mat” sözlərindən yaranıb. Mənası isə “hökmdar öldü” deməkdir.

Bu idman növü 1500 il öncə Hindistanda yaranıb. Şahmatın yaranma hekayəsi isə belədir: o dövrdə oyunlara marağı olan bir şah varmış. Ona təqdim olunan oyunlardan sıxılan şah əyanlarından əylənəcəyi, həm də qarşısındakı ilə mübarizə apara biləcəyi bir oyun istəyir. Hökmdara bir neçə oyun təqdim olunsa da, onun diqqətini biri çəkir. Bu, riyaziyyat müəlliminin hazırladığı və “çaturanq” adını verdiyi oyun olur. 64 xananın yarısının qara, yarısının isə ağ rənglərdən ibarət olduğu və sadə bir taxta lövhə üzərində oynanılan oyunda şahlar tərəfindən idarə olunan iki ordu var. Həmin ordular “müharibə edərək” qarşı tərəfin şahını “ələ keçirməyə” çalışır. Bəli, bu oyun indiki adı ilə şahmatdır.
Şərq poeziyasının klassikləri Xaqani, Nizami, hətta Füzuli və digər mütəfəkkirlər də əsərlərində şahmatdan bəhs etmişlər. Dramaturq Mirzə Fətəli Axundzadə 1864-cü ildə qələmə aldığı “Şətrənc oyunu” şeirində şahmat oyununun qaydalarını poetik dildə vermişdir:

Bir şah, bir vəzirdir – iki fili-nər,
İki at, iki top durub səfərbər.
Səkkiz piyada var ikinci səfdə,
Şaha keşik çəkir qabaq tərəfdə.
Altmış dörd xanadır oyun məclisi,
Qaradır bəzisi, ağdır bəzisi.
Sakit gedə bilər şah xana-xana,
İrəli, ya geri, bütün dörd yana.
Vəzir həm çəp gedər, həm də düzünə,
Meydanda açıqdır hər yan üzünə.
Atların yürüşü olar çətəndaz,
Toplarsa, düz gedər çəpinə vurmaz.
O iki xananı adlayar birdən,
Sağdan-sola düşər qalxdığı yerdən.
Onda mat bil onu, son zamanıdır,
Əsirdir, dünyadan köçmək anıdır.

Dünyaca məşhur müasir ədəbiyyatın nümayəndələri də şahmatdan təsirlənərək bir sıra əsərlər yazmışlar. Xüsusilə XX əsrin görkəmli ədəbi simalarından olan Stefan Sveyq psixoloji janrda qələmə aldığı və şedevrlərdən hesab olunan “Şahmat” əsərini Braziliyada sürgündə olarkən qələmə almışdır. Qeyd edim ki, əvvəlcə 1942-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə 250 nüsxə ilə buraxılan əsər daha sonra 1944-cü ildə ingilis dilinə tərcümə edilərək Nyu-Yorkda nəşr olunmuşdur. Bu günə qədər Almaniyada əsərin 1 milyon 200 mindən çox nüsxəsi satılmışdır.

Şahmat həyatın özüdür

İdman sağlam həyatın bir parçasıdır. Həyatın dərkində, ünsiyyətin qurulmasında, düşünmə qabiliyyətinin inkişafında son dərəcə əhəmiyyətlidir. Valideynlər övladlarının fiziki, əqli və emosional inkişafını təmin etmək üçün onların idmanın bir sıra növləri ilə məşğul olmalarını istəyir. Əyləncəli və zehni inkişaf etdirən idman növü olan şahmat sayəsində insanın ətrafını tanıması və onlarla ünsiyyət qurması daha da asanlaşır. Şahmat ustası, qrossmeyster Yevgeni Vasyukovun dediyi kimi: “Şahmat böyük həyatın kiçik modelidir”. Şahmatı digər idman növlərindən fərqləndirən əsas cəhət ətraf mühitlə əlaqə qurmaq üçün əla vasitə olmasıdır. Şahmat milyonlarla fərqli kombinasiya, ardıcıllıq, ehtimal, hesablama, strategiya, hücum, müdafiə, səbir, zəka və diqqət tələb edir. Həyatda da, şahmatda da əsas şey mübarizədir. İdmanın bu növü insanda idarəetmə bacarığını üzə çıxarır və oyunda olduğu kimi, həyatda da bir addım öndə olmaq üçün hədəflərin olmasını və məqsədə çatmaq üçün mövcud olanlardan səmərəli istifadə edilməsini öyrədir. Həmçinin heç bir hədəfi, planı olmayan bir insan üçün nə oyunun, nə də həyatın heç bir mənasının olmadığını bizə söyləyir.

Şahmatda bəzən bir şey əldə etmək üçün başqa bir şey qurban verməlisən. Həmişə irəli getmək olmur. Bəzi anlarda geri addım atmalı olursan. Ancaq hər addımı düşünmək lazımdır. Seçimləri ağıllıca etməli, strateji davranmalısan. Hədəfə çatmağın bir yolu yoxdur. Fərqli manevrlər də edə bilərsən. Yorulmadan, sıxılmadan, təkrar-təkrar cəhd etməlisən. Çünki həyatda olduğu kimi, burada da imkanlar sonsuzdur. Hər fiqurun öz mövqeyi və əhəmiyyəti var. Heç bir insan real həyatda əhəmiyyətsiz olmadığı kimi, şahmat lövhəsində də heç bir fiqur əhəmiyyətsiz deyil. Piyada belə, vəzir olmaq potensialına malikdir. Şahmatçı, eyni zamanda bəstəkar və musiqiçidir. Yaradıcı olmalıdır. Etdiyiniz hər hərəkətin bir nəticəsi var və siz buna qatlaşmalısınız. Beləliklə, sizə məsuliyyəti öyrədir bu oyun. Bu cəhətdən baxdığımızda şahmat, həqiqətən, dünyanın ən stresli oyunlarından biridir, desək, yanılmarıq.
Şahmat haqqında dahilər tərəfindən söylənilən maraqlı fikirlərdən bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm. “Şahmatın əsası onun nə olduğunu düşünməkdir” – Devid Bronsteyn, “Şahmat analiz sənətidir” – Botvinnik, “Yaxşı oyunçunun həmişə yaxşı şansı olur” – Kapablanka, “Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın” – Em. Lasker, “Səhvlər taxtanın hər yanında edilməyi gözləyirlər”, “Oyunun qalibi əvvəlcədən səhv edən oyunçudur” – Tartakouer, “Şahmat taxtası insan zehninin gimnastika zalıdır” – Paskal.

Dahilər və şahmat

Məşhur şahmatçı Morfi, eyni zamanda 3 oyunçu ilə, rus şahmatçısı Alyoxin 32, Argentina qrossmeysteri Miquel Naydorf 45 oyunçu ilə oynamışdı. 1960-cı ildə macar şahmatçısı Yanoş Freş şahmat taxtasına baxmadan 52 oyunçu ilə oynamışdır. Ona qarşı 4 ustalığa namizəd, 12 birinci, digərləri isə 2 və 3-cü dərəcəli şahmatçılar oynamışlar. Yanoş Freş bu oyunlardan 31-ni qazanmış, 18-ni heç-heçə qurtarmış, yalnız 3 oyunda məğlub olmuşdur. Bu seans 13 saata yaxın bir müddətdə keçirilmiş, cəmi 4 dəfə 10 dəqiqəlik tənəffüs verilmişdir. Qeyd edim ki, bu oyunda Yanoş Freş 6 kiloqrama yaxın çəki itirmişdir. D.İ.Mendeleyev də şahmat pərəstişkarı və oyunçusu idi. O yazırdı: “Mənim üçün elm şahmat oynamaq kimidir. Odur ki, vaxtı belə əyləncələrlə keçirmək xoşuma gəlir”.

Muxtar diyarda şahmatın inkişafı

Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında şahmata maraq gündən-günə artır. Bu da təbiidir. Çünki digər idman növləri kimi, şahmatın da yüksək səviyyədə tədrisi, ustad dərslərin keçilməsi, bu sahə üzrə yerli və beynəlxalq səviyyəli yarışların təşkili insanların, xüsusilə uşaqların diqqətini çəkir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” əhalinin sağlam həyat tərzinin təmin olunması, bədən tərbiyəsi və idmana marağın artırılması, gənclərin zərərli vərdişlərdən uzaq olması baxımından mühüm əhəmiyyətə malikdir.

Muxtar respublikada hər bir sahədə olduğu kimi, şahmat üzrə də savadlı kadrların yetişdirilməsi daim diqqətdə saxlanılır. Artıq Naxçıvan mötəbər beynəlxalq yarışlara və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməklə aparıcı şahmat mərkəzlərindən biri kimi özünü təsdiqləyib. Təsadüfi deyil ki, bu gün naxçıvanlı şahmatçılar dünyanın elit şahmatçıları arasındadırlar. Ali Məclis Sədrinin dediyi kimi: “Bu gün Azərbaycan o ölkələrdəndir ki, şahmat dövlət səviyyəsində himayə olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilmiş, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur... Artıq muxtar respublikada reytinqli şahmatçılar yetişir”. Muxtar respublikada yüksək dərəcəli idmançıların beynəlxalq miqyaslı yarışlarda respublikamızı şərəflə təmsil etmələri üçün lazımi şərait yaradılıb. Elə bunun nəticəsidir ki, hazırda Naxçıvanda bir qrossmeyster, iki beynəlxalq, üç FİDE ustası, bir beynəlxalq və bir FİDE hakimi fəaliyyət göstərir.
Bu idman növü ilə məşğul olanlar beyinlərinin gücündən maksimum istifadə edir, düşünür, həll edir və tətbiq edirlər. Psixoloqlar tərəfindən şahmat yaddaşın möhkəmləndirilməsində effektiv vasitə hesab olunur. Təsadüfi deyil ki, altsheymer xəstəliyi ilə mübarizədə şahmat tövsiyə olunur. Tez düşünmə və qərar qəbuletmə, hadisələrə düzgün yanaşma, özünə güvənin artması, özünü yaxşı tanıma və bacarıqları üzə çıxarma, diqqətcil olmaq, fikri cəmləmək şahmatın üstünlüklərindəndir. Bu idman növü müvəffəqiyyətin yalnız sistemli və planlı şəkildə əldə edilə biləcəyini, qaydaları anlamağı və ona tabe olmağı öyrədir.

Muxtar respublikada Şahmat Mərkəzi və 7 şahmat məktəbi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində isə şahmatın tədrisi üçün müasir siniflər ayrılıb, şahmat dəstləri ilə təmin edilib. Ümumtəhsil məktəblərində şahmatın tədrisi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən sertifikasiyada uğurlu nəticə göstərərək sertifikat almış 505 müəllim tərəfindən aparılır. Ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik və dərs vəsaiti tələbatını təmin etmək və şagirdlərin yüksək səviyyədə şahmatın incəliklərinə yiyələnmələri üçün Şahmat Federasiyası tərəfindən “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları nəşr olunaraq məktəblərə paylanılıb.
Qədim diyarda gənclərin yaradıcılıq potensiallarının gücləndirilməsi, vətənpərvər ruhda tərbiyəsi, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi daim diqqətdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin aşkara çıxarılması və qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması gənclərin daha səylə çalışmalarına şərait yaradır. Belə gənclərdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamına əsasən adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na şahmat üzrə salınan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Nazlı Hümbətovadır. Bu günə qədər gənc şahmatçılardan dördünün adı “Qızıl kitabı”a yazılmış, onlar Ali Məclis Sədrinin aylıq xüsusi təqaüdünə layiq görülmüşlər.

Ali Məclisin Sədri demişdir: “Bu gün muxtar respublikada gənclərin şahmata böyük marağı vardır. Bu sahədə yaradılan şərait və federasiyanın fəaliyyətinin gücləndirilməsi bu idman növü üzrə kütləviliyi təmin etmişdir”. 2019-cu ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbovun təşəbbüsü ilə şahmatçıların, eləcə də məşqçi-müəllimlərin bu idman növünə olan marağını daha da artırmaq, muxtar respublikada şahmatın kütləviliyini təmin etmək üçün mükafat fondu təsis edilmişdir. Eyni zamanda hər il uğur qazanan idmançı və məşqçi-müəllimlər fond tərəfindən mükafatlandırılırlar. Rayonlarda fəaliyyət göstərən şahmat məktəblərində şahmatçılar, onların valideynləri və müəllimləri ilə görüşlər keçirilir, bölgələrdə şahmatın inkişaf etdirilməsi müzakirə olunur.
Naxçıvanda şahmatın inkişafına göstərilən dövlət qayğısının və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının son illərdəki uğurlu fəaliyyətinin nəticəsidir ki, cari ilin may ayında həmin federasiyanın təşəbbüsü ilə ilk dəfə Bakıdan kənarda keçirilən Azərbaycan çempionatı daha maraqlı və yüksək səviyyədə təşkil edilmiş, naxçıvanlı şahmatçılarımız da burada uğurla təmsil olunmuşlar. Ölkə və muxtar respublikamızın şahmat tarixində belə bir əhəmiyyətli çempionata yüksək səviyyədə ev sahibliyi edə bilmənin başlıca səbəbi məhz Naxçıvanda keçirilən daxili turnirin beynəlxalq turnir səviyyəsində təşkil olunması, eyni zamanda ənənəvi Naxçıvan Beynəlxalq Şahmat festivallarının yüksək səviyyədə təşkilidir. Qeyd edək ki, Naxçıvanın 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə də ev sahibliyi etməsi planlaşdırılır.
Göründüyü kimi, muxtar respublikada gələcəyin əmin əllərdə olması üçün bütün zəruri tədbirlər görülür. Gəncliyin qarşısında duran əsas vəzifə isə yaradılan bu şəraitdən səmərəli istifadə etmək, Naxçıvanın adını öz istedadları, bacarıqları ilə dünyada tanıtmaqdan ibarətdir.

Rəmzi İbrahimov

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR