22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri Serbiya Respublikasında təşkil olunan beynəlxalq turnirlərdə mübarizə aparıb və uğurlu nəticələr əldə ediblər.
İlk olaraq 5 zəka sahibimiz Silver Leyk şəhərində təşkil olunan “Silver Lake – 2021 Open” beynəlxalq turnirində mübarizə aparıblar. Beynəlxalq turnir “A” və “B” olmaqla, iki qrupa bölünüb. 27 ölkədən 130-dan çox şahmatçının mübarizə apardığı “A” qrupunda iki təmsilçimiz – beynəlxalq usta Toğrul Həsənzadə və FIDE ustası Pərviz Qasımov müvafiq olaraq turnirdə 4 və 5 xal toplamaqla uğurlu nəticə əldə ediblər. 11 ölkənin 100-dən çox zəka sahibinin birincilik uğrunda mübarizə apardığı “B” qrupunda isə Nəsrin Babayeva 9 oyundan 5,5 xal toplayaraq qadınlar arasında qalib adını qazanıb. Yekun turnir cədvəlində ilk üçlükdən cəmi yarım xalla kənarda qalan Sadiq Qarayev isə 18 yaşadək şahmatçılar arasında ikinci olub. Aktivində 5 xalı olan Nazlı Hümbətova reytinq əmsalını 171 xal artırıb.

Şahmatçılarımız, eyni zamanda 2-8 iyul tarixlərdə Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil olunan 1-ci Beynəlxalq “Serbia Chess Open 2021” şahmat turnirində də mübarizə aparıblar. 42 ölkədən 461 şahmatçının iştirak etdiyi turnir “Masters” və “Amateurs” olmaqla, iki qrupda keçirilib. “Masters” qrupunda mübarizə aparan FIDE ustası Pərviz Qasımov uğurlu nəticə əldə edərək Beynəlxalq usta normasını doldurub. Bu qrupda iştirak edən digər təmsilçimiz beynəlxalq usta Toğrul Həsənzadə turniri 3 xalla başa vurub.
“Amateurs” qrupunda 6 xal toplayan Sadiq Qarayev reytinq əmsalına 52,4, digər şahmatçımız – 4,5 xal toplayan Nazlı Hümbətova isə 63,2 xal əlavə ediblər. Nəsrin Babayeva isə beynəlxalq turnirdə 5 xal toplayıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR