15 Aprel 2021, Cümə axşamı

Bədən tərbiyəsi və idman insanın kamilləşməsinə və sağlamlığının möhkəmlənməsinə xidmət edir. İdman fiziki sağlamlıqla yanaşı, insanı mənəvi ucalığa dəvət edən, nikbin emosiyanın formalaşmasına səbəb olan, beynəlxalq idman yarışlarında ölkənin tanınmasına xidmət edən mühüm sosial vasitədir. Ölkə Prezidenti cənab İlham Əliyev idmançılarla görüşündə demişdir: “İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır. Məhz dövlət siyasəti, idmançılarımızın peşəkarlığı, mütəxəssislərin və federasiyaların birgə fəaliyyəti bu uğurları şərtləndirir”.

Muxtar respublikamızda cəmiyyətin inkişaf edən bütün sahələri kimi, idman da öz çiçəklənmə dövrünü yaşamaqdadır. Bu inkişafın davamlı xarakter daşıması və idmanın kütləviləşməsi istiqamətində görülən işlər əhalidə sağlam həyat tərzinin formalaşdırılması məqsədini daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi muxtar respublikanın idman həyatında yeni mərhələnin başlamasına səbəb olmuşdur. Proqramda müəyyən olunan və mühüm sosial əhəmiyyət kəsb edən tədbirlərdən biri idmançıların əməyinin qiymətləndirilməsidir. Bu istiqamətdə görülən işlər idmana və idmançıya göstərilən diqqətin təzahürü olmaqla yanaşı, həvəsləndirici xarakter də daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə idman sahəsi üzrə Babək rayon Vayxır kənd tam orta məktəbinin şagirdi Vüsal Seyidov Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş və onun adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmışdır. İyulun 14-də – ulu öndərin ölkəmizə rəhbər seçilməsinin 51-ci ildönümündə keçirilən mərasimdə Ali Məclisin Sədri təqaüd kartını gənc idmançıya təqdim etmişdir.
Proqramın icrasına uyğun olaraq 2020-ci ildə 9 məşqçi-müəllim təltif olunmuş, keçirilən yarışlarda qalib olan 66 idmançı idman geyimləri və digər ləvazimatlarla mükafatlandırılmışdır. Həmçinin muxtar respublikada fəaliyyət göstərən idman obyektləri və zallarında aztəminatlı ailələrdən olan 35 yeniyetmə və gəncin ödənişsiz idmanla məşğul olması üçün şərait yaradılmışdır.

Bütün sosial-iqtisadi sahələrdə olduğu kimi, idmanın da inkişafını təmin edən əsas faktorlardan biri maddi-texniki bazanın gücləndirilməsi, bu istiqamətdə infrastruktur layihələrinin icrası, müasir standartlara cavab verən idman obyektlərinin istifadəyə verilməsidir. Aparılan tikinti və yenidənqurma tədbirləri Naxçıvanın idman mərkəzinə çevrilməsi üçün genişhəcmli potensialın formalaşmasına səbəb olur. 2020-ci il may ayının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvan şəhərində istifadəyə verilən Sahil Parkında iki idman meydançası yaradılmışdır. Parkda tennis kortu inşa edilmiş, 4 stolüstü tennis masası quraşdırılmış, velosiped zolağı salınmışdır. Proqramın icrasına uyğun olaraq 2020-ci ildə Uzunoba gölünün ətrafında Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksinin inşasına başlanılmış, federasiyanın nümayəndə­ləri kompleksin tikintisində beynəlxalq təcrübədən faydalanmaq üçün Türkiyənin Mersin şəhərində olmuşlar. Bu dövrdə idman infra­strukturunun daha da təkmilləşdirilməsi davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasında “Dart” idman növü üzrə yaradılmış yeni bölmə idman qurğuları ilə təmin olunmuşdur. Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının tir bölməsi yaradılmışdır. Muxtar respublikanın kəndlərində stadionların müasir tələblər səviyyəsində qurulması ilə bağlı proqramda nəzərdə tutulan məsələlər də diqqət mərkəzində olmuşdur. Belə ki, 2020-ci ildə Culfa rayonunda mərkəzi stadion, Bənəniyar, Camaldın, Sədərək rayonunda Sədərək kənd stadionları əsaslı təmir olunmuşdur. Həmçinin proqramın icrası məqsədilə mart ayından etibarən Ordubad Rayon Mərkəzi Stadionunun tikintisinə başlanılmışdır. Uzunoba gölünün ətrafında çimərlik futbolu meydançası tikilmiş, Sədərək rayonunun Heydərabad qəsəbəsinin girişində yerləşən istirahət parkında sadə idman qurğuları və guşələri yaradılmış, parkda mini idman meydançası gənclərin istifadəsinə verilmişdir. Həmçinin 2020-ci ildə özəl investisiya qoyuluşu hesabına Kəngərli rayonunda fitnes zalı fəaliyyətə başlamış, süni örtüklü futbol meydançasının yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Dövlət proqramında Naxçıvan Muxtar Respublikasında ildə bir dəfə “İdman festivalı”nın keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən tapşırığın icrası diqqət mərkəzində olmuş, Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik istirahət mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilmişdir. Festivalda idman federasiyalarının, uşaq-gənc­lər idman məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Şərur Rayon Ağır Atletika Bölməsinin və “Xatun” Bədii Gimnastika İdman Klubunun nailiyyətləri nümayiş etdirilmişdir.
Proqramda nəzərdə tutulan tapşırıqların icrası idmanın kütləviliyinin təmin edilməsinə şərait yaratmışdır. Belə ki, bu dövrdə idman sahəsində Naxçıvan şəhərində keçirilən 23 tədbirdə 840, Şərur rayonunda keçirilən 23 tədbirdə 730, Babək rayonunda keçirilən 17 tədbirdə 648, Culfa rayonunda keçirilən 20 tədbirdə 700, Ordubad rayonunda keçirilən 19 tədbirdə 680, Şahbuz rayonunda keçirilən 20 tədbirdə 700, Kəngərli rayonunda keçirilən 14 tədbirdə 524, Sədərək rayonunda keçirilən 15 tədbirdə 504 idmançı iştirak etmişdir.
Muxtar respublikamızda yeni inkişaf dövrünü yaşayan və xüsusi əhəmiyyət kəsb edən idman növlərindən biri şahmatdır. Şahmat bu idman növü ilə məşğul olan şəxslərdə zehni fəaliyyətin, konsantrasiyanın və sağlam iradənin inkişafına ciddi təsir göstərir. Elmi araşdırmalar təsdiq edir ki, yeniyetmə dövründən şahmatla məşğul olan şəxslərdə planlaşdırma, analiz, ehtimallara qarşı hazırlıq və qarşıya çıxan imkanların dəyərləndirilməsi kimi qabiliyyətlər mükəmməl səviyyədə formalaşır. Muxtar respublikanın ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi şagirdlər arasında hələ uşaqlıq dövründən bu idman növünə marağın oyanmasına və gələcək peşəkar idmançıların formalaşmasına səbəb olur. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının həyata keçirdiyi kompleks tədbirlər isə bu sahənin inkişafının davamlı xarakter almasına şərait yaradır. Federasiyanın təşkilatçılığı ilə beynəlxalq nüfuzlu turnirlərlə yanaşı, muxtar respublika səviyyəli yarışlar, təlim-məşq toplanışları, müxtəlif mövzulu interaktiv dərslər, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün seminarlar, sertifikasiya imtahanları keçirilir. Dövlət proqramının icrasına uyğun olaraq Naxçıvan şahmatçılarının 13 beynəlxalq, 6 ölkə səviyyəli onlayn yarışda iştirakının təmin edilməsi bu sahədə 2020-ci ildə əldə olunan uğurlardan xəbər verir.
Bədən tərbiyəsi və idmanın kütləviləşməsi sağlam və güclü gənc nəslin formalaşmasına imkan yaradır. Məhz təşkil olunan idman tədbirləri gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və onların vətənin müdafiəsinə hazırlanması sahəsində müstəsna rol oynayır. Proqramda bu məqsədlə müəyyən edilən tədbirlərin icrası 2020-ci ildə də diqqətdə saxlanılmış, martın 10-da ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun Naxçıvan şəhər mərhələsi, 4-9 may tarixlərdə hərbi beşnövçülük, avqustun 6-da yeniyetmə və gənclər arasında interaktiv tir üzrə birinciliklər keçirilmişdir. Bu tədbirlərin keçirilməsində məqsəd gənclərə vətənpərvərliyin və milli-mənəvi dəyərlərin təbliğ edilməsindən ibarət olmuşdur.
İdmanın cəmiyyət üçün sosial əhəmiyyətini xarakterizə edən digər mühüm cəhəti isə gənc­lərin zərərli vərdişlərdən uzaqlaşdırılmasında və sağlam ruhda böyüməsində oynadığı roldur. Bu istiqamətdə keçirilən tədbirlər yeniyetmə və gənclərin faydalı fəaliyyət növü ilə məşğul olmasına və asudə vaxtın səmərəli təşkilinə imkan yaradır. Proqramın icrası məqsədilə 2020-ci il fevralın 27-də “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə Şərur və Ordubad, iyulun 23-də Şahbuz və Ordubad rayon voleybol komandaları arasında yoldaşlıq görüşləri, boccia üzrə Babək rayon birinciliyi keçirilmişdir. Həmçinin muxtar respublikanın ümumtəhsil müəssisələrində yetkinlik yaşına çatmayanlar arasında bədən tərbiyəsi və idman vasitəsilə zərərli vərdişlərin qarşısının alınması məqsədilə “Sağlam həyat tərzi”, “Tütün məhsullarının istifadəsinin zərərli təsirləri” və “İdmana cəlb olunma” mövzularında 33 maarifləndirici tədbir keçirilmişdir.
İdmanın faydalı tərəflərindən biri də cəmiyyətin müxtəlif sosial kateqoriyalarını təmsil edən şəxslərin fərdi və kollektiv inkişafını bərabər səviyyədə təmin etməsidir. Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunmasında idman əvəz­olunmaz rola malikdir. Bu fəaliyyət onların bacarıqlarının müxtəlif idman istiqamətləri üzrə aşkar olunmasına və asudə vaxtlarının məqsədəuyğun təşkilinə imkan yaradır. Pro­qramın icrası məqsədilə 2020-ci il fevralın 19-da sağlamlıq imkanları məhdud şəxslər arasında qol güləşi üzrə muxtar respublika birinciliyi, 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə boccia idman növü üzrə muxtar respublika və Kəngərli rayon birincilikləri, Paralimpiya Federasiyasının idmançıları arasında “Peleton” intellektual oyunu, Şərur və Sədərək rayon komandaları arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə yüngül atletika üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Bu dövrdə sağlamlıq imkanları məhdud şəxslərin bədən tərbiyəsi və idman vasitəsilə reabilitasiyası, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsi üçün bu sosial kateqoriyadan olan 10 nəfərin Naxçıvan Üzgüçülük Mərkəzində üzgüçülük idman növü ilə məşğul olmasına şərait yaradılmışdır. Proqramın icrasına uyğun olaraq 4 sağlamlıq imkanları məhdud idmançı tələbatlarına uyğun olaraq 7 reabilitasiya vasitəsilə təmin olunmuş, kütləvi informasiya vasitələrində bu sahə üzrə həvəsləndirici materiallar dərc edilmişdir.
Yeniyetmə və gənclərin təhsil prosesinə paralel olaraq müxtəlif idman sahələri ilə məşğul olmaları bir tərəfdən həmin prosesin effektivliyinin artmasına, digər tərəfdən isə gələcək peşəkar idmançıların müəyyənləşdirilməsinə səbəb olur. Muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrində idmanın inkişafı istiqamətində görülən işlər gənclərdə davamlı fiziki tərbiyə vərdişlərinin formalaşması ilə yanaşı, idman sahəsində ixtisaslı kadr hazırlığının təşkili üçün də yeni imkanlar yaradır. Dövlət proqramının icrası məqsədilə 2020-ci ildə 118 məktəbdə 185 idman klubu yaradılmış, noyabrın 20-də klubların təqdimatı keçirilmişdir. Məktəblərdə fiziki tərbiyə dərslərinin yüksək səviyyədə tədrisi diqqətdə saxlanılmış, ixtisaslı kadr hazırlığına dəstək məqsədilə fevralın 17-dən başlayaraq Naxçıvan Dövlət Universitetinin 19, “Naxçıvan” Universitetinin 42 tələbəsinin ümumtəhsil müəssisələrində təcrübə keçməsi üçün şərait yaradılmışdır. Həmçinin bu dövrdə fiziki tərbiyə üzrə 35 ixtisaslı müəllim işlə təmin olunmuşdur. Ali təhsil müəssisələrində hamiliyə götürülən ixtisaslarda təhsil alan gənclərin muxtar respublikanın idman həyatında aktiv iştirakı da diqqət mərkəzində olmuş, 4 tələbə haqqı ödənilməklə futbol oyunlarında hakim qismində iştirak etmişdir.
Gənclərin peşəkar idmançı kimi formalaşmasında planlı və mütəmadi olaraq keçirilən məşqlərlə yanaşı, təcrübəli məşqçilərin bilik və bacarıqlarından istifadə olunması da xüsusi əhəmiyyət kəsb edir. Dövlət proqramının icrasına uyğun olaraq təcrübəli məşqçilərin iştirakı ilə keçirilən təlimlər və görüşlər gənc idmançıların fəaliyyətinin düzgün istiqamətləndirilməsində əsaslı rol oynayır. 2020-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından dəvət olunmuş hakimlərin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin məşqçilik və hakimlik kurslarına cəlbi məqsədilə seminar keçirilmişdir. Həmçinin Azərbaycan Milli Par­alimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi ilə muxtar respublikada sağlamlıq imkanları məhdud 18 yaşadək bocciaçıların, komitənin stolüstü tennis üzrə uşaq milli komandasının baş məşqçisi ilə bu idman növü ilə məşğul olan paralimpiyaçıların onlayn formatda görüşü təşkil edilmişdir. Eyni zamanda muxtar respublikaya təcrübəli məşqçilərin dəvət olunması da davam etdirilmişdir. 21-25 sentyabr tarixlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşları tərəfindən Naxçıvanda futbol məşqçiləri üçün “C” kateqoriyalı məşqçilik kursları təşkil olunmuşdur. Sosial şəbəkələr üzərindən canlı yayım vasitəsilə üç-qat dünya və Avropa çempionu, olimpiya oyunlarının bürünc mükafatçısı, sərbəst güləşçi Hacı Əliyevlə, karate üzrə beşqat dünya çempionu Rafael Ağayevlə, kapoeyra idman növü üzrə dünya çempionu, Kapoeyra Federasiyasının məşqçisi, milli komandanın kapitanı Fərid Allahverdiyevlə gənclərin görüşü keçirilmişdir.
Dövlət proqramının icrasına uyğun olaraq “İdman könüllüləri”nin əsasnaməsi hazırlanmış, 20 gənc idman könüllüsü təlimlərə və xarici dil kurslarına cəlb olunmuşdur. “İdman festivalı”nda iştirak edən qonaqların qarşılanması, Naxçıvan şəhəri ilə tanışlığı, oteldə yerləşdirilməsi və yola salınmasında “İdman könüllüləri” iştirak etmişdir. Həmçinin 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə muxtar respublikada təhsil alan əcnəbi tələbələr arasında təşkil olunan “Labirint” stolüstü oyununda könüllü gənclərin hakim qismində iştirakı təmin olunmuşdur.
İdmanı kütləviləşdirən ən mühüm faktorlardan biri bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləridir. Bu tədbirlər bədən tərbiyəsi və idmanın gündəlik həyata müsbət təsiri və sağlamlığın qorunmasındakı rolu barədə insanlar arasında təbliğat işinin aparılmasını təmin edir. Proqramın icrası məqsədilə 2020-ci ildə yeniyetmə və gənclər arasında idman növlərinin təbliği ilə bağlı “Bədən tərbiyəsi və sağlamlıq” adlı bukletlər hazırlanmışdır. “Evdə qal, idmandan qalma!”, “Bilmədiklərimiz”, “İdman vaxtı” başlıqlı aksiyalar çərçivəsində sosial şəbəkələr vasitəsilə müxtəlif idman növlərinin üstünlükləri tanıdılmış, evdə məşğul oluna biləcək ümumi inkişaf hərəkətləri təbliğ olunmuşdur.
Bu gün muxtar respublikada uşaq, yeniyetmə və gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Yaradılan müasir idman mühiti gənc nəslin bədən tərbiyəsi və idmana olan marağını artırır, onların sağlamlıqlarını təmin etməklə yanaşı, dünyagörüşlü və vətənpərvər böyümələrinə də səbəb olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır…”

“Şərq qapısı”

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR