09 İyul 2020, Cümə axşamı

Musiqi bəzən cəsarət, bəzən əsəbilik, bəzən rahatlıq, bəzən hərəkətlilik və bəzən də hüzn yarada bilir. Musiqinin hər mərhələdə uyğunlaşma təmin etdiyini söyləmək mümkündür. Bədənin qidası ilə ruhun qidasını birləşdirən amilin idman olması isə hər şeyi dəyişir. Aparılan araşdırmalar göstərir ki, musiqi tərzlərinin fərqliliyini hiss edən, onu zövqlə dinləyən idmançılar özlərini rahat şəkildə motivasiya etməyi bacarırlar.

Musiqi idmançıya nə verir?

Musiqi öz xarakterinə görə sakitləşdirici, düşündürücü, mübarizəyə çağıran və insanda müxtəlif əhval-ruhiyyələr yaradan vasitələrdən biridir. Bu təsir qüvvəsi xalqımızın qədim məhəbbət və qəhrəmanlıq dastanlarında da öz əksini tapıb.

Musiqinin insana verdiyi gözəl təəssürat və hisslər onun ruhuna təsir edir. Musiqi insanın ruhunun emosional oyanışına səbəb olur ki, onun sədaları altında keçirilən məşqdən, sanki idmançı yorulmur. Daha dəqiq desək, musiqinin cazibədar sədaları insanın ruhunu qidalandırır, psixoloji gərginliyi tənzimləyir və onu yüksək nailiyyətlərə ruhlandırır. Aparılan araşdırmalardan məlum olub ki, bütün məşqlərin hazırlıq hissəsinin xüsusi seçilmiş musiqi sədaları altında keçirilməsi məsləhətdir. Bu zaman maraqlı sual ortaya çıxır: Musiqi idmançıya nə verir?
İdmanda cəld və sürət tələb edən ritmik hərəkətlər olmalıdır. Bu ritm və cəldlik idmançının hərəkətini musiqinin sədaları altında tez bir vaxtda avtomatizmə gətirib çatdırır. Yarışda idmançı musiqi eşitməsə də, onun ruhuna hopmuş bu sədalar altında mübarizəsi coşan çaya bənzəyir. Bu vaxt hərəkətlərdəki elastiklik və mübarizlik, sanki musiqi sədaları altında baş verir. Son illər Şərqi Avropa ­ölkələrinin əksəriyyətində güləşçilər, cüdoçular, taekvandoçular heç bir gərginlik duymadan arenalarda musiqi ilə məşq edirlər. Bununla, hiss edilmədən qazanılan müsbət emosiyalar idmançını daim yüksək ruhda və mübarizə hazırlığında saxlayır. Bu, eyni zamanda idmançıda dözümlülük və fiziki artıma güclü təsir göstərir.

İkinci dost

İdmançıların musiqi olaraq seçdikləri tərzlər, adətən, ritmik olur. Elə idman sahələri var ki, orada qüvvə və ağırlıq tələb edilir. Bu zaman isə nisbətən sakitlik olmalıdır. Çox maraqlıdır ki, Avropada dəbdə olan pop və soul musiqiləri, ümumiyyətlə, idman edilərkən dinlənilmir. Avropalılara görə, musiqi dinləmək, əslində, yaxın dostun insanı ruhlandırması kimi bir hadisədir. Elm adamları musiqi ritmlərinin bədən axışını sürətləndirdiyi və bu hərəkətliliklə psixoloji reaksiyalara müsbət istiqamətdə təsir edə biləcəyini açıqlayıblar. Köln İdman Akademiyasının (Almaniya) araşdırma qrupunun elmi düşüncələrinə əsasən həddindən artıq hərəkətli olmayan idmançıların ritmik musiqi sədaları altında məşqlərə sövq edilməsi müsbət nəticə verir.
İnsanların psixologiyası müxtəlif olduğu kimi, onların musiqi zövqləri də fərqlidir. Amma məsləhət görülür ki, məşqlərdə sizi motivasiyaedici və idmanlarınızı hərəkətləndirə biləcək bir musiqi seçəsiniz. Musiqi dinlərkən məşq etmək həm də bədəndə müəyyən bir kalori xərcləməsi deməkdir.
İdman və musiqi bir-birilə sıx bağlıdır. İdmana başlamaq üçün əsas şərtlərdən biri də motivasiyadır. Lakin idmanı daha həvəsli davam etdirmək və motivasiyadan düşməmək üçün musiqiyə qulaq asmaq məqsədəuyğundur. İdman edərkən musiqi dinləmək sağlamlıqla yanaşı, həm də insanda yüksək əhval-ruhiyyə yaradır.
Hazırkı dövrdə ev şəraitində məşq edərkən musiqi dinləmək daha uyğundur. Araşdırmalar göstərir ki, musiqi insanın diqqətini yayındırır və bu yayındırma onun əhvalını müsbət yöndə 15 faiz artırır. Digər maraqlı məqam isə idman edərkən musiqi dinləyənlərlə dinləməyənlər arasında aparılan araşdırmadır. Belə ki, musiqi dinləyən idmançıların digərlərinə nisbətən daha çox güclü məşq etdikləri məlum olub.
Ev şəraitində məşq edərkən müşayiət üçün daha çox ritmik musiqi seçmək lazımdır. Çünki idman edərkən dinlədiyiniz musiqinin ritmi beyinə təsir edir və nə vaxt hərəkət etmək lazım olduğu siqnalını göndərir. Bu cür ritmik hərəkət isə enerjinizi daha məhsuldar şəkildə istifadə etməyinizə dəstək olur və ev şəraitində sizləri sıxılmaqdan xilas edir.

Bizim musiqi və idman

Məşq zamanı seçilən musiqi bioritmik, sakit və axıcı olmalıdır. Odur ki, bəstəkarlar, adətən, idman yarışları, tədbirləri üçün musiqi yazarkən, onu təkcə yalnız bir yarış üçün yox, daim istifadə olunması üçün nəzərdə tuturlar. Azərbaycanın idman tarixində bəstəkarlarımızın müxtəlif festivallara həsr edilmiş gözəl kantataları, musiqiləri var. Musa Mirzəyevin “Gənc idmançılar mahnısı”, maestro Niyazi və bəstəkar Rauf Hacıyevin birgə yazdıqları “Festival mahnısı” (marş), Rauf Hacıyevin “Gənclik marşı”, Cahangir Cahangirovun “Yürüş mahnısı”, “Düşərgə nəğməsi” və digərləri idmanla musiqinin qarşılıqlı əlaqəsindən, vəhdətindən, gəncliyimizin fədakarlığından bəhs edir.
1980-ci ildə Moskvada keçirilən olimpiyada üçün Qara Qarayev və bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi Azər Dadaşov idmançılara həsr edilmiş gözəl kantata yaradırlar (“Sçastye, da!” “Xoşbəxtlikdir”). Əsərin musiqisində idmana xas olan fəal marş ritmi hərəkətliliyin gümrah və şən əhval-ruhiyyəsi ilə bu gün də özünü müsbət yöndə göstərməkdədir. Göründüyü kimi, musiqi dinləyərək məşq etmək bir çox müsbət vərdişlərin də yaranmasına səbəb olur.

- Ceyhun MƏMMƏDOV

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR