Buna muxtar respublikada yaradılan şərait böyük stimul verir


Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də qazanılan uğurların sayı ilbəil artır. Bunu təşkil olunan beynəlxalq səviyyəli yarışlarda, idmançılarımızın hər il müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə əldə etdikləri qələbələr bir daha təsdiq edir. Belə müvəffəqiyyətlərə sahib olmağın başlıca səbəbi isə idmançılarımıza mənəvi və maddi dəstəyin verilməsidir. Bu gün göstərilən dövlət qayğısının nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Naxçıvan Muxtar Respublikasının da idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmayıb, məhz onların istəyi ilə son illərdə diyarımızda saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilib. Naxçıvanda idmanın inkişafına olan qayğının tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə etməsi isə alqışlanası haldır. Muxtar respublika rəhbərinin diqqəti sayəsində belə idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakı daim təmin edilir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Bu isə idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Son illər muxtar respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb, rayon və kənd­lərdə müasir standartlara cavab verən idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların ixtiyarına verilib.

İdman insanları fiziki cəhətdən sağlam, mənəvi cəhətdən güclü edir. Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, idmana qayğı, onun kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində həyata keçirilən böyük əhəmiyyətə malik işdir. Bu baxımdan muxtar respublikamızda gənclərin inkişafını nəzərdə tutan dövlət proqramlarında idman da prioritet olaraq müəyyənləşdirilir.

Cari il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək deyib: “Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən Vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır”.
Bu gün muxtar respublikada yeni idman obyektlərinin tikilməsi davamlı xarakter alıb. Belə idman qurğularından biri də yeni istifadəyə verilən Sahil Parkındakı tennis kortudur. Kortun uzunluğu 34, eni isə 28 metrdir. 12 metr uzunluğu olan tennis torunun hündürlüyü isə 91 santimetrdir. Kortun ətrafı işıq lampaları ilə əhatələnib. Eyni zamanda insanların tennislə məşğul olmaları üçün kort 2 top səbəti, 69 tennis topu və 8 tennis raketkası ilə təmin edilib.
İki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan tennisin əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Sözügedən rezin topu rəqib tərəfə vurmaq üçün hər oyunçu yalnız tennis oyununa məxsus olan xüsusi raketkalardan istifadə edir. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən olimpiya oyunlarının proqramına daxil edilib.
Tennisdə rəqiblər 3 müxtəlif növdə (ot, torpaq və sintetik) olan və kort adlanan meydanda mübarizə aparırlar. Dördbucaqlı formada olan meydan bərabər ölçüdə iki hissəyə bölünür. Qaydalara əsasən meydanın ayrı-ayrı hissələrində bir-birinə rəqib olan oyunçular top onun sahəsində yerə bir dəfədən çox dəyməmək şərtilə rəqibindən xal almağa çalışmalıdır. Bir qədər çətin olsa da, topu yerə dəymədən də raketka ilə vurmaq olar. Ən yaxşı üsul cəld tərpənərək gələn topu elə havada zərbə vurmaqla qarşı tərəfə yollamaqdır. Tennis oyununda oyunçular xallara əsasən geym (“game” ingilis sözüdür, tərcüməsi oyun deməkdir) qazanmaq üçün mübarizə aparırlar. Bir geym üçün 4 dəfə xal qazanmaq lazımdır. Tennisdə xal qazanmaq sistemi 15-30-40-geym düsturuna əsasən gedir. Yəni 4 xal sizin hesabınıza 1 geym verəcək. Əgər digər oyunçu ilə xal fərqi 1 olarsa, onda siz geym udmaq üçün daha artıq 1 xal qazanmalısınız. İlk 6 geym udan oyunçu set qalibi sayılır. Əgər rəqib oyunçu 4-dən çox geym udubsa, onda digər oyunçu set qazanmaq üçün 7 geym udmalıdır. Oyunun qalibi olmaq üçün isə 6 set qazanmaq lazımdır. Əgər setlərdə hesab 5:5 olarsa, onda oyunçunun qalib gəlməyi üçün ardıcıl olaraq 2 dəfə geym udması kifayətdir. Bütün bu komponentlərdə rəqibindən tez davranan oyunçu qalib olacaq. Hakimin əsas vəzifəsi topun sahəyə və ya sahədən kənara düşməsini müəyyənləşdirməkdir. Tennisdə ən maraqlı məqam isə oyunçunun hakimə etiraz bildirməsi, ümumiyyətlə, “ağzını açıb” söz deməsi qəti olaraq qadağandır. Burada belə hərəkətə görə nəinki hakim, rəsmi qurumlar oyunçunu ciddi şəkildə cəzalandıra bilər.

Sahil Parkında yaradılan kortda stolüstü tennisə marağı olan insanlar üçün də 4 ədəd tennis masası quraşdırılıb. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu gün muxtar respublikamızın bütün şəhər və rayonlarında bu idman növünə maraq həddindən artıqdır. Bunun nəticəsidir ki, hazırda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində “Əlincə” stolüstü tennis klubu fəaliyyət göstərir. Klubda oğlan idmançılarla yanaşı, qızların da tennislə maraqlanması diqqətdən yayınmır. Eyni zamanda muxtar respublikada fəaliyyət göstərən universitet və kolleclərin, tam orta məktəblərin nəzdində 700-ə yaxın uşaq, yeniyetmə və gənc bu idman növü ilə məşğul olur.
Stolüstü tennisin qaydalarına gəlincə, XX əsrin əvvəllərində yaradılan bu oyun uzunluğu 2,74 metr və eni 1,525 metr olan düzbucaqlı stol üzərində oynanılır. Mərkəzi ağ xətt ilə 2 eyni hissəyə ayrılan tennis masasında 15 santimetr hündürlüyündə tor olur. Bu oyun diametri 40 millimetr olan topla oynanılır. Oyunçuların istifadə etdiyi raketka hər cür formada, ölçüdə və çəkidə ola bilər, lakin taxtanın əsas oynanılan hissəsi hamar və bərk, raketkanın əsas hissəsi isə rezin ilə örtülü olmalıdır. Görüşün əvvəlində və ya oyun zamanı raketkanı dəyişdikdə idmançı öz raketkasını rəqibinə və aparıcı hakimə göstərməlidir. Topu oyuna daxil edən zaman əl tam açıq vəziyyətdə, top əlin içində sərbəst olmalıdır. Top 16 santimetrdən az olmayaraq yuxarı atılır və raketka topa dəydikdən sonra birinci topu daxil edən idmançının öz hissəsinə, sonra isə rəqib hissəyə dəyməlidir. Rəqib topu oyuna düzgün daxil və ya qəbul etmədikdə, oyunçu topa mane olduqda, rəqib topa iki dəfə vurduqda, top tora dəyərək rəqib stola dəymədən yerə düşdükdə, rəqib hissəyə top dəydikdə xal hesablanır. Hissələr 11 xal kimi oynanılır. Seçimlər isə püşkatma yolu ilə edilir.
Son olaraq muxtar respublikamızda idmanın inkişafı, kütləvi hal alması üçün görülən işlər və əldə olunan nəticələr göz qabağındadır, bu barədə saatlarla danışmaq olar. Qazanılan müvəffəqiyyətlər isə bütövlükdə, diyarımızın dinamik inkişafının mühüm tərkib hissəsidir. Bu baxımdan muxtar respublikanın belə inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Ümumiyyətlə, Naxçıvan elə bir diyardır ki, burada bütün sahələrdə əldə olunan idman nailiyyətləri konsepsiyaya əsaslanır: şəhər, rayon və kəndlərdə gənclər sağlam şəkildə yetişdirilsin, onlar sağlam ruhda böyüsün.

Bu gün şəhərimizin füsunkar simasını daha da gözəlləşdirən, sevimli mədəni istirahət ünvanı olmaqla yanaşı, müasir idman ifrastrukturlu məkan kimi də diqqəti çəkən Sahil Parkı ilk böyük yarışa “ev sahibliyi” edəcək. Belə ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənc oğlan və qızlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçiriləcək. Sabah isə nazirliyin təşəbbüsü ilə kort tennisi birinciliyinə start veriləcək. Birinciliklər Beynəlxalq Tennis Federasiyasının qaydalarına əsasən, olimpiya sistemi üzrə təşkil olunacaq. Birinciliklərin keçirilməsində məqsəd muxtar respublikada inkişaf etdirilməsi, kütləviliyinə nail olunması və gənclərin bu idman növünə olan marağının daha da artırılmasıdır.

 Ceyhun MƏMMƏDOV