01 Aprel 2020, Çərşənbə

Məşqçi və idmançıların mükafatlandırılması diyarımızda idmana göstərilən diqqətin təzahürüdür

Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında cəmiyyətin bütün sahələri kimi, idman da inkişaf dövrünü yaşayır. İdmana və idmançılara göstərilən diqqətin bariz nümunəsi kimi 5 mart – Bədən Tərbiyəsi və İdman Günündə keçirilən “İdman festivalı”nın muxtar respublikada təşkili diyarımızda əsl bayram ab-havası yaratdı. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən ilk dəfə təşkil olunan tədbirdə bir çox mütəxəssis və idmançı mükafata layiq görüldü. Onlarla görüşüb fikirlərini öyrəndik.

42 ildir, dünyanın ən mükəmməl oyunu hesab edilən şahmatın sirlərini uşaq və yeniyetmələrə aşılayan Hüseyn Əliyevin fikrincə, idman hər bir ölkənin, diyarın ictimai həyatında xüsusi yer tutur və bu gün idmanın inkişafı qazanılan nəticələrə gətirib çıxarır. Biz məşqçilər hər zaman böyük qələbələrdən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı daha da artır, uşaq və yeniyetmələr idman bölmələrinə üz tutur, onlar da qələbə qazanmaq üçün mübarizə aparırlar. Onlar özlərinə kumir kimi həmin idmançıları seçirlər. Təbii ki, bu, gözəl haldır. Biz məşqçi və idmançıların üzərinə isə yalnız göstərilən etimadı doğrultmaq düşür. Sevindirici haldır ki, Naxçıvanda idmanın kütləviliyi üçün mühüm işlər görülür, dövlət idman siyasəti də məhz bu istiqamətdə aparılır.
Respublika dərəcəli şahmat hakimi bütün bu uğurların səbəbini yalnız yaradılan şəraitlə əlaqələndirir: “Şahmatı digər növlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri idmançıların sakit və təmkinli olmasıdır. Keçirilən yarışlarda, turnirlərdə onlara qələbəni qazandıran məhz bu amildir. Son illər bu növə marağın artmasının əsas səbəbi həm məşqçi-müəllimlər, həm də idmançılar üçün hər bir imkanın yaradılmasıdır. Uğur qazanan idmançılar, eləcə də onların məşqçiləri daim diqqətdə saxlanılır, mükafatlandırılır. Mənə verilən “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı isə tək mənim deyil, bütün federasiyamızın uğurudur”.

Yetirmələri dəfələrlə Azərbaycan, beynəlxalq səviyyəli yarışların qalibi və mükafatçısı, dünya çempionatının iştirakçısı olan Hikmət Hüseynov 29 ildir, sərbəst güləş idman növü üzrə məşqçidir. Məşqçilik karyerasını davam etdirən və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin dərs hissə müdiri olan 52 yaşlı mütəxəssis 5 mart – Bədən Tərbiyəsi və İdman Günündə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb. O deyir: “Azərbaycanda gənclər siyasətinin mühüm tərkib hissəsi olan idmanın inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ulu öndər Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və təbliği baxımından idmanın rolunu yüksək qiymətləndirir, idmançılara böyük qayğı ilə yanaşırdı. Məhz bu diqqət və qayğı sayəsində ölkəmiz qısa bir müddətdə dünyanın idman dövlətlərindən birinə çevrildi, Azərbaycan gəncliyi beynəlxalq arenada bir-birindən parlaq qələbələrə imza atmağa başladı”.
Məşqçi-müəllim Hikmət Hüseynov muxtar respublikada da idmanın inkişafına göstərilən diqqət və qayğını vurğulayaraq bildirdi ki, bu sahədə qazanılan nailiyyətlər, eyni zamanda diyarımızın inkişaf səviyyəsini, iqtisadi potensialını əks etdirən mühüm meyarlardan biridir. Bu baxımdan Naxçıvanın dinamik inkişafı idmanda qazanılan uğurlarla ahəngdarlıq təşkil edir. Gələcək nəsillərə miras qoyulan idman ənənəmizi, dövlətimizi, bayrağımızı, doğma Naxçıvanımızı bu gün dünya arenalarında layiqincə təmsil edən idmançılarımız var.
Humay Cəfərova 5 ildir, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi İdman Cəmiyyətində məşqçi-müəllim vəzifəsində çalışır. Karate üzrə I Dan qara kəmər ustası, beynəlxalq turnirin qalibi olan və “Azərbaycan Respublikasının İdman ustası” adına layiq görülən 29 yaşlı məşqçinin fikrincə, qarşıdakı illərdə muxtar respublikanı olimpiya oyunlarında təmsil edəcək gücə malik qızlar yetişməkdədir: “Son illər muxtar respublikada idmana göstərilən diqqət qızların bu sahəyə axını ilə nəticələnib. İndi bütün idman növlərində qızlar da var, onlar məşqlərdə iştirak edir, keçirilən yarışlarda böyük uğurlara imza atırlar. Bu, muxtar respublikada qadınlara, qadın idmanına göstərilən qayğı və etimadın, inamın bəhrəsidir. Hazırda karate idman növü ilə 100-dən artıq qız idmançı məşğul olur. Federasiyanın əsas məqsədi bu növü qızlar arasında kütləvi hala gətirməkdir. Yarışlarda və turnirlərdə iştirak edən qız idmançılarımız uğurlu nəticələr əldə edirlər ki, bu da gələcəkdə onların olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında iştirakına böyük yol açır. “İdman ustası” adına layiq görülmək həm də böyük məsuliyyətdir. İndi daha əzmlə çalışıb bu ada layiq olmağa və Naxçıvan idmanı üçün istedadlı idmançıların yetişməsinə çalışacağam”.
“Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülənlərdən biri də Naxçıvan Dövlət Universitetinin baş müəllimi Nazim Əliyevdir. Yetirmələri dəfələrlə voleybol üzrə ölkə səviyyəli yarışların qalibi və mükafatçısı olub. Nazim müəllim deyir: “İdman festivalı” bir daha onu təsdiq etdi ki, Naxçıvan Muxtar Respublikasında idman son illərdə çox sürətlə inkişaf edir. Biz müəllimlər çalışırıq ki, təhsil ocaqlarında və idman zallarında yetişdirdiyimiz yeniyetmə və gənclər müstəqil dövlətimizi möhkəmləndirsin, inkişaf etdirsinlər. Gənclərimizin nailiyyətləri, o cümlədən naxçıvanlı idmançılarımızın dünya arenalarında uğuru bizləri sevindirir, qürurlandırır”.
41 illik pedaqoji təcrübəsi olan Nazim Əliyev bizimlə söhbətində qeyd etdi ki, indi Naxçıvanda idmana, idman hərəkatına, idman siyasətinə xüsusi diqqət yetirilir. Bu gün idmançılarımızın daha çox uğur qazanması onu göstərir ki, gənclərimizdə vətənpərvərlik hissi, Vətənə məhəbbət, sevgi hissi təbiidir, yüksəkdir. Bu da Azərbaycan gəncliyinin sağlam ruhda böyüməsi deməkdir.
I Dan qara kəmər ustası, eyni zamanda karate-do üzrə Azərbaycan birinciliklərinin mükafatçısı olan Nizami Bağırovun yetirmələri məşqçilərinin yolu ilə gedir. Sədərək Rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru, məşqçi-müəllim 6 ildir, bu sahədə çalışır və yetirmələri kifayət qədər uğura imza atıblar: “İdman tariximizə nəzər yetirsək, bütün uğurlarımızın məhz müstəqillik dövrümüzə təsadüf etdiyini görərik. Həmçinin muxtar respublikamızda idmana göstərilən diqqətin bəhrəsi olaraq qazanılan uğurlar da bu dövrü əhatə edir. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı, “İdman festivalı”nın Naxçıvanda keçirilməsi, məşqçi­-müəllimlər və idmançıların mükafatlandırılması diyarımızda bu sahəyə göstərilən qayğının bariz nümunəsidir. Xüsusilə də, festival zamanı veteran idmançılarımızın diqqətdən kənarda qalmaması onu göstərdi ki, Naxçıvanın qədim idman ənənəsi var və bu ənənə ehtiramla qorunur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri diplomu ilə təltif olunmağım həm də Karate-do Federasiyasının uğurudur”.
30 ildən çoxdur, cüdo ilə məşğul olan Azər Qənbərov idman ustası, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görülən 56 yaşlı mütəxəssisin yetirmələri dəfələrlə Azərbaycan birinciliklərinin mükafatçısı olublar. Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində çalışan Azər Qənbərovun fikrincə, Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində məşqçi olmaq şərəfli bir peşəyə çevrilib: “Son zamanlar məşqçisi olduğum cüdo bölmələrinə uşaq, yeniyetmə və gənclərin axını bir daha göstərir ki, onlar idmanla müntəzəm məşğul olmaq istəyirlər. Muxtar respublikada idmanın inkişafı üçün hər bir şərait yaradılıb. Bu inkişaf gənc nəsli həm sağlam, möhkəm iradəli, həm də vətənpərvər kimi yetişdirmək məqsədini daşıyır”.
İdman ustası olan məşqçi qeyd etdi ki, Naxçıvanda idmanın inkişafı artıq sistemli xarakter daşıyır. Belə ki, yetişməkdə olan idmançıların fəaliyyəti təkcə bu sahə ilə məhdudlaşmır. Onlar möhkəm iradəli olmaqla yanaşı, həm də vətənpərvərlik ruhunda böyüyür, müxtəlif yarışlarda, beynəlxalq arenalarda Vətən sevgisi ilə mübarizə aparırlar. Təbii ki, uğurlar da dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Məşqçilər adından bütün uğurlarımızı daim diqqətdə saxlayan muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.
Cüdo üzrə keçirilən polislərarası Azərbaycan çempionatının qalibi olan Elvin Əliquliyev 11 ildir, məşqçi-müəllim kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri diplomuna layiq görülən 35 yaşlı məşqçinin yetirmələri dəfələrlə ölkə səviyyəli yarışların qalibi və mükafatçısı olub: “İştirak etdiyim yarışlarda, turnirlərdə Naxçıvanı, Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. İndi də yetirmələrimə hər zaman iştirakçısı olduqları yarışlarda Vətən sevgisi ilə mübarizə aparmağı aşılayıram. Əgər idmançının ruhunda vətənpərvərlik hissi varsa, o, istənilən rəqibə qalib gəlmək gücünə də malikdir. Bizim ən böyük sərvətimiz Vətənimizdir və ona xidmət etmək hər birimizin borcudur. Dövlətimiz isə hər zaman bu sahədə əməyimizi qiymətləndirir, mükafatlandırır. Naxçıvanda idmana olan diqqət, idmançılara, məşqçilərə göstərilən qayğını sözlə ifadə etmək mümkün deyil. “İdman festivalı”nın muxtar respublikamızda keçirilməsi tarixə yazıldı. Çalışacağıq ki, muxtar respublika rəhbərinin bizə göstərdiyi etimadı doğruldaq”.
Rasim İsgəndərov gənc məşqçi olmasına baxmayaraq, yetirmələri dəfələrlə boks üzrə keçirilən Azərbaycan və beynəlxalq səviyyəli yarışların qalibi və mükafatçısı olublar. 8 ildir, Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbində çalışan gənc məşqçi-müəllimin kifayət qədər tələbəsi var. Onun dediklərindən: “Bu gün muxtar respublikamızda gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Naxçıvanda minlərlə yeniyetmə və gənc fəal şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançı nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır. Boks idman növünə də marağın artması yaradılan şəraitin nəticəsidir. Biz gənc məşqçilərin də məqsədi var-gücümüzlə çalışıb idmanın inkişafına öz töhfəmizi verməkdir. Göstərilən etimad və verilən mükafat isə gənc məşqçilər üçün əlavə stimuldur”.
“Azərbaycan Respublikasının İdman ustası” adına layiq görülən Əmrah Nağıyev zəngin karyeraya malikdir. 21 yaşlı atlet Azərbaycan qış birinciliyində üçüncü, Azərbaycan çempionatında ikinci, “Küləyə qalib gəl!” devizi altında “Bakı marafonu-2019” yarışında yeddinci, Gürcüstanın paytaxtı Tbilisidə VIII “Tbilisi marafonu”nda 7-ci və Türkiyə Cümhuriyyətinin Antalya şəhərində 15-ci beynəlxalq Runatolia marafonunda ikinci yerlərə layiq görülüb. Hazırda Azərbaycan yığmasının da üzvü olan Əmrah Nağıyevin ən böyük arzusu dünya və Avropa çempionluğunu Naxçıvana gətirməkdir: “İdman mənim üçün bir həyat tərzidir. Özümü bu sahədən kənarda təsəvvür edə bilmirəm. Çünki iştirak etdiyim yarışlarda bir məqsədim olur: doğulub böyüdüyüm Naxçıvanımı layiqincə təmsil etmək və Azərbaycan bayrağını dalğalandırmaq. Mübarizə apardığım yarışlara ciddi hazırlaşıram və daim fəxri kürsüdə mükafatçılar arasına düşməyə çalışıram. Uğurlarımdan sonra belə bir ada layiq görülmək qürurvericidir. Bundan sonra da çıxış edəcəyim yarışlarda mükafat qazanmağa, bu ada layiq olmağa çalışacağam”.
5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilən “İdman festivalı”nın muxtar respublikamızda təşkili və idman mütəxəssislərimizin bu möhtəşəm tədbirdə mükafatlandırılması həm də əlamətdar hadisə kimi tarixin yaddaşına həkk olundu. Belə ki, 25 il bundan öncə məhz bu tarixdə ümummilli liderimiz Heydər Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə görüşərək onların fikirlərini dinləmiş, idmana olan dövlət qayğısının əsasını qoymuşdur. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 il bundan əvvəlki müvafiq Sərəncamı ilə 5 mart artıq ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd edilir. Təbii ki, belə mötəbər gündə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən fəxri adlara və mükafatlara layiq görülən məşqçi və idmançılarımızın nailiyyəti muxtar respublikada bu sahəyə göstərilən diqqətin, sürətli inkişafın və idman siyasətinin uğurlu yolda olduğunun bariz nümunəsidir.

 Ceyhun MƏMMƏDOV