06 İyun 2020, Şənbə

Müxtəlif dövrlərdə qadınların ideal bədən quruluşu, onların idmana yönəldilməsi barədə təzadlı fikirlər səsləndirilib. Məsələn, XIX əsrdə kök və görkəmcə bir qədər güclü görünən qadın ideal hesab edilirdisə, XXI əsrin əvvəlində bu özünü arıq, incə görünüşlə əvəz etməyə başladı. Təbii ki, buna malik olmaq üçün uzun müddət və səylə çalışmaq lazımdır. Qidalanmaya nəzarət etmək, müntəzəm şəkildə idmanla məşğul olmaq vacib şərtdir. Qərb mədəniyyətində qadının idmana cəlbi bu cür təzahür olunur: “Hər şey qadının öz əlindədir”. 

Müasir dövrümüzdə “qadın idmanı – gözəllik, yoxsa kobudluq?” sualı ortaya çıxıb. Qərbdə güc tələb edən qadın idmanı hələ ötən əsrin ortalarından tətbiq edilməyə başlayıb. Qadınların bir çoxu bədən quruluşunu müxtəlif idman növləri ilə “nizamlamağa” tənqidi yanaşırlar. Onlar üçün şeypinqlə, yaxud da aerobika ilə məşğul olmaq, qaçışa üstünlük vermək, ən cəsarətli idman hesab edilən bodibildinqlə məşğul olmaq orqanizmə ziyandır. Lakin həkimlər əzələləri böyütmək üçün böyük çəki ilə işləmək lazım olduğunu vacib bilərək qeyd edirlər ki, həm kişilər, həm də qadınlar eyni məşğələni yerinə yetirə bilərlər. Bu isə o deməkdir ki, idman qadınlar üçün də sağlamlıq mahiyyətini saxlayır. Ona görə həkimlər qadınlara fitnes və ya ağır atletika ilə məşğul olmazdan öncə bunlara riayət etməyi vacib bilirlər:

- məşqə tələsmədən başlamaq, böyük yüklərdən (alətlərdən) istifadə etməmək;
- bədənin yüklərə necə reaksiya verdiyini hiss etmək;
- məşq edərkən nəyi və necə edildiyini yadda saxlamaq;
- ağır məşqlərə girməmək;
- düzgün nəfəs almağı öyrənmək, əsas tapşırıqları mənimsəmək və onları düzgün yerinə yetirməyə ­çalışmaq;
- məşğələlərə trenajorlardan başlamaq, onların köməyi ilə əsas texnikanı mənimsəmək.
Bu məsələdə əsas problem yüksək fiziki yükə və karbohidrogen-zülal əsaslı qidaların yüksək sərfinə əsaslanaraq əzələ kütləsinin nəzarətsiz qaydada artmasıdır. Bununla belə, söhbət bölgülü qidalanmadan gedir: məşqə qədər karbohidratlar, məşqdən sonra isə zülal. Güc tələb olunan məşqlərdə bu cür bölgüdən imtina etmək orqanizmin normal fəaliyyətinin pozulmasına səbəb ola bilər.

Digər tərəfdən, görkəmini, bədən quruluşunu dəyişmək arzusunda olmayan qadına rast gəlmək çox çətindir. Əlbəttə ki, söhbət, ilk növbədə, artıq çəkidən azad olmaqdan gedir. Təəssüflər olsun ki, ehtiyatsızlığın əvəzini hərdən sağlamlıqla da ödəməli oluruq. Qadınlar bəzən artıq çəkidən azad olmaq üçün orqanizmə uyğun olmayan idman növlərinə üz tuturlar. Bu da qısa zaman kəsiyində öz fəsadlarını göstərir və qadında gözəllik yox, normal olmayan bədən quruluşu formalaşdırır. Bu zaman ortaya belə bir sual çıxır: qadınlar daha çox həvəskar kimi hansı idmandan istifadə edə bilərlər? Gündəlik həyat tərzi və aparılan araşdırmalar göstərir ki, 22-35 yaşlı qadınlar həm bədən quruluşunu düzəltmək, həm də sağlam həyat tərzinə yiyələnmək üçün bədii gimnastika, üzgüçülük, yüngül atletika, tennis kimi idman növləri ilə məşğul olmalıdırlar. Adıçəkilən növlərin insan orqanizmində üstün cəhətləri isə ­aşağıdakılardır:
- maksimal qısa müddətə artıq çəkidən azadolma;
- əzələ kütləsinin lokal yolla təkmilləşdirilməsi ilə uyğun bədən forması əldə etmək;
- orqanizmdə metabolizm prosesini sürətləndirmək;
- qadın bodibildinqinin nöqsanları;
- ürək-damar fəaliyyətini tənzimləmək;
- əzələ kütləsinin tez bir zamanda formaya düşməsi.
Hazırda dünyada bütün idman növləri sürətlə inkişaf edir. Əlbəttə, həm kişilər, həm də qadınlar hər hansı bir idman növü ilə məşğul olmaq üçün öz seçimlərində azaddırlar. Müasir zamanda öz sağlamlığına və bədən quruluşuna biganə qalmayan qadınlar bəzən bodibildinqə böyük maraq göstərirlər. Lakin zərif cinsin nümayəndələrinin bu idman növünə maraq göstərməsi heç də birmənalı qarşılanmır. Qadın öz incəliyini qorumalıdır. Çünki bodibildinq bədəni bərkidir və əzələ ona həddən artıq kobud görkəm verir. Kişilərlə müqayisədə qadınların bu növə maraq göstərməsi onların sağlamlığında fəsadlar törədə bilər. Çünki qadınlar üçün ciddi nəticələrə nail olmaq daha çətindir. Qadınların qanında testo­steronun səviyyəsi kişilərlə müqayisədə 25 dəfə azdır və bu da əzələlərin müqayisə edilməməsi deməkdir.
Aparılan araşdırmalar göstərir ki, qadının məşq etmək üçün ən optimal vaxtı gündüz saat 3-dən 4-ə kimidir. Məşqin davametmə müddəti həftədə 2-3 dəfədən çox olmamaq şərtilə 40-45 dəqiqə nəzərdə tutulur. Ağır güc sərf olunan məşqlərdən sonra bədənin bərpası üçün 1-2 gün lazımdır. Əksər mütəxəssislər güc sərfi ilə müşayiət olunan yükləri üzgüçülük, aerobika, şeypinq və ya qaçışla uyğunlaşdırmağı məsləhət görürlər. Son vaxtlar muxtar respublikamızda qadınların müxtəlif idman növləri ilə fəal məşğul olmaları sayəsində uğurlar qazanması müşahidə olunur. Buna diyarımızda qadın idman bölmələrinin müntəzəm fəaliyyəti üçün yaradılan şərait də geniş imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən ilk dəfə olaraq diyarımızda keçirilən və 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı”nda muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının, həmçinin Şərur Rayon Ağır Atletika Bölməsi və “Xatun” Bədii Gimnastika İdman Klubunun qızlardan ibarət idmançılarının hazırladıqları nümunəvi çıxışlar diyarımızda qızların idmana cəlbi yönündə atılmış müsbət addımların nəticəsidir. Qızların bu sahədə göstərdiyi çıxışlar, eyni zamanda qazanılan uğurlar Naxçıvanda zərif cinsin nümayəndələrinin gündən-günə idmana artan tələbinin göstəricisidir.

 Ceyhun MƏMMƏDOV

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR