04 Aprel 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı və “Badamlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin sponsorluğu ilə Naxçıvan Futzal Liqasında mübarizə aparan komandalar arasında keçirilən “Badamlı-Naxçıvan Kuboku”na yekun vurulub.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan kubokun final qarşılaşmasında “Badamlı” və “Prestij” komandaları üz-üzə gəliblər. Görüş “Badamlı” komandasının 11:0 hesablı qələbəsi ilə başa çatıb.
Mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Naxçıvan Futbol Federasiyasının sədri Azad Cabbarov bu gün diyarımızda bütün idman növləri kimi, futbolun da inkişafına dövlət qayğısı göstərildiyini, bunun nəticəsində federasiyanın mütəmadi olaraq turnirlər, çempionatlar təşkil etdiyini, bunlardan birinin də “Badamlı-Naxçıvan Kuboku” olduğunu bildirib.
Nazir azarkeşlərin böyük həyəcanla izlədiyi final görüşündə göstərdikləri oyuna görə hər iki komandanı təbrik edib, bu kubokun bütün komandalar üçün də əlavə stimul olacağını və onların muxtar respublikamızı digər yarışlarda da layiqincə təmsil edəcəklərini vurğulayıb.
Azad Cabbarov kubokun rəsmi sponsoru olan “Badamlı” Məhdud Məsuliyyətli Cəmiyyətinə təşəkkür edərək bildirib ki, gələcəkdə Futbol Federasiyası ilə şirkət arasındakı əməkdaşlıq davam etdiriləcək.
Final görüşündən sonra mükafatlandırma mərasimi keçirilib. Həll­edici qarşılaşmanı idarə etdiklərinə görə hakimlər Elmar Rzayev, Oruc­əli Orucov və Nicat Qurbanova xüsusi hazırlanmış plaketlər təqdim edilib. “Badamlı-Naxçıvan Kuboku” oyunlarında “Ən yaxşı oyunçu” nominasiyasında “Lokomotiv” komandasının üzvü Əfsun Ərəbov, “Ən yaxşı qapıçı” nominasiyasında “Badamlı” komandasının qapıçısı Hamid Raşidi qalib adını qazanıblar. Kubokun ən məhsuldar futbolçusu isə “Badamlı” komandasının üzvü Babək Allahverdixan olub. O, rəqib qapılarından 10 top keçirib.
Sonra finalçı “Prestij” komandasına medal, qalib “Badamlı” komandasına isə medal və kubok təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR