04 Aprel 2020, Şənbə

Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədi və prioritet məsələsidir. Müasir gənclərin hərtərəfli formalaşması, sağlam, vətənpərvər ruhda yetişdirilməsi məhz dövlətin gənclər siyasətinin uğurlu davamının bəhrələridir. Məqsədyönlü gənclər siyasəti hər bir vətəndaşın idmana maraq göstərməsi, mütəmadi olaraq bununla məşğul olmasına da zəmin yaradır. Nəticədə, idmanın kütləviliyini təmin edən dövlət sağlam nəslin də formalaşmasına nail olur. Sağlam cəmiyyət isə sağlam gələcək deməkdir. 

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, milli maraqlara əsaslanan çoxşaxəli idman strategiyası bu sahəni Azərbaycanda, yaşadığımız cəmiyyətdə önəmli bir ictimai amilə çevirib. Ölkəmizdə idmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də əhəmiyyətli işlər görülüb, şəhər və rayonlarda idman infrastrukturunun yaradılmasında böyük uğurlar əldə edilib.
İdman sahəsində qazanılan qələbələr həm də cəmiyyətin vətənpərvərlik ruhunu artırır, yeniyetmə və gənclərin Vətənə sədaqət hissini yüksəldir, ölkəmizi dünyada təbliğ edir. Bu qələbələr idmanın kütləviliyini təmin edir, idmançılarımızın həyatda prinsipiallıq, ləyaqət nümunəsini göstərir.
Muxtar respublikamızda da idman və idmançılara yüksək dəyər verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Gənclərin asudə vaxtının səmərəli təşkilində, onların sağlam böyüməsində və gələcəyə hazırlanmasında idmanın mühüm rolu vardır. Çünki cəmiyyətin sağlamlığı insanların, xüsusilə də gənclərin sağlamlığından asılıdır. Bu mənada, hər bir gəncə ölkənin gələcəyi kimi baxmaq lazımdır. Muxtar respublikada bu məsələ diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, vəzifələr müəyyənləşdirilir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yaradılan müasir təhsil və idman infrastrukturu gənc nəslin bacarığına görə peşə seçiminə və təhsil almasına, müxtəlif idman növləri ilə məşğul olmasına imkan verir...”
Bəli, bu gün muxtar respublikamızda sağlam düşüncəyə malik, vətənpərvər ruhda böyüyən gənclik formalaşmaqdadır. Nəzərə alsaq ki, idmanla məşğul olan insanların əksəriyyəti gənclərdir, o zaman belə bir qənaətə gələrik ki, idmana qayğı, idmanın kütləviliyi həm də onların inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan Naxçıvanda gənclərin hərtərəfli formalaşmasına, idmanın inkişafına istiqamətlənmiş dövlət proqramları qəbul edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvanda bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirələrdə bu sahənin dinamik inkişafına hədəflənmiş prioritet istiqamətlər, mühüm vəzifələr müəyyənləşdirilir. Gənclər arasında maarifləndirici təbliğatın aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır: məqsəd onların sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir.
Muxtar respublika rəhbəri idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə hər zaman önəm verir. Burada müxtəlif idman federasiyalarının fəaliyyət göstərməsi, diyarımızın bütün şəhər və rayonlarında idmanla məşğul olmaq üçün müasir obyektlərin formalaşdırılması belə tədbirlərdəndir. Bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, idmanın kütləviləşməsinə xidmət edir. Eyni zamanda uğur qazanan idmançılarımıza maddi-mənəvi dəstək yeni-yeni zəfərlər qazanılmasına şərait yaradır. Həmin diqqət və qayğı beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da bir çox mötəbər turnirlərin muxtar respublikamızda təşkili üçün əlavə stimuldur.
Qədim diyarımızda hər bir idman növü üzrə yarışların, turnirlərin keçirilməsi üçün böyük imkanlar var. Bu da onu deməyə zəmin yaradır ki, Naxçıvan idman mərkəzlərindən birinə çevrilməkdədir. Ümumiyyətlə, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki bazasının, vəziyyətinin yaxşılaşdırılmasından asılıdır. Ali Məclis Sədrinin təşəbbüsü ilə şəhər və rayonlarda müasir idman obyektlərinin tikilərək uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilməsi diyarımızda idmanın inkişaf strategiyasının düzgün qurulduğunu bir daha nümayiş etdirir.

Hazırda muxtar respublikada idmanın əsas istiqamətləri bu sahəni uşaq, yeniyetmə və gənclərin şüurunda sağlam həyat tərzi kimi formalaşdırmaq, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Məhz bu amil nəticəsində idmanın insanlığın vacib həyat norması olduğu fikrini qəbul edənlərin sayı günü-gündən artmaqdadır. Bu da cəmiyyətimizin mədəni dəyərlər sisteminin əsas komponentlərindən biri olan sağlamlığı və fiziki hazırlıq səviyyəsini qorumaq deməkdir.
Bu gün Naxçıvanda istər olimpiya, istərsə də qeyri-olimpiya idman növləri geniş vüsət alıb. Ələlxüsus, qadınların idmana cəlbi yönündə atılan mühüm addımlar diyarımızda zərif cinsin nümayəndələrinin beynəlxalq arenalarda uğur qazanmasına səbəb olub. Muxtar respublika idmançılarının qısa vaxt kəsiyində əldə etdiyi uğurlar beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmır.
Naxçıvanda bədən tərbiyəsinin həyat tərzinə çevrilməsi həm də yarış təşkilatçılığından asılıdır. Beynəlxalq idman yarışlarının diyarımızda keçirilməsi barədə verilən qərarları da təsadüf hesab etmək olmaz. Təhlükəsizliyin, sabitliyin tam təmin olunması, eyni zamanda müasir idman infrastrukturuna görə regionda lider bölgə hesab edilən Naxçıvan həm də yarışların yüksək səviyyədə təşkilatçılığı baxımından xüsusi ada malikdir. Bu həm də diyarımızın təbliğində əhəmiyyətli təsir vasitəsidir.
Hər il idmançılarımızın yüksək nailiyyətlər əldə etməsi artıq ənənə halını alıb. Geridə qoyduğumuz ildə onlar respublika səviyyəli yarışlarda 179, beynəlxalq miqyaslı turnirlərdə 165, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 20 olmaqla, ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 369 medal qazanıblar ki, bu da Naxçıvanda idman siyasətinin düşünülmüş şəkildə aparılmasının bariz nümunəsidir.
Təbii ki, bu uğurlar Naxçıvanın idman siyasətinin təbliğçisi kimi imicinin möhkəmlənməsində mühüm rol oynayır. Bu gün əminliklə deyə bilərik ki, muxtar respublikamızda sürətli sosial-iqtisadi inkişaf fonunda idman sahəsində bundan sonra da yeni zirvələr fəth olunacaqdır.


- Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR