27 Yanvar 2021, Çərşənbə

Dünən Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan federasiyanın sədri Səhət Həbibbəyli bildirib ki, muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılması üçün 2019-cu ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının tədbirlər və təqvim planı təsdiqlənib. Tədbirlər planına uyğun olaraq ötən il ərzində Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə birgə 13 idman yarışı keçirilib. Stend yarışlarında 59, TİR atıcılığı yarışlarında 123, peyntbol üzrə birinciliklərdə 230 və çoxnövçülük üzrə 80, ümumilikdə, 492 idmançı yarışlarda mübarizə aparıb.

Federasiya sədri diqqətə çatdırıb ki, geridə qoyduğumuz il atıcılıq idman növünün muxtar respublikada təbliği, rayonlarda atıcılıq üzrə klubların yaradılması, idman infrastrukturunun yenidən qurulması və yeni avadanlıqların alınması istiqamətində mühüm işlər görülüb. Atıcılıq mərkəzinin peyntbol meydançasında maneələr yenidən qurulub, stend atışı üçün meydança müasir tələblərə uyğunlaşdırılıb, TİR atıcılığı üçün yeni maneələr quraşdırılıb, müasir görkəmi ilə seçilən kafe istifadəyə verilib, ərazidə abadlaşdırma işləri aparılıb.
Naxçıvan şəhərindəki Atıcılıq əyləncə mərkəzi yenidən təmir olunub, TİR atıcılığı üçün yeni maneələr quraşdırılıb, yeni oyun qurğuları alınıb. Şərur şəhərindəki Atıcılıq mərkəzinin fəaliyyəti yenidən təşkil olunub. Naxçıvan şəhərində fəaliyyət göstərən “Hədəf” və “Qələbə” Atıcılıq idman klubları ilə yanaşı, Şərur şəhərində “Ümid”, Culfa şəhərində “Uğur” və Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Zəfər” Atıcılıq idman klubları təsis edilib və onların idmançılarının muxtar respublika səviyyəli yarışlarda iştirakları təmin olunub.
Vurğulanıb ki, qızların atıcılıq idmanına cəlb olunması istiqamətində işlər görülüb, təşkil olunmuş tədbirlərdə 25 qız idmançının iştirakı təmin edilib. Federasiya tərəfindən keçirilən yarışlarda iştirak edənlərin nəticələri nəzərə alınaraq atıcılığın müxtəlif növləri üzrə “Naxçıvan” komandasının tərkibi müəyyənləşdirilib, onlar təlim-məşq toplanışlarına cəlb olunublar. Ötən ilin iyun ayında Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunan Yeniyetmələrin 12-ci respublika oyunlarında atıcılıq növündə muxtar respublikanın “Naxçıvan” komandası komanda hesabı üzrə, idmançımız Əsgər Cavadov isə şəxsi hesabda qalib adını qazanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında bildirib ki, Naxçıvanda idmanın inkişafına və idmançılara göstərilən qayğı yüksək səviyyədədir. Bunun ifadəsidir ki, diyarımızda gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Qürurvericidir ki, Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 179, beynəlxalq miqyaslı turnirlərdə 165, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 20 olmaqla, ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 369 medal qazanıblar.
Azad Cabbarov vurğulayıb ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2013-cü ildə yaradılan Atıcılıq Federasiyasıdır. Federasiyanın bölmə və qruplarında idmanın bu növü ilə 13 qrupda 195 nəfər məşğul olur. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi Atıcılıq Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, federasiyada struktur dəyişikliyindən sonra Atıcılıq mərkəzində təmir-bərpa işləri aparılıb. Federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri və Ağbulaq İstirahət Mərkəzində Yay məktəbləri təşkil olunub.
Yığıncaqda 2020-ci ildə görüləcək işlər və keçiriləcək tədbirlər barədə məlumat verilib.

* * *

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasında keçirilən yığıncağı giriş sözü ilə federasiyanın sədri Mais Əliyev açıb.
Bildirilib ki, verilən tapşırıqların icrası, səmərəli fəaliyyətin təmin olunması məqsədilə federasiyanın əhatə etdiyi müxtəlif idman növləri üzrə yarışlar təşkil edilib. Bu yarışlarda, ümumilikdə, 1670 nəfər idmançı, 63 məşqçi və 23 hakim iştirak edib. Yarışlarda müxtəlif yaş qruplarına aid olan idmançılar təmsil olunublar ki, bunlardan da 650 nəfərə yaxını qızlardır. İdmançıların ümumi sayı ötənilkindən 810 nəfər, qız idmançıların sayı isə 400 nəfər çox olub. Şəraitin yaxşılaşdırılması məqsədilə federasiyanın süni divarı əsaslı şəkildə təmir olunub, çatışmazlıqlar aradan qaldırılıb. Yarışların keçirilməsində təcrübənin artırılması, yerli məşqçilərin hazırlanması məqsədilə muxtar respublikamıza Bakı şəhərindən hava və ekstremal idman növləri üzrə müstəqil məşqçi dəvət edilib, idmançı və məşqçilərə təlimlər keçirilib.
Diqqətə çatdırılıb ki, federasiyanın rayonlarda bölmələri də fəaliyyət göstərir. Bölmələr tərəfindən bu idman növlərinin inkişaf etdirilməsi məqsədilə şəhər və rayon birincilikləri də təşkil olunub. Federasiya öz fəaliyyətində beynəlxalq əlaqələrinin genişləndirilməsini də diqqətdə saxlamağa çalışıb. Bu məqsədlə 24 fevralda Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 30 nəfərlik alpinist qrupunun, mart ayında isə “Novruz bayramı – Dostluq” devizi altında Türkiyənin müxtəlif bölgələrindən və federasiya idmançılarından ibarət 20 dağçının Haçadağa yürüşü olub.
Sonra Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədovun ötən il keçirilən tədbirlər barədə məruzəsi dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Federasiyalar 2019-cu ildə öz işlərini verilmiş tapşırıqlara əsasən qurub. Hava və Ekstremal İdman Növləri Federasiyası da ötən il ərzində fəaliyyətini daha da təkmilləşdirib, süni divara dırmanma mərkəzi yaradılaraq burada gənclər arasında birinciliklər keçirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda Türkiyə və Naxçıvan alpinistlərinin, həmçinin Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Haçadağa yürüş təşkil edilib.
Gənclər və İdman naziri çıxışının sonunda yaradılan hərtərəfli şəraitə, göstərilən qayğıya görə idmançılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR