23 Yanvar 2021, Şənbə

Dünən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağı keçirilib.
Federasiyanın sədri Nicat Babayev yığıncaqda çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə bütün kateqoriyalardan olan məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir. Onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir. Hazırda federasiyanın boccia, stolüstü tennis, qolbol, üzgüçülük və ağırlıqqaldırma bölmələri fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, ötən il ərzində paralimpiyaçılar arasında idmanın müxtəlif növləri üzrə 8 muxtar respublika və 18 rayon (şəhər) birinciliyi, 2 yoldaşlıq görüşü keçirilib. Həmin yarışlara 292 nəfər cəlb olunub ki, onların 267 nəfərini oğlanlar, 25 nəfərini qızlar təşkil edir. Bununla yanaşı, muxtar respublika paralimpiyaçılarının mütəmadi olaraq respublika səviyyəli yarışlarda iştirakı təmin edilir. Ötən il noyabr ayında Bakı şəhərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən Paralimpiya Federasiyasının 3 təmsilçisinin 4 medal qazanması, həmçinin Bakı şəhəri “Zirvə” idman klubunda parapauerliftinq üzrə açıq respublika birinciliyində iştirak edən idmançımızın öz çəki dərəcəsində III yerin sahibi olması mühüm uğurdur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2006-cı ildə yaradılan Paralimpiya Federasiyasıdır. 207 sağlamlıq imkanları məhdud şəxs federasiyanın bölmə və qruplarında idmanla məşğul olur. Azad Cabbarov Paralimpiya Federasiyası ilə birgə idmanın bu növünün inkişaf etdirməsi və kütləviliyinin təmin olunması məqsədilə keçirilən çoxsaylı tədbirlər barədə məlumat verib.
Gənclər və İdman naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə idmana göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Naxçıvan boccia idman növü bölməsinin məşqçisi Zaur Hüseynov isə çıxışında ötən il görülən işlər barədə məlumat verib.
Sonda ötən il uğur qazanan idmançılar mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR