03 İyul 2020, Cümə

Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov tədbirdə çıxış edərək vurğulayıb ki, 2019-cu ili ölkəmizdə, həmçinin muxtar respublikamızda gənclər və idman sahəsi üçün nailiyyətlər ili də adlandırmaq olar. Gənclərimiz və idmançılarımız üçün yaradılan şəraitin, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştiraklarının təmin olunmasının nəticəsidir ki, onlar muxtar respublikamızı müxtəlif arenalarda layiqincə təmsil edir və bizləri ­sevindirirlər.
“Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qeyd olunan bu tarix dünya azərbaycanlılarının vahid Vətəni–Azərbaycan Respublikasının ictimai-siyasi maraqları ilə bir olmağa, həmrəyliyə çağırış bayramıdır”, – deyən Azad Cabbarov qeyd edib ki, muxtar respublikamızda da bu münasibətlə bayram tədbirləri təşkil olunur, fərqlənən gənclərimizin fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilir.
Sonda nazir 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev 2019-cu ildə muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasından, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsinin daha da genişləndirilməsindən danışıb.
Cəbi Quliyev yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə Naxçıvan gəncləri adından minnətdarlığını bildirib.
Sonra tədbirin simvolu sayılan tortu kəsmək üçün gənclər səhnəyə dəvət olunublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər mükafatlandırılıblar. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif nominasiyaların qaliblərini müəyyən etmək üçün internet vasitəsilə sosial sorğu keçirilib. Bunlara “İlin ən yaxşı gənc jurnalisti”, “İlin ən yaxşı gənc rəssamı”, “İlin ən yaxşı gənc rejissoru”, “İlin ən yaxşı gənc yazıçısı”, “İlin ən yaxşı gənc aktyoru (aktrisası)”, “İlin ən yaxşı gənc müğənnisi”, “İlin ən yaxşı gənc musiqiçisi”, həmçinin “İlin fəal xəbər saytı” nominasiyaları daxildir.
Bayram tədbiri musiqi və rəqs nömrələri ilə davam edib.


- Ceyhun MƏMMƏDOV

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR