09 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “İdman hamı üçün!” şüarı adı altında tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələr və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırış, hər bir yaş kateqoriyası üçün bədən tərbiyəsi və idmanın təbliği, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyası, olimpiya prinsipləri ilə bağlı məlumatlandırmaq olub.

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman naziri Azad Cabbarov çıxışında ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Vurğulayıb ki, muxtar respublikamızda da gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyət həyatının müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün Naxçıvanda məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli vəzifələrə çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Bu tədbirin Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə təsadüf etməsi ilə də əlamətdar olduğunu diqqətə çatdıran Azad Cabbarov diyarımızda gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxışında bildirib ki, respublikamız artıq dünyada bir idman ölkəsi kimi tanınır. Bunun nəticəsidir ki, 2008-ci ildə Milli Olimpiya Komitəsi Azərbaycan Olimpiya çempionlarına həsr olunmuş sənədli filmlərin çəkilməsi haqqında qərar qəbul edib. Həmin dövrdən başlayaraq bir çox sənədli filmlər istehsal olunub. “Olimpiya Odisseyası” proqramı Avropa Olimpiya Komitəsi və “Olympic Solidarity” təşkilatlarının dəstəyi ilə reallaşdırılıb. Sevindirici haldır ki, “Azərbaycan Olimpiya Odisseyası” adlı layihə ilk olaraq Naxçıvan Muxtar Respublikasında keçirilir. Bu gün həmin layihə çərçivəsində Azərbaycan güləşçisi, yunan-Roma güləşi üzrə 66 kiloqram çəki dərəcəsində 2004-cü il Yay Olimpiya Oyunlarının qızıl medalçısı, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov haqqında filmi izləyəcəyik.
Muxtar respublikada da idmanın sürət­lə inkişaf etdirildiyini vurğulayan nazir müavini belə bir tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Məryəm Qafarzadənin çıxışından sonra “Cəngavər Fərid Mansurov” adlı film nümayiş etdirilib.
Sonra Fərid Mansurov çıxış edərək vurğulayıb ki, ölkəmizdə idmanın digər növləri kimi, güləş də sürətlə inkişaf edir və yeniyetmələr arasında təşkil edilən turnirlər onların təcrübələrinin artırılmasında böyük rol oynayır. O, həmçinin Olimpiya zirvəsinə gedən yoldakı çətinlikləri, idman həyatında olan maraqlı anları tədbir iştirakçıları ilə bölüşüb. Fərid Mansurov gənclərə idmanla məşğul olmağı və sağlam həyat tərzi sürməyi tövsiyə edərək zərərli vərdişlərdən uzaq, sağlam vətəndaş kimi formalaşıb Vətənimizin keşiyində durmağı arzu edib.
Olimpiya çempionu qazandığı uğurlarla bağlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR