21 Sentyabr 2019, Şənbə

Maraq və həyəcanla çıxdığımız yolun uzaq olmasına baxmayaraq, heç də yorğun deyilik. Əksinə, seyrinə daldığımız mənzərələr – xəfif əsən küləyin mehindən dəniztək dalğalanan, yamyaşıl  çəmənliklərə naxış salan rəngarəng çiçəklər, zümrüd rəngli, gözyaşıtək saf bulaqlar insanın ruhuna rahatlıq bəxş edir. Gedəcəyimiz ünvana yaxınlaşdığımızı yol qət etdikcə sərinləyən havadan da bilirik. Çünki bu yerlər yayın ən qızmar çağında belə, uca zirvəsindən qarı əskik olmayan Gəmiqayanın qoynuna sığınan yurd yeridir. Bəli, bura Ordubad rayonunun Ələhi kəndidir. İlin bu vədəsində yaşıllıq və onun üzərinə əlvan xalı kimi sərilən çiçəklərdən də əbəs yerə bəhs etmədim. Çünki bu səfalı məkanda arandan fərqli olaraq hələ də yazın ətri duyulmaqdadır.

Əyriçayın sol sahili, Qapıcıq dağının ətəyində yerləşən bu kəndin adı “çökəklik” mənasına uyğun gəlsə də, yaşayış məntəqəsi indi öz inkişafının zirvəsindədir. Dağların əhatəsində yerləşən kəndə daxil olarkən gördüyümüz mənzərə – bir tərəfi qədim tarixə malik əfsanəvi yurd yeri Gəmiqaya, bir tərəfi yay fəslinin qızmar çağında könüloxşayan başıqarlı dağlar, min bir dərdin dərmanı yeraltı mineral bulaqlar, yolboyu kəndə gələnləri salamlayan meyvə ağacları, nadir ağaclar diyarı olan Tillək meşəsinin füsunkarlığı, insanın ruhunu dinləndirən Əyriçayın şırıltısı...

Tanrının xüsusi zövqlə, incəliklə yaratdığı bu füsunkar yurd yerini seyr etdikcə görülən işlərdən, dövlət qayğısı sayəsində əldə olunan yüksək inkişafdan söz açmamaq qeyri­-mümkündür. Bir neçə il bundan əvvəl dövlətimizin qayğısı sayəsində strateji əhəmiyyətə malik olan Biləv-Göygöl avtomobil yolunun istifadəyə verilməsi kənd sakinlərinin əsas problemini aradan qaldırıb. Bir zamanlar kənd camaatının rayon mərkəzi Ordubad şəhərinə, digər yerlərə gediş-gəlişi ilə bağlı mövcud olan çətinliyin aradan qaldırılması indi bu yurd yerinə turist axını ilə nəticələnib. Bu yolları gedərkən uca dağları yararaq geniş yollar çəkən insan əlinin qüdrətinə, düşüncəsinə heyran qalmamaq mümkün deyil.
Kəndə yaxınlaşdıqca gül-çiçəyin təravətli ətri, quşların cəh-cəhi insanı bihuş edir. Elə kəndin girəcəyindəcə çağlayan, bu yerlərin qazlı suyu, buz kimi Narzan yoldan ötənləri qonaqlayır. Bir tərəfdə gözümüzü çəkə bilmədiyimiz təbiətin gözəlliyi, bir tərəfdə isə gözoxşayan şəhər mənzərəsi – yeni məktəb binası, səhiyyə ocağı, kənd və xidmət mərkəzləri, məscid, sanki indicə çəkilmiş yolların üzərindən bir-birini ötüb keçən maşınlar... Burada təbiətin ecazkar gözəllikləri ilə müasir infrastrukturun səbəb olduğu qeyri-adi bir mənzərə vəhdət təşkil edir. Bu mənzərə insanı “könül­oxşayan bu gözəllik kəndə, yoxsa şəhərə məxsus bir gözəllikdir?” düşüncəsinə qərq edir.
Kəndin gözəlliklərinin sorağına hər il onlarla turist gəlir. Ələhinin heyranedici mənzərəsi və təmiz havasına məftun olanlar bu yerləri bir də yad etməyə can atır. Elə bizim gəlişimiz də kəndin qonaq-qaralı vaxtına təsadüf edib. Aşıq Ələsgər demişkən, qüdrətdən səngərli, qalalı olan dağların əhatəsində yerləşən kəndin yay aylarında cəlalı bir başqa olur. Hər tərəfdən gülüş sədası, uşaq səsi eşidilir.
Biranlıq xəyalən illər öncəyə nəzər salıram. Bir zamanlar çətinlik içində yaşayan kənd sakinləri indi özlərini xoşbəxt hiss edirlər. Gözlərim önündə köhnə, dörddivar arasında yerləşən kənd məktəbi canlanır. Soyuq və səliqəsiz sinif otaqları sınıq-salxaq partaların arxasında oturan şagirdlərin oxumaq, müəllimlərin işləmək həvəsini də soyudurdu. İndi isə mənzərə tamam başqadır. Uca dağların zirvəsində Günəşin parlaq şüaları altında bərq vuran yaraşıqlı bina tədris üçün lazım olan nə varsa, hər biri ilə təchiz edilib. Yeni məktəb binasında çalışan hər bir müəllim dərk edir ki, belə müasir şəraitlə insanları təmin edən dövlətin ondan yalnız bir tələbi var: öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirmək və ölkəmizin gələcəyi üçün vətənpərvər, savadlı gənclər yetişdirmək.
Təhsil ocağına daxil olarkən özümü şəhərin tam mərkəzində fəaliyyət göstərən məktəb binalarının birində hiss etdim. Mərmər döşəmə, gözəl sinif otaqları, səliqə­-sahmanla düzülmüş partalar, başlanmaqda olan yeni tədris ilinə ciddi hazırlıq işləri. Məktəb tədris prosesinə uyğun bütün əyani vəsaitlər, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub.
Bizi qarşılayan Ələhi kənd tam orta məktəbinin direktoru Elnur Həbibov deyir ki, 2013-cü il noyabr ayının 12-də ümumi orta məktəbin yeni binası Ali Məclisin Sədri cənab Vasif Talıbovun iştirakı ilə istifadəyə verilib. Bu, kəndin tarixində mühüm hadisədir. Məktəbdə müasir informasiya-kommunikasiya texnologiyalarının və yeni tədris avadanlıqlarının quraşdırılması təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının daha bir nümunəsidir. Yaradılan şəraitin müqabilində məktəbin pedaqoji kollektivi vətənpərvər və savadlı gənclər yetişdirmək yolunda öz səy və bacarığını əsirgəmir. Biz müəllimlər çalışırıq ki, bu etimadı doğruldaq, dərs dediyimiz hər bir övladımızı gələcəyimiz üçün sağlam ruhda böyüdək.
Məktəbin dünəni və bu günü ilə bağlı fikirlərini bizimlə bölüşən digər müəllim isə Mənsur Tahirov oldu. Onun dediklərindən: “Uzun illərdir ki, bu məktəbdə rus dili fənnini tədris edirəm. Əmək fəaliyyətinə başladığım ilk vaxtlarda məktəbin vəziyyəti, sözün düzünü desək, heç də ürəkaçan deyildi. Əvvəllər sinif otaqlarını isitmək üçün odun sobaları yandırmalı olurduq. Odunu isə bəzən tapar, bəzən tapmazdıq. Qışda sinifdə soyuqdan əlləri təbaşir tutmayan şagirdlər xəstələnər, ilin çox vaxtı dərsdən geri qalardılar. Bu isə məktəbdə nizam-intizamın pozulmasına və şagirdlərin yetərli təhsil almamasına gətirib çıxarırdı. Amma bu gün məktəbimizin binası yenidən qurulub, hər cür şəraitlə təmin olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Bu isə həm müəllimlərdə, həm də şagirdlərdə ruh yüksəkliyi yaradıb. Fənləri həvəslə tədris edən müəllimlər, nəticədə, şagirdlərin onların bu zəhmətini yerdə qoymadıqlarını görürlər”.
Həmsöhbət olduğumuz digər müəllim isə Zərövşən Həbibova artıq 30 ildən çoxdur ki, bu məktəbdə çalışır. O xatırladır ki, “bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır” – deyib müdriklər. Bunun üçün, ilk növbədə, gənclər təhsilli və vətənpərvər yetişdirilməlidir. Bu gün muxtar respublikamızda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən tədbirlər, ilk növbədə, xoşbəxt gələcəyimizə hesablanıb. Təhsilli və vətənpərvər gənc isə gələcəkdə həm ölkəsi, həm də cəmiyyət və ailəsi üçün yararlı olacaqdır. Bu gün müasir tədrisin tələbləri səviyyəsində qurulan məktəbimizdə hər cür şərait var. Biz müəllimlər yaradılan bu şəraitin müqabilində gənc­lərin hərtərəfli təhsil alması və əsl vətəndaş kimi yetişdirilməsi üçün əlimizdən gələni əsirgəmirik.
İllər öncə bu kənddə səhiyyə ocağının yararsız vəziyyətdə olması heç də insanların sağlamlığına təsirsiz ötüşməyib. Lakin bu gün müasir standartlara cavab verən, yeni avadanlıqlarla təchiz olunan tibb müəssisəsi tərəfindən kənd sakinlərinin müayinə və müalicələri başqa ünvanlara getmədən həll edilir. Ələhinin yeni quruculuq ünvanları sırasında yer alan kənd və xidmət mərkəzləri də diyarımızda insan amilinə verilən dəyərin təzahürüdür. Kənd mərkəzində bütün dövlət qurumlarının fəaliyyəti təmin edilib. Fikrimcə, Naxçıvanın nümunəvi kənd modelinin əsasında elə məhz kənd mərkəzləri dayanır. Əvvəllər hansısa sənədləşmə və ya başqa bir iş üçün rayon mərkəzinə üz tutan sakinlər bu gün bütün işlərini, necə deyərlər, öz qapılarının ağzındaca həll edirlər. Kənd mərkəzində rabitə evindən tutmuş mədəniyyət evinə qədər bütün qurumlar fəaliyyət göstərir. Yüzlərlə kitab fondu olan kitabxana da mərkəzdə mütaliəsevər kənd camaatının üzünə açıqdır.
Xidmət mərkəzi isə kəndlilərin zəruri ehtiyaclarının ödənilməsində mühüm rol oynayır. Ərzaq məhsullarından tutmuş ən zəruri məişət avadanlıqlarına qədər hər şeyi bu ünvandan əldə etmək olar. Kəndliyə də elə bu lazım deyilmi? Ələhidə yaradılanlar kənd sakinlərinin torpağa münasibətini kökündən dəyişib. Təsərrüfatın dağlıq zonaları üçün xarakterik sayılan arıçılıq, maldarlıq, qismən əkinçilik, meyvəçilik və digər sahələrlə məşğul olan ələhililər bu kənddə yaşadıqları üçün özlərini xoşbəxt hesab edirlər.
Bütün zəruri ehtiyaclarını ödəyən sakinlər rahat və arxayın şəkildə öz təsərrüfatları ilə məşğul olur, övladları isə ən müasir tələblərə cavab verən məktəb binasında təhsil alırlar.
Bir sözlə, kənddə aparılmış yenidənqurma işləri insanların doğma yurda baxışını dəyişib, göstərilən qayğı, diqqət bu torpağı, bu yurdu insanlara daha çox doğmalaşdırıb. Kənd məktəbinə öz istəkləri ilə təyin olunan Azərbaycanın digər şəhər və rayonlarından gələn ixtisaslı müəllimlər, səhiyyə məntəqəsində çalışan tibb işçiləri bu ­gözəlliklər qarşısında heyran qalıb, hətta bir çoxları bu kənddə daimi yaşamaq üçün özlərinə yaşayış mənzilləri tikiblər. Kənddə bolluq-bərəkət, fasiləsiz yanan işıq, təbii qaz əvvəlki illərin bütün yorğunluğunu, əzab-əziyyətini kənd camaatına artıq çoxdan unutdurub.
Hazırda muxtar respublikamızın kəndlərində daxili bazarı keyfiyyətli məhsullarla təmin edən 800-dən artıq ailə təsərrüfatı var. Elə Ələhi kəndində də belə təsərrüfatlar az deyil. Burada da sakinlər iri ailə təsərrüfatlarının yaradılmasına maraq göstərirlər. Kənd sakini Yaşar Həbibov deyir ki, təsərrüfata hər zaman maraq göstərib. Getdikcə bu sahədən yaxşı gəlir əldə etdiyindən daha da ruhlanıb. 4 hektar həyətyanı və pay torpaq sahəsi olan təsərrüfat başçısı deyir ki, bağımızda müxtəlif meyvə ağacları var. Şükür, bu il məhsuldarlıq yüksək olub. Hazırda bu mövsümdə yetişən meyvələri tədarük edirik. Ailə üzvlərimizin köməyi ilə alma, armud, heyva, üzüm, şaftalı və digər meyvələrdən kompot və mürəbbələr hazırlamışıq. Satış üçün onları müxtəlif şüşə qablarda gigiyenik qaydalara uyğun olaraq qablaşdırmışıq. Yerli və keyfiyyətli məhsullar təqdim etdiyimizdən alıcımız da hər zaman başımızın üzərindədir. Ailə üzvləri tərəfindən qablaşdırılan müxtəlif çeşiddə məhsullar rayon ərazisində, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən satış obyektlərində alıcılara təqdim olunur. Müsahibimiz onu da vurğuladı ki, ötən il Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında da iştirak edib. Festivala müxtəlif növdə kompotlar, turşular çıxarıb, alıcı tələbat və marağı ilə qarşılaşıb.
Bir sözlə, digər kəndlərimiz kimi, Ələhidə də sakinlər müasir imkanlardan yararlanaraq firavan yaşayırlar. Abad yolları, müasir sosial obyektləri ilə sakinlərə rahat həyat bəxş edən Ələhidə təsərrüfatlar hər il daha da genişlənir, insanların xoş güzəranı təmin edilir. Bu yaşayış məntəqəsi öz müasir həyatı ilə yanaşı, xalqımıza məxsus adət-ənənələri də böyük ehtiramla qoruyub saxlayan kəndlərimizdən biridir. Ən əsası isə bu torpaqda yaşayanlar öz yurd yerlərinə möhkəm tellərlə bağlıdırlar. Bu tellər yurdun hər daşını, qayasını göz bəbəyi kimi qoruyacaq qədər qırılmaz və möhkəmdir.
Hər gördüyümüz mənzərəni heyrətlə qarşılayıb, telefonumuzun kamerası vasitəsilə yaddaşına köçürdük. Kənddə mövcud olan yüksəksürətli internetdən istifadə edərək çəkdiyimiz hər bir fotonu anında sosial şəbəkələrdə dostlarımızla paylaşdıq. Görünən kəndə nə bələdçi?! Elə yeni informasiya texnologiyalarının mövcudluğu buradakı müasir həyat tərzindən danışmaq üçün başqa sözə ehtiyac yaratmır.
Kənddən xoş təəssüratlarla qayıtdıq. Qürur duyuruq ki, bu gün şəhər və rayon mərkəzlərində olduğu kimi, ən ucqar kəndlərimizdə belə, müasir həyat tərzi hökm sürür. İnsanlar rahat və firavan yaşayırlar.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR