21 Sentyabr 2019, Şənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun 60 illik yubileyi qeyd olunub.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq muxtar respublikada tanınmış sənət adamlarına göstərilən yüksək dövlət qayğısından bəhs edib, Əməkdar artist Tofiq Seyidovun keçdiyi həyat yolundan və səhnə fəaliyyətindən danışıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün sənət adamlarına daim diqqət və qayğı göstərir, onların yubileyləri yüksək səviyyədə qeyd edilir. Bu yubiley tədbiri də həmin ənənənin davamıdır.
Tanınmış rejissor və aktyor Tofiq Seyidovun yaratdığı rəngarəng obraz və personajlar, quruluş verdiyi dərinməzmunlu və aktual ideyaları ilə seçilən səhnə əsərləri onu tamaşaçılara çoxdan sevdirib.
Qeyd edilib ki, Tofiq Seyidov 1959-cu il avqust ayının 2-də Babək rayonunun Zeynəddin kəndində anadan olub. İlk təhsilini Zeynəddin kənd tam orta məktəbində alan Tofiq Seyidov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, 1982-ci ildə həmin ali təhsil ocağının Dram və kino aktyorluğu fakültəsini bitirib. O, 1982-ci ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. 2013-cü ildən quruluşçu rejissor kimi də çalışan Tofiq müəllim “Manqurt”, “Nadir şah”, “Nadanlıq”, “Hacı Qara”, “Göy quş”, “Qılınc və qələm”, “Xəyyam”, “Ölülər və dəlilər” və digər tamaşalara uğurlu quruluş verib.

Naxçıvan teatrının səhnəsində Tofiq Seyidov “Əlincə qalası” tamaşasında Şeyx Ömər Osman, “Atamın kitabı” tamaşasında ikinci Məmməd Araz, “Uçurum” səhnə əsərində Əkrəm, “Xəyyam” tamaşasında Xəyyam, “Ölülər və dəlilər” tamaşasında Molla Abbas, “Şeyx Sənan” tamaşasında Şeyx Hadi, “Mənim tanrım gözəllikdir, sevgidir” səhnə əsərindəki Şeyx Sənan və digər obrazları ilə tamaşaçı rəğbəti qazanıb.
Diqqətə çatdırılıb ki, tanınmış sənətkarın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2015-ci ildən Naxçıvan Dövlət Uşaq Teatrına rəhbərlik edən Tofiq Seyidov 2016-cı ildə Prezident mükafatına, 2017-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
Natəvan Qədimova çıxışının sonunda yubilyarı təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə Əməkdar artistin sənət dostları – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Xalq artisti Kamran Quliyev, Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Şirzad Abutalıbov və digər sənət dostları çıxış edərək yubilyara ürək sözlərini çatdırıblar.
Sonda Tofiq Seyidov yaradıcılığına yüksək qiymət verildiyinə, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdar­lığını bildirib.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR